Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:41

Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)


Əliyevlər ailəsi
Əliyevlər ailəsi

►Devalvasiya ölkənin birinci ailəsi və onların yaxın biznes partnyorlarına 100 milyon manat xeyir verib

Bu araşdırmanı Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (OCCRP) aparıb

2015-ci ildə Azərbaycan Mərkəzi Bankı əvvəlcədən elan etmədən milli valyuta olan manatın devalvasiyasına getdi. Bəs devalvasiya hər kəs üçünmü sürpriz oldu?

İşin içində olanlar bu barədə əvvəlcədən məlumatlı idilərmi? Azərbaycan xalqının əziyyət çəkdiyi vaxtda onlar öz banklarından istifadə edərək, devalvasiyadan yararlandılarmı?

Azərbaycanın birinci ailəsi və onların yaxın biznes partnyorlarının 2015-ci ilin sarsıdıcı devalvasiya günlərində və bu hadisədən bir neçə həftə əvvəl həyata keçirdikləri maliyyə tranzaksiyaları onlara ən azı 100 milyon manat qazandırıb. Onlar buna cəmi iki əməliyyatla nail olublar. Üstəlik də, öz banklarını və şirkətlərini qoruyublar.

Ölkənin qalan bank sektoru isə devalvasiya nəticəsində 1 milyard dollardan çox pul itirdi, hətta dörd bank lisenziyasından məhrum oldu. Bu devalvasiyada əsl əziyyət çəkənsə həyatı boyu topladığı əmanətlərinin yarıya qədərini bircə ilin içində itirən azərbaycanlılardır. (Ardı aşağıda)

"Banka $100 min borcum var, evimiz yıxıldı"

"Banka $100 min borcum var, evimiz yıxıldı"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Şənbə günü, 2015-ci il fevralın 21-də Azərbaycan Mərkəzi Bankı ölkənin milli valyutası olan manatı dəyərdən saldı. Manat ABŞ dollarına nisbətdə öz dəyərinin üçdə birini itirdi. Bu sürpriz addımdan əvvəl Mərkəzi Bank aylarla pul bazarına müdaxilə edərək, manatı dəstəkləməyə çalışmış, hökumətsə milli valyutanın sabitliyini qoruyub saxlayacağını vəd etmişdi.

Prezident İlham Əliyev narahat kütləni sakitləşdirirdi: “Əksinə, manat daha güclüdür," - devalvasiya planının hazırlandığı vaxt o mediaya deyirdi.
Mərkəzi Bank devalvasiyadan iki gün əvvələ qədər manatın güclü qalacağına söz verirdi.

Həyata keçirilən maliyyə tranzaksiyaları belə bir sual doğurur: prezident yaxınlarına və biznes partnyorlarına baş verəcək devalvasiya barədə xəbər vermişdimi? Onlar öz bizneslərini qorumaq və böhrandan qazanc götürmək üçün birlikdəmi çalışıblar?

Bu ziddiyyətin mərkəzində üç bank dayanır: Caspian Development Bank, AtaBank və Paşa Bank. Bu üç bank ya Əliyev ailəsinə, ya onların biznes tərəfdaşı olan Əşrəf Kamilova məxsusdur, yaxud da onların şərikli bankıdır.

Hər üç bank Azərbaycan bank qanunlarını ciddi şəkildə pozub. Ancaq əlaqədar qurumlar bu pozuntularla bağlı hər hansı bir addım atmayıblar.
2015-ci il dekabrın 21-də Mərkəzi Bank milli valyutanın üzən məzənnəsinə keçəndə manat yenidən dəyər itirərək, öz əvvəlki dəyərinin yarısı qədər oldu. Ancaq prezidentin ailəsi və Kamilov hər iki devalvasiyadan uduşla çıxıblar.

Caspian Development Bank və SOCAR

Əşrəf Kamilov Əliyevlərin çoxdankı yaxın tərəfdaşıdır. Əvvəllər Vergilər Nazirliyində və bank sektorunda işləmiş Kamilov “Synergy Group”un səhmlərinin 99%-nin sahibidir. “Synergy Group” bankların, hotellərin, kənd təsərrüfatı və internet texnologiyası şirkətlərinin konqlomeratıdır.

2015-ci ildən əvvəl “The Kauther Bank” (azərbaycanca “Kövsər Bank”) Azərbaycanda balaca, bir filialı olan bank idi. Onun sahibi olan fərdi səhmdarlar iki il ərzində demək olar ki, heç bir fəaliyyətlərini bəyan etməmişdilər.

2014-cü il dekabrın son həftəsində, ilin sonuna az qalmış bank “Synergy Group” tərəfindən alınır, nəticədə bankın kapitalı üç dəfə artaraq 50 milyon manatlıq minimal tələbə çatır. 2015-ci il yanvarın 26-da isə Mərkəzi Bank bu bankın lisenziyasını yenidən təsdiq edir və onu yeni adı ilə (Caspian Development Bank) tanıyır.

Üç gün sonra bank pullarının əksər hissəsini, daha dəqiq desək, 52 milyon dolları (40,7 milyon manat) dollar krediti olaraq SOCAR-a borc verir.

Kredit çaşdırıcı, anlaşılmaz idi:

- O, beş illiyinə 6%-lə verilmişdi. Bu isə o zaman SOCAR üçün əlçatan olan beynəlxalq faizləri nəzərə alsaq, yüksək faiz idi.

- Bu, tək kredit bankın nizamnamə kapitalının 80%-dən çoxunu təşkil edirdi. Bu isə Azərbaycan bank qanunlarının şokedici pozuntusu demək idi. Ölkənin bank qanunları bir müştəriyə kapitalın 7%-dən artığını verməyi qadağam edir.

- Üstəlik, SOCAR-a verilmiş kreditlər tamamilə sığortasız idi. Bank auditi hesabatına görə, bu, yaxşı bankçılıq praktikasına tamamilə ziddir və bankı daha böyük risklərlə üz-üzə qoyur.

Neft nəhəngi olan SOCAR-ın niyə yüksək faizlə kredit götürdüyü, yaxud da belə bir kiçik, yaranandan bəri qeyri-fəal olmuş bir bankla iş görməyi seçməsi aydın deyil.

Kredit verilən vaxt SOCAR-ın "nəğd və nəğdi əvəz edə bilən" vəsaitləri 1,5 milyard manat dəyərində idi (o vaxtın hesabı ilə 1,8 milyard dollar). Bunun da 1 milyard dolları ABŞ dollarında idi.

Əliyevlər...

Üç həftə keçmiş Mərkəzi Bank manatın devalvasiyasını həyata keçirdi.

Nəticədə bircə əməliyyat keçirməklə o vaxta qədər heç bir gəliri olmayan “Caspian Development Bank” birdən-birə 13 milyon manat (12,5 milyon dollar) qazanc əldə etdi.

2015-ci ilin sonunda baş vermiş ikinci devalvasiya və manatın üzən məzənnəyə keçməsindən sonra həmin tək kreditin gətirdiyi gəlir birdən-birə üç dəfə artaraq, 39,2 milyon manata (25,4 milyon dollar) çatdı. SOCAR-a verilmiş kredit bankı qorudu və ona başqa banklar kimi ili itki ilə başa vurmamağa, 2015-ci ilin sonu üçün 8 milyon manatlıq (5,1 milyon dollar) gəlir əldə etməyə kömək etdi. (Ardı aşağıda)

İlham Əliyev manatla bağlı nə demişdi?

İlham Əliyev manatla bağlı nə demişdi? (dekabr, 2014)
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

“AtaBank” və “Synergy Holding”

Kamilov həm də əsasən Əliyev ailəsinə məxsus olan “AtaHolding”in baş direktor müavinidir. “AtaHolding”in 2013-cü il üçün illik hesabatına görə, prezidentin o vaxt 16 yaşı olan oğlu Heydər Əliyev bu bankın əsas sahibidir.Onun bacıları Leyla və Arzu Əliyevalar səhmlərin əksər hissəsinə sahib olan “Panama” şirkətinin direktorlarıdır.

“AtaHolding” və Kamilov ölkənin doqquzuncu ən iri bankı olan “Ata Bank”ın səhmlərinin əsas hissəsinin sahibləridir. 2014-cü il dekabrın 31-i üçün onlar bu bankın səhmlərinin 90%-nə malik olublar.

Kamilovun şirkəti olan “Synergy” iki tərəfdən “Ata Bank”la sıx bağlıdır: həm onun ən iri müştərilərindən biri, həm və biznes tərəfdaşıdır.

2014-cü ildə “Synergy”nin 139 milyon manatlıq (təqribən 177,5 milyon dollar) ümumi fondu “Ata Bank”dan götürülmüş kreditlərdən ibarət idi. Bu məbləğ “Ata Bank”ın ümumi kredit fondunun 1/3-ni təşkil edirdi.

Ancaq “Synergy” normal şirkət deyil. Bu qrupun borcları malik olduğu vəsaitdən çoxdur və o borclarını ödəməyə kifayət edəcək qədər qazanc götürmür. Bu da şirkətin necə fəaliyyət göstərməsini anlaşılmaz edir. Auditora görə, bu kreditlər “Synergy”-nin sahibləri, əsasən də Kamilov tərəfindən sığortalanıb.

Ancaq bu kreditlər sığortalanmamış görünür. Çünki Kamilovun banka qoyulmuş kifayət qədər pulu yoxdur. Bu isə bank üçün riskdir. “Ata Bank”ın 2014-cü il üçün hesabatında Kamilov da daxil olmaqla əlaqədar tərəflərin səhm depozitləri 31 milyon manatdan (təqribən 39,5 milyon manat) aşağı göstərilib. Bu isə kreditin məbləğindən çox aşağıdır.

2015-ci il fevralın 19-da, birinci devalvasiyadan iki gün əvvəl “Synergy Group”a məxsus tikinti materialları şirkəti olan AAC LLC bundan əvvəlki il “Ata Bank”dan götürdüyü krediti qeyri-adi qaydada restrukturizasiya etdi: geriyə 60 milyon manat (76,5 milyon dollar) ödədi və dərhal ABŞ dolları ilə bundan bir qədər böyük məbləği borc götürdü.

Bu əməliyyat AAC üçün gözəl fürsət oldu. Şirkət iki gündən sonra devalvasiyadan 20 milyon manata (19,3 milyon dollar) qədər pul qazandı. Bu riskli əməliyyat bu şirkət üçün xarakterik deyildi. Belə ki, şirkət özünün illik hesabatında göstərmişdi ki, "Group-un bütün satışları daxilidir və manatla ifadə olunur", buna görə də o valyuta itkilərinə və ya qazanclarına məruz qalmayacaq.

Bu əməliyyat “Ata Bank”ın da işinə yaradı. Dollarla verilmiş kreditlər və iki devalvasiya nəticəsində “Ata Bank” 61 milyon manat (39 milyon dollar) qazandı. Bu isə ilkin kreditin iki misli deməkdir.

“Ata Bank” 2014-cü ildə 2013-cü ilə nəzərən həm depozitlər, həm də kreditlər baxımından iki dəfə böyüyüb. Ancaq bankın öz audit hesabatına bir sıra qayda pozuntularına yol verib. Bura bankın bir tək müştəridən asılılığının qarşısını almaq üçün nəzərdə tutulmuş əsas qaydalar da daxildir. Xüsusən də bu müştəri bankın rəhbərliyinə, yaxud sahiblərinə yaxındırsa.

- Bank daxili tərəflərə icazə verildiyindən qat-qat daha çox kredit verirdi. Audit göstərir ki, bank özünün tələb olunan kapitalının 20%-dən çoxunu özünə yaxın tərəflərə borc verə bilməz. Ancaq bank özünün nizamnamə kapitalının 24%-ni özünə yaxın tərəflərə borc verib.

- Ümumi kredit portfelinin 10%-dən çoxunu bankla əlaqəli olan təkcə bir tərəfə vermək qadağan idi. Bank isə kreditlərinin 91%-ni tək bir müştəriyə verib.

- Bank bütün kreditlərinin 150%-indən az olmayan girovlar götürməli idi. Girov daşınmaz əmlak olduğu təqdirdə bu 100% ola bilərdi. Ancaq bank ümumi kreditin məbləğinin 28%-i dəyərində girov götürüb.

Əsas ittiham “Synergy”-nin üstünə düşür. “Ata Bank” 2014-cü ildə verdiyi 458 milyon manatlıq (585 milyon dollar) ümumi kredit portfelinin 1/3-ni, yəni 147 milyon manatını (təqribən 188 milyon) öz səhmdarları ilə bağlı olan şirkətlərə verib. Müqayisə üçün, 2013-cü ildə “Ata Bank”ın öz səhmdarları ilə bağlı olan şirkətlərə verdiyi kreditlərin həcmi yalnız 1 milyon manat (1,28 milyon dollar) qədər olmuşdu.

“Ata Bank” auditorlara deyib ki, o, buna bənzər əvvəlki presendetlərə əsaslanaraq Mərkəzi Bankın bununla bağlı hər hansı bir addım atacağını düşünməyib. Belə ki, əvvəlki presendetlərdə də Mərkəzi Bank lisenziyaları ləğv etməyib. “Ata Bank” söz verib ki, gələcəkdə razılaşdırılmış çərçivələr daxilində tədbirlər görəcək.

Güman ki, gələcəkdə “Synergy” haqqında məlumat əldə etmək daha çətin olacaq. 2016-cı ilin əvvəllərində “Synergy” Açıq Birləşmiş Səhmdar Şirkətdən (ASŞ) Məhdud Məsuliyyətli Korporasiyaya (MMK) çevriləcəyini elan edib. O, Azərbaycanın birjasını tərk edən kimi daha ictimaiyyətə öz maliyyə məlumatını təqdim etmək və hesabat vermək öhdəliyindən azad olacaq.

Mehriban Əliyeva. Paşa Bank

“Paşa Bank” “Pasha Holding” vasitəsilə Azərbaycanın birinci ailəsinə məxsus olan daha bir bankdır. Bu bankın əsası 2007-ci ildə İlham Əliyevin xanımı Mehriban Əliyevanın ailəsi tərəfindən qoyulub. Bankın hesabatına görə hazırda onun sahibləri prezidentin qızları Arzu və Leyladır. (Ardı aşağıda)

Qızıl mədənlərində Əliyevlərin payı

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

Bank valyuta mübadiləsindən sanballı qazanc əldə edib. Ancaq o hər hansı tranzaksiyalar barədə hesabat vermədiyinə görə gəlirin dəqiq məbləği məlum deyil. 2014 və 2015-ci illər arasında bank özünün xarici valyuta depozitlərinin həcmini iki dəfə artırıb. Bank öz hesbatının "xarici mübadilələr və hərəkətlər" hissəsində 2015-ci ildə 35,9 milyon manat (təxminən 28 milyon dollar) qazandığını qeyd edir. Bu isə əvvəlki ilin göstəricisi ilə müqayisədə altı dəfə çoxdur.

“Paşa Bank” da 2014-cü ildə "bir kreditora, yaxud da bir-biri ilə bağlı olan kreditorlar qrupuna" bankın ümumi kapitalının 20%-dən artıq həcmdə kredit verib. Bu isə yenə də Mərkəzi Bankın qoyduğu qaydaların pozulması deməkdir. “Paşa Bank” Mərkəzi Bankın qaydalarına riayət edəcəyi barədə gələcək fəaliyyət planı göndərib və Mərkəzi Bank da bu planı qəbul edib.

Uduzanlar

Devalvasiya böhranında əsasən Mərkəzi Bankın 50 milyon manatlıq minimal kapital tələbinə cavab verə bilmədiyinə görə azı dörd bank bağlandı, iki bank isə birləşdi. Həmin il bankların çoxu pul itirdi.

Belə ki, onların müştəriləri xarici mallara manat ifadəsində daha çox pul ödəməli oldular, onların alıcıları isə öz növbələrində manatın zəifləməsi səbəbindən daha az mal almağa başladılar. Kreditlər problemli olmağa başladı və banklar problemli kreditlərin çoxaldığını elan etməli oldular. İtkilər və problemli kreditlər bankın ümumi kapitalından çıxılmalı oldu, nəticədə banklar fəaliyyət göstərə bilmək üçün çox zəif vəziyyətdə qaldılar.

Planlaşdırılan devalvasiyadan xəbərsiz olan sadə Azərbaycan vətəndaşları qəflətən yaxalandılar və çoxu 2015-ci ilin iki devalvasiyası zamanı əllərində olan pulun yarısını itirdi.

Manatın ABŞ dollarına nəzərən dəyərinin yarısını itirdiyi vaxtda Maliyyə Nazirliyinin məlumatına əsasən, hazırda 10-12% arasında olan inflyasiya vəziyyəti daha da ağırlaşdırır. Bu isə o deməkdir ki, xarici mallar daha da bahalaşır və manat daha çox dəyər itirir. 2015-ci ildə ölkədə 1,5 milyon insanın aylıq məvacibi 296 manat (təqribən 197 dollar) idi.

Hökumət bundan başqa Maliyyə Bazarlarına Nəzarət Şurası adlanan yeni nəzarət qurumu yaradıb. Azərbaycan Mərkəzi Bankının bir sıra tənzimləmə səlahiyyətləri alınaraq bu quruma verilib.

Prezident Əliyevin əmri ilə yaradılmış yeni şura qiymətli kağızlar bazarına, investisiya fondlarına, sığorta və kredit verən təşkilatlara, o cümlədən banklara nəzarət etmək səlahiyyətinə malikdir.

Martın 29-da prezident Əliyev İbrahim Alışovu yeni Nəzarət Şurasının baş icraçı direktoru vəzifəsinə təyin edib. Bundan əvvəl o, “Caspian Development Bank”ın İdarə Heyətinin sədri olub.

Maliyyə Bazarlarına Nəzarət Şurasının idarə heyəti rəhbərinin müşaviri Rüfət Abbasovun sözlərinə görə, şura özünün yaradılmasından əvvəl verilmiş hökumət qərarları barədə şərh verə bilməz.

Cənab Abbasov devalvasiyadan yararlanaraq qazanc götürmüş bankların sahiblərinin əvvəlcədən məlumatlandırılmasının mümkün olub-olmadığı barədə suala cavab verərkən belə deyib: "Spekulyasiyalar barədə şərh vermək bizim mandatımıza daxil deyil.

Konstitusiyaya görə bazar iqtisadiyyatı qurulub. Sosialist iqtisadiyyatından fərqli olaraq qazanc əldə etmək cinayət deyil. Devalvasiyadan əvvəl, yaxud sonra hər hansı bankın valyuta mübadilə əməliyyatlarında iştirak etmək səlahiyyəti var. Əgər siz devalvasiyadan yararlanaraq gəlir götürmək barədə ittihamlar dedikdə nəyi nəzərdə tutduğunuzu açıqlasanız, biz sizə idarə heyətinin rəsmi mövqeyini təqdim edə bilərik".

Rüfət Abbasov cənab Alışovun “Caspian Development Bank”dan Nəzarət Şurasına keçməsinin maraqlar toqquşması yaratması potensialı barədə suala cavab olaraq deyib: "Heç bir maraq toqquşması yoxdur. O, təyin olunanda onun “Caspian Development Bankl”a müqaviləsinə xitam verilmişdi. Maraqlar toqquşmasına dair ittihamlar əsassızdır. Dövlət qulluğunda karyera yüksəlişi hər bir vətəndaşın konstitusion hüququdur."

Meydan TV

Buna da bax: Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

XS
SM
MD
LG