Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:45

«Formula-1» bitdi: Dünya mediası Azərbaycandan nə yazdı


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Xədicə İsmayıl: «Azərbaycan korrupsiya ilə idarə olunan bir ölkədir. Burada məmurlar alınır və satılır, qiymət normaldırsa, gözlər yumulur, cinayətlər ört-basdır olunur».

Ötən həftəsonu Bakıda keçirilən «Formula-1» yarışması dünya mediasının diqqətini bir daha Azərbaycana yönəltdi. Hələ yarışmadan aylar öncə beynəlxalq insan haqları qurumları «Formula-1» rəhbərliyinə müraciət edir, onları prezident İlham Əliyev qarşısında insan haqları məsələsini qaldırmağa, «siyasi məhbuslar»ın azadlığa buraxılmasına nail olmağa çağırırdı. Ancaq yarışmanın keçirildiyi günlər – 17-19 iyun tarixlərində bu çağırışlar daha da intensivləşdi. Dünyanın aparıcı media orqanları da tənqidi məqalələrə yer verdi.

«Mən Azərbaycanda həbsə atıldım. Pharrell Williams və digərləri məni tutduranlara kömək etməməlidirlər». AzadlıqRadiosunun bu yaxınlarda azadlığa çıxmış araşdırmaçı-jurnalisti Xədicə İsmayılın iyunun 17-də «The Washington Post» qəzetində dərc olunmuş məqaləsi belə adlanır. Müəllif Pharrell Williams, Chris Brown və Enrique Iglesias kimi tanınmışların hakim Əliyev ailəsinin Azərbaycanı xoşbəxt və normal bir ölkə kimi təqdim etməsinə yardım göstərdiyini yazır. «Azərbaycan korrupsiya ilə idarə olunan bir ölkədir. Burada məmurlar alınır və satılır, qiymət normaldırsa, gözlər yumulur, cinayətlər ört-basdır olunur. Satın ala bilmədiyin bircə söz azadlığıdır».

Xədicə məhz jurnalist olduğuna, Əliyevlər ailəsinin cinayətlərini araşdırdığına görə həbsə atıldığını vurğulayır. Jurnalist həbsdə qalan «siyasi məhbuslar»dan söz açır.

«Bütün bu işləri ümumiləşdirən cəhət odur ki, hakimiyyət idarə edə bilmədiyi şeylərdən narahatdır. Onlar Azərbaycanı liberal, plüralist ölkə təqdim etməyə can atırlar», - yazan müəllif Iglesias, Brown və Williams-ı bu böyük yalanda iştirak etməməyə çağırır.

Qeyd edək ki, Pharrell Williams iyunun 19-da Bakıda etdiyi çıxışında «gənclərin təkcə Azərbaycanı deyil, bütün dünyanı dəyişəcəyindən» danışıb. «Hüquqlar uğrunda İdman» koalisiyası bildirib ki, bu çıxış qurumun gördüyü işin sayəsində mümkün olub.

Emin Hüseynov
Emin Hüseynov

KORRUPSİYANIN İDMANLA «YUYULMASI»

Bakıdakı Qran-pri yarışları hakimiyyətin korrupsiyanı «yumasına» xidmət edir. Bunu isə «The Guardian» qəzetində insan haqları fəalı Emin Hüseynov yazır.

Müəllif vurğulayır ki, üzvü olduğu «Hüquqlar uğrunda İdman» koalisiyası dünya ulduzlarının, Lewis Hamilton və Pharrell Williams-ın insan haqları pozuntularını ört-basdır etmək cəhdlərinə qatılmayacağına inanır. Emin Hüseynov bu koalisiyanın məhz hakimiyyətin «korrupsiyanı idmanla yumaq» taktikasına cavab olaraq yaradıldığını qeyd edir.

«Əliyev beynəlxalq tədbirlərlə imicini cilalamaq istəyirsə, biz də elə həmin tədbirlərdən yararlanaraq, danışdığı üçün həbsə atılanlara diqqət çəkəcəyik», - yazan müəllif bu yaxınlarda qanunsuz narkotik ittihamıyla həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovdan söz açır.

«Pharrell Williams yarışmadan sonra «Azadlıq» hitini oxuyarkən səslənəcək ironiya həbsdəkilərin ürəyincə olacaq: «Onların gördüyü kimin vecinədir? Onların bildiyi kimin vecinədir?». (mahnıda belə deyilir - AR). Doğrudan da. Demokratiya uğrunda oxumağa cəsarəti çatdığına görə həbsdə çürüyən azərbaycanlılar kimin vecinədir?».

Bernie Ecclestone və Vladimir Putin
Bernie Ecclestone və Vladimir Putin

BÖYÜK TENDENSİYANIN BİR HİSSƏSİ

«The New York Times» qəzetində Brad Spurgeon qeyd edir ki, Avropa kimi görünmək səylərinə baxmayaraq, prezident İlham Əliyev siyasi müxalifəti əzib və tənqidçilərinə qarşı sərt kampaniya aparıb.

««Formula-1» insan haqlarının zəif durumda olduğu zəngin ölkələrdə böyük idman tədbirləri keçirmək tendensiyasının bir hissəsidir. 2014-cü ildə Rusiyanın Soçi şəhərində Qış Olimpiadası keçirilib. 2022-ci ildə Qətərdə Dünya Kuboku baş tutacaq. 2022-ci il Qış Olimpiadası isə Qazaxıstan və Çində gözlənilir», - müəllif yazır.

«Ona görə Azərbaycanın üstündə dayandıq ki, Avropada iqtisadi problemlər başlamışdı və Azərbaycan bu Oyunları keçirməyə qadir yeganə ölkə idi», - bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey ötən il qəzetə müsahibəsində deyirdi. Yəqin, «Formula-1»də də eyni durum yaranıb. Yarışmanın rəhbəri Bernie Ecclestone deyib ki, tədbiri Bakıya salmaqla vicdanı tərtəmizdir»,- məqalədə oxuyuruq.

Amma pilotlar insan haqları məsələsinə könülsüz yanaşıblar. «McLaren Honda» komandasından Fernando Alonso deyib ki, yarışmanın harada keçirilməsi ilə bağlı tamamilə tədbir rəhbərliyinə bel bağlayırlar.

«Məncə, heç vaxt bundan fərqli nəsə düşünmürük. Federasiya və onun qərarlarına inanır və etibar edirəm. Biz dünyada idmanı, idman dəyərlərini təbliğ edirik və bu səbəbdən də hər bir ölkədə bizi alqışlayacaqlar», - Alonso deyib.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirir. Hakimiyyət təmsilçiləri beynəlxalq mediada gedən tənqidi yazıları, eləcə də hüquq-müdafiə təşkilatlarının çağırışlarını qəbul etmir, əksər hallarda, onları ölkəyə qarşı qərəzli kampaniya aparmaqda suçlayır.

XS
SM
MD
LG