Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:50

Sabiq nazirə cəza istəniləcək


Vəli Ələsgərov
Vəli Ələsgərov

-

Naxçıvan Hərbi Məhkəməsində hazırda həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bunu AzadlıqRadiosuna V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

V.Xasayev deyir ki, növbəti məhkəmə prosesi iyunun 24-də keçiriləcək. Həmin iclasda prokurorun sabiq nazirə iş istəyəcəyi gözlənir: «Həmin gün prokurorun çıxışı nəzərdə tutulur. Biz vəkillər sözümüzü deyəcəyik, müttəhim son söz deyəcək. Hakimlər müşavirə edərək hökm çıxaracaqlar. Amma mən məhkəmə qapalı keçdiyi üçün indidən nəsə demək istəmirəm, bunu təzyiq kimi başa düşərlər. Amma hökmdən sonra prosesi dəyərləndirəcəyik».

Naxçıvan MTN-in sabiq naziri V.Ələsgərov 2015-ci ilin dekabrında işini itirib. Naxçıvanda bu nazirliyin bazası əsasında yaradılan yeni quruma o, rəhbər təyin edilməyib. 2016-cı ilin fevralında həbs edilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı il mayın 7-də V.Ələsgərov yenidən həbs edilib.

Sabiq nazirə Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.2 (qulluq mövqeyindən sui-istifadə etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 308.2 (telefon danışıqlarını qanunsuz dinləmə) maddələri ilə ittiham irəli sürülüb.

V.Ələsgərovun 50-dən çox qohumunun işdən çıxarıldığı, əmlaklarının əllərindən alındığı bildirilir. Vəkilinin bildirməsinə görə, o, istintaq prosesində fiziki işgəncələrə və təhqirə məruz qalıb.

Ancaq Azərbaycan və Naxçıvan Muxtar Respublikası hüquq mühafizə orqanları işgəncə iddialarını təkzib edirlər.

V.Ələsgərovun özünün də nazir işləyərkən işgəncələrlə bağlı göstəriş verdiyi iddia olunur.

Ötən ilin oktyabrında Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin bir çox rəhbər şəxsi həbs edilib. Dekabrda isə prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bu nazirliyin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. O vaxt mətbuat baş verənləri müxtəlif versiyalarla izah edirdi. Ən çox eşidilən versiyalardan birində qeyd edilirdi ki, Milli Təhlükəsizlik Nazirliyi hakimiyyətin ən yüksək pilləsində dayanan şəxslərin qanunsuz dinlənməsini həyata keçirib.

XS
SM
MD
LG