Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:31

Baş pediatr: «Rüşvət» sözü Azərbaycan səhiyyəsinə uyğun gəlmir


Nəsib Quliyev
Nəsib Quliyev

-

İyunun 21-də Salyan rayon xəstəxanasında vaxtından əvvəl doğulmuş üçəmlərdən ikisinin tələf olmasının səbəbi kimi körpələrin yaxınları onların yerləşdirildiyi küvez aparatının işləməməsini göstərir. İddiaya görə, həmin vaxt xəstəxanada işıq sönübmüş, generatorlar isə işləmirmiş. İyunun 21-də sağ qalan üçəmlərdən biri Səhiyyə Nazirliyinin Elmi Pediatriya İnstitutuna yerləşdirilib. İnstitutun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev AzadlıqRadiosuna müsahibəsində körpənin vəziyyətinin ağır olduğun bildirib:

– Bu uşaqlar vaxtından 10 həftə tez doğulublar. Ana hamiləliyi başa çatdıra bilməyib. Körpələrdən ikisinə yardım göstərən zaman ikisi ilk saatlardan tələf olub. Bir uşağı isə təcili yardım maşınında tibb işçisinin müşayiəti ilə bizə gətirdilər. Biz həmin körpəni reanimasiya şöbəsinə yerləşdirmişik.

– İndi onun durumu necədir?

– Körpəyə yardım göstəririk. Onun vəziyyəti hədsiz ağırdır. Vaxtından əvvəl çox az çəki ilə doğulub. Morfofunksiyaların yetişməzlik əlamətləri var. Bundan başqa, kəskin tənəffüs və kəskin ürək çatışmazlığı əlamətləri var. Bu gün ona reanimasiya intensiv terapevt bölməsində mümkün olan bütün yardımı göstəririk. Biz də çalışırıq ki, o uşağın həyatını xilas edək.

– Yaxınları onun 31 həftəlik olduğunu deyirlər.

– 31 həftəlik deyirlər. Məndə bu haqda dəqiq məlumat yoxdur. Çünki mama ginekoloqla görüşməmişik. Ana Salyan rayonunda uçotda olub. Daha doğrusu, mənə dedilər, Sabirabad rayonu sakinidir, doğum üçün Salyana gedib. Vaxtından əvvəl gözlənilmədən doğum başlanıbmış. Uşaqları ilk baxış vaxtı növbətçi həkim, növbətçi reanimotoloq da müayinə edib. Morfofunksional yetişməzlik əlamətləri olub. Bizdə hər bir şərait var. O körpə ilə bağlı nə mümkündürsə, olunacaq.

– Ümumiyyətlə, ölkədə vaxtından əvvəl doğumun, körpələrin həyatda qalmasəviyyəsi necədir?

– 2015-ci il yanvarın 1-dən ölkədə diri doğulmanın yeni meyarlarına keçilib. Bu o deməkdir ki, ölkədəki bütün doğuşa yardım müəssisələri, xüsusilə, perinatal mərkəzlər hestasiya yaşı 22 həftədən, bədən kütləsi 500 qramdan çox olan uşaqda həyat əlaməti görünürsə, o, diri doğulmuş körpə kimi qiymətləndirilir. Ona bütün mümkün tibbi yardımlar göstərilir. Hestasiya yaşı 22 həftədən, bədən kütləsi 500 qramdan çox olan uşaqlara əvvəlki illərdə «gecikmiş düşük» deyirdilər. İndi isə onlarda hər hansı həyat əlaməti olarsa, onu diri doğulan kimi qiymətləndiririk. Düzdür, onlarda ölüm faizi çox yüksək rəqəmlərdə olur. Dünyanın hər yerində də belədir.

– Bəs, Salyanda doğulmuş körpənin çəkisi nə qədərdir?

– Bu körpənin ilkin çəkisi 1000 qramdan bir az artıqdır. Amma çəki hər şeyi həll etmir. Morfofunksional yetişməzlik nə qədər çox müşahidə olunursa, o uşaqları xilas etmək də bir o qədər çətin olur. Söhbət ondan gedir ki, uşaq doğulanda onun orqanizmində ümumi müqavimət, üzvlərin yetişmə dərəcəsi nə qədər aşağı olursa, bir o qədər də xəstələnmə və ölüm riski yüksək olur. Yəni, tək bədən kütləsi bunu həll etmir.

– Körpələrin yaxınları onların ölümünə səbəb kimi oksigen çatışmazlığını, bunun da işıqların sönməsindən qaynaqlandığını bildirib.

– Birincisi, oksigenin işıqla heç bir əlaqəsi yoxdur. Bunlar çox zaman şayiə olur. Oksigenin işıqla nə əlaqəsi var?

– Yəni uşaqların qoyulduğu küvez elektriklə qidalandığı üçün...

– İndi yaydır. Bakıda uşağı küvezə qoymağa rəy, göstəriş olmur. Onsuz da bizi əhatə edən mühitdə temperatur 30 dərəcədən yuxarıdır. Bir də ki, küvez elektrik mənbəyindən uzaqlaşdırılarsa, o, bir neçə saata soyuyur. Ən böyük məsələ odur ki, çoxdöllülük həmişə uşaqların həyatına risk təşkil edir. Bədən kütləsindən, neçə həftəliyindən asılı olmayaraq burda risk var. Ona görə bu məsələlər tam aydınlaşdırılıb diaqnoz çıxarılmasa, konkret fikir söyləmək olmaz.

– Nəsib müəllim, ölkədə ümumilikdə uşaq ölümünün səviyyəsi necədir? Beynəlxalq təşkilatlar ölüm səviyyəsinin yüksək olduğunu bildirir.

– Azərbaycanda son 10 ildə səhiyyədə, o cümlədən ana və uşaq mühafizəsi işində çox böyük işlər görülür. Uşaqların sağlamlığı ilə bağlı göstəricilər 90-cı illərdən etibarən – mən 1992-ci illə müqayisə edirəm – daimi mərhələ-mərhələ yaxşılaşmağa doğru gəlir. Son 10-15 ildə də xüsusilə uşaqlarla bağlı ardıcıl olaraq 2006, 2010, 2014-cü illərdə dövlət proqramları qəbul olundu. 2013-cü ildə isə uşaqların icbari dispanzerizasiyası dövlət qanunu qəbul edildi. Artıq dövlət icbari qaydada bütün uşaqları il ərzində ən azı bir dəfə tibbi müayinədən keçirir. Sağlamlıqla bağlı hər hansı bir problem çıxarsa, dispanser qeydiyyatına götürülürlər. Bu görülən tədbirlərin nəticəsində Azərbaycanda uşaqlar arasında ölüm göstəricisi azalmağa doğru gedir... Əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulan körpənin 30 nəfərə qədəri 1 yaşa qədər tələf olurdusa, indi bu rəqəm 10 civarındadır – 10.2 – 10.4. Hər il də azalmaqdadır.

Bütövlükdə götürəndə, ölkəmizdə uşaqların sağlamlığının qorunması ilə bağlı ardıcıl və silsilə tədbirlər bu gün də davam etdirilir. Bu reallıqdır. Çox sevinirik ki, Azərbaycanda da bu gün uşaqların sağlamlığı böyük dövlət qayğısıyla əhatə olunub. Bütün dövlət tibb müəssisələrində müalicə, qida, dərman preparatları, tibbi ləvazimatlarla təminat dövlət hesabınadır, pulsuzdur. Azərbaycanda bu gün elə bir uşaq tibb müəssisəsi yoxdur ki, ya təzə tikilməsin, ya yenidən qurulmasın. Yaxud da əsaslı təmir olunub avadanlıqla təchiz olunmasın.

– Bəs, uşaq ölümlərinin səbəbləri hansılardır?

– Uşaq ölümünün səbəbləri arasında birinci yerdə tənəffüs üzvlərinin xəstəlikləridir. İkinci yerdə perinatal dövrün xəstəlikləridir. Mədə -bağırsaq, yoluxucu xəstəliklərdən ölümlər indi arxa plana keçib. Dövlət diqqəti, perinatal mərkəzlərin yaradılması uğurlu nəticələrə gətirib çıxarıb.

– Dediniz, «səhiyyə pulsuzdur». Ancaq yəqin Siz də eşidirsiniz ki, «pulsuz» deyilən bu xəstəxanalarda valideynlərdən rüşvət istəyirlər.

– Rüşvət haqda kimsə nəsə deyə bilər. Ancaq Azərbaycanda səhiyyə dövlət hesabınadır. «Rüşvət», «korrupsiya» sözü bizim ölkə səhiyyəsinə uyğun gəlmir.

XS
SM
MD
LG