Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

«Brexit» Putin-in qələbəsidir


Vladimir Putin
Vladimir Putin

-

«Brexit» iqtisadi fəlakətin başlanğıcıdır; Avropanın itkisi NATO-nun qazancı sayıla bilər – 27 iyun Qərb mediasının icmalı.

Vaxtilə Vladimir Putin Drezdendə işləyəndə, sovetlərin müttəfiqi olan Şərqi Almaniyanın Moskvanın orbitindən çıxıb Qərbi Almaniyaya birləşməsini, daha sonra demokratik Avropaya qoşulmasını ümidsizcəsinə izlədi… Sonra da Sovet İttifaqı dağıldı, bunu da Putin 20-ci əsrin ən böyük faciələrindən biri kimi təsvir etdi. «The Washington Post» qəzetində Michael McFAul yazır ki, indi əksinə proseslər baş verir. Britaniya seçiciləri Avropa Birliyindən çıxmağa səs veriblər. Avropa zəifləməkdə, Rusiya, müttəfiqlərinin üzv olduğu çoxtərəfli qurumlar isə güclənməkdə, yeni üzvlər cəlb etməkdədir. «Əlbəttə, «Brexit» səsverməsinə Putin səbəb olmayıb, amma o və xarici siyasəti bundan böyük miqyasda qazanacaq», - müəllif yazır.

«Ən vacibi odur ki, Rusiyanın Avropada təcavüzünün AB-də ən qəti tənqidçilərindən biri daha Brüsseldə səs sahibi olmayacaq. Bu, Rusiyanın maraqlarına xidmət edir, ABŞ-ın milli maraqlarına isə ziyan vurur. Rusiyada sahibkarların hüquqlarını müdafiə edən Boris Titov «Brexit»lə bağlı qərarı Facebook-da belə şərh edib: «Böyük Britaniya çıxdı!!! Məncə, bunun uzunmüddətli təsiri odur ki, bununla Avropa angilis-saksonlardan, yəni ABŞ-dan da uzaqlaşacaq. Bu, Britaniyanın Avropadan müstəqilliyi demək deyil, Avropanın ABŞ-dan müstəqilliyidir». London AB daxilində də ümumi maraqlarımızı irəli aparırdı. İrandan Liviyayadək qeyri-Avropa təhlükəsizlik məsələlərində mövqeyini bildirirdi. Bu baxımdan, bu mühüm beynəlxalq qurum daxilində «ingilis-sakson» perspektivi itirildi», - yazıda oxuyuruq.

Müəllif yazır ki, AB diplomatlarının Rusiya təcavüzü məsələlərinə qarşı necə duruş gətirəcəyi bir neçə sınaqdan keçməli olacaq. Birincisi, görək Avropa Rusiyaya sanksiyaların arxasında necə duracaq. Moskvanın meri Sergei Sobyanin deyib ki, «Böyük Britaniyasız Avropa Birliyi sanksiyaları elə də güclü müdafiə etməyəcək». İkincisi, Avropada putinpərəst siyasətçilər və hərəkatlar daha da güclənəcək. Məsələn, Fransada Marine Le Pen-in başçılıq etdiyi Milli Cəbhə Partiyası kimi. Üçüncüsü, Ukraynada Rusiyanın opponentləri zəifləyəcək. 2013-cü ildə Maydan hərəkatına çıxanlar indi Britaniya seçicilərinin rədd etdiyi Avropa Birliyi ilə sıx əlaqələr istəyirdi. Və nəhayət, dördüncüsü, çoxtərəfli forumlarda Amerikanın ən sıx müttəfiqi zəifləyəcək ki, bu da Putin-dən ötrü qələbədir.

London
London

«BREXIT» İQTİSADİ FƏLAKƏTİN BAŞLANĞICIDIR

«The New York Times» qəzetində Philippe Legrain «Brexit»in iqtisadi təsirlərindən yazır.

Funt-sterlinq dollara qarşı artıq 9 faiz ucuzlaşıb ki, Britaniyanın aktivləri də bununla dəyər itirib. Səhm bazarına ziyan dəyib. Əksər britaniyalıların əsas sərvəti olan daşınmaz əmlakın da qiyməti düşəcək. İngiltərə Bankının (Bank of England) başçısı Mark Carney maliyyə sistemini qorumaqdan ötrü 250 milyard funt-sterlinq (345 milyard dollar) boyun olsa da, gərəkərsə, daha artığını verə biləcəyini desə də, aparıcı bankirlər davamlı iqtisadi şok qarşısında çətin duruş gətirsinlər.

Müəllif ölkədə biznesin üzləşdiyi qeyri-müəyyənliyə diqqət çəkir. Siyasi və hüquqi sabitliyi ilə tanınmış ölkə xaosa sürüklənməkdədir. David Cameron-u baş nazir postunda əvəzləməyə əsas namizəd Boris Johnson özünü bazar və qlobalizasiya tərəfdarı kimi göstərsə də, səsvermədən öncə deyib ki, Avropa Birliyində miqrasiyaya, Çin poladına tariflərə və yüksək ictimai xərcləmələrə məhdudiyyətlər tərəfdarıdır. Bununla da Britaniyanın Avropa Birliyi və digər ölkələrdə ticarətinin gələcək şərtləri qeyri-müəyyəndir. Maliyyədən tutmuş, ətraf mühitin mühafizəsinədək hər şeylə bağlı yerli qaydalar dəyişə bilər.

Müəllif yazır ki, belə qeyri-müəyyənliklə üzləşən biznes investisiyaları ertələyəcək. İstehlakçılar xərcləri azaldacaqlar. Nəticədə büdcə defisiti şişəcək. Əslində, funtun dəyərsizləşməsi ixracı gücləndirə bilər, ancaq çətin ki, zərbəni önləyə bilsin. 2008-ci ildə funt-sterlinqin böyük düşüşü ixracı gücləndirə bilmədi, indi isə «Brexit» onu çökdürəcək. Bu durum qısa sürməyəcək. Avropa Birliyindən çıxmaq kimi formal proses iki il çəkə bilər.

NATO
NATO

AVROPANIN İTKİSİ NATO-NUN QAZANCIDIR

«Foreign Policy» dərgisində James Stavridis yazır ki, «Brexit» NATO-nu gücləndirəcək.

«Hazırda NATO üzvləri arasında Putin Rusiyasının avantürizmiylə bağlı yüksək səviyyədə ehtiyatlılıq var. Buraya AB üzvləri, ABŞ, Kanada, Norveç və Türkiyə daxildir. Kremlin məqsədi qitədə ən güclü siyasi birlik olmaqdır və güman ki, «Brexit» referendumundan yararlanaraq Qərbi Avropanın onsuz da təlatümlü demokratiyalarına təsir göstərməyə çalışacaq. Yaranışından bəri NATO belə cəhdlərə qarşı qəti hərbi balans yaradıb… İkincisi, AB-dən çıxan Böyük Britaniya NATO-nu daha artıq resurs və canlı qüvvəylə təmin edə bilər. AB üzvü olmayan, amma Avropada güclü iqtisadiyyat sayılan Norveç kimi Böyük Britaniya da NATO missiyalarına əlavə gəmilər, əsgərlər, hava qüvvəsi verə biləcək. Belə ki, Britaniya daha AB-nin hərbi missiyalarına qatılmayacaq», - müəllif yazır.

Üçüncüsü, NATO-yla AB arasındakı rəqabət zəifləyəcək. Məsələn, son illər Afrikanın sahilində piratçılığa qarşı missiyalar həyata keçirilirdi. AB və NATO-nun fərqli prioritetləri vardı. Yaxud Əfqanıstanda və Balkanlarda missiyalar fərqlənirdi. «İndi Böyük Britaniya daha AB missiyalarını dəstəkləmək məcburiyyətində qalmayacaq və hərbisi yalnız NATO daxilində işə fokuslanacaq. Bununla da Avropanın hərbi səyləri zəifləyəcək. AB daha tez-tez NATO ilə hesablaşmalı olacaq ki, bu da NATO-nin iş yükünün və səmərəliyinin artmasına gətirəcək».

«Və nəhayət, Britaniya hökuməti NATO-nun daha həvəsli tərəfdaşına çevriləcək. Beynəlxalq səhnədə nisbətən zəifləmiş iqtisadi oyunçuya çevrilsə də, Birləşmiş Ştatlarla tərəfdaşlığında dəyər sərgiləməkdən ötrü yeni yollar axtarmalı olacaq. Britaniya, şübhəsiz, NATO ilə işi təkmilləşdirməyi yaxşı inam göstərməyin vacib yolu sayacaq».

XS
SM
MD
LG