Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:33

Borçalıda ədəbiyyat və məktəb dərdi...


Gürcüstanlı azərbaycan yazıçısı İbrahimxəlil Tamıyev
Gürcüstanlı azərbaycan yazıçısı İbrahimxəlil Tamıyev

-

"Bir də görürsən ki, yazarları təqdimat adıyla, anım günü bəhanəsiylə iclaslara yığırlar. Sonra da durub gömrükxana, inteqrasiya, kanalizasiya problemlərindən danışırlar".

"Ədəbiyyatın tənəzzülü eyni zamanda ruhların tənəzzülüdür. Məsələn, gör yazıçı, kitab hansı neçə geriliklərə gəlib çıxıb ki, o oxucularına – kitabını –“oxumadığınız üçün təşəkkürlər” deyir".

Gürcüstan azərbaycanlısı olan şair İbrahimxəlil Tamıyev Bolinisi rayonunun Kazreti qəsəbəsində yaşayır, özünü dediyinə görə Zviad Qamsaxurdiyanın dövründə bu rayonu 500-ədək azərbaycanlı ailəsi tərk edib, ondan sonra azərbaycanca məktəb hələ bir müddət də fəaliyyət göstərib və bir neçə il öncə bağlanıb. İbrahimxəlil Tamıyev Oxu Zalına müsahibəsində Borçalıdakı ədəbi mühit, məktəb, kitab problemlərindən danışır:

– İbrahimxəlil bəy, Gürcüstanda sovet dövründən Azərbaycan Yazıçılar Birliyinin etnik azərbaycanlılar üçün yaratdığı bir qurumu olub və indi bu qurumun tənəzzülü hiss olunur. Siz bir çoxlarının dediyi kimi, Gürcüstanın azərbaycanlı yazarlarının ədəbi depressiya keçirdiyini qəbul edirsinizmi?

– Bu ərəb əsilli “tənəzzül” sözü – misilləmə misal üçün – Böyük Çin səddindən də, Marağa rəsədxanasından da, sovet dövründən də əvvəl var. Yəni hələ lap əyyami-qədimlərdən tənəzzül (və tərəqqi) haqqında danışılır.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsi, sənin dediyin kimi, “etnik azərbaycanlılar” üçün yaradılmamışdı. Arif ƏmrahoğluValeh Hacıların (hər ikisinə Allahın rəhmətini diləyirəm) təşəbbüsü ilə yerli yazarları birləşdirməyi nəzərdə tutan bu ufaq-tufaq təşkilat üçün “özündənbəylər”i ilə arada-sırada qürur duyan məmləkətdə uçuq-sökük bircə otaq da tapılmadı. Buna görə də həmin təşkilatı bəlkə elə yarandığı gündən bağlamaq daha uyğun olardı.

Gürcüstanda yaşayan azərbaycanlı şairlər. İbrahimxəlil Tamıyev, Allahverdi Təhləli və Rafiq Hümmət
Gürcüstanda yaşayan azərbaycanlı şairlər. İbrahimxəlil Tamıyev, Allahverdi Təhləli və Rafiq Hümmət

Üstəlik, tənəzzülə uğrayan təkcə azərbaycanlıların birliyi deyil. Gürcüstan Yazarlar Birliyinin özü də bir neçə “firqə”yə bölünüb. “Qonorar”ı da çox zaman qara piar, şok xəbər müəllifləri alır. Əgər azadlıq buna deyirlərsə, onda daş dövrü daha yaxşı imiş. Amma sözüm onda deyil...

İndi tənəzzüldən – qocalardan fərqli olaraq – daha çox cavanlar danışırlar. Biri hətta yekrəng-yekzəban yazmışdı ki, Borçalıda tənəzzül elə geniş vüsət alıb ki... “mən evlənə bilmirəm”...

...Bunu mən deməmişəm, bunu “Çar Edip” faciəsinin müəllifi Sofokldan tutmuş Somerset Moemə qədər böyük vaqiflər söyləyiblər: ədəbiyyat – həyat tərzidir.

Yazar ən məşhur PEN klubda da ola bilər, Azərbaycan Yazıçılar Birliyində də, Azad Yazarlar Ocağında da, yaxud heç bir təşkilatda, ümumiyyətlə, olmaya da bilər. Amma yaxşı anlayır ki, ədəbiyyatın tənəzzülü eyni zamanda ruhların tənəzzülüdür. Məsələn, gör yazıçı, kitab hansı neçə geriliklərə gəlib çıxıb ki, o (Dubrovka Uqreşiç), oxucularına – kitabını –“oxumadığınız üçün təşəkkürlər” deyir. Bu, artıq məzhəkə deyil... Kitab satılmır. Borçalıda bütün hər cür mağaza növlərindən var, kitab mağazasından savayı... Bakıdan Qurban adlı bir nəfər oğlan arada-sırada buralara kitab satmağa gəlir. Adam bilmir kimin gününə ağlasın: “sökük” cibininmi, kitab müəlliflərininmi, yoxsa Qurban kimi böyük ürək sahibi olan qardaşınmı? Bircə kitab ala bildim: Markesin “Dünyanın ən gözəl ölüsü”nü... Bilmirəm Qurban incidimi...

– Azərbaycandan gəlib Gürcüstana yerləşmiş yazıçılar Günel Mövlud, Seymur Baycan və s. buranın ədəbi mühitinə necə bir təsir edə bildi? Siz bu təsiri neqativ, yoxsa pozitiv qiymətləndirirsiniz?

– Məşum və qara fikirlər həmişə falakət gətirdiyinə görə yaranan ixtilaflardan uzaq gəzib-dolanmağa çalışıram. Amma bununla belə hesab edirəm ki, hər nə qədər həyat tərzi olsa da ədəbiyyatın indiki vəziyyətində Tiflisdə Günel Mövlud və Seymur Baycan deyil, lap Jan-Pol Sartr, Halldor Laksnes, yaxud Nəcib Məhfuz da məskunlaşsaydılar, bunun ədəbi mühitə bir elə təbərzin təsiri olmazdı.

Əlbəttə, Allahın altı həmişə böyükdür, altında da hamıya yer var: o cümlədən Günellə Seymura da... Yeri gəlmişkən, bir dəfə mən ümman ümidlər verən bir “renessans”çıdan soruşdum ki, nə əcəb Günel Mövlud və Seymur Baycan yerli yazarlarla, misal üçün, Nizami Paşa Saraclı, Tapdıq Yolçu, Allahverdi Təhləli, Yunis Novruz, Rafiq Hümmət, Afiq Muxtaroğlu, Fərman Qulamoğlu ilə maraqlanmırlar? O, mənə belə cavab verdi: – Onlara çatdırıblar ki, siz hamınız... YAP-ın üzvüsünüz.

Bu yerdə həmin qədim latın ifadəsi yada düşür: ars longa, vita brevis...

Hələ yaxşı ki, Bağdad tərəflərdə yaşamırıq. Yoxsa sünni-şiə məsələsini ədəbiyyata da qatardılar...

...qulağına çatmasın; Günelin “Qamış kötüklər şəhərciyi” şeirindən çox xoşum gəlir.

– Gürcüstanda yaşayan azərbaycanlı ziyalıların çoxu gürcücə gözəl bilir, amma gürcü ədəbi-mədəni mühitindən heç olmayan kimi qaçırlar. Müasir gürcü qəzetlərində, jurnallarında azərbaycanlıların əsər və məqalələrini görmək mümkünsüzdür. Siz insanların öz içində yaşadığı cəmiyyətə bu yadlığını necə izah edirsiniz?

– Gürcüstanda çıxan qəzet və jurnallarda ziyalılarımızın yazılarını görmək mənim də arzumdur. Yəqin elə bir gün də gələcək! Çünki heç də hər şey bir “ol!” əmriylə yaranmır. Məsələn, Gürcüstanın ən kiçik guşələrindən (amma nə guşə!) biri olan Süsən-Sünbüldə cəmi 15 il bundan əvvəl gürcücə təkcə Hökumət adlı bir nəfər (hökumətə yaxın olsun deyə atası bu adı vermişdi) danışırdı. İndi Süsən-Sünbülün mükəmməl gürcücəsi var.

Muxran çökəyində – Msxeta və Kaspidə, bir də Qaracalar tərəflərdə yaşayan soydaşlarımızın mükəmməl gürcücəsinə isə – mübaliğə olmasın – quşların dilini bilən Süleyman peyğəmbər də bu gün həsəd aparardı...

– Bildiyim qədəri Siz özünüz gürcücə bilirsiniz, amma daha çox Azərbaycan ədəbi mühiti ilə nəfəs alırsınız, gürcücə nəsə yazdığınızdan xəbərim yoxdur. Halbuki, indi Azərbaycan ədəbi mühiti Gürcüstanınkı ilə müqayisədə çox-çox süstdür. Əlinizdəki bu imkandan yararlanmamağa Sizə nə mane olur? Siz gürcüləri, yoxsa onlar azərbaycanlıları qəbul edə bilmir?

Gürcüstanda yaşayan azərbaycanlı yazarların bir hissəsi
Gürcüstanda yaşayan azərbaycanlı yazarların bir hissəsi

– Təəsüf ki, mənim gürcücəm Nəsib Nəsibov, Emin Mahmudov, İmir Məmmədli (hazırda Bakıda məskunlaşıb), Mirzə Məmmədoğlu, Dilqəm, Cambul Məmmədli, Oqtay Kazımov kimi yerli yazar-tərcüməçilərin gürcücəsindən geri qalır. Yoxsa Qalaktionu dilimizə yenidən çevirərdim.

Yuxarıda da dediyim kimi, gün gələcək ədəbiyyatda bizi bizdən güclülər əvəz edəcəklər!

Burasını da deyim ki, mənə psixologiyadakı Emmert, Ribo, Fexner qanunları daha maraqlıdır, nəinki yerli yazar Dədə Mirzə Mikrobun, yaxud Dədə Mirzə Virusun gürcü cəmiyyətinə (və ədəbiyyatına) inteqrasıyası.

Gürcü ədəbiyyatı yaxşı və təvazökar ədəbiyyatdır. Hər yoldan ötən diletantın, hər vasitə ilə həyatın poeziyadan məhrum olmasına çalışan qrafomanın girişinə izn verməz!

Mənə qalınca, mən eynən unudulmaz Terenti Qraneli misallı, qədim-qayım həqiqətləri sevirəm...

– Məncə, Gürcüstan azərbaycanlıları üçün ən kədərli dövr prezident Zviad Qamsaxurdiyanın dövrüydü. Lütfən, o dövrü yaşamış bir adam kimi, öz yaşadığınız bölgənin nümunəsində bizə danışın: o dövrdə azərbaycanlılar nələr itirdilər, nələrdə geri düşdülər?

– Bir dəfə Kafkadan soruşdular ki, Siz Kaspar Hauzer kimimi yalqızsınız?

O, belə cavab verdi:

– Ondan da betər; mən Frans Kafka kimi yalqızam.

Mən “Zviadın dövrü”ndə müəllim idim. Ondakı yalqızlığımı Kafka ifadə edib, ona görə susmaq daha məqsədəuyğundur.

...Üç bölməsi olan məktəbimizin o dövrkü rus və gürcü bölmələrinin müəllimlərinə indinin özünə qədər davam edən sürəkli təşəkkürüm var. “Bizimkilər” sentyabrın sonlarına qədərsə gözləyib sinif jurnallarınısa alıb getmədilər.

İndi Kazreti “qaçqınlar”ının özləri də, balaları da arada-sırada gəlib Tiflisin bahalı və gözəl guşələrində dincəlirlər. Çıxdıqları çanağı bəyənməsələr də məhəllədə küçədə özlərini qəhrəman kimi aparırlar. Müxtəsəri, əsl Mirzə Cəlil Məmmədquluzadə mövzusu!

Onların gözlədiyinin əksinə olaraq Azərbaycan bölməsi hələ düz 24 il də fəaliyyət göstərdi...

Gürcüstanın millətçi lideri Zviad Qamsaxurdiya, onun hakimiyyəti dövründə azərbaycanlıların Gürcüstandan kütləvi köçü baş verib.
Gürcüstanın millətçi lideri Zviad Qamsaxurdiya, onun hakimiyyəti dövründə azərbaycanlıların Gürcüstandan kütləvi köçü baş verib.

Zviad filoloq idi. Atası yeni gürcü nəsrinin yaradıcılarından biri olub. “Ev sahibi – qonaq”, “yerli – gəlmə” ifadələrini bunca məşhuri-cahan eləmək ona yaraşmırdı. Belə məlum olur ki, ədəbiyyat onun həyat tərzi deyilmiş.

Bu hadisələrin ədəbiyyat tərəfi çox həzin-füzundur, “melodiyalar”ı kədərlidir. Burada heç bir qazancdan söhbət gedə bilməz. Bu, başda Bolnisi olmaqla bütün bölgənin məğlubiyyəti idi: acı məğlubiyyəti

Bundan ancaq marginal kritikan-tənqidbazlar süni uduş illüziyası yarada bildilər. Təəssüf...

– Şeirləriniz başdan-başa zəmanədən şikayət, kədər, nisgillə yüklənib. Yaşadığınız bölgə haqda həmişə “Ucqar” deyə danışırsınız. Ancaq Azərbaycanda yazarlar Gürcüstan cəmiyyətindəki ədalət və azadlığa həsədlə baxır, əsl yaradıcı mühiti Gürcüstanda görürlər. Bəs Sizin nikbin olmamanıza səbəb nədir? Yoxsa hər şey Azərbayandan göründüyü kimi deyil?

– Deməzdim ki, zəmanədən şikayət edirəm. Bu, olsa-olsa “qlobal qüssə”nin (ifadə Tehran Əlişanoğlunundur) əlamətlərindən ola bilər...

Çox vaxt gürcülərdən bircə nəfər gürcütək, azərbaycanlılardan da bircə nəfər azərbaycanlıtək danışırlar. Nahaq.

Məsələn, mən yüzəyüz əminəm ki, Vaqif Bayatlı, Əlabbas, Aslan Quliyev, Qulu Ağsəs, Səlim Babullaoğlu, Şərif Ağayar, Zahid Sarıtorpaq, Balayar Sadiq Sınıq körpünün bəri üzünü Bakıdan necə görürlər.

Qaldı sən dediyin “Ucqar”... Qəşəm Nəcəfzadə “Sənin sağlığına yanıram, vətən” adlı şeirində deyir:

...şəhəri yanıq iyi bürüyər deyə

polislər yüyürdülər bu adamı söndürməyə.

adam qaçdı... qovdular...

dedilər: qoy gedib uzaqlarda yansın...

Mən indi durub demirəm ki, uzaqlarda yananlardanam. Amma sidq-ürəkdən inanıram ki, günlərin bir günü qosqoca tarixin taleh və talib təkərləri unudulmuş yerlərdən də keçəcək... mütləq!

Gürcüstanda yaşayan azərbaycanlı gənc yazarlar
Gürcüstanda yaşayan azərbaycanlı gənc yazarlar

Sözümün toz-tozanaq təkrarına qayıdıram: ədəbiyyt könül məsələsidir. Amma bir də görürsən ki, yazarları təqdimat adıyla, anım günü bəhanəsiylə iclaslara yığırlar. Sonra da durub gömrükxana, inteqrasiya, kanalizasiya problemlərindən danışırlar. Bizdə son 20 ildə xeyli “problemçözən” peyda olub. Mənim arazbarı əndişəm budur ki, bu günkü ədəbiyyatımızda artıq “limandan məchulluğa çıxan gəmilər” (Yəhya Kamalın ifadəsidir) misallı olan Azər Musaoğlunu, Afayat Afiqqızını, Kamuranı, Coşqun Cəfəri, Vüqar Vəkiloğlunu... “problemçözən”ə çevirməsinlər.

– Bildiyim qədəri Siz həm də Gürcüstanda Azərbaycan dili müəllimisiniz və bu aralar bir qrup gənc azərbaycanlı Gürcüstanda doğma dildə məktəbə ehtiyac olmadığını, belə məktəblərin onsuz da nə gürcü, nə azərbaycan cəmiyyəti üçün şagird yetişdirə bilmədiyini deməyə başladılar. Bəs Siz müəllim kimi necə düşünürsünüz: Gürcüstan azərbaycanlıları tamam gürcücə oxuyub yaşadıqları cəmiyyətin daha aktiv vətəndaşına çevrilə bilməzlərmi?

– Bir vaxtlar bir ucu Naxçıvan Azərbaycandan Tiflisə, soydaşlarımızın yaşadığı bölgələrə məktəb açmaq, qəzet-jurnal çıxartmaq, teatr yaratmaq üçün gəlirdilər. İndi təşrif buyuran bəzı “ideoloqlar” ancaq “bağlatmaq” iddiasıyla alışıb-yanırlar...

Mirzə Cəlil “Molla Nəsrəddin”i gedib Şəkidə, Şirvanda, Dərbənddə, Səmərqənddə nəşr edərdi, gəlib Tiflisdə yaratdı. “Ölülər”i gedib Filan-Fəsmanda yazardı, Tiflisdə yazdı. Bu bəlkə də bugünümüzə, sabahımıza mesajdı!

...tərif olmasın, amma deyilənə görə, mən pis müəllm deyiləmmiş.

“Bir qrup azərbaycanlı”nın arasında iki nəfər şair də var idi. Dəhşətə gəldim: heç yəcuc-məcucların, moltanıların, əndrəbadilərin şairləri də “məktəblərimiz bağlansın!” deməzdilər. Mən bunu zərurət deyil, təsadüf saydım. Mahiyyətlər dünyasında neçə tayqulaq təzahürlər var imiş!

“Bir qrup azərbaycanlı”nın çağırışı ötən əsrin 30-cu illərindəki “sosializmin bütün cəbhə boyu hücumu”na da bənzəyirdi.

Məktəb məsələsini valideynlərin, müəllimlərin hüzuruna buraxmaq lazımdır.

Axı dövlət dilini öyrənməyə, fəal vətəndaş olmağa kim mane olur ki?.. Tağı Şahbazinin “Qayçı” hekayəsində olduğutək, bir qayçının itməsinə görə gərək Məmmədi təndirəmi ataq?..

XS
SM
MD
LG