Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:28

İlham Əliyev: «Mənə arayış təqdim ediblər, adlar var»


İlham Əliyev
İlham Əliyev

«Biz onların canını qurtardıq». Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında yoxlamaların dayandırılmasından danışarkən belə deyib. O, bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla, cəmi 56 yoxlama keçirildiyini bildirib:

«Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdi. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq. Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır».

«ZƏBT EDİLƏN TORPAQLAR MƏMURLARA MƏXSUSDUR»

İlham Əliyev əkib-becərilməyən torpaqlar mövzusuna da yenidən qayıdıb: «Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir». Prezident səmərəli şəkildə istifadə edilməyən torpaqların «sahibkarlardan və yaxud da ki digər şəxslərdən» alınmalı olduğunu söyləyib.

İlham Əliyev «imkanı olanlar»ı kənd təsərrüfatına investisiya qoymağa dəvət edib.

Buna da bax: İlham Əliyevdən Rusiya haqda tərifli sözlər

ÜNVANLI SOSİAL YARDIM OLMASIN

Prezident ünvanlı sosial yardım haqqında danışarkən deyib: «Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır».

İlham Əliyev hesab edir ki, dövlət qurumları ünvanlı sosial yardım əvəzinə vətəndaşların «öz işini qurmasına» şərait yaratmalıdırlar.

«Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar», - Əliyev əlavə edib.

İlham Əliyev bu il sosial mənzillərin inşasına başlanılacağını bildirib. O, bu məqsədlə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin əsas vəzifəsinin aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsi olduğunu söyləyib.

XS
SM
MD
LG