Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Dağa çıxıb, qar gətirib şaman olacaqdı


Şaman
Şaman

-

"Qali qoca şamanla xeyli söhbət etdikdən sonra yola davam etdi. Uzun müddət getdi və dağın düz başına çatdı. Hər tərəf qar idi. Gödəkcəsini çıxardıb qar yığmağa başladı. Arxadan uğultulu səs gəldi".

Rövşən Danyeri

AYİN

Addımını pilləkənin üçüncü pilləsinə atmışdı ki, nəfəsi daraldı, tövşüməyə başladı. Bir tərəfdən istilər, bir tərəfdən də köklük sərbəst hərəkət etməyinə mane olurdu. Dördüncü pilləyə qalxıb pilləkənin tutacağına söykəndi. Taxta pilləkən az qala yarıya qədər əyilib ciyiltili bir səs çıxartdı. Elə bil çiynindəki yükü götürməyi üçün gözəgörünməzə yalvarırdı. Əlini cibinə salıb büzüşmüş dəsmalı çıxartdı, qatı açılsın deyə havada iki dəfə yellədib alnındakı və boynundakı təri sildi. Pilləkənin o biri başında qırx-qırx beş yaşlarında arıq, uzun, qarayanız bir kişi əlini-əlinin üstünə qoyaraq onun çıxmasını gözləyirdi. Onlar hələ pilləkənin ayağındaykən salamlaşmışdılar. Üstündən təxminən on dəqiqə keçmişdi, ancaq o, hələ də yuxarı çatmamışdı. Əlini-əlinin üstünə qoyub gözləyən ev sahibinin ürəyini isti və qərarsızlıq - hərəsi bir tərəfdən sıxırdı. O, aşağı düşüb həkimin çıxmağına köməkmi etməli - görəsən, buna acıqlanmazdı ki – yoxsa, burada dayanıb onun gəlməyini gözləməli idi?

Həkim tərini silib dedi: “Gəlib kömək eləsənə! Görürsən ki, əziyyət çəkirəm”.

Onun bu danlağı bayaqdan çaşqınlıq içində qalmış ev sahibinin üzünü güldürdü. Cəld aşağı düşüb həkimin qoluna girdi. Həkim ağırlığını gah tutacağa, gah da ona salaraq yuxarı çıxmağa başladı.

– Kişinin vəziyyəti necədir? Bir düzəliş zad var?

– Ay doktor, elə həminki kimidir. Dörd gündür dilinə su da vurmur. Gözlərini açıb bir işıqlı dünyaya baxmır. Elə hey süst yatır. Özün də bilirsən, bədəni iynə-dərman da götürmür, bilmirik,nə edək? Nə ölən kimi ölür, nə də birdəfəlik sağalır.

Buna da bax: "Bir hekayəyə bəzən bir il vaxt sərf edirəm"

Həkim pilləkəni çıxıb torpaq döşəməli eyvandan keçərək otağa girdi. Düz qarşıda, yarıqaranlıq otağın bir küncündə səksən-səksən beş yaşlarında arıq bir kişi çarpayıda yatırdı. O qədər arıqlamışdı ki, üzündəki qırışların dibi görünürdü. Əlinin dərisi qırışdan və qabıq qoymaqdan pulcuğa oxşayırdı. Kişinin baş ucunda oturan qadın həkimi görən kimi ayağa qalxdı və salamlaşaraq yerini ona verdi. Həkim köklüyünün imkan verdiyi cəldliklə stulda oturdu və əlini xəstənin alnına qoydu. Sonra qolunu tutaraq nəbzini yoxladı. Çantasını açdı, stetoskopunu çıxarıb sinəsində gəzdirdi. Ona “öskür” demək istədi, ancaq kişinin üzünə baxanda onsuz da heç bir faydası olmayacağını başa düşdü. Stetoskopun ucunu qulaqcıq tərəfinə dolaya-dolaya dedi:

– Düzü bunu da yalandan çıxartdım. Əlim vərdiş edib. Bu kişiyə tibbin edə biləcəyi heç nə qalmayıb. Çox çəkməz, ya bir saata, ya da bir günə öləcək. Hazırlıqlarınıza başlayın. Sabah axşamdan o tərəfə keçməz.

– A doktor, bəs yazıq niyə bu qədər çətin ölür? Niyə canını tapşıra bilmir?

– Bunun heç bir elmi izahı yoxdur. Amma... yəqin ki, kiməsə borcu var. Ona görə ruhu əziyyət çəkir. Həmin adamı tapıb halallıq alsanız yaxşı olar. Ya da ürəyində nisgili var, gərək tapıb yoluna qoyasınız.

Qadınla kişi çarəsiz-çarəsiz bir-birinin üzünə baxdı. Həkim çantasını götürüb ev yiyəsinin köməkliyi ilə aşağı düşdü. Aşağıda stol qoyulmuşdu. İki qonşu oturub çay içirdilər. Kişinin vəziyyəti ilə maraqlanmaq üçün gəlmişdilər. Həkim stul çəkərək onlarla üzbəüz oturdu. Elə oturan kimi də balaca bir uşaq gətirib qabağına çay qoydu. O, uşağın qolundan tutub alnından öpdü. Sonra da məclislərdə söhbət olsun deyə qurub-quraşdırdığı əhvalatlardan danışmağa başladı. Düzü bu söhbətdən çox monoloqa bənzəyirdi. Çünki artıq illər idi ki, kənd camaatı ona etiraz etməyi tərgitmişdi. O da danışdıqlarını elə yerli-yataqlı, təfsilatı ilə çatdırırdı ki, hətta fikri ilə razılaşmayan olanda da, adını heç kimin eşitmədiyi kitablardan sitat gətirərək onları susdururdu. Odur ki, heç kim onunla razılaşmadığını söyləyə bilmirdi.

– Mən həmişə körpə uşaqların alnından öpürəm. Heç vaxt üzlərindən öpmərəm. Çünki biz böyüklərdə çoxlu mikroblar olur. Bütün günü bostanda işləyirik, heyvanın dalında oluruq, hər tərəfimiz mikrobdu. Uşaqların bədəni tər-təmiz olduğu üçün mikrobu da tez götürür. Sizə də məsləhətim budur ki, nə özünüzün, nə də başqasının uşağının üzündən öpməyin.

Buna da bax: "U döngəsi"

Həkim bu mövzuda elə ciddiyyətlə danışırdı ki, elə bil xərçəng xəstəliyinin əlacını tapmışdı. Yuxarıdakı qadın ev sahibini səslədi, o da cəld yerindən qalxdı. Həkim gözucu onun getdiyi səmtə baxa-baxa daha bir monoloquna başladı.

– Bax, cibində siqaret paçkası var. Heç başa düşmürəm də, o mərətin nəyini çəkirsiniz? A kişi, həm cibinə, həm də canına ziyandı. Heç bilirsən o siqaretdə nə qədər kimyəvi maddə var? Sənin ciyərini yarıb özünə göstərsəm, diksinərsən. İndi ora bizim kömürlük kimi qapqaradı.

Qonşu həkimə etiraz etməyin mənasız olduğunu bilirdi. Odur ki, onun danlağı ilə razılaşmaqdan başqa çarəsi yox idi. Buna görə də dilucu həkimin fikirlərini təsdiqləyən bir-iki kəlmə mızıldandı ki, bəlkə ondan əl çəkə. Ev yiyəsi bir gözqırpımındaca pilləkənlərlə aşağı düşdü. Həkim onun bu cür sürətli hərəkət etməsinə məətəl-məətəl tamaşa edirdi.

– Doktor, bu kişi yaman xərifləyib. Heç bilmirəm nə edim?

– Dayan bir, danış görək nə olub?

– Bayaqdandı “qar” , “qar” deyə sayıqlayır. Elə hey “qar istəyirəm” deyir.

Həkim yumruğunu stola dirəyib ayağa qalxdı.

– Həə, indi məlum oldu kişi niyə can verə bilmir. Gərək ona qar tapıb verəsən.

– Ay doktor, səndəmi bu çətin günümdə mənimlə məzələnirsən? Gün təpəmizdən döyür, bu istidə qarı hardan tapım?

Həkim onun sözündən inciyəntəhər olsa da, vəziyyətini nəzərə alıb biruzə vermədi. Bir-iki addım atıb evin tininə çatdı, sola döndü. Əlini evin paralelində uzadaraq başı ağaran dağı göstərdi:

– Bax, o dağı görürsən? Burdan çox hündürdədi. Düz yayın cırhacır vaxtlarına qədər başındakı qar ərimir. Oradan qar tapıb gətirmək olar.

– Doktor, sən oxumuş adamsan, belə məsləhət görürsənsə, gərək edim. Onda hazırlaşım, gün axşam olmamış yola çıxım.

– A kişi, sən nə kəmhövsələ adamsan. Özün hara gedirsən? Tutaq ki, qapıdan çıxan kimi, dədən öldü. Məclisi kim yola verəcək? Elə bil əzraillə müqavilə bağlamısan ki, sən gələnəcən ölməsin.

– Onda əlac ona qalır ki, böyük gədəmi – Qalini göndərim. On altı yaşı olsa da, cıvraq uşaqdı, məndən də yeyin gedib-gələr.

Bayaqdandı söhbətə qulaq asan qonşu cibindəki siqaret qutusunu çıxardıb siqaret yandırdı. Bir qullab vurdu, tüstüsünü havaya üfürdü:

– Bizim balacanı da qoşarıq ona, söhbət eləyə-eləyə gedərlər.

***

Kafenin qapısından asılmış zınqrov yeni müştərinin gəldiyini xəbər verdi. İçəri birinci sarı iri çamadan, sonra isə səliqəli geyimdə ortayaşlı bir kişi girdi. O, həmişə oturduğu masaya yaxınlaşdı, paltosunu çıxarıb, ehtiyatla qatlayaraq stulun başına keçirtdi. Pencəyini düzəldərək oturdu, ayağını ayağının üstünə aşırdı. Çamadanı açıb içərisindən bir kitab çıxardı və oxumağa başladı. Kafenin yerləşdiyi bu kiçik qəsəbədə demək olar ki, hamı bir-birini tanıyırdı. Ancaq bu kişinin kim olduğunu, hardan gəldiyini heç kim bilmirdi. Heç adını da bilən yox idi. Haqqında bildikləri yeganə şey gəlmə olduğu idi. Təxmini altı ay idi ki, o, qəsəbədə görünməyə başlamışdı. Hər gün bu kafeyə gəlir, indi oturduğu masada oturur, saatlarla kitab oxuyurdu. Onun səliqəli görünüşü, şux yerişi hamının diqqətini çəkmişdi.

Buraya gəldiyi ilk günlərdə masanın üstünə belə bir mətn yazılmış vərəq qoyurdu: “Mən sizin arzu etdiyiniz həyatı yaşayıram. Heç bir yerdə işləmir, bütün günü ürəyim istədiyi kimi hərəkət edirəm. Tez-tez səyahətə çıxır, müxtəlif ölkələrdə olur, çoxlu insanlarla tanış oluram. Arzularınızı qiymətləndirməyi bacarın”.

Bu yazıya gözü sataşan müştərilər stolun üstünə pul qoyurdular. Onun geyimini, keçimini görənlərdən heç kim xırda pul verməyə cürət etmirdi. Bir müddətdən sonra artıq bu yazıya da ehtiyac qalmadı. Onu tanıyan hər kəs kağız oldu-olmadı masaya pul qoyub çıxırdı. Bəzən ona yaxınlaşıb kitablar haqqında məsləhət alır, oxumaq üçün kitab adı deməyini xahiş edirdilər.

Buna da bax: "Rövşən Danyeri "Yuxu" (Hekayə)"

Ofisiant ona hərgünkü sifarişini – bir fincan kofeni gətirdi. Artıq aylar idi ki, o, kofeyə görə də pul ödəmirdi. Birinci dəfə necə olmuşdu, dəqiq yadında deyildi, amma artıq ondan kofe üçün ödəniş etmək tələb olunmurdu. Ofisiant bu qəribə adama qarşı ürəyinin dərinliyində rəğbət hiss etsə də, bir yandan da ona acığı tuturdu. Özü də səbəbini bilmirdi, ancaq bu adamda xoşuna gəlməyən nəsə var idi. Başqa masalara qulluq edəndə ona göz qoyurdu. Oturuşu, kitabı əlində tutuşu, nəfəs alışı hamısı sanki bir ritm daxilində baş verirdi. Ofisiantı da onun bu qədər rahat olmağı əsəbləşdirirdi.

Nəhayət, günlərdir ürəyində saxladığı sözləri boş kofe fincanını götürməyə gedəndə dedi:

– Mən sizi heç cür başa düşə bilmirəm?

Kişi barmağını kitabın arasına qoyub, bağladı, başını qaldırıb ona baxdı:

– Məndə başa düşə bilmədiyiniz nə var ki?

Danışanda dodaqları elə ağır-ağır tərpənirdi ki, elə bil balaca bir uşaq böyük qala qapılarının cəftəsindən tutub dartırdı. Elə səsi də qapı cırıltısına oxşayırdı.

– Heç bir yerdə işləmirsiniz. Bütün günü kitab oxuyursunuz. Yaşınız da az deyil, hər halda gənc deyilsiniz. Gələcəyinizi fikirləşmirsiniz.

– Səhərdən axşama qədər işləyirsən. İstirahət üçün çox az vaxtın qalır. İşdən çıxanda yorğun olursan, düzəməlli özünə vaxt ayıra bilmirsən. Sən bu qədər işləməklə nəyə nail olmaq istəyirsən? Hər halda, ofisiant işləyə-işləyə çox varlı olmayacaqsan. Maksimum evlənəcəksən, uşaqlarına baxacaq qədər pulun olacaq. O da bir aydan o birinə güc bəla ilə çatacaq. Amma mən həyatımı istədiyim kimi yaşayıram. Gələcəkdə də belə yaşayacam, – gülümsəyərək dedi.

Söhbətin gedişatı ofisiantı özündən çıxarırdı:

– Hər halda sizinki də bir iş deyil axı. İnciməyin, amma sizin elədiyinizin adı “dilənçilik”di. Adamlar gətirib sizə sədəqə verməsələr acınızdan ölərsiniz.

– Bax, burada yanılırsan. Dilənçilər adətən insanlara yalvarır, özlərini yazıq kimi göstərərək onların hisslərini manipulyasiya edir, pul qopartmağa çalışırlar. Mən isə heç kimdən pul dilənmirəm. Nə də heç kimin mənə yazığı gəlmir. Əksinə, onlar mənə hörmət göstərirlər. Arzuladıqları, ancaq yaşaya bilmədikləri və heç vaxt da yaşamayacaqları həyatım üçün mənə qibtə edirlər. Onlar mənə deyil, öz arzularına pul verirlər. Ya da belə deyək, mənim cəsarətimi qiymətləndirirlər. İnsanların heç vaxt hazırki işlərindən, gəlirlərindən əl çəkib, gələcəklərini planlaşdırmadan mənim həyatım kimi həyat yaşamaq üçün cəsarətləri çatmır. Bax, onların məndə qiymətləndirdikləri də məhz bu cəsarətdir. Sən özün hər gün mənə pulsuz kofe verirsən. Bir gün kofe verməyə bilərsənmi?

– Əlbəttə.

– Yox, bilməzsən. Çünki özün də mənim cəsarətimə heyransan. Ona görə də mütləq hər gün mənə kofe verəcəksən.

– Qoy sabah olsun, görərsən sən kofeni, – ofisiant hirslənmişdi. Kofe fincanını ovcu ilə xışmalayıb, masadan uzaqlaşdı. Bir neçə addım atmışdı ki, gözü kafenin pəncərəsinə ilişdi. Çöldən bir adam əlini şüşə pəncərəyə, başını isə əlinə söykəyərək içəri baxırdı. Başında yırtıq şlayapa, əynində köhnə palto olan bu adamı görən kimi tanıdı. O, qəsəbənin dəlisi idi. Ofisiant əliylə pəncərəni tıqqıldatdı: “Cəhənnəm ol burdan. Harda dəli var gəlib məni tapır”.

Adam tıqqıltını eşidən kimi diksindi, tez özünə söykədiyi velosipedə minib, pedalları sürətlə çevirərək oradan uzaqlaşdı.

Məhəllənin girişini polis maşınları bağlamışdı. Binanın qarşısı sarı lentlərlə əhatələnmişdi. İçəriyə giriş qadağan idi. Birinci mərtəbədəki evin içi polislərlə dolmuşdu. Mətbəxin döşəməsində gənc bir qadın ağzıüstə uzanıqlı vəziyyətdə idi. Müstəntiq1 qadının başı ucunda çöməlmişdi. Müstəntiq2 isə qadının əks tərəfindəayaq üstə dururdu. Döşəməyə dağılmış göy rəngli maye qadının bədəninin ətrafında gölməçələnmişdi. Müstəntiq1 başını bulaya-bulaya dedi:

– Cavan qadının intihar etməsi adama çox pis təsir edir.

Müstəntiq2 etiraz etdi:

– Nə bilirsən intihardı? Mən ətrafımızda intihar məktubu zad görmürəm.

Müstəntiq1 qadının sol əlində tutduğu göy rəngli plastik qabı göstərdi.

– Bundan yaxşı intihar məktubu? Camaşır suyu içərək özünü öldürüb. Məncə bu aktın özü bir məktubda yazılacaq bütün sözlərdən daha təsirlidir. Bir qadının camaşır suyu içməsi artıq hər şeyi deyir. Onu intihara aparan yolu açıq-aydın ortaya qoyur.

– Elə danışırsan, elə bil məhkəmə tibb ekspertizası zadsan.

– Bir tərəfdən də fikirləşəndə, bu əsl cinayətdir. Camaşır suyu da qatilin kimliyini ortaya qoyur axı. Qatil də, bax, indi qonaq otağında oturub, əliylə başına tutub ağlayır.

Buna da bax: "Cənab Heç Kim"

Son sözündəki “r” hərfini deyib qurtarmışdı ki, gözü əlini qoynuna qoyub, divara söykənərək bayaqdandı onlara qulaq asan Baş Müstəntiqə ilişdi. Tez ayağa qalxdı. Göz-gözə gələndə müstəntiq artıq onun səhnəsinin gəldiyini anlayıb qollarını bir-birindən ayırdı. Onlara tərəf gələrək məzəmmət etdi:

– Qoyasan elə boş-boş danışasınız. Belə şeylərlə vaxt itirməyin. Boynumuzda üç cinayət işi var. İlin yekununda fındıq boyda qəsəbədən üç qatı açılmamış cinayət raport etsək, bizim üçün yaxşı olmayacaq. Hadisəni intihar kimi sənədləşdirin, məhkəmə tibb ekspertizasının da rəyini əlavə edib bağlayın. Qadının əri hardadı?

Müstəntiq1 cavab verdi:

– Qonaq otağında divanda oturub.

– Əla, onun da izahatını alın, qovluğa qoyarsınız.

...Sürətini azaldıb küçənin ortasında dayandı. Velosipeddən düşüb ona söykəndi. Yırtıq şlyapasını ikiəlli başına keçirdi. Paltosunun yaxasını düzəltdi. Üzüyuxarı mailli şəkildə başını çiyin bərabərində döndərdi. Baxışları elə qətiyyətli idi ki, elə bil kamera qarşısında milyonlarla tamaşaçıya nitq söyləyəcəkdi.

– Mən sizdən xəbərdaram. Bizi gördüyünüzü, indi qəsəbəmizə baxdığınızı bilirəm. (Dediyini təsdiqləmək üçün başını yellətdi) Heç özüm də bilmirəm nə etməliyəm. (Bir anlıq əl-ayağı bir-birinə dolaşdı. Gah velosipedin başından tutdu, gah da yenidən yaxasını dartıştırdı. Nəhayət, sakitləşib bayaqkı pozasını aldı) Gəlin sizə qəsəbəmiz haqqında məlumat verim. Həə, həə ən yaxşısı bu olar. Axı siz bizim qəsəbəmizə baxırsınız, indi bura maraqlandırır sizi. Qəsəbəmiz kiçik olsa da, insanları bir-birinə çox mehribandı.

Bu anda yoldan keçən iki nəfər ayaq saxlayıb ona tamaşa etməyə başladılar. Onlardan biri digərinə gülərək dedi: “Bizim dəli deyəsən, kosmosdakı qohumları ilə danışır”. Dalınca ikisi də qəhqəhə çəkdilər. Dəli barmaqlarını dodağının üstünə qoyaraq onlara acıqlandı:

– Şşşş, onlar bizi görür, – sonra üzünü yuxarı tutdu, – Onların belə güldüklərinə baxmayın, əslində yaxşı adamlardılar (Onlar yenə qəhqəhə ilə gülərək oradan uzaqlaşdılar). Gördüyünüz bəstəboy olanının uşağı xəstədi. Yazıq gecə-gündüz çalışır, bütün qazandıqları da elə uşağın müalicəsinə gedir. Bəlkə də çoxdandır belə ürəkdən gülmürdü. Nə olar, onu qınamayın, axı onun da gülməyə haqqı var. Yanındakı da qaynıdır. Düzü bir az arvaddan qorxur. (İrişdi. Sonra bu hərəkətindən özü də utanaraq velosipedinə minib sürətlə pedalları çevirdi).

...Səhəri gün eyni vaxtda gəlib masasında oturdu. Hərəkətləri bir gün əvvəlkinin eyni idi. Hətta addımlarında belə millimetrlik o yan-bu yan olmurdu. Həmişəki qaydada oturub kitab oxumağa başladı. Təzəcə başlamışdı ki, ofisiant gətirib kofeni masasına qoydu. Bir qurtum alıb ona gülümsədi. Ofisiant sanki indi ayılmışdı. Aylardır ona kofe gətirdiyi üçün vərdiş etmişdi və bu gün də özündən asılı olmadan hərəkətini təkrarlamışdı. Dünənki söhbət birdən yadına düşdü, elə bil onu ildırım vurdu, ancaq artıq gec idi. Qonaq hətta kofedən bir qurtum almışdı da. Hirsindən bilmədi neyləsin; məğlub olduğunu başa düşmüşdü, özünü danlaya-danlaya piştaxtanın arxasına keçdi. Gün boyu əsəbini heç cür boğa bilmədi. Hava qaralanda hər kəsin “Qəribə” deyə çağırdığı bu adam asta-asta kitabını çamadanına qoyub, ehtiyatla paltosunu geyinib, kafedən çıxdı. Bir anlıq ofisiant onu təqib etməyə qərar verdi. Dalınca düşməkdə məqsədinin nə olduğunu heç özü də bilmirdi. Müəyyən məsafə buraxıb adamın ardınca gedirdi. Evini tapıb, sirrini öyrənmək istəyirdi. Gedə-gedə bu təqibin mahiyyətini özü üçün aydınlaşdırmağa çalışırdı.

Bir müddət beləcə getdilər. Adam qəsəbənin çıxışına çatdı. Qaranlıq küçəyə girdi. Bir az gözlədikdən sonra ofisiant da onun ardınca irəlilədi. Ancaq ətraf o qədər qaranlıq idi ki, addım atmaq belə olmurdu. Qaranlıq həddən artıq hürküdücü idi. Ciblərini yoxladı, tərslikdən alışqan götürməyi yaddan çıxarmışdı. Dayandı. Yerindəcə durub nə edəcəyini düşünməyə başladı. Qaranlığın içində azmışdı. Sanki qəsəbədəki hər kəs çıxıb getmiş, nəinki qəsəbə, dünya belə boş qalmışdı. Kainatda tək-tənha imiş kimi hiss etdi özünü. Elə bil, bağırsa da heç kim köməyinə gəlməyəcəkdi. Nə qabağa, nə də arxaya getməyə cəsarəti çatırdı. Ancaq burada, bu məchulluğun içərisində də qala bilməzdi. Handan-hana özündə güc tapıb arxaya-kafeyə tərəf qaçmağa başladı.

...Mağazanın qarşısında büzüşüb gözləyirdi. Satıcı əlində içi pendirlə dolu yarım çörək gətirib ona verdi. Paltosununa bürünərək çörəyi götürüb təşəkkür etdi. Çörəkdən bir dişdək aldı. Ətrafına göz gəzdirdi. Sonra tələsik cibinə qoyub, ağzındakı loxmanı uddu. Şlyapasını düzəldib,sağ çiyni üstən göyə baxmağa başladı.

– Bu bizim məhəllədəki mağazanın satıcısıdır. Çox yaxşı adamdır. Sağ olsun, ac qalmayım deyə mənə çörək verir (Satıcı onun bu halına baxıb, başını buladı və içəri keçdi). Axı, sizə demişdim adamlarımız çox yaxşıdırlar. Yadıma düşmüşkən bunu sizə mütləq deməliyəm. Deməsəm, özünüz öyrənsəniz, məni qınayarsınız ki, niyə xəbərdar etməmişəm. Qəsəbəmiz çox sakit yerdir. Ancaq son vaxtlar burada üç adam öldürüblər. Hələ də kimin etdiyi bilinmir. Buna görə də hamı narahatdır. Bircə qatil tapılsaydı. Siz oradan bizi görürsünüz, siz bilirsiniz onları kim öldürüb?

...Baş müstəntiq,Müstəntiq1 və Müstəntiq2 bir cərgə ilə durub stenddəki hədəfə atəş açırlar. On atəşdən sonra qulaqcıqlarını çıxardılar. Baş müstəntiq kefsiz-kefsiz dilləndi:

– İlin yekununu göndərmişdim, bu gün çağırmışdılar. Sizin eyninizə deyil, amma üç açılmamış cinayət işimiz var. Gözləyirdim ki, bu il rütbəmi qaldıracaqlar. Sayənizdə hələ üstəlik töhmət də aldım.

Baş müstəntiq işçilərini danlaya-danlaya onların hədəflərinə, güllələrdən neçəsinin taxtaya dəydiyinə baxdı. Əlində tutduğu tapancanın lüləsini çiyninə vura-vura dedi.

– Belə başa düşürəm ki, atışma zad-olanda mən gərək maşında gözləyim. Yoxsa rütbəmi qaldıracaqlar, amma ulduz taxmağa bir çiynim olmayacaq.

...Velosipedini özünə söykəyib, eyni pozada gözləyirdi. Bəlkə beş dəqiqə, bəlkə də daha çox gözləmişdi. Heykəl kimi tərpənmədən dayanırdı. Birdən sözə başladı:

– Aha, axır ki,qəsəbəmizin başqa tərəflərindən mənə baxmağa başladınız. Yoox, yoox, elə başa düşməyin ki, sizi məzəmmət edirəm. Mənim üçün sizi gözləmək xoşdur. Bilmirəm bunu necə başa düşəcəksiniz, amma sizə bir az özüm haqqımda danışmaq istəyirəm. Bunu eqoistlik kimi qəbul etməyin. Düzdür, qəsəbə haqqında danışmalı o qədər şey var ki. Amma bəlkə bir də görüşə bilmədik. Yadınızda dəli kimi qalmaq istəmirəm. Mənim dəli göstərən yeganə şey sizdən xəbərdar olmağımdır. Məni gördüyünüzü bilməyimdir. Burada heç kim mənə inanmır, ona görə də dəli gözü ilə baxırlar. Amma siz, siz həqiqəti bilirsiniz.

...86-cı ilin “Qaz 21-10”-u gölün kənarında dayandı. Hava qaralmışdı, narın-narın qar yağırdı. Gölün üzü buz bağlamış, qardan ağappaq olmuşdu. O, maşından düşərək yük yerini açdı. Ofisiant əli-qolu bağlı içəridə uzanmışdı. Yaxasından tutaraq sürüyə-sürüyə maşının yan tərəfinə gətirdi. Ofisiant maşının təkərinə söykənib özünü bir az yuxarı dartdı. İş paltarında olduğuna görə soyuqdan titrəyirdi. Adam paltonun cibindən silahı çıxardıb ona tərəf tuşladı.

– Həə, səninki də bura qədər imiş.

Qar ofisiantın üz-gözünə düşür, burnunu qaşındırırdı. Əlləri bağlı olduğu üçün üzünə apara bilmirdi. Onsuz da əcaib vəziyyət idi, bir tərəfdən də qar onu əsəbləşdirirdi.

– Dayan bir! Axı niyə məni öldürmək istəyirsən? Mən ki, sənə heç nə etməmişəm.

Adam gülümsədi.

– Bu səninlə bağlı deyil. Onsuzda, desəm də heç cür başa düşməyəcəksən.

– Xahiş edirəm, xahiş edirəm de. Bilmək istəyirəm.

– Necə izah edim e, sənə? Bax, adam yaşayışında həmişə nəyinsə əksik olduğunu hiss edir. Elə bil tam xoşbəxt ola bilmirsən. Yəqin səndə də olub bu hal. Nə qədər çalışsan da o ruhi sakitliyini heç cür əldə etmək olmur. Sanki,həmişə nəsə əksikdir. Mən bununla bağlı çoxlu təlimləri, dinləri araşdırmışam. Axır ki, istədiyim cavabı tapdım. Qədim miflərdən birində deyilir ki, insan birinci dəfə dünyaya gələndə saf enerji halında gəlir. Öləndə, həmin enerji torpağa qarışır, bölünür. Müxtəlif yerlərə, insanlara paylanır. İndi mənim içimdə olan enerji həmin saf enerjinin yalnız bir hissəsidir. Bu dünyada nə edirəmsə edim, dağılmış enerjiləri bir yerə yığmasam, heç cür xoşbəxt ola bilməyəcəm. Bununla bağlı müxtəlif dualar, ayinlər öyrənmişəm. Nəhayət, mənimlə eyni enerjini paylaşan adamları tapdım. Onlardan dördü sizin qəsəbənizdə idi. Təbii ki, biri də sənsən. Düz üç aydır ki, səni izləyirəm. Dəqiq əmin olmaq istədim. Qalan üçünü öldürmüşəm, enerjilərini yığmışam. Bircə sən qalmısan. Təsəvvür edirsən, gecə-gündüz işləyirsən, amma heç vaxt xoşbəxt ola bilməyəcəkdin. Ancaq indi aid olduğun enerjiyə qovuşmaqla özün də olmasan, mənim xoşbəxtliyimi təmin edəcəksən. Başa düş, bütün insanların axtarışı, dinlər hamısı boşdur. Xoşbəxt olmaq üçün yalınız bir yol var, o da budur.

Ofisiant hıçqıraraq ağlamağa başladı. Çarəsizliyini dərk edirdi. Qar da bir tərəfdən bütün işləri korlayırdı.

– Sən dəli olmusan. O qədər kitab oxumusan ki, dəli olmusan.

– Eeh, dostum. Sən yenə də heç nə başa düşmədin. Bilmirsən, mən o kitabları niyə oxuyuram? Çünki enerjimin bir hissəsi də məhz o kitabların hazırlandığı ağacdadır. Enerjimin olduğu kitabları tapana qədər minlərlə kitab oxumuşam. Bir az diqqət etsəydin çamadanımdakı bütün kitabların eyni buraxılış olduğunu görərdin.

O, maşının qabaq tərəfinə gedib gölə baxmağa başladı. Ofisiant son çarə kimi qolunu bağlayan ipi maşının disklərinə sürtürməyə başladı. Soyuq ciyərlərini deşir, nəfəs almağını çətinləşdirirdi.

– Görürsən nə qəşəng qar yağır? Gölə baxanda adamın əsəbləri sakitləşir.

– Cəhənnəm olsun göl də, qar da, – hıçqıra-hıçqıra dedi. Qolundakı ipi dəmirə sürtərək nazikləşdirmişdi, güc gəlib ipi qırdı. Ayağı bağlı olsa da, maşına söykənərək ayağa qalxdı. Arxadan adamı qucaqladı. Adam müavizinətini itirib yıxıldı. Ofisiant da onun üstünə. Əlindəki silahı götürüb kənara çəkildi. Adam qalxmaq istəyəndə güllə ilə düz gözünə atəş açdı. O, bir saniyənin içində yerə çökdü. Ofisiant baş verənləri dərk edəcək gücdə deyildi. Biləyi ilə bərk-bərk üzünü, burnunu qaşıdı. Ayağındakı ipi açıb, ətrafa göz gəzdirdi. Heç kim yox idi. Tez adamı maşına mindirib, mühərriki işə saldı. Silahı içəri atıb, adamın ayağını qaz pedalının üstünə qoydu. Maşın sürətlə gölə tərəf getməyə başladı. Gölün üzünü tutmuş nazik buz qırıldı və maşın yavaş-yavaş yox oldu.

Ətrafa təkrar göz gəzdirdi. Yenə də heç kim gözə dəymirdi. Yay gəlib, istilər düşənə, gölün suyu azalana qədər heç kimin maşından xəbəri olmayacaqdı. Ona qədər isə iz-miz qalmazdı.

Ofisiant qaçmağa başladı. Qar güclənmişdi. Lopa-lopa yağan qar onun ağzına, burnuna girir, gənziyinə sıçrayırdı. Qarın qoxusu burnuna elə hopmuşdu ki, bir ömür boyu bu qoxunu unuda bilməyəcəkdi.

***

– Qali, mən bir şeyi başa düşmədim e.

– Nəyi?

– İndi biz qar tapıb aparsaq, baban sağalacaq?

– Yox, məncə tez ölməyi üçün aparırıq.

– Necə yəni? Onda biz adam öldürmüş sayılmırıq?

– Gic-gic danışma, dur yolumuza davam edək.

– Onlar dağın yamacında köhnə qəbirstanlıqda, yarıuçuq başdaşının üstündə oturub söhbət edirdilər.

– Qali, bura adama qorxuducu gəlir e.

– Gecəyə qalsaq lap qorxulu olacaq. Dur.

Onlar ayağa qalxıb yollarına davam etdilər. Hava qaranlıqlaşırdı, bir-iki saat getmişdilər ki, uzaqdan yarısı torpağın içində bir alaçıq gördülər. Su içmək, dinclərini almaq üçün ora getməyə qərar verdilər. Alaçığın girişindəki parça pərdəni qaldırıb içəri girdilər. Giriş dar olduğundan birinci Qali keçdi. Yarıqaranlıq otaqda göz-gözü görmürdü. Qali gözünü qıyıb ətrafa baxdı. Birdən iki işıldayan gözün ona zilləndiyini gördü. Dostu arxasınca bir addım atmışdı ki, birdən tirtap yerə düşdü. Qali cəld onu qucağına aldı. İşıldayan gözlər ayağa durdu. İndi daha yaxşı görünürdü. Üstündə köhnə-kürüş paltar olan qoca kişi əlini yandakı yatağa uzadaraq dedi:

– Dostunu bura uzat, Qali! Burdan o yana ona ehtiyacın olmayacaq. Səni burada gözləyər.

– Sən kimsən? Adımı hardan bilirsən axı?

Adam yenidən yerinə qayıtdı. Qali dostunu yatağa uzadıb qoca ilə üzbəüz oturdu.

– Adını bilirəm. Ümumiyyətlə, hər şeydən xəbərim var. İndi sənə danışacağam. Mənim düz yüz beş yaşım var. Buraların şamanıyam. Uca yaradan məni bura təyin edib. Uzun vaxtdır ki, sənin gəlişini gözləyirəm. Bilirəm, hər şeydən xəbərim var. Sən bura baban üçün qar aparmağa gəlmisən. Amma bilmədiyin bir məsələ var. Bu təkcə babanın yox, həm də sənin imtahanındır. Baban gəncliyində bir səhv edib. Bir adamı, daha doğrusu içindəki bir hissi öldürüb. Buna görə də indi peşmandır. Və İlahi gücdən bağışlanmasını istəyir. Əgər sən qarı aparıb ona çatdıra bilsən, onda deməli, istəyi yerinə yetəcək.

Əlini uzadaraq arxasında, yuxarıdan asılan şüşə qablardan birini götürdü. Qabın içində qara mayeyə oxşayan bir şey var idi.

– Bax,bu qabda babanın canını alacaq ruh var. İndi açıb buraxsam, sən çatmamış baban öləcək. Qorxma, mənim canımı alacaq nəfəs də buradadır. O, əlini uzadaraq başqa bir qabı götürdü.

– Yüz beş yaşım var. Ancaq İlahi güc məni öldürmür. Çünki yerimə kimsə keçməlidir. Ruhum əziyyət çəkir. Mən də artıq İlahi gücə qovuşmaq, rahatlıq tapmaq istəyirəm. Onun üçün də gərək yerimə başqasını tapım. Bu iş üçün sən seçilmisən. İllərdir böyüməyini gözləyirdik. Artıq vaxtdır. Bu həm sənin, həm də babanın imtahanıdır.

Qali nə deyəcəyini bilmirdi. Dili-ağzı qurumuşdu. Baş verənlərin bir qoca dəlinin sayıqlamasımı, yoxsa həqiqətmi olduğunu anlaya bilmirdi. Güc-bəla ilə özündə güc tapıb dedi:

– Mən nə etməliyəm?

– Cəsarətli olmalısan. Dostun burada yatıb səni gözləyəcək. Sən o biri dağın başına təkbaşına çıxmalı, qar tapıb gətirməlisən. Amma deyim ki, dağın başında mənim çoxlu qurdlarım var. Əgər cəsarətli olub dediklərimi etsən, onda mənim yerimə şaman olacaqsan. İlahi gücə xidmət edəcəksən. Ümid edirəm ki, bu ömrümdə günahsız yaşaya bilmişəm, İlahi gücə qovuşub bir daha dünyaya gəlməyəcəm.

Qali qoca şamanla xeyli söhbət etdikdən sonra yola davam etdi. Uzun müddət getdi və dağın düz başına çatdı. Hər tərəf qar idi. Gödəkcəsini çıxardıb qar yığmağa başladı. Arxadan uğultulu səs gəldi. Bir anlıq tərəddüd etsə də, çevrilib səsə tərəf getdi. Bu normaldan iki-üç dəfə böyük olan boz qurd idi. Qurd onunla üz-üzə duraraq ulamağa başladı. Bu səs o qədər güclü idi ki, küləyi az qalırdı onu yıxsın. Qali əlini qurdun başına aparıb sığalladı. Qurd bir daha ulamağa başladı, bu dəfə ulartısında fərqli nəsə var idi. Çox keçmədi ki, qarın altından çoxlu boz qurdlar çıxaraq Qalini dövrəyə aldılar. O, əli bozqurdun başında, qurdların əhatəsində dayanmışdı. Şamanın öyrətdiyi duanı deməyə başladı:

– İlahi güc, Uca Tenqrim, məni, məni xidmətçin kimi qəbul elə. Bundan sonra həyatımı sənə, sənin yer üzündəki ədalətinə həsr edəcəyəm. Uca Tenqrim, məni qəbul elə.

Bütün qurdlar ulamağa başladı. Göylə bu dairə arasında bir səs dalğası yaranmışdı. Sanki dairənin içində burulğan əmələ gəlib, göyə, ərşə çatırdı. Bir müddət bu vəziyyədə qaldıqdan sonra Qali bir əlinə gödəkcəsinə yığdığı qarı götürdü. Digər əli ilə boz qurdun boynundan tutdu. Qurd sürətlə qaçmağa başladı.

***

Gün düz gözünə düşürdü. Qapı açıldı və Qali əlində qar içəri girdi. Qarın iyi otağa yayıldı. Qoca iyi o dəqiqə tanıdı, yavaş-yavaş əlini qaldırıb qara tərəf uzatdı. Qali qarı ona verdi. Əli qap-qaynar idi, yanırdı. Qarın soyuqluğunu hiss eləmədi belə. Dodaqları ilə qarı hissə-hissə qopartmağa başladı. İçinə sərinlik yayıldı. Qarın qoxusunu içinə çəkdi. Günəş üzünə düşür, qar isə əriyirdi...

XS
SM
MD
LG