Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:34

"Balam var" deyib yaxasını kənara çəkənləri anlamıram


Azerbaijan - Azeri blogger Tural Shakhtakhtinski
Azerbaijan - Azeri blogger Tural Shakhtakhtinski

-

"Ən azı öz balaları üçün təhsildə, səhiyyədə olan özbaşnalığa, rüşvətxorluğa, təhsilsizliyə, xəstəxanalarda ehtiyatsızlığa, savadsızlığa görə olan insan ölümlərinə etiraz edirlərmi? Yox".

Tural Şahtaxtinski

ÖZÜNÜ ALDADAN İNSANLAR

Uzun müddətdir, istisna olanları nəzərə almasaq qohumların evlərinə ayaq basmıram, onların qonağı olmuram. Buna səbəb qohumlar və ətrafımda bir zamanlar yaxınlıq yaranan bir çox insanla heç bir fikrimi, dəyərimi, düşüncəmi bölüşə bilməməyim, onlarla heç nədən söhbət edə bilməməyimdir. Bəlkə də bütün bunlar kənardan radikal yanaşma kimi görünə bilər, amma elə ən yaxşı yol budur. Əgər bütün günümü zəhərə çevirmək, əsəbləşmək, dərd çəkmək istəmirəmsə, bunları etməyə məcbur qalıram. Bəzən imtina etmək elə ən yaxşı yoldur, bir başa hər şeyə, hər cür yaxınlığa yox deyə bilmək lazımdır. Təsadüfi olsa da bir il əvvəl belə qohumlardan birinin evində qonaq oldum, təsadüfi qonaq olmağım bir neçə hadisənin çılpaqlığı ilə şahidi olmağıma şərait yaratdı. Ən əsas məcburi şəkildə süfrə arxasında oturub, onlarla birgə yemək yeməyə başlayanda ortaya çıxan mənzərə idi. Süfrədə çörək bitdi. Ailədə baxışları ilə aydın sezilən bir-birinə dəymə, çaxnaşma yaşandı. Gah süfrədən göz-qaşla uşağı, gah da böyüklər özlərini qırağa çəkib nəsə danışırdılar. Nəsə danışırdılar deməyim, aydın deyim məsələ çörək almaq məsələsi idi. Burada uzadıb hadisəni daha da dramatikləşdirməyim, yazdıqlarım cəmi iki-üç dəqiqənin içində baş verdi və qərarlaşıb çörək almağa yolladılar uşağı. Onu da deyim mən özüm çörək almağa cəhd etmək istəmədim, çünki buna heç cür razı olmayacaqdılar. Azərbaycan ailələrində qonaqpərvərliyin bir süniliyi var. Yoxdan var düzəltmək kimi böyük bir yükün altında hiss edirlər həmişə özlərini. Yəni evdə yoxdursa və almaq üçün maddi gücləri yetmirsə onu haradan olsa gətirib çıxaracaqlar. Bayağı görünsə də olandan-qopandan süfrəyə qoyub qonağı qarşılamaq kimi rahatlığı özlərinə ayıb bilirlər, halbuki elə ən yaxşısı budur. Nəsə bu ayrı bir mövzudur, süfrə başında ailə üzvləri özlərinə aid xeyli söhbət etdilər, problemlərindən danışdılar. Axırda mən bu mənasız, məzmunsuz söhbətləri qırağa atıb, ölkənin problemlərindən söhbət açdım, hansı ki, o ailəyə də bir başa aidiyyatı var idi. Çünki ailədə həm qadın, həm də kişi normal bir işdə işləyib pul qazana bilmirdi, üstəlik ailə üzvü yaşlı qadın xəstəlikdən əziyyət çəkirdi və həkimlərdən kifayət qədər narazı idi. Amma nə baş verdi? Elə söhbət açılan kimi hamısı bir ağızdan dedi: “Bir tikə çörəyimiz var, bizi başqa problem narahat eləmir.” Bir az da dərinə getsəm hansısa deyəcəkdi: “Balam var, başımı bəlaya soxası deyiləm ki!”

Buna da bax: "Sevdiyim müğənninin YAP-a mahnı oxuması məni sarsıtdı"

Bayaq dediyim çörək məsələsinə gəldikdə isə süfrədə çörək bitəndə iki-üç dəqiqəlik ailədə yaşanan həyəcana səbəb onların səhər tezdən gedib mağazadan dünəndən qalma çörəyi on, on beş qəpikdən almağı unutmaları idi. Bəli, rayonların çoxunda, bəlkə paytaxt Bakıda da belə şeylər olur. Yəni bir gün qalmış çörəyi mağazalar zavoda qaytarmır, onu on qəpikdən, on beş qəpikdən satıb pulunu verirlər zavoda. Burada yalnız bir tərəf qazanır-təzə çörək almağa pulu olmayan ailələr.

Mənə həmişə bu ölkədə olan insanların bəhanələri anlaşılmaz olub. Ölkədə baş verən istənilən ciddi hadisə ilə bağlı söhbət açsan, “balam var”, “bir tikə çörəyim var” deyib bütün problemlərdən rahatlıqla boyun qaçıra bilirlər. Məhşur “Siyasətə qarışmıram” ifadəsini dillər əzbəri etmiş xalqa bu fikirlərinə əks çıxacaq bir neçə söz de həmin an balam var, bir tikə çörəyim var deyib qarşılarındakı insanı susdura bilərlər. Haqlı olduğun yerdə haqsız çıxarda bilərlər. Təbii ki, ölkədə problem olmayan bir sahə yoxdur, problemi olmayan bir yer yoxdur. Bu ölkədə heç nə yolunda deyil. Nəyə görə balam var və bir tikə çörəyim var deyib, üzərlərinə düşən istənilən məsuliyyətdən, problemdən boyun qaçıran insanları başa düşmürəm?!

“Balam var” niyə deyilir? Çox sadə bir açıqlaması var, guya bu insanlar övladlarını çox sevirlər, onları düşünüb başqa problemlər yaşamaq istəmirlər. Yəni ölkədə olan özbaşnalığa, hakimiyyətə etiraz edə bilmirlər, çünki hamıya məlumdur etiraz edən insanlara hansı problemlər yaradırlar. Bəs bu insanlar balalarını həqiqətən sevirlərmi? Ən azı öz balaları üçün təhsildə, səhiyyədə olan özbaşnalığa, rüşvətxorluğa, təhsilsizliyə, xəstəxanalarda ehtiyatsızlığa, savadsızlığa görə olan insan ölümlərinə etiraz edirlərmi? Yox. Bütün bunlara etiraz etmirlər və səbəb də göstərirlər ki, balamız var. Yəni o bala sabah təhsilsiz, cahil, dünyadan xəbərsiz, məlumatsız, heç bir ciddi işlə məşğul olmadan, hətta cinayətkar, rüşvətxor, yaltaq böyüyə bilər, hansısa savadsız, rüşvətxor bir həkimin əlində ölə bilər, əsas odur biz onun adından istifadə edib bütün bu problemlərdən boyun qaçıra bilsinlər.

Buna da bax: "Nədən söhbət açsan, deyəcəklər: “Niyə evlənmirsən?”"

İkinci çörək məsələsi, yəqin ki, dünyada bu qədər çörəyə bağlı, çörəyi həyatlarının ayrılmaz, müqəddəs hissəsinə çevirmiş bir xalq yoxdur. Bəs onlar hətta bircə tikə çörəklərinin olmasını bəhanə edib, çörəyi nə qədər qiymətli, vacib, həyatlarının ayrılmaz hissəsi , müqəddəs saymaqları səmimidirmi? Yox! Təbii ki, bir xalqın qarnının toxluğunu bu qədər ciddiyə alması, qarnının toxluğundan başqa bir şeyə önəm verməməsi mənim üçün qəbuledilməzdir. Amma götürək belə, yəni insanlar səmimi şəkildə yedikləri çörəyi hər şeydən üstün tuturlar. Bəs bu insanlar bu ölkədə yedikləri çörəyi normal insan kimi əldə edə, qazana bilirlərmi? Siz bir iş adı çəkin ki, o işdə vəzifəsindən aslı olmayaraq kimsə gördüyü işin qarşılığını normal alır və ya bir peşə adı çəkin ki , o sahədə heç bir problem olmasın. Hamı, hər şey yerində olsun. Məncə heç kim belə bir şeyin varlığını sübut edə bilməz bu ölkədə.

Qaldı ki, bu və bu kimi tabulara, bəhanələrə bütün bunlar ona görə baş verir ki, xalq öz bədbəxtliyinə inanıb. İnanıb ki, bu işlər belə olmalıdır, belə olanda daha yaxşı olur, belə olanda daha düzgün olur. Hətta bir insan həyatı boyu bu tabulara, bu bəhanələrə inandığına görə dəfələrlə sarsılsa da, başı daşdan-daşa dəysə də yenə eyni şeyi təkrarlayır.

Bəs nə baş verməlidir ki, bütün bunlar olmasın?! İnsanlar bu inanclarından, özünü aldatmadan necə xilas ola bilər?

Bu inanclarla, özünüaldatma ilə, bəhanələrlə, hətta səhv olduğunu bilsə də, bütün bunlara görə dəfərlə ölüb-dirilsə, başı daşdan-daşa dəysə də yaşayan insanlar heç vaxt öz yalanlarından əl çəkməyəcək. Bu insanlara sadəcə vicdanın zərrə qədərini aşılamaq və beləliklə onlara övladlarına bu zəhərli beyinlərini aşılamamaq, balalarını bu ağılla, həyat tərzi ilə zəhərləməmək qalır.

XS
SM
MD
LG