Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:41

Cahangir Hacıyev maliyyə nazirinin həbs olunmasını istəyir (Yenilənib)


Cahangir Hacıyev
Cahangir Hacıyev

"Maliyyə naziri Samir Şərifov da bu prosesə cəlb olunub dindirilməlidir. Hətta o da burada – mənim yanımda oturmalıdır. Bunu demək üçün kifayət qədər sübutlarım, faktlarım var".

Bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev məhkəmədə vəkillərinin qaldırdığı vəsatətlərə münasibət bildirərkən deyib.

"Beynəlxalq Bank" işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə qarşısına C.Hacıyevlə yanaşı, daha 7 nəfər çıxarılıb. Onlar müxtəlif vaxtlarda Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş Anar Sultanov, Yusif Ələkbərov və İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, AFB Bankın Müşahidə Şurasının sədri Məmməd Cahangirov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security"nin keçmiş rəhbəri İbrahim Hüseynov və Fındıq Emalı Müəssisəsinin direktoru Azad Cavadovdur. Təqsirləndirilən 8 nəfərdən C.Hacıyev də daxil olmaqla, dördü həbsdədir, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Buna da baxın - 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

7 MİLYON 700 MİN MANATLIQ MÜLKİ İDDİA

C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov məhkəmədə bir neçə vəsatət qaldırıb. Cinayət işi üzrə iki qurumun – Beynəlxalq Bank və "Aqrarkredit" QSC-nin zərərçəkmiş qismində tanındığını deyən A.Layıcov bunu yolverilməz sayır. Müdafiəçinin sözlərinə görə, 2015-ci ilin əvvəlində bankın problemli kreditləri ayrılaraq idarə edilməyə "Aqrarkredit"ə verilib, ona görə də Beynəlxalq Bank zərərçəkmiş kimi tanınmamalıdır.

C.Hacıyev də vəkilin vəsatətini müdafiə edib: "Hüquqşünas olmasam da, məntiqlə baxanda, burada bir zərərçəkmiş olmalıdır. Mən bu işə təəccüblə baxıram".

Beynəlxalq Bankın nümayəndələri 7 milyon 700 min manatlıq mülki iddia qaldırıb. İddia icraata götürülüb.

Daha sonra C.Hacıyevin vəkilləri onun barəsindəki cinayət işinə xitam verilməsi, şüşə qəfəsdən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, maliyyə naziri Samir Şərifovun şahid qismində dindirilməsi haqda vəsatətlər qaldırıblar.

“MİFDİR”


Vəkil Fəxrəddin Mehdiyev deyir ki, C.Hacıyevə ittihamlar əsassızdır: "Bankdan götürülən kreditlər müəyyən layihələrin həyata keçirilməsinə xərclənib. Fiziki şəxslərə verilən kreditlərin 2/3 hissəsi ödənilib. Qalanı da ödəmə müddəti bitməmiş kreditlərdir. Burada əyləşən şəxslərə cinayət işi başlandıqdan sonra kreditlərin ödənilməsi dayanıb. Burada hansı mənimsəmədən söhbət gedə bilər?"

C.Hacıyevin 38 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını deyən vəkilin sözlərinə görə, həmin müddətdə onun bacısına və həyat yoldaşına təzyiqlər edilib.

"Açılan cinayət işi mifdir və heç bir real əsası yoxdur. Bu işdə sadəcə, Mərkəzi Bankın kredit verilməsilə bağlı təlimatlarının pozulmasından söhbət gedə bilər. Bu isə mülki işdir", - deyə F.Mehdiyev bildirib.

Digər vəkili A.Layıcov da onun həbsinin qanunsuz olduğunu vurğulayaraq, bu iş üzrə artıq Avropa Məhkəməsinə şikayət edildiyini deyib.

Buna da baxın - 'Cahangir Hacıyev kreditin 200 milyonunu qaytartdıra bilib'

SAXTA SƏNƏDLƏR?

Digər təqsirləndirilən İlqar Abdullayevin vəkili bildirir ki, cinayət işinin materialları ilə tanış olarkən ora saxta sənədlərin əlavə olunduğunu görüb: "Əgər obyektiv araşdırma aparılsa, dediklərim sübut olunar".

Bu vəkil də müdafiə etdiyi şəxs barədə cinayət işinə xitam verilməsi, onun şüşə qəfəsdən çıxarılması haqda vəsatətlər qaldırıb.

Digər vəkillər və təqsirləndirilən şəxslər də vəsatətləri müdafiə ediblər.

C.Hacıyev özü də vəsatətlərə münasibət bildirib. Deyib ki, barəsində cinayət işi başlanarkən xaricdə müalicədə olub. Amma telefonla çağırılan kimi dərhal gəlib: "Nə vaxt istintaqa dəvət edilmişəmsə, getmişəm. İstintaqa 11 dəfə ifadə vermişəm. Dekabrın 4-də barəmdə həbs qərarı çıxarıldı. 38 gün "bandotdel"də qanunsuz saxlanılmışam. Əgər günahım olsaydı, heç qayıtmazdım".


“MƏNİMSƏMƏ HARADADIR?”

Sabiq bankir ona və təqsirləndirilən digər şəxslərə ittihamların əsassız olduğunu bildirib: "Biz bu adamlarla birlikdə işləmişik, gördüyümüz işdə də problem olmayıb. İstintaq qeyri-peşəkar və qərəzli aparılıb. İşin içində 49 fiziki şəxsə kredit verilməsindən söhbət gedir. O kreditlərin hansı kriteriyalarla ayrılması, necə ödənilməsi barədə bütün sənədləri istintaqa təqdim etmişik. Bizi mənimsəmədə ittiham edirlər. Amma kredit götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Mənim və ya digər təqsirləndirilən şəxslərin adları çəkilmir. Burada mənimsəmə haradadır?"

C.Hacıyev qeyd edib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri olub. Onlar bankda oturub bütün qərarlara qol çəkiblər: "Amma Audit Komissiyasında, Maliyyə Şurasında, Bankın İdarə Heyətində olan şəxslərlə bağlı ittiham aktında heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin onların ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır?"

“SAMİR ŞƏRİFOVUN DİNDİRİLMƏSİNƏ EHTİYAC YOXDUR”

Prokuror vəsatətlərin əleyhinə çıxıb. Bildirib ki, sübutlar tədqiq edilmədən təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olub-olmaması barədə fikir səsləndirmək doğru deyil.

"Təkcə bankdan kreditlərin verilməsi ilə bağlı Mərkəzi Bankın təlimatları pozulmayıb. Həmçinin ayrı-ayrı şəxslərin adına müxtəlif məbləğlərdə pul verilib. Bunu sübut edən faktlar ittiham aktında var və məhkəmə baxışında bunlar araşdırılacaq", – dövlət ittihamçısı bildirib.

Maliyyə nazirinin məhkəmədə dindirilməsi barədə vəsatətə gəlincə, prokuror bildirib ki, Samir Şərifovun hansısa əməli törətməsi barədə fakt yoxdur. Ona görə də məhkəmədə çağrılıb dindirilməsinə də ehtiyac yoxdur.

Məhkəmə də vəsatətlərin heç birini təmin etməyib. İş üzrə məhkəmə baxışı avqustun 24-nə təyin olunub.

Xatırladaq ki, C.Hacıyev və digər 7 nəfərə irəli sürülmüş ittihamlar arasında Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah-sursat əldə etmə, satma, saxlama və gəzdirmə) maddələri var.

XS
SM
MD
LG