Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:44

Milyonluq evlər tikib, tualetə min manat xərcləməyənlər


Gunel Mövlud
Gunel Mövlud

-

"Yarım milyonluq, bir milyonluq, milyon yarımlıq evlər tikirlər. Amma o bir milyonluq evdə tualetə min manat xərcləməyə heyifləri gəlir".

Günel Mövlud

VARLAMOVUN RÜSVAY ETMƏK İSTƏDİYİ BAKI

İylənmiş ölkə haqda bloq

Rayonda yaşayan azərbaycanlı ailəyə şəhərdən qonaq gəlir. Qonaqlar gəlir, həyətin bağ-bostanını, gül-çiçəyini, süfrəyə gələn təbii süd-qaymağı, mer-meyvəni tərifləyir... kənd həyatına, havaya-suya həsədlə baxır. Hərə bir az yalandan da olsa, kənddə yaşamadığına görə özünü qınayır, özünü danlayır ki, gül kimi təbiəti, havanı-suyu qoyub, şəhərin his-pasını, zəhərli havasını udur. Uzun-uzadı belə heyranlıq, həsəd janrında söhbətlərdən sonra qonaq tualetə getmək istəyir.

Bəli, bu yerdə bütün təbiət, təmiz hava, natural qida, saf insanlar-zad söhbəti gedir işininin dalınca. Bir neçə metrliyindən başlayaraq, üfunəti üzə vuran, vız-vız vızıladayan milçəkləri göz çıxaran, qapısız, taxta kabinə kənd həyatı ilə bağlı bütün xoş təəssüratları məhv edir, kəndə ilk dəfə gələn qonağa kültür şoku yaşadır, ev əhlini isə yüngülvari utandırır.

Buna da bax: "Günel Mövlud. Zərrə qədər abrımız qalıbsa, utanmalıyıq"

Məsələnin ən acınacaqlı tərəfi budur ki, idimsiz, yetim, fağır, cındırından cin hürkən tualet problemi təkcə bir ailənin deyil, yaxında-uzaqda yaşayan bütün qonşuların, qohumların, kafelərin, bərbərxanaların, bazarların, bir sözlə, bütün əyalətin problemi idi. Özü də təkcə bir əyalətin deyil. Ölkədə zəlzələdən ya vəlvələdən yolum düşən bütün əyalətlərdə ev-eşiyin böyük-kiçikliyindən, bağ-bağatın səliqəli və ya səliqəsiz olmasından, ailənin kasıb və ya varlı olmasından asılı olmayaraq, bir dənə də olsun, normal tualeti olan ev görmədim. Kafe, bazar, bərbərxana, xəstəxanasında da həmçinin.

Bakıda ictimai tualet 2009-cu il.
Bakıda ictimai tualet 2009-cu il.

Bunun izahı nədir, nədədir, bilmirəm. Kasıbçılıq? Belə deyil axı. Necə olur, kasıb ailənin qadını boyun-boğazına qızıl almağa pul tapır, cavanları bahalı telefona pul tapır, toylara, ad günlərinə, ildə bir dəfə evin oboyunu dəyişməyə pul tapır, amma tualetə xərc çəkməyə 200-300 manat tapmır? Necə olur iki, üçmərtəbəli evlər tikə, az qala tonlarla çəkisi olan çilçıraqlar asa, servantlarını büllurlarla doldura bilirlər, amma o boyda evdə bir dənə normal tualet düzəldə bilmirlər.

Yarım milyonluq, bir milyonluq, milyon yarımlıq evlər tikirlər. Amma o bir milyonluq evdə tualetə min manat xərcləməyə heyifləri gəlir.

Yarım milyonluq, bir milyonluq, milyon yarımlıq evlər tikirlər. Amma o bir milyonluq evdə tualetə min manat xərcləməyə heyifləri gəlir. Evə gələn qonağın yanında utanmağa, xəcalətdən tərləməyə, bir köynək tər tökməyə hazırdılar, amma o milyonluq evdə min manatlıq tualet tikmək bilmərrə ağıllarından da keçmir. Keçmir, əzəldən-binadan xalqın sivil, müasir, normal tualetlə arası yoxdur və normal tualetin necə olması barədə təsəvvürləri olsa da, bu normal tualeti evlərində təsəvvür edə bilmirlər.

Çünki bizdə insanlar evlərini içində rahat yaşamaq üçün deyil, göstərmək, fəxr eləmək, kiminsə həsədini qazanmaq, kiminsə bağrını çatlatmaq üçün tikirlər. Məgər iki, üçmərtəbəli nəhəng evlərinin yanındakı bir ya iki otaqlı komalarda yaşayan, bu komalarda yeyib-içən, yatan, oturan adamlar buna sübut deyil? Soruşan lazımdı ki, o böyük evin içində yaşaya, rahat ola bilmirsənsə, neynirsən o qədər pul xərcləyib tikirsən? Əyin-baş it günündə, uşaq korluq çəkir, ildə bir dəfə yığışıb hardasa dincəlmək cəhənnəm, bir kafedə oturub, ailəcə axşam yeməyi yox, amma ev mütləq qonşunun bağrını çatlatmalıdır.

Tualet isə bağır çatlatmağa yaramır. Tualetlə fəxr eləmək, öyünmək olmur. Tualet vitrin deyil. Buna görə də, köhnə taxtadan, qapısız, unitazsız, susuz olsa da, eybi yoxdur. Tualetdi də, birtəhər yola verəcəklər.

Evlərimiz necədirsə, ölkəmiz də ona oxşayır. Uzaqdan dəbdəbə, pafos, rəng, metal, şüşə. Yaxından, mərhəmdən baxanda isə idimsizlik, natəmizlik, koma həyatı...

Bir neçə gündür ki, sosial şəbəkələrdə dolaşan görünən və gerçək Bakı şəkilləri ana səhifədən çıxmaq bilmir. Rusiyalı bloqçu Varlamovun Bakının görünən dəbdəbəsi və görünməyən məzlumluğu ilə bağlı paylaşdığı şəkillər və şəhər barədə deyilənlər insanlarımızın həm xətrinə dəyib, həm qəzəblədib həm də incidib. Bəziləri isə şəhərin görünın tərəfini bəzəyib, görünməyən tərəfini it günündə saxlayan məmurlardan yanıqlı-yanıqlı danışır. Adam bu təəccüblənən insanların təəccüblənməyinə təəccüblənir.

Buna da bax: "Günel Mövlud. Ər çörəyi"

Niyə cırnayır, niyə əsəbiləşir, niyə təəccüblənir bu adamlar? Tualetləri vitrin deyil, göstərmək üçün deyil deyə, yarımçıq, qapısız, susuz tikən siz deyilsiniz? Məmur nə etsin? Görünməyən tərəfi bəzəmək nə vaxt bizdə mental səviyyədə olub ki? Məmur binanın yoldan görünməyən hissəsini niyə təmir etsin ki? Kimə lazımdır bu?

Evlərimiz necədirsə, ölkəmiz də ona oxşayır. Uzaqdan dəbdəbə, pafos, rəng, metal, şüşə. Yaxından, mərhəmdən baxanda isə idimsizlik, natəmizlik, koma həyatı...

XS
SM
MD
LG