Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

Uçot dərəcəsi artsa da, inflyasiya cilovlanmır


Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini - banklara verdiyi kredit dərəcəsini 4 dəfə artırıb. Fevralın 15-də uçot dərəcəsini 3 faizdən 5-ə, martın 4-də 5 faizdən 7-yə, avqustun 8-də 7 faizdən 9,5 faizə, sentyabrında isə 15 faizə yüksəldib. Uçot dərəcəsi son dəfə 2008-ci ildə 15 faiz olub.

AMB kommersiya banklarına və digər maliyyə təşkilatlarına kredit verir. Onlar da öz növbəsində həm adi vətəndaşları (fiziki şəxsləri), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxsləri) kreditlə təmin edir.

AMB-nin açıqlamalarından və ekspert rəylərindən bəlli olur ki, uçot dərəcəsini artırarkən, inflyasiyanı cilovlamaq məqsədi güdülür. Ancaq görünən odur ki, AMB-nin bu aləti işləmir, çünki bu il bütün aylarda orta illik inflyasiya ikirəqəmli olub.

«Gözləyirlər ki, müftə pul qazansınlar»

Ekspertlərin fikrincə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenə artıracaq

Bəs 15 faizlik uçot dərəcəsi yetərlidirmi? Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, dərəcə yaxında yenə artacaq: «Bu, son deyil, dərəcə yenə artacaq. Niyə? İqtisadiyyata manat lazımdır, əks halda qansız bədən olacaq. Buna görə də, AMB banklara manat kreditləri verməyə məcbur qalır, amma o kreditlərdən bankların necə yararlandığına nəzarət edə bilmir. Çünki korrupsiya və özbaşınalıq bürüyüb sistemi. Buna görə də «fərasətli» banklar AMB-dən aldıqları ucuz manatı dollara çevirib devalvasiyanı gözləyirlər ki, müftə pul qazansınlar».

«Sahibkarlar üçün kreditlər yenə bahalaşacaq»

Buna da bax:​ Qiymətlərin qalxmasını qaçılmaz edən budur- Ekspert

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ə. Həsənovun qənaətinə görə, bütün bu səbəblərdən dərəcəni qaldıran AMB sanki banklara deyir ki, verdiyim pul ehsan deyil, yüksək faizlə qaytaracaqsınız: «Amma təbii ki, 15 faiz də devalvasiya riski qarşısında heç nədir! Azı 35 faiz devalvasiya olan ölkədə kreditə 15 faiz nədir?! Odur ki, uçot dərəcəsi yenə artacaq».

Ekspert deyir ki, beləcə, sahibkarlara kreditlər yenə bahalaşacaq: «Sahibkarın xərci artdıqca, qiymətlər də qalxacaq. Başqa sözlə, xalqın güzəranı daha da pisləşəcək».

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, AMB-nin uçot dərəcəsini kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır: «Bu, milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir. Amma baş bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək».

Buna da bax:​ Uçot dərəcəsi 15 faizə qaldırıldı

«Əmanətləri sığortalama faizi artırılmalıdır»

Vuqar Bayramov
Vuqar Bayramov

Onun qənaətinə görə, bu artım əmanətlərdə sığortalanma faiz dərəcələrinin dəyişdirilməsini gündəmə gətirib: «Dollarla cəmi 3, milli valyutada yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini mümkünsüz edir. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artıracaq, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına da gətirib çıxaracaq».

V. Bayramov bildirir ki, istehlak kreditlərinin faiz dərəcələri daha yüksək olduğundan, bu artım kredit faizlərini yüksəltməyəcək.

XS
SM
MD
LG