Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:46

'Nardaran işi' üzrə məhkəmə iclası iki dəfə təxirə salındı


Nardaranda əməliyyat
Nardaranda əməliyyat

"Nardaran işi" üzrə sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan məhkəmə iclası iki dəfə təxirə salınıb. Bu da təqsirləndirilən şəxslərin, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kəskin etirazına səbəb olub. Onlar bunu hakimlərin məqsədli şəkildə prosesi pozması kimi qiymətləndiriblər.

Səhər məhkəmə iclasında hakim Əlövsət Abbasov vəkillərdən bir neçəsinin iştirak etməməsini əsas gətirib prosesi günortadan sonraya təxirə salıb.

Buna da bax:​ 'Əliavtomatlı polislərin qarşısında necə nunçaq oynada bilərdim?'

“O iclaslarda da qanunu pozmusuz”

Günortadan sonra isə yenə də eyni səbəblə iclasın təxirə salındığı elan olunanda təqsirləndirilən şəxslər etiraz ediblər.

"Əvvəlki məhkəmə iclaslarında dəfələrlə olub ki, siz bizdən gəlməyən vəkillərin iştirakı olmadan prosesin davam etdirilməsinə etirazımız olub-olmadığını soruşmusuz. Biz də etirazımız olmadığını demişik və proses davam edib. Əgər bütün vəkillər olmadan prosesi davam etdirmək pozuntu idisə, deməli, siz o iclaslarda qanunu pozmusuz. Yox, pozuntu deyildisə, indi niyə olan vəkillərlə davam etdirmirsiz?",Taleh Bağırov etiraz edib.

Fuad Qəhrəmanlı da deyib ki, bu iş üzrə həftədə üç dəfə bütün gün ərzində məhkəmə iclası keçirilir. Vəkillərin də başqa işləri var və onları nəzərə almaq lazımdır: "İndi bu bəhanələri gətirib prosesi təxirə salmaq açıq-aşkar məhkəmə prosesini pozmaqdır".

Buna da bax:​ "Nardaran işi" üzrə məhkəmədə qalmaqalın səbəbləri

Təqsirləndirilən Abbas Hüseynov bu cür addımlarla hakimlərin onların hüquqlarını pozduğunu vurğulayıb.

Etirazlara baxmayaraq, məhkəmə oktyabrın 3-nə qədər təxirə salınıb.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Eyni gündə «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 ayadək həbs cəzası verilib.

Buna da bax:​ 'Nardaran işi'ndəki işgəncə iddiaları 'araşdırılmır'

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Onlar qətl törətməkdə və bir çox başqa cinayətlərdə suçlanırlar. Təqsirləndirilənlər bu ittihamları rədd edir və onlardan işgəncə altında ifadə alındığını deyirlər.

XS
SM
MD
LG