Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:53

Gələn ilin dövlət büdcəsinin fərqlənməyən bir özəlliyi var...


Karikatura. Rəşid Şerif
Karikatura. Rəşid Şerif

Təhsil xərcləri yerli gəlirlərin ümidinə qalarsa...

Gələn ilin dövlət büdcəsinin əvvəlkilərdən fərqlənməyən bir özəlliyi var: Ümumi büdcə gəlirlərində yerli gəlirlərin payı yenə azdır. Proqnozlaşdırılan 15,9 milyard manat gəlirdən yalnız 642 milyonu yerli gəlirlərin payına düşür.

Bu məqam ona görə aktualdır ki, hökumətin bəlkə də ən çox proqram qəbul etdiyi sahələrdən biri regionların inkişafı ilə bağlıdır. Əksər ekspertlərin ortaq qənaəti odur ki, regionların inkişafına dair dövlət proqramları yerli büdcə gəlirlərini kəskin artırmır və bu da sahibkarlıq mühitinin çətinliklərini və regionlardakı dövlət xərcləmələrinin heç də həmişə səmərə vermədiyini göstərir.

Buna da bax:​ Büdcə gəlirlərinin yarısı neft puludur

“Qərar qəbulu səlahiyyəti yerlərə ötürülməlidir”

Ekspertlərin fikrincə, yerli gəlir və xərclərin büdcədə payının artmasından ötrü fiskal əks-mərkəzləşmə aparılmalıdır. Bu mexanizm yerli səviyyədə ən müxtəlif iqtisadi-siyasi qərarlar qəbul etməyə imkan verir. Hakimiyyət səlahiyyətlərinin mərkəzi və yerli idarəetmə orqanları arasında bölüşdürülməsi mərkəzi hakimiyyətin fəaliyyətinə nəzarət mexanizmlərinin formalaşmasına da şərait yaradır. Qısası, fiskal əks-mərkəzləşmə vergi-büdcə-borclanma sahəsində qərar qəbulu səlahiyyətinin yerlərə ötürülməsidir.

Dünya təcrübəsinə baxılsa, tutalım, Çin və Argentina kimi irəliləməkdə olan ölkələrdə mərkəzi və yerli gəlirlərin təxmini nisbəti 50/50-yə olduğu üzə çıxar. Həmin ölkələrdəki fiskal əks-mərkəzləşmə və konkret regionun vergi yarada biləcək iqtisadi potensialı yerli gəlirlərin ümumi büdcə gəlirlərindəki payına təsir göstərir.

Yerli gəlirlər büdcənin hansı xərcinə yetir?

Azərbaycanda büdcənin yerli gəlirlərdən məhrum qalma səbəbini aydınlaşdırmaq aktual problemdir. Regionların inkişafına dair ilk proqramın qəbulundan 13 il ötdüyünü yada salan iqtisadçı ekspert Rövşən Ağayev deyir: “İndi real və gözlə görünən nəticələrə baxaq. 2017-ci ildə ölkənin 65 rayon və şəhərində dövlət büdcəsinə toplanacaq bütün vergi daxilolmalarının məbləği o qədər kiçikdir ki, bu vəsait təkbaşına ölkənin heç bir problemini həll etməyə yetmir. Məsələn, əyalətlərin indiki vergi potensialı hesabına gələn il ölkənin səhiyyə xərclərinin 83; təhsil məsrəflərinin – 34; sosial müdafiə xərclərinin 30 faizi ödənə bilər”.

Buna da bax:​ Böhran prezidentin ehtiyat fondunu da 'vurub'

Rayonların öz hesabına maliyyələşməsi necə mümkündür?

Öz hesabına maliyyələşən rayonların çoxalması gələn ilin büdcəsindəki yeniliklərdən biridir. Bu il ölkə üzrə, sadəcə, 6 rayon və şəhərin öz xərclərini yerli gəlirlər hesabına ödəyəcəyi gözlənilsə də, gələn il belələrinin sayı 33-ə çatmalıdır.

İqtisadçı ekspert Rəşad Həsənov bunun yerli gəlirlərin artmasından və ya digər səbəblərdən deyil, dövlət büdcəsindəki struktur dəyişikliklərindən qaynaqlandığını düşünür: “2017-ci ilin dövlət büdcəsi proqnozlaşdırılarkən, təhsil (məktəbəqədər uşaq müəssisələrini maliyyələşdirmək xərcləri istisna olmaqla), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və s. kimi xərc istiqamətləri yerli xərclər siyahısından çıxarılıb. Bu, yerli xərclərin, təxminən, 60 faizi deməkdir. Nəticədə, yerli xərclərdə azalma və özünümaliyyələşdirən bölgə sayında artım baş verib. Başqa sözlə, bu məsələdə irəliləyiş, sadəcə, xərc maddələrinin yerdəyişməsi hesabına yaranıb”.

Buna da bax:​ Prezidentin dedikləri və rəsmi statistikanın fərqli üzü

Bütövlükdə isə...

Gələn il dövlət büdcəsinin yerli xərcləri əvvəlki illə müqayisədə 53,3 faiz, yaxud 500 milyon ABŞ dolları az proqnozlaşdırılıb. Təhsil xərclərinin mərkəzləşdirilmiş xərclərə aid edilməsi yerli xərclərin strukturunda dəyişiklik doğurub.

XS
SM
MD
LG