Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:29

'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'


İntiqam Əliyev
İntiqam Əliyev

«Azərbaycanda İlqarlar, Qiyaslar, Bayramlar, Talehlər, Abbaslar həbsxanada, istintaq təcridxanasında işgəncəyə məruz qalır, vəkilini uzun müddət yanına buraxmırlar. Ekspertizanı zorakılığın izləri keçəndən sonra təyin edirlər. Həmin qurumlara giriş imkanı olan ombudsmanı, qondarma işçi qruplarının nümayəndələri və əldaqayırma QHT-ləri çıxıb deyir ki, işgəncə olmayıb. Prokurora, məhkəməyə şikayət verir, döyüləni, öləni borclu çıxarırlar. Diriyə deyirlər, «yalançısan, böhtançısan, başını özün divara vurub partlatmısan, dişini özün yumruğunla vurub çıxarmısan». Ölü barədə də deyirlər, «pəncərədən özünü atıb ölüb»».

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev AzadlıqRadiosuna işgəncələrlə bağlı müsahibə verib.

- İntiqam bəy, son dövrlər, xüsusən də «Nardaran işi» üzrə məhkəmə zamanı işgəncə mövzusu tez-tez gündəmə gəlir. Durum o qədərmi acınacaqlıdır?

- Ölkədə işgəncə faktlarının dairəsi çox genişdir. Hər gün nə qədər insan «bandotdel»də və polis idarələrində, həbsxanalarda, digər qapalı müəssisələrdə zorakılığın iyrənc və tükürpərdici formalarına məruz qalır. Mediada dərc olunan məlumatlar əsasında kiçik bir araşdırma yetərlidir ki, bu qurumlarda baş verən ölüm faktlarının çoxunun arxasında işgəncələr, zorakılıq dayandığını əminliklə söyləyəsən. Hüquq-mühafizə orqanları, məhkəmələr onları araşdırmaqdan, sadəcə, imtina edirlər. Təəssüf ki, işgəncələri fiksə edən, bu barədə hesabatlar hazırlayan, onları yayan institutlar sıradan çıxarılıb, onlara çox yumşaq formada dəstək verən beynəlxalq təşkilatlar ölkədən qovulub. İndi 2014-ün repressiyalarından salamat çıxmış, amma cinayət təhlükəsinin qaldığını anlayan hansı az-çox müstəqil QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?! Bu barədə ölkədə danışmağa, yazmağa cəsarət edən tək-tük media qurumu, bir neçə vəkil və hüquq müdafiəçisi qalıb. İşgəncələrin sayı o qədər genişlənib və bundan danışanların dairəsi o qədər daralıb ki, yaxşı halda, bizdə adamı dəhşətli əzablar verib öldürəndə, başını-gözünü, içalatını vurub ölümcül hala salanda, bu barədə kimsə yazır, danışır. Halbuki işgəncə kimi tanınan pis rəftar hallarının dairəsi qat-qat genişdir.

- Nümunə gətirə bilərsinizmi?

- Yayda təcridxanaların kameralarında isti 50 dərəcəyə çatır, qışda yun paltarda yatmalı olursan. Bu da işgəncədir. 4, 6 nəfərlik kameralara 12-15 nəfər doldururlar, insanlar döşəmədə, ya da növbə ilə yatmalı olurlar. Bu da işgəncədir. Həbsxanalarda başını keçəl qırxırlar, hamını qara paltar geyməyə məcbur edirlər, təmiz suya, normal yeməyə möhtac qoyurlar, tualetə saatlarla növbəyə dayanmalı olursan. «Razvod» adı altında adamları saatlarla qızmar günün və ya yağışın altında saxlayırlar. Bütün bunlar da işgəncədir. Məhbusları «voronok» adlanan maşınların kiçik, havasız kameralarında, qatarların ən natəmiz kupelərində saatlarla uzanan yollarda ac-susuz heyvan kimi ora-bura daşımaq da işgəncədir. Bu siyahını ucsuz-bucaqsızlığa qədər uzatmaq olar. Toplum bu faciələrin ancaq çox az bir hissəsindən xəbər tuta bilir. İnsanlar bu barədə danışmağa qorxurlar. Çünki danışanda bu şikayətlərin araşdırılacağına, işgəncə verənlərin cəzalandırılacağına əmin deyillər. Gördükləri başqa şeydir: səni buna görə «tubzon»a göndərib orada iynə-dərman vurub öldürə bilərlər.

- Bəzən tənqidlərə «həbsxana mehmanxana deyil» deyə cavab verənlər də olur.

- Norveçdə 75 nəfərin ölümünə bais olmuş Breivik-in, az qala, oteldəki kimi hər cür komfortu olan birotaqlı kamerada saxlanmasının ləyaqəti alçaldan rəftar kimi tanınması barədə məhkəmə iddiası ölkənin bütün mediasının gündəmini almışdı. Bizdə Nardaran hadisələri ilə bağlı tutulan dindarların məruz qaldığı dəhşətli işgəncə faktları barədə bir neçə media qurumunun yazmağa cəsarəti çatır. Bədəli – maliyyə mənbələrinin qapadılması, yüksək cərimələr, qondarma cinayət işləri, əməkdaşlarının saxta ittihamlarla həbsi, ölkədən çıxışlarına qadağalar və çox sayda digər təzyiqlər buna gətirib çıxarıb.

- Azərbaycanda rəsmilər ölkədə işgəncə faktlarının mövcudluğunu inkar edirlər. Məsələn, bu günlərdə AzadlıqRadiosuna müsahibə verən YAP-çı deputatlar Hikmət Məmmədov, Elman Məmmədov Azərbaycanda polisin işgəncə verməsi haqda deyilənlərə inanmadıqlarını söylədilər. Ya da rəsmi qurumlar Quantanamonu nümunə gətirirlər.

- İşgəncə bütün ölkələrdə, hətta demokratiyanın yüksək səviyyəsi ilə öyünən – Amerikasından tutmuş, Almaniyasına qədər, İsveçrəsindən tutmuş, Kanadasına qədər - hər yerdə var. Quantanamodakı işgəncələr dəhşətli şeydir, pislənməlidir və haqlı olaraq da pislənilir. Çoxları kimi mən də o düşüncədəyəm ki, Azadlıq Adasının indi siyasi sistemində, mənəvi həyatında yaşanan böhranla Amerikanın həmin o kiçik adadakı düşərgədə, İraqda, başqa yerlərdə törətdiyi vəhşiliklərlə birbaşa əlaqəsi var. Amma normal ölkələrdə bu barədə məlumat sızan kimi və ya işgəncə qurbanı, onun vəkili faktı hüquq müstəvisinə çıxaran kimi sistem işə düşür. Qəzetlər yazır, televiziya faktı işıqlandırır, cinayət işi qaldırılır, işgəncədə adı hallandırılan görəvlilər araşdırma dövründə vəzifələrindən kənarlaşdırılır. Parlamenti, vəkillər birliyi, ombudsmanı, hüquq-müdafiə təşkilatları işi nəzarətə götürür. Minlərlə insan etiraz aksiyalarına çıxıb işgəncə qurbanlarına dəstək olur, kimlərsə istefa verir, kimlərsə işdən qovulur, kimlərsə həbsə atılır. Başqa sözlə, ölkələrdə vətəndaşın arxasında dayanan dövlət, ədalətli və səmərəli işləyən bir sistem var.

- Bəs Azərbaycanda belə bir sistem varmı?

- Azərbaycanda İlqarlar, Qiyaslar, Bayramlar, Talehlər, Abbaslar həbsxanada, istintaq təcridxanasında işgəncəyə məruz qalır, vəkilini uzun müddət yanına buraxmırlar, ekspertizanı zorakılığın izləri keçəndən sonra təyin edirlər. Həmin qurumlara giriş imkanı olan ombudsmanı, qondarma işçi qruplarının nümayəndələri və əldəqayırma QHT-ləri çıxıb deyir ki, işgəncə olmayıb. Prokurora, məhkəməyə şikayət verir, döyüləni, öləni borclu çıxarırlar. Diriyə deyirlər, «yalançısan, böhtançısan, başını özün divara vurub partlatmısan, dişini özün yumruğunla vurub çıxarmısan». Ölü barədə də deyirlər, «pəncərədən özünü atıb ölüb». Azərbaycan o ölkələrdəndir ki, jurnalistin, siyasətçinin, gənc fəalın, özbaşınalığa etiraz edən, haqqını tələb edən məhbusun polis idarəsində, həbsxanada, etiraz edən vətəndaşın toplantıda döyülməsi, işgəncəyə məruz qalması, öldürülməsi ilə bağlı şikayətlərə görə kimsə cəzalandırılmaz. Halbuki həbsxanalar bir təpik, iki yumruq, üç şillə üstündə 5, 7 il iş alanlarla doludur. Niyə uzağa gedək ki, Seymur Həzi onu təxribata çəkən birisindən özünü qorumaq üçün plastik su qabı ilə başına endirdiyi zərbəyə görə (hələ bunun həqiqət olub-olmadığı barədə mübahisəni kənara qoyuram) 5 il iş alıb. Adamın nə başı yarılıb, nə sağlamlığını, nə də həyatını itirib. Polisdə, həbsxanada adamı döyüb öldürürlər, üzərində açıq-aşkar zorakılıq izləri olan şəkilləri yayılır, dövlət orqanları, ombudsman deyir «yalandır». İşgəncə verən polisi, həbsxana işçisini, müstəntiqi, generalı nəinki vəzifəsindən kənarlaşdırırlar, cinayət məsuliyyətinə cəlb edirlər, əksinə, rütbəsini artırırlar, vəzifədə irəli çəkirlər. Çünki bu ölkədə işgəncəyə də korrupsiya, monopoliya, sifarişli həbslər kimi idarəçiliyin vacib bir elementi, hakimiyyəti qoruyub saxlamaq üsulu kimi baxırlar. Baxın, «bandotdel» kimi tanınan Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin mövcudluğu, onun statusu ilə bağlı məsələ uzun müddətdir ki, mübahisə mövzusudur. Orada insanların saxlanması isə tamamilə qanunsuz şeydir. Bu qurumu işgəncə yeri kimi nəzərdə tutublar və onu təsadüfən «Azərbaycanın gestaposu», «Azərbaycanın Quantanamosu» adlandırmırlar. Orada baş verənlərdən ölkənin, hüquq-mühafizə orqanları rəhbərliyinin xəbərinin olmaması inandırıcı görünmür. Xəbərləri yoxdursa, yerlərində deyillər, ölkədə dərəbəylikdir, deməli. Bu, pis şeydir. Xəbərləri varsa və reaksiya vermirlərsə, birbaşa və ya dolayı sifarişçiləri özləridir, deməli. Bu daha qorxuludur, daha pisdir.

- İntiqam bəy, Azərbaycandan işgəncələrlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər edilib və bununla bağlı qərarlar da çıxarılıb. Həmin qərarların icrası nə yerdədir?

- İşgəncə o qədər təhlükəli, amoral bir hadisə sayılır ki, beynəlxalq hüquq işgəncəyə məruz qalmamaq haqqını mütləq sayır. Başqa şəxslərin təhlükəsizliyinin qorunması, terrorun qarşısının alınması və s. hallarda insanın öldürülməsinə bəraət qazandırmaq olar, amma hətta ən ciddi təhlükələrin əngəllənməsi məqsədilə belə kiməsə işgəncə verilməsi qadağandır. Bu prinsip işgəncələrlə bağlı çoxsaylı beynəlxalq sənədlərdə, o cümlədən Avropa Məhkəməsinin qərarlarında əksini tapıb. Məhkəmə öz qərarlarında dəfələrlə bəyan edib ki, işgəncə və ya pis rəftarın hər hansı forması ilə bağlı olan şikayətləri araşdırmaq dövlətin öhdəliyidir. Azərbaycandan Avropa Məhkəməsinə ünvanlanan çoxsaylı şikayətlərdən bu günə qədər baxılıb qərar verilən 20-yə yaxın iş var. Bu işlərin arasında toplumun ən müxtəlif kəsimlərini təmsil edən hər cür insan var – siyasətçisi, jurnalisti, QHT fəalı, keçmiş naziri, hərbi eksperti də var, adi adamlar da. Bu öhdəliyi pozduğuna görə Strasburq məhkəməsi Sərdar Cəlaloğlunun, Mahirə Muradovanın, Emin Hüseynovun, Əli İnsanovun, Üzeyir Cəfərovun, Ramiz Nəcəflinin, Sarvan Rizvanovun, Lahıcovun və başqalarının şikayətləri üzrə qərarlarında ölkəmizi işgəncənin tətbiqinə və ya onun ört-basdır edilməsinə görə cəzalandırıb. Qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan həm qanunvericilikdə, həm də onun tətbiqi praktikasında dəyişikliklər etməyi tələb edir, bununla bağlı ölkənin qarşısında konkret tələblər qoyulub. Amma görünən odur ki, vəziyyət pis olaraq qalır. Pis rəftarla bağlı halların sayı azalmayıb, bununla bağlı şikayətlərin mütləq əksəriyyəti eyni arqumentlərlə rədd edilir. Təsadüfi deyil ki, ölkəmizin adı son illər BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların hesabatlarında işgəncələrin geniş yayıldığı ölkələrin siyahısında çəkilir. Əgər dövlət işgəncələrlə bağlı şikayətləri araşdırmaqdan imtina edirsə, bu, o anlama gəlir ki, o bunlara dəstək verir.

- Yeri gəlmişkən, MTN-in yüksəkvəzifəli məmurlarına elan olunan ittihamlar içərisində işgəncəylə də bağlı ittihamlar var.

- Elədir, amma Vəli Ələsgərovu ona görə tutmayıblar ki, bir neçə il öncə İdrak Abbasovun başına torba keçirtdirərək döydürüb. Akif Çovdarovu və onun ətrafını ona görə tutmayıblar ki, vaxtilə badam bağlarının kəsilməsi ilə bağlı reportaj hazırlamaq istəyən Aqil Xəlili bıçaqladıb və ya hansısa sahibkarın MTN-nin zirzəmisində başına yüz cür oyun açıblar. Bu adamlar dövlət rəhbərlərinin telefon danışıqlarına qulaq asdıqlarına görə tutulublar. İşgəncə ittihamları da gözdən pərdə açmaq üçün istifadə edilir. İşgəncəni hər kəs pisləməlidir, onun mövcudluğu hər kəsi narahat etməlidir. Qanunların işləmədiyi ölkədə hər kəs potensial qurbandır və işgəncədən sığortalanmayıb. Hətta bu gün başqalarına işgəncə vermək, onları qarşılarında diz çökdürmək həzzini və lüksünü yaşayanlar da. Hacı Məmmədovun, İlqar Əliyevin, Akif Çovdarovun, Vəli Ələkbərovun başlarına gələnlər buna nümunədir. Bir vaxt jurnalistin, hüquq müdafiəçisinin, sahibkarın başına torba keçirib onları döyənlərin, döydürənlərin indi öz başlarına torba keçirilir, döyülür, döydürülür. O vaxtlar qurbanlar, yaxınları, media, vətəndaş cəmiyyəti, beynəlxalq qurumlar həmin insanların işgəncəyə məruz qaldığını, döyüldüyünü, döyülərək öldürüldüyünüdeyəndə, «yalandır», «böhtandır» deyirdilər. İndi bu «yalan»ları, «böhtan»ları vaxtilə döydürdükləri, düşmən saydıqları jurnalistlərin, hüquq müdafiəçilərinin, qapılarından qovduqları vəkilləri vasitəsilə yayırlar, onlara sığınırlar, onlardan yardım istəyirlər. Yeri gəlmişkən, başqalarına işgəncə verən bu adamlar indi uzun illər sədaqətlə xidmət etdikləri sistemdən yedikləri «qapazları» haqq ediblər. Amma toplum hətta onlara qarşı işgəncəni, pis rəftarı pisləməlidir. Qurmağı arzuladığımız cəmiyyətin dəyərləri bunu tələb edir. Azad və ədalətli – işgəncəsiz cəmiyyətin. Adamlar cinayət törədiblərsə, törətdikləri cinayətə görə qanunlara uyğun mühakimə olunmalıdırlar.

XS
SM
MD
LG