Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:02

Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir...


Toyuq məhsulları
Toyuq məhsulları

Noyabrın 1-dən Azərbaycana gətirilən 40-dan çox adda məhsulun idxal rüsumu artırılıb

Noyabrın 1-dən Azərbaycana gətirilən 40-dan çox adda məhsulun idxal rüsumu artırılıb. Artıq onları xaricdən gətirmək iqtisadi baxımdan sərfəli olmayacaq.

Bir ay öncə rüsumu artırılan məhsullar arasında toyuq əti və yumurta da vardı. Amma indi quşçuları təkcə idxalçılar təlaşlandırmır.

Buna da bax:​ Təzə bahalaşma başlayır

İdxalçılar bir ayı fövtə verməyiblər

İndən belə bir kq toyuq ətinin idxalına görə, 1 ABŞ dolları miqdarında dövlət rüsumu ödəniləcək. Qərar daha öncə açıqlanmışdı. Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev AzadlıqRadiosu-na deyib ki, Nazirlər Kabinetinin məlum qərarı qəbul ediləndən qüvvəyə minən günədək idxalçılar boş durmayıblar:

«Gündə, ən azı, 100 ton toyuq əti gətirilib. Soyuducu anbarlara vurulan bu qədər toyuğu may ayınadək satacaqlar. Demək istəyirəm ki, yaxın 6 ayda yerli istehsalçılar bu qərarın «istisini» hiss etməyəcəklər. Yumurta idxalı isə bu dövrdə çox olmadığından, tələbatı ödəməyə yetərlidir».

Qiymətlər sabit qalacaq

Hökumət məhz istehsal potensialı daxili tələbatı ödəməyə imkan verən məhsullara idxal rüsumları tətbiq edib. Bəziləri fikirləşirlər ki, yerli istehsalçılara yaradılan münbit şərait qiymətləri ucuzlaşdıracaq. Ancaq Aydın Vəliyev belə nikbin düşünmür və deyir ki, ən yaxşı halda, toyuq əti ilə yumurtanın qiyməti dəyişməyəcək. Çünki, yem və onun komponentləri, əsasən, xaricdən valyutaya alınıb gətirilir.

Buna da bax:​ Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?

Hökumətdən yenə kömək umurlar

RQC rəhbəri daim arxalarında durduğunu dediyi hökumətə yenidən üz tutduqlarını bildirib: «Quşçuluq sektorunda yeni müəssisələrin dəstəklənməsini doğru saymırıq. «Goradil Quşçuluq», «Qəbələ Quşçuluq», «Sabirabad Quşçuluq» kimi iri müəssisələr bağlanıb. Əvvəlki illərdə dövlətin güzəştli kreditləri ilə qurulan fabriklərin də bir çoxu indi işləmir. «SƏBA» ASC yemə olan tələbatının bir hissəsini öz istehsalı hesabına ödəyir. Bununla belə, o da zərərlə işləyirsə, indi o biri müəssisələrin vəziyyətini təsəvvür edin».

Quşçuluq təsərrüfatları ictimai birliyinin nümayəndəsi əksər müəssisələrin bank kreditlərini qaytarmaqda çətinlik çəkdiyini söyləyir. Hökumətə təklif olunub ki, kreditlər ya dondurulsun, ya da müddəti uzadılsın.

Buna da bax:​ Azərbaycan iqtisadiyyatında hər şey azalır - idxal da, ixrac da

Dövlət dəstəyi tikinti sektorunun çətin anında kara gələcək?

İdxal rüsumlarının tətbiq olunduğu əksər tikinti materiallarının istehsalı bu il azalıb. Yanvar-sentyabr aylarında sement istehsalı 16,8 faiz, gips və kərpic istehsalı 27 faiz aşağı düşüb. Bu məhsulların, eləcə də karton üzlüklü gips lövhələrin, döşəmə və divar plitələrinin istehsal gücləri yerli ehtiyacları ödəməyə imkan versə də, onların idxalı da az deyildi.

Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkəyə 2 milyon 343 min kvadratmetr minalanmış keramik plitələr idxal olunub. Bu məqsədlə ölkədən 12,5 milyon dollardan çox vəsait çıxarılıb. Azərbaycanda bu növ məhsulları istehsal edən Hacıqabuldakı «Gilan Seramik» MMC daxili tələbatın (8 milyon kvadratmetr) 40 faizini ödəmək gücünə malikdir. Burada xaricdən gətirilən kafel və döşəmə tavasının hər kvadratmetrinə 2 ABŞ dolları gömrük rüsumunun tətbiq olunmasının ölkədə tikinti materiallarına tələbatın aşağı düşdüyü indiki şəraitdə onların istehsalına necə təsir edəcəyi barədə AzadlıqRadiosu-nun sorğusuna cavab verməyiblər.

Buna da bax: «Alınmadı, rəis» və ya məqsədinə çatmayan devalvasiya

İdxalçılar iki il ağır rüsumlar ödəyəcəklər

İdxal rüsumu tətbiq olunan mallar arasında meyvə şirələri, mineral və qazlaşdırılmış sular, pomidor, xiyar, üzüm, betondan inşaat daşı və kərpic, bentonit və s. var.

Bəzi rüsumlarsa mövsümidir. Məsələn, sentyabrın 16-dan dekabrın 15-dək sidr istehsalı üçün alma idxal edənlər hər kq-a 30 sent ödəməli olacaqlar. Eyni məqsədlə avqustun əvvəlindən ilin sonunadək armud gətirənlər də həmin rüsumu ödəyəcəklər.

Bir çox ekspertlər bu fikirdədir ki, yeni rüsumlar istehlak bazarında qiymətləri artıracaq.

Yeni rüsumlar 2018-ci ilin noyabrınadək qüvvədədir.

XS
SM
MD
LG