Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:43

'Rəsulzadə dedi: 'Bu bayrağı vətənə kim çatdıra bilər?''


Möhtərəm və Gülmirzə Bağır və Müsavat başqanı İsa Qəmbər
Möhtərəm və Gülmirzə Bağır və Müsavat başqanı İsa Qəmbər

AzadlıqRadiosunun arxivindən

Bu ilin mayından Bakıdakı Tarix Muzeyində Azərbaycan Demokratik Cümhuriyyətinə aid bölmə yeni quruluşda fəaliyyətə başlayıb.

Bu bölmədə cümhuriyyət yaradıcısı Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı ilə birlikdə hazırladığı üçrəngli Azərbaycan bayrağı da sərgilənir.

Buna da bax:​ «Rəsulzadənin məzarını Azərbaycana aparıb neyləyəcəklər ki?»

“Həmişə üstündə olurmuş”

Muzeyin Elmi-maarif şöbəsinin əməkdaşı Sahibə Ələkbərova AzadlıqRadiosu-na bildirib ki, bayrağı muzeyə 1998-ci ildə Müsavat Partiyası rəhbərliyi verib:

Sahibə Ələkbərova: 'Bu bayraq mühacirətdə olarkən M.Ə. Rəsulzadənin arvadıyla birlikdə öz əli ilə tikdiyi bayraqdır'
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

“Bu bayraq mühacirətdə olarkən M.Ə. Rəsulzadənin arvadıyla birlikdə öz əli ilə tikdiyi bayraqdır. Deyilənə görə, bu bayraq həmişə onun üstündə olurmuş. 1998-ci ildə bayrağı onun silahdaşlarından biri Bakıya gətirib. Elə həmin il burda Müsavat Partiyasına verib. Ordan da Tarix Muzeyinə gətirilib”.

Bayrağa aid bilgilər hissəsində 109x149 sm ölçüdə olan bayrağın ipəkdən hazırlandığı, əl ilə tikmə olduğu, M. Ə. Rəsulzadənin 1952-ci ildə 28 may ərəfəsində həyat yoldaşı ilə birlikdə hazırladığı yazılıb: “Mühacir Gülmirzə Bağır bayrağı qoruyub saxlayıb, 1998-ci ildə Müsavat Partiyasına təhvil verib. 2003-cü ildə bayraq həmin partiya tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub”.

Buna da bax:​ Dövlət Bayrağı Günü

“Bayrağı Məhəmməd Əmin bəy şəxsən özü kəsib, xanımı da tikib”

Bu bayrağı kim, hansı yollarla Azərbaycana gətirib? Həmin dövrdə Müsavat Partiyasının başqanı olmuş İsa Qəmbər AzadlıqRadiosu-na danışır ki, bayrağı ona Gülmirzə Bağır adlı Maştağa sakini verib. O, İkinci Dünya Müharibəsində iştirak edib, əsir düşüb, sonradan M. Ə. Rəsulzadə ilə tanış olub. İsa Qəmbər Gülmirzə Bağır və həyat yoldaşıyla söhbətini belə xatırlayır:

İsa Qəmbər: 'M. Ə. Rəsulzadə soruşub ki, 'mən vətənə bu bayrağı göndərmək istəyirəm, kim çatdıra bilər?'
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

“Deyirdilər ki, 1952-ci ildə, Almaniyada bir tədbirdə, görünür, azərbaycanlı mühacirlərin tədbiriymiş, M. Ə. Rəsulzadə zala müraciətlə soruşub ki, “mən vətənə, Azərbaycana üçrəngli müqəddəs bayrağımızı göndərmək istəyirəm. Bunu kim çatdıra bilər?” Orda da Gülmirzə bəyi təqdim ediblər. Gülmirzə bəy də bayrağı qəbul edib Azərbaycana çatdırmağı öhdəsinə götürüb. Həyat yoldaşı Möhtərəm xanımın dediyinə görə, bayrağı üçrəngli parçalardan Məhəmməd Əmin bəy şəxsən özü kəsib, xanımı da tikib. Sonra da bayrağı Gülmirzə bəyə təhvil veriblər”.

İsa Qəmbərin sözlərinə görə, Gülmirzə bəylə Möhtərəm xanım Azərbaycana 70-ci illərdə gəliblər. Bayrağı da özləriylə Bakıya gətirib çıxarda biliblər. Evlərində saxlayıblar, yaxın adamlarına göstəriblər, dediklərinə görə, 90-cı ildə yanvar faciəsindən sonra evlərinin damına qaldırıb ordan asıblar. Bayraq bir müddət Müsavatın qərargahında qalandan sonra muzeyə verilib.

Buna da bax:​ Rəsulzadənin nəvəsi ağladı: "Olub və olacaq"

Gülmirzə kişi kim olub?

Maştağa kəndindən olan Gülmirzə Bağır İkinci Dünya Müharibəsində yaralanıb əsir düşəndən sonra Almaniyada yaşayıb. Həyat yoldaşı Möhtərəm xanım türk qızı imiş. Gülmirzə kişi və Möhtərəm xanım ötən əsrin 70-ci illərinə qədər Almaniyada yaşayıblar. Sonra Bakıya, Maştağaya qayıdıblar. Övladları olmayıb. Cəld, çevik olduğundan hamı ona “ovçu” Gülmirzə deyirmiş. O, Rəsulzadənin verdiyi bayrağı Müsavat Partiyasının başqanı İsa Qəmbərə vəfatından bir neçə ay əvvəl çatdırıb. Bunları AzadlıqRadiosu-na Gülmirzə kişinin yaxın qohumu Hacı Zakir İbrahim oğlu danışır:

Hacı Zakir: '1973, ya da 74-cü ildə Gülmirzə kişi kənd sovetinin binasının damına çıxıb. Sovet bayrağını çıxardıb...'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

“Gülmirzə kişi o bayrağı heç kimə vermirdi. Lap yaşlı vaxtında Müsavat Partiyasına təhvil verdik. Danışırdı ki, o bayrağın ulduzunu, ayını Məmməd Əmin Rəsulzadə kəsib, qadınlar da tikib. Gülmirzə kişinin xaricdə olanda o bayrağın altında şəkli də var. Gülmirzə kişi müharibədə yaralanıbmış, əsir götürülübmüş. Elə olub ki, müharibədən sonra da orda yaşayıb. Almaniyada M. Ə. Rəsulzadə ilə görüşüb. Sonra həyat yoldaşı ilə 70-ci illərdə bura gəldi. Hamımız ona kömək olduq, ev-eşik tikdik, burda yaşadı”.

Buna da bax: Azərbaycan Bayrağı: çox yayılmış 5 yanlış (İnfoqrafika)

Sovet bayrağını çıxardıb üçrəngli bayrağı taxıb

Hacı Zakir deyir ki, 70-ci illərdə Gülmirzə kişi Rəsulzadənin ona verdiyi üçrəngli bayrağı Maştağada qəsəbə sovetliyinin binasına da sancıbmış:

“Çox igid adam idi. Kəndin yaşlıları bilir, 1973, ya da 74-cü ildə Gülmirzə kişi kənd sovetinin binasının damına çıxıb. Sovet bayrağını çıxardıb. Yerinə həmin bu üçrəngli bayrağı sancıb. Onda kənddə böyük qarışıqlıq olmuşdu. Ancaq xaricdən gəldiyinə görə, ona dəymədilər. O bayraq yarım gün kənd sovetinin binasının üstündə qalmışdı. Deyirdi ki, bizim milli bayrağımız budur. Bayrağı həmişə özündə saxlayırdı. Deyirdi ki, heç kimə vermərəm. Axır vaxtlarda dedi ki, sənin əlinlə Müsavat Partiyasına vermək istəyirəm, verdi də”.

Bu da Tarix Muzeyindəki Məmməd Əmin Rəsulzadənin öz əliylə hazırladığı üçrəngli bayrağın hekayəsi...

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

XS
SM
MD
LG