Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:18

Norveçdə benzinlə işləyən maşın qalmayacaq


Elektrik avtomobili
Elektrik avtomobili

Bu gün Norveçdə avtomobillərin, az qala, 1/4-i benzinlə yox, elektriklə çalışır.

Artıq planetin ekoloji cəhətdən ən qabaqcıl ölkələrindən olan Norveç qarşıdakı onillikdə benzinlə işləyən avtomobillərin satışını yasaqlayacaq. Bu barədə «The Independent» qəzeti yazır.

MEŞƏLƏR DƏ QIRILMAYACAQ

Siyasi spektrin hər iki tərəfində duran siyasətçilər 2025-ci ilədək ölkədəki maşınların 100%-nin yaşıl enerji ilə işləməsi barədə razılığa gəliblər.

Norveçin «Dagens Naeringsliv» qəzeti yazır ki, sağçı Framstegspartiet (İnkişaf) partiyası (FRP) benzinlə işləyən maşınları qadağan edəcək.

Qəbul olunarsa, bu qanun özəl əhəmiyyət daşıyacaq. Belə ki, Norveç büdcəsinin xeyli hissəsi ölkənin neft sənayesindən asılıdır. Norveç həmçinin, meşələrin qırılmasını tamamilə əngəlləmək öhdəliyi götürmüş ilk ölkə olacaq.

ABŞ-ın «Tesla Motors» elektrik avtomobilləri şirkətinin baş icraçı direktoru Elon Musk elektriklə işləməyən maşınların 2025-ci ildə yasaqlana biləcəyi xəbərini sevinclə qarşılayıb.

İQLİM VERGİSİ

«İndicə eşitdim ki, 2025-ci ildə Norveç benzinlə işləyən maşınların satışını qadağan edəcək. Necə də heyrətamiz dərəcədə gözəl ölkədir. Sizə halal olsun!!» - deyə o, «Twitter»də yazıb.

«Aftenposten» qəzeti yazır ki, Norveçin Demokratik və Liberal partiyaları xəbəri təsdiqləsə də, FRP bu addımın hələ nəzərdən keçirilməli olduğunu bildirib.

Bundan öncə Əmək Partiyası təklif etmişdi ki, 2030-cu ilədək dizel, yaxud benzinlə işləyən heç bir yeni maşın satılmasın. Ancaq indi təklif olunan addım daha iddialıdır.

Ölkəni proporsional təmsilçilik sistemi ilə idarə edən dörd partiya elektrikə yeni iqlim vergisi qoymaq barədə də razılığa gəliblər.

24% ELEKTRİKLƏ İŞLƏYİR

Ölkədəki avtomobillərin 24%-ə qədəri artıq elektriklə çalışır. Norveç iri bərpaolunan enerji istehsalçısıdır. Ölkədə bərpaolunan enerjinin 99 faizdən çoxu suyun gücündən əldə edilir.

Norveç həmçinin, 2020-ci ilə qədər külək enerjisi istehsalını üç dəfə artırmağı hədəfləyir. Ölkə 2013-cü ildə bu sektora 3 milyard dollar investisiya qoymaq barədə qərar qəbul edib.

Britaniyada tənqidçilər mühafizəkar hökuməti yaşıl enerji ilə bağlı öhdəliklərindən imtina etməkdə, əvəzində neft və nüvə enerjisinə meyllənməkdə günahlandırıblar.

Ötən il Britaniya bərpaolunan enerjiyə investisiyaları 25 faiz artırıb.

XS
SM
MD
LG