Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:38

Dünyada terror qurbanlarının sayı azalıb, amma...


Ankarada terror qurbanları, 10Okt, 2015
Ankarada terror qurbanları, 10Okt, 2015

Terror nəticəsində ölənlərin sayı 2015-ci ildə ötən illərlə müqayisədə 10% azalıb, 29 min 376 nəfər olub. İqtisadiyyat və Sülh İnstitutunun yeni sənədində – “Qlobal Terror İndeksi 2016”-da belə deyilir.

Amma böyük terror qurbanı olan ölkələrin sayı artmaqdadır. İqtisadiyyat və Sülh İnstitutu 2015-ci ildə daha 6 belə ölkənin qeydə alındığını, terrordan əziyyət çəkənlərin sayının 23-ə çatdığını qeyd edir.

ƏN BÖYÜK TERROR İTKİSİ VERƏN ÖLKƏLƏR

Terrorçuların qurbanlarının çoxaldığı ölkələr Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, KüveytTunisdir. Rəqəmlər terror nəticəsində ölüm hallarının ən çox Türkiyədə və Fransada artdığını göstərir. Türkiyə, Fransa, Danimarka, Almaniya və İsveç 2000-ci ildən bəri ən böyük terror itkisi ilə üzləşiblər.

Buna da bax: Türkiyə təhlükəli səyahət ölkəsinə çevrilib

Azərbaycanın terror indeksi 106-dır. Ermənistanda durumun daha yaxşı olduğu indeksindən görünür, 108-cidir. Ən yaxşı göstəricisi 130-dur və bu indeksi Türkmənistan alıb. Türkiyə 14, İran 47, Rusiya 30, Gürcüstan 87-cidir.

İraqda və Nigeriyada durum öncəki illərlə müqayisədə yaxşılaşsa da, İraq yenə siyahıya başçılıq edir.

“Qlobal Terror İndeksi 2016” göstərir ki, terrorun iqtisadiyyata təsiri 2015-ci ildə 89,6 milyard ABŞ dollarına bərabər olub. Terrordan ən çox zərər çəkənlər İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyadır. 2015-ci ildə terror nəticəsində ölənlərin 72%-i bu 5 ölkənin payına düşüb. Araşdırma nəticəsində müəyyən edilib ki, bu ölkələrdə əsas dağıdıcı hücumları 4 təşkilat – İŞİD (“İslam Dövləti” silahlı qruplaşması), Boko Haram, Taliban və Əl-Qaidə törədib.

Buna da bax: Parisdə terror qurbanları anılıb

İŞİD GÜCLƏNİB

Ümumiyyətlə “Qlobal Terror İndeksi 2016” İŞİD-in xeyli gücləndiyini göstərir. Keçən il bu terror təşkilatının hücumuna məruz qalan ölkələrin sayı 2 dəfədən də çox artıb – 13-dən 28-ə qalxıb. 2015-ci ildə təkcə İŞİD 252 şəhərə hücum edib, 6 min 141 nəfərin ölümünə səbəb olub.

Təşkilat həmçinin müəyyən edib ki, İŞİD-in Avropada sınadığı taktikalar bir nəfərin hücumuyla ölənlərin sayının 650% artmasına səbəb olub. İŞİD-in ölkə tarixində ən dağıdıcı hücumları Ankara, Paris və Brüsseldə qeydə alınıb. Ümumiyyətlə, Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində ölənlərin yarıdan çoxu İŞİD-in qurbanlarıdır.

Buna da bax: 40 milyonadək insanı qətlə yetirmiş hökmdar

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 34 üzvünün 21-də ildə azı bir terror hücumu olub.

TERRORUN İNKİŞAFININ SƏBƏBİ NƏDİR?

İqtisadiyyat və Sülh İnstitutunun araşdırmaları göstərir ki, sosial-iqtisadi faktorlar, məsələn, gənclərin işsizliyi, cinayətkarlığın səviyyəsi, silahların əlçatanlığı, eyni zamanda seçki sisteminə etimadsızlıq terrorun inkişafına səbəb ola biləcək əsas faktorlardır. İnkişaf etməkdə olan ölkələrdə münaqişələrin tarixi, korrupsiyanın səviyyəsi və bərabərsizlik terrorçu fəaliyyətin genişlənməsinə təsir edir.

Buna da bax: 'Bir azərbaycanlı kimi Türkiyədə özümə təhlükə hiss etmirəm'

Maraqlı nəticələrdən biri odur ki, İŞİD-ə qoşulan əcnəbilərin çoxunun aşağı gəlirli, amma təhsilli şəxslər olduğu üzə çıxıb. Mütəxəssislərin fikrincə, onları təşkilata sövq edən özlərini cəmiyyətdən kənar hiss etməsidir.

Terror hücumlarının 90%-i beynəlxalq, ya da daxili münaqişələrdən əziyyət çəkən ölkələrdə qeydə alınıb. Siyasi terror, ya da münaqişələrdən əziyyət çəkməyən ölkələrin payı cəmi 0,5%-dir.

Buna da bax: Nigeryalı oğlanın Bakıdakı kədərli həyatı

“Qlobal Terror İndeksi 2016” durumun ötən ilə nisbətən yaxşılaşdığını, amma 2015-ci ilin də planet üçün ən ölümcül illərdən biri olduğunu vurğulayır.

XS
SM
MD
LG