Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:03

'Nardaran işi'ndə yenilik: Dustaqlar vəkilsiz qaldılar


Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

“Nardaran işi”ndə təqsirləndirilən şəxslər, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müdafiəçisiz qalıblar. Bu işdə təqsirləndirilən 18 nəfərin hamısı vəkillərindən imtina ediblər. Onlar bu yolla özlərinin qatılmadığı məhkəmədə vəkillərinin də iştirakına etirazlarını bildiriblər.

Bütün bunlar dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Buna da bax:​ Daha bir qrup nardaranlının işi məhkəməyə göndərilib

Dustaqlarsız məhkəmə

Ötən məhkəmə iclasında (dekabrın 1-də) təqsirləndirilən şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Samir Haşımovun vəkil Nemət Kərimlini təhqir etməsinə etirazlarını bildirmişdilər. Buna cavab olaraq, məhkəməyə sədrlik edən hakim Əlövsət Abbasov Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun məhkəmədən uzaqlaşdırılmasına qərar vermişdi. Digər təqsirləndirilənlər adıçəkilən üç nəfər olmadan prosesə qatılmayacaqlarını söyləyərək, məhkəmə salonuna gəlməkdən imtina etmişdilər. Ardınca hakim qərarıyla onların hamısı prosesdən uzaqlaşdırılmışdı.

Bu səbəbdən dekabrın 2-də məhkəmə salonunda təqsirləndirilən şəxslərin heç biri yox idi. Vəkillər təqsirləndirilən şəxslərin hansı müddətə uzaqlaşdırıldığını soruşsalar da, hakimlər konkret cavab verməyiblər.

Buna da bax: 'Nardaran işi': 'Bura məhkəmədi, yoxsa agentura yuvası?'

"Məhkəmə nə vaxta qədər uyğun bilsə, o vaxtadək...", - məhkəmə sədrinin - Əlövsət Abbasovun cavabı belə olub.

Vəkil Yalçın İmanov bildirib ki, məhkəmə bu qərarı versə də, əsaslandırmayıb.

"Burada bir sahə müvəkkilinə söz deyə bilmirsiniz, amma..."

Bugünkü prosesdə (dekabrın 2-də) hakim Əlövsət Abbasovun bir daha təqsirləndirilənlərin hüququnu qoruyan vəkillərdən Vəkillər Kollegiyasına şikayət etdiyi məlum olub.

Yalçın İmanov hakimin bu yolla vəkilləri təzyiq altında saxladığını bildirib: "Burada bir sahə müvəkkilinə söz deyə bilmirsiniz, amma vəkilləri daim təzyiq altında saxlayırsınız. Bu təzyiqin səbəbi nədir? Mən daim bu məhkəmə iclaslarında iştirak etmişəm. Vəkillər Kollegiyasından zəng eləyib deyəndə ki, "məhkəməyə get", mən bunu özümə təhqir sayıram".

Buna da bax:​ Nardaranda yeni həbslərin olduğu deyilir

Yalçın İmanovun bütün məhkəmə iclaslarına qatıldığını hakim də təsdiqləyib:

"Mən şikayət eləməmişəm, sadəcə, müraciət göndərmişəm ki, bu vəkillər məhkəmədə iştirak etmir".

Şübhəli teleqramlar

Ardınca hakim bildirib ki, şahidlərin dindirilmə mərhələsi başa çatdığından, əlavə şahidlərin məsələsini müzakirəyə çıxarır. Bu qərara etiraz edən vəkillər ittiham tərəfin bir xeyli şahidinin, o cümlədən Nardaran əməliyyatında dünyasını dəyişmiş polislərin yaxınları olan zərərçəkmişlərin məhkəmədə dindirilmədiyinə diqqət çəkiblər.

Hakim cavabında deyib ki, bu şahidlərin hamısının məhkəməyə göndərdiyi teleqramlar var. Orada göstərilib ki, məhkəməyə gəlmək istəmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.

Buna da bax: Nardaran işində şahidlər polisə çağrılıb

Vəkil Yalçın İmanov məhkəməyə teleqramların hansı qaydada göndərildiyi barədə ötən məhkəmə iclaslarının birində Nardaran sakini olan şahidin dediklərini hakimlərin yadına salıb. Şahid Yusif Fərəcov bildirmişdi ki, onu zorla 42-ci polis bölməsinə apararaq, şəxsiyyət vəsiqəsini alandan sonra deyiblər ki, "sənin məhkəməyə getməyinə ehtiyac yoxdur, özümüz teleqram göndərəcəyik ki, istintaqa ifadələrini təsdiqləyirsən".

Bir xeyli şahid məhkəməyə gəlib istintaqdakı ifadələrindən imtina edəndən, həmin ifadələrin təzyiq yolu ilə alındığını söyləyəndən sonra şahidlərin polis idarəsinə çağrılıb saxlanması halları baş vermişdi.

"Bu ifadədən sonra siz o teleqramları necə mötəbər sayıb, qəbul edirsiniz? Bütün bunlar onu göstərir ki, bu işin obyektiv araşdırılmasında maraqlı deyilsiniz", - deyə vəkil Yalçın İmanov etirazını bildirib.

Buna da bax:​ Nardaran işi: 'Qəbirlərlə işiniz olmasın'

Vəkillərdən imtina

Hakim müdafiəçilərdən əlavə şahidlərin dindirilməsi məsələsinə münasibət bildirmələrini tələb edib. Vəkillərsə müdafiə etdikləri şəxslərlə məsləhətləşmədən fikir bildirə bilməyəcəklərini deyiblər.

Ardınca vəkillərin təqsirləndirilən şəxslərlə görüşməsinə şərait yaradılıb. Təxminən iki saat çəkən görüşdən sonra təqsirləndirilən şəxslər vəkillərindən imtina ediblər.

Məhkəmə dekabrın 12-dək ertələnib. Növbəti iclasda müdafiəçilərdən imtina məsələsi müzakirə olunacaq.

Buna da bax:

"Nardaran məhbusları" vəkildən imtina etdi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

XS
SM
MD
LG