Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:36

'Facebook'da 10 layk bəsdir ki, sizin kimliyiniz müəyyənləşsin


Film posteri
Film posteri

Böyük Britaniya şirkəti “Cambridge Analytica” iddia edir ki, Donald Trump ABŞ-da prezident seçkilərini onun tətbiq etdiyi “Böyük məlumatlar (verilənlər)” və internetdə fərdə yönəlik reklamlar texnologiyasının yardımı ilə udub.

Buna qədər şirkət Britaniyada Brexit (Britaniyanın Avropa Birliyindən çıxması) tərəfdarlarıyla işləyib, indi isə o, Fransanın “Milli cəbhə” partiyasıyla müqavilə bağlayıb. İtaliya, İsveçrə və hətta Almaniyanın bəzi siyasi güclərinin əməkdaşlıqda maraqlı olduğu deyilir.

AzadlıqRadiosu-nun rus xidməti sual edir: doğrudanmı, müxtəlif ölkələrdə səsvermənin gözlənilməz nəticələri sosiologiyanın uğursuzluğa uğraması, yeni sosiologiyanın qələbəsidir? Radionun əməkdaşı bu sualla “Cambridge Analytica”nın fəaliyyətini araşdıran alim Michael Kosinskiyə müraciət edib. O bu deyilənlərin şişirdildiyini söyləsə də, sözügedən yeni texnologiyanın dünyaya qlobal dəyişikliklər vəd etdiyini bildirib.

Michal Kosinski
Michal Kosinski

Hələ sentyabrın sonlarında Nyu-Yorkda bütün dünyadan gələn nüfuzlu siyasətçi və iş adamlarının toplandığı illik Concordia sammitində “Cambridge Analytica”nın əsasını qoyan Alexandr Nix yeni texnologiya sayəsində Donald Trump-ın partiyadakı rəqibi, kampaniyanın əvvəlində heç kimə bəlli olmayan Ted Kruzun seçki təbliğatının effektivliyini necə artırdığından danışırdı.

Hər bir evin, ailənin psixoloji profaylı hazırlanıb

Nix-in sözlərinə görə, ən müxtəlif xarakterli insanlara prezidentliyə namizədin bir məsələ, tutalım, silahın sərbəst yayılması haqda qanunla bağlı fikirləri cürbəcür şəkildə təqdim edilə bilər: qorxaq adamlara silahın təhlükəsizlik qaynağı kimi, varlı mühafizəkar-ekstravertlərəsə ördək ovu kimi.

“Cambridge Analytica” az sonra Trump-ın özünə də yardım göstərib, özü də Nix-in sözlərinə görə, cüzi bir məbləğ – 15 milyon dollar qarşılığında. İnternet istifadəçilərinin məlumatlarının analizi nəticəsində ağlagəlməz əlaqə və cizgilər tapılaraq (məsələn, Amerika istehsalı olan avtomobillərə üstünlük verənlər Trumpın hazır seçiciləridir) bundan reklam yönləndirilməsində yararlanıblar. Daha bir örnək, Mayamidə Balaca Haiti məhəlləsinin afroamerikalı sakinlərinə demokratların namizədi Hillary Clintonun Haitidəki sonuncu zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştiraka rədd cavabı verməsini göstəriblər, videoda Clinton qaradərili kişiləri yırtıcılarla müqayisə edir. Trump-ın könüllüləri birbaşa təbliğat aparacaqları evlərin detallı profayllarını əldə ediblər.

Cinsəl orientasiyanı, dərinin rəngini, siyasi tərcihləri üzə çıxaran texnologiya

“Cambridge Analytica”nın ABŞ-dakı seçkilərin nəticələrinə hansı təsiri göstərdiyini söyləmək çətindir, ancaq bu kampaniya, şirkətin müqavilə bağladığı tərəfdaşlarının qələbə qazandığı tək örnək deyil.

Polyak mənşəli, əvvəllər Kembric Universitetinin Psixometriya mərkəzinin araşdırmaçısı, indi ABŞ-ın Stendford universitetinin dosenti Michal Kosinski də bu istiqamətdə araşdırmalar aparır. Alim Kembricdəki həmkarlarıyla bir neçə il sosial şəbəkə istifadəçisinin fəallığı nəticəsində onun ətraflı psixoloji profilinin hazırlanması ilə bağlı sistem qurub. Bu sistem insanın təkcə xarakterinin özəlliklərini üzə çıxartmır, həm də onun cinsini, cinsəl orientasiyasını, dərisinin rəngini və hətta siyasi tərcihlərini belə müəyyənləşdirməyə imkan yaradır.

İsveçin “Das Magasin” nəşrinin müxbirləri yazırlar ki, 2014-cü ilin əvvəlində həmkarı Alexander Kogan Kosinskiyə müraciət edərək hansısa şirkətin sifarişiylə yaratdığı sistem əsasında ABŞ-ın milyonlarla vətəndaşının profilini hazırlamağını istəyib. Az sonra bu şirkətin “Cambridge Analytica” ilə bağlılığı ortaya çıxıb.

“Cambridge Analytica”nın Britaniyadakı Brexit referendumunda, ABŞ-dakı seçkilərdə tətbiq etdiyi texnologiyanın Michal Kosinskinin modelinə çox bənzədiyi deyilir.

AzadlıqRadiosunun rus xidmətinin əməkdaşı Kosinski ilə telefon əlaqəsi yaradıb. Onunla söhbəti ixtisarla təqdim edirik.

– Psixometriya nə deməkdir? Siz araşdırmaçı kimi hansı işlə məşğulsunuz?

Internet təhlükəsizlik nəhəngi Kaspersky Moskvada, 17 oktyabr 2016
Internet təhlükəsizlik nəhəngi Kaspersky Moskvada, 17 oktyabr 2016

– Psixometriya qədim elmdir, düşünürəm onun 2, ya 3 min il yaşı var. Bu, psixoloji hesablamalar elmidir, müxtəlif psixoloji aspektləri, şəxsiyyəti, intellektual qabiliyyətləri, xoşbəxtlik, depressiyaya meylliliyi və sairəni dəqiq müəyyənləşdirməyə cəhddir. Bu cür hesablamalar ənənəvi olaraq rəy sorğularının iştirakçıları, psixoloji testlərlə müəyyən edilirdi. Ancaq bir qədər öncə mən də, başqa psixometrlər də anladıq ki, bunu insanın rəqəmsal izini qiymətləndirməklə də hazırlamaq olar. Bu zaman rəy sorğuları keçirməyə, sual verməyə, psixoloji testlərə ehtiyac qalmayacaq. Və bu, inqilabi andır. Hadisənin önəmi, “Das Magasin”in yazdığı kimi, Cambridge Analytica-nın Trump-a seçkiöncəsi yarışda yardım göstərməsi deyil. Bu, kommersiya qurumudur, onlarda texnologiyalar var, pul qazanmaq niyyətindədirlər. Mühüm olan odur ki, əvvəllər kiminsə psixoloji profilini hazırlamaq üçün həmin insandan suallara cavab verməsini, testdən keçməsini xahiş etməliydin. Nəticədə həmin insan yaxşı anlayırdı ki, bu onun psixoloji xarakteristikasının üzə çıxarıldığı andır. Amma indi bunu insan özü bilmədən də hazırlamaq olar. Bundan ötrü onun rəqəmsal izinə baxmaq yetərlidir: sosial şəbəkələrdəki qeydləri, bəyənmələri (laylkar), internetdəki baxış tarixçələri, axtarış sualları. Bu məlumatlar əsasında çox dəqiqliklə insanın psixoloji portretini hazırlamaq mümkündür. Bir yandan bu, qorxuducu görünür, amma o biri yandan çox faydası var. Məsələn, hansısa internet-platforma sizin xarakterinizə və iş qabiliyyətinizə uyğun bəyənəcəyiniz bir filmi baxmağı tövsiyə də bilər. Bu normaldır. Ancaq siz “Facebook”u açıb orda razılığınız alınmadan hazırlanmış psixoloji profilinizə uyğun, sizə yönəlmiş reklam görsəniz, bu, çox da normal deyil.

– Siz təkcə mənim adımı bilməklə, internetdəki izimlə tam psixoloji profilimi hazırlaya bilərsinizmi?

– Mən aliməm, bununla məşğul olmazdım. Ancaq siz mənim araşdırmalarıma könüllü yardımçı olmaq istəsəniz, öz məlumatlarınızı təqdim etsəniz, böyük məmnuniyyətlə onları məlumat bazama daxil edər, anonimləşdirər və heç vaxt heç kimə satmayacağıma, verməyəcəyimə söz verərdim. Amma bir çox şirkətlər, əlbəttə, sizdən soruşmadan haqqınızda informasiyaları toplayaraq onları istifadə edir.

– Bu məlumatlar bir yerdə toplanmır, əlbəttə ki. Bir şirkətə mənim geolokasiyalarım, başqasına maliyyə tranzaksiyalarım bəllidir, üçüncüsü isə “Facebook”dakı layklarımı bilir. Bunları bir yerə toplamaq mümkündürmü?

Foto: arxiv
Foto: arxiv

– Birincisi, buna, adətən, ehtiyac qalmır. Adətən, dəqiq profilin yaradılması üçün bircə şey də bəsdir, “Facebook”dakı maraqlarınız, ya da brauzer səhifənizdən baş çəkdiyiniz səhifələr. İkincisi də, sizin haqqınızda informasiya yığan şirkətlər var, onlar adətən bir-birilə informasiya mübadiləsinə gedir, ya da sadəcə, onları ümumi məlumatlar bazarında satırlar. Acxiom kimi layihələr var, onlar bilgiləri yığaraq “Cambridge Analyticа” kimi şirkətlərə satırlar. Siz məsələn, deyə bilərsiniz ki, mənə filan regiondan 10 milyon amerikalının məlumatları lazımdır və onlar məmnuniyyətlə, onu sizə satacaqlar. Üçüncüsü, fərdə yönəlik reklamın aparılması üçün istifadəçinin bütün fərdi məlumatlarını yığmağa da ehtiyac yoxdur.

– Bütün bəşəriyyətin, ən azından internetdə rəqəmsal izi olanların profilini çıxarmağa cəhd edən şirkətlər varmı?

– Çətin kimsə bu cür qlobal kateqoriyalarda düşünsün. Amma müəyyən dərəcədə bununla Facebook, Google, Microsoft, Visa, Mastercard, həmin Acxiom məşğul olur. Bu məlumatlar da bazarda satılır.

– Siz “Das-Magasin”ə müsahibədə demisiniz ki, “Facebook”da etdiyiniz 10 layk bəsdir ki, sistem sizi dostunuzdan da yaxşı tanısın. Bu, doğrudanmı belədir?

– Bəli, bu yöndə maraqlı araşdırma da var. On layk (maraqlar) bəsdir ki, sistem sizin kimliyinizi işdəki həmkarınızdan daha dəqiq müəyyənləşdirsin, 230-240 laykla isə kompyuter haqqınızda həyat yoldaşınızdan daha çox şey biləcək. Bu o deməkdir ki, kompyuter sizin yerinizə psixoloji sorğudan keçə bilər, bu zaman o həyat yoldaşınızdan daha az yanlışa yol verəcək.

– “Cambridge Analytica” məsələsinə gələk. Sizin həqiqətən də bu şirkətə aidiyyatınız yoxdur?

– Yox, heç zaman da olmayıb. Onun mövcudluğu haqda mətbuatdan öyrənmişəm.

– “Das Magasin”in iddiasına görə, “Camridge Anaytica”ya psixoloji profaylinq texnologiyasını təqdim edən sizin həmkarınız Aleksandr Koqan olub.

– Bəli, o mənim həmkarım olub. Daha dəqiq desək, o mənim Kembric Universitetində aspirant olduğum zamanlarda universitetin psixologiya fakültəsinin dosenti idi. Ancaq yollarımız çoxdan ayrılıb, o, bir şirkət yaradıb, mətbuatdan anladığım qədər, məlumatları “Cambridge Analytica” şirkətinə satıb, mənsə akademik dünyada qalmışam.

– “Cambridge Analytica”nın sizin modeldən yararlandığını söyləmək olarmı?

– Mən deyərdim, oxşar modeldən yararlanır, ancaq oxşar model yaratmaq üçün xüsusi dərin elm lazım deyil, burda magiya- filan da yoxdur. Bunu proqramlaşdırma qabiliyyəti olan hər kəs edə bilər. Bir az pul, internetə qoşulmuş kompyuter. Elə bu da problemi əhəmiyyətli edir. Burda ən standart statistika metodlarından yararlanırlar, xüsusi heç nə yoxdur. Mənim məqalələrimdə başlıca fikir odur ki, bu asandır, mühüm olan fokusu dəyişməkdir: psixometriyada artıq sorğuya, testə ehtiyac qalmayıb, rəqəmsal iz yetərlidir. Bu, böyük üstünlüklər verir, marketinqi, karyera planlaşdırmasını, psixoloji yardım metodlarını yaxşılaşdırmaq və daha nələrə imkan yaradır. Amma bunu insanların əleyhinə də istifadə də etmək olar. Mən əminəm ki, Alexander Kogan mənim araşdırmalarımdan xəbərdar olub, hərçənd bu haqda ancaq jurnalistlərin yazdıqlarından bilirəm, o mənim tamamən təqdim etdiyim şeyi reallaşdırıb və “Cambridge Analytica”ya satıb. Mən dəfələrlə demişəm ki, heç kimi bu cür fəaliyyətə həvəsləndirmək istəməmişəm, üstəlik də əminəm, məndən çox-çox qabaq da rəqəmsal psixoloji profayliqnlə məşğul olanlar vardı, ancaq bu haqda “Cambridge Analytica” kimi fəal şəkildə danışmayıblar. Mənsə məhz bu texnologiyalardan etik yararlanmanın siyasətini, prosedurunu hazırlamağa çağırıram.

Amerika, 9 fevral 2016
Amerika, 9 fevral 2016

– Necə bilirsiz, “Cambridge Analytica” həqiqətən də Amerikadakı prezident seçkilərinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərib?

– Düzü, bilmirəm. Aydındır ki, “Cambridge Analytica” uğurları haqda daha çox və ucadan car çəkməkdə maraqlıdır. Ancaq o da var ki, seçkilərin nəticələrini “Böyük məlumatlar” texnologiyası müəyyənləşdirmir, namizədlər və bir də xüsusən seçkiyə getməyən seçicilər müəyyənləşdirir. Ola bilsin, “Cambridge Analytica” son nəticəni ortaya çıxaran axırıncı damla olub, ancaq bunu yəqin Alexander Nix özü də bilmir. Amma o biri yandan, biz özümüzə hesabat verməliyik ki, texnologiya var və ondan qorunmaq praktiki mümkün deyil. Siz “Facebook”dan istifadəni, elektron məktublaşmanı dayandıra bilər, göyərçin vasitəsilə məktublaşarsınız. Ancaq kredit kartınız olmadan keçinə bilməzsiniz. Ölkələr bu metodları məhdudlaşdıran qanunlar qəbul edə, amma bu işləməyə bilər. Yeri gəlmişkən, dəqiq bilmirəm, amma eşitmişəm ki, “Cambridge Analytica”nın Trump üçün gördüyü iş ABŞ qanunvericiliyinə ziddir, buna görə də məlumatların analizini Britaniyada aparıblar. Mən aliməm, psixometriya ilə məşğulam, mən siyasət, demokratiya və azadlıqlar məsələsində mütəxəssis deyiləm, ancaq biz bir faktı qəbul etməli olacağıq ki, heç bir məhrəmlik məxfi qalmayacaq. Bu yöndə mübarizəyə başlamadan öncə etiraf etməliyik ki, müharibə artıq uduzulub. İndi onun qeydinə qalmalıyıq ki, dünya, məhrəmliyindən məhrum olunan insan üçün xoş bir mühitə çevrilsin.

XS
SM
MD
LG