Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:25

Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi


Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə

Mənim yaradıcılığıma Mirzə Fətəlinin yazdığı əsərlərin böyük təsiri olmuşdur. Şuşada Haşım bəy Vəzirovun rəhbərliyi ilə o zamankı intellegensiyanın bir yerə yığışıb Mirzə Fətəlinin "Vəzir xan Sərabi" komediyasını səhnəyə qoyduqları yaxşı yadımdadır. Bu zaman Mirzə Fətəlinin pyesi gah məktəb binasında, gah şəhərin erməni hissəsində "Xandəmirov klubu" adlanan binada tamaşaya qoyulardı. Mirzə Fətəli pyesləri məndə birinci dəfə teatr əsəri yazmaq həvəsi oyatdı.

Üzeyir Hacıbəyov. "Ədəbiyyat qəzeti", 22 dekabr 1938, N 60)

Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi

“Axundov” adlandırdığımız bu Şəxsiyyətin arxivindəki 1838-40-cı illərə qədər bir sıra sənədlərdə onun soyadı Axundzadə, sonrakı sənədlərin əksəriyyətində isə-bir neçəsini çıxmaq şərtilə artıq Axundov kimi gedir. R. Rzanın rəhbərliyi ilə hazırlanmış Azərbaycan Sovet Ensiklopediyasının 1970-ci ildə buraxılan birinci cildində Mirzə Fətəli haqqındakı məqalədə soyadı Axundzadə yazılmışdı. Lakin R. Rza baş redaksiyadan gedəndən sonra (heç nəyi unutmaq lazım deyil. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xaql Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar). Rəsul Rzanın yerinə baş redaktor təyin olunan Cəmil Quliyevin başçılığı ilə ASE-nin düzəlişlərlə buraxılan birinci cildinin yeni nəşrində Mirzə Fətəlinin soyadı Axundov yazılmışdır.

Buna da bax: Üzeyir bəy Niyazini repressiyalardan necə qorumuşdu [Yeni araşdırma]

Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxada xırda bir tacir ailəsində anadan olmuşdur. Atası Mirzə Məhəmməd Tağı İranın Təbriz vilayətindəki Xamnə qəsəbəsindən idi. O, 1811-ci ildə Nuxaya gəlmiş və burada Nanə xanım adlı bir nuxalı qızı ilə evlənmişdi. 1814-cü ildə Mirzə Məhəmməd Tağı Nanə xanımı və iki yaşlı oğlu Fətəlini Xamnəyə aparmışdı. Beləliklə, Mirzə Fətəli ilk uşaqlıq illərini İranda atasının yanında keçirmişdir. 1820-ci ildə Nanə xanım ərindən ayrıldıqdan sonra, oğlu Fətəlini də özü ilə götürüb əmisi Axund Ələsgərin yanına gəlmiş və onun himayəsi altında yaşamışdır.

Axund Ələsgər Fətəlini oğulluğa götürmüş və onun tərbiyə və təhsili ilə şəxsən özü məşğul olmuşdur. Mirzə Fətəli öz tərcümeyi-halında bu xüsusda yazır: "Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim...Bir ildən sonra Axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı...Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum".

Mirzə Fətəli Axundzadə öz soyadını da atası Mirzə Məhəmməd Tağının soyadından deyil, ona atalıq edən anasının əmisi Axund Ələsgərin soyadından götürmüşdür.

Axundzadə 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evləndi.

Mirzə Fətəli Axundzadə arvadı Tubu xanım.
Mirzə Fətəli Axundzadə arvadı Tubu xanım.

Ədəbi tənqidçi Nərgiz Cabbarlı bu xüsusda yazır: “Gəlinciklə oynayan, özündən çox kiçik olan və uşaqlıqdan hələ ki ayrılmamış həyat yoldaşına gəlincik alıb gətirən Mirzə Fətəli dəfələrlə arvadının könlünü almalı olsa da bu evlilik bu gəlincikli gəlini xoşbəxt edə, üzünü güldürə bilmir. On üç övladından on birini (on üç övladından yalnız oğlu Rəşid və qızı Nisa xanım uzun müddət yaşaya bilmişdi) çox erkən yaşlarda torpağa tapşırıb. Onların ən çox yaşayanı altı yaşına çatanda dünyasını dəyişmişdi. Hətta bu ailənin bir ildə eyni xəstəlikdən üç uşağını itirməsi faktı var. Tubu xanım uşaqlarının ölümünü həmişə özünün hələ uşaqkən ərə getməsi ilə və sağlamlıq cəhətdən zəifliyi ilə izah edirdi. Əlbəttə, uşaq yaşda ailə qurmanın, Axundzadənin özünün də əlaqələndirdiyi kimi, Tiflisin havasının düşməməsinin və s. səbəblərin bu məsələdə müəyyən rolu ola bilərdi. Amma çox güman ki, əsas məsələ qan qohumluğu idi. Hər halda o anasının əmisi qızı, dolayısı ilə deyilsə, atalığının qızı ilə evlənmişdi. Qohumla ailə qurmaq ənənəsi Axundzadənin nəslində sonralara da qeyd edim ki, davam edir. Əksər hallarda uğursuzluqla nəticələnsə belə. Axundzadənin nəvəsi Bəhmən Mirzə öz bacısı Mələksima xanımla Ağasadıq Tağıyevin qızları Zərrintac xanımla evlənir. Çox qəribədir ki, on bir övladını torpağa tapşırmış bir ata və bir ərin həyatında baş verənlər ona da təsirsiz keçə bilməzdi. Amma çox qəribədir ki, yaradıcılığında və məktublarında onun həddindən artıq şikayətləndiyi, ah-vay etdiyi o qədər də hiss olunmur. Buna səbəb özünün ifadə etdiyi kimi "başını qatan" yaradıcılığı idi.

Buna da bax: Seymur Baycan Çingiz Hüseynovdan soruşur: 'Mirzə Fətəli haqda hansı yazdığınıza inanaq'

Həyat yoldaşı Tubu xanıma bəzən nə qədər sədaqətli olsa da ikinci bir qadına nikah kəsdirdiyi məsələsi də ortaya çıxır. On üç övladından on birini çox erkən yaşlarda torpağa tapşırıb, iki qızını bir adama ərə verib, məşhur Qacarlar nəsli ilə, milyonçu Tağıyevlərlə qohumluğu olub, hər sözü,hər düşüncəsi ilə Avropaya meyil etdiyini göstərən, məişəti və bəzi addımları ilə isə Şərqdən qopa bilməyən bir insan olub Axundzadə.

Dini qanunların hökmranlıq etdiyi ölkələrdə yaşayan insanlar üçün siğə və çoxarvadlılıq heç zaman problem olmayıb. Din kişilərə bir sıra hüquqlar verirdi. Onlardan biri də arvadı ola-ola başqa qadını siğə etdirmək idi. Nə qədər təəccüblü olsa da, eyni addımı sonralar Mirzə Fətəlinin özü də atır. Halbuki bu məsələ ilə bağlı anasının yaşadığı çətinlik öz yazdıqlarından da bəlli olduğu kimi, onun uşaq yaddaşında əməlli-başlı iz buraxmışdı. Bununla belə, Mirzə Fətəli Tubu xanımla evli ola-ola başqa qadına nikah kəsdirir. Daha dəqiq desək, Axundzadə otuz yaşında ailə qurmuşdu. Və bu evlilik hələ davam edərkən Axundzadə ikinci bir qadınla kəbin kəsdirir. Nazlı Bəyim adlı bu qız ərə gələndə 28 yaşında olub, Gəncə xanı Cavad xanın nəslindən olduğu bildirilir. Hər hansı ümidlə olursa-olsun, qurulan ikinci nikah da uğursuzluğa düçar olur. Bu evliliyin olmasına səbəb əgər uşaq idisə belə, bu məsələdə də Mirzə Fətəlinin bəxti gətirmir. Çünki onun sağlam uşaq ola biləcəyinə ümid bəslədiyi qızı Seyrabəyim iyirmi dörd yaşında, gəncliyinin çiçəklənən dövründə dünyasını dəyişir. Və bu ölümdə də genetik bir faktorun - ata nənəsindən keçmə vərəmin "barmağı" var idi”

Mirzə Fətəli tez-tez məktublaşdığı müasirlərindən Hindistan yazıçısı Mankçiyə bir məktubunda qızı Səbribəyimin ölümünə ata qəlbilə yandığını qeyd edir.

1870-ci illərdə bir tərəfdən həddindən artıq fikri işlə məşğul olması, o biri tərəfdən yüksək arzularını həyata keçirə bilməməsindən doğan məyusluq, bunlardan başqa uşaqların ölümü onun səhhətinin pozulmasına səbəb oldu. 1876-cı ildə o, məktublarının birində yazırdı: "Yaşım altmış beşə çatıb, başım ağarıb, amma qüvvətim yerindədir. Gözüm işıqlıdır. Ümidim var ki, on il də yaşayım". Lakin o ümid etdiyi qədər yaşaya bilmədi. 1878-ci il martın 10-da Tiflisdə, ürək xəstəliyindən vəfat etdi və orada da dəfn olundu

M. F. Axundzadənin ölümü ilə bağlı faktlar və mübahisələr Deyilənlər və yazılanlar bir ağızdan mollaların və müsəlman əhalinin Axundzadənin müsəlman qəbirstanlığında dəfn olunmasına icazə vermədiyinə, dəfnində iştirak etmədiyinə şahidlik edir. Bəs Axundzadə özü necə istəmiş, necə arzulamışdı? Yaxın adamlarından biri (ailə dostu İsmayıl bəy Yedigarov) "Mirzə səni necə dəfn edək? Müsəlman qaydası ilə olarmı?" sualı ilə yazıçıya müraciət etdiyi haqqında mənbələrdə məlumat yer almaqdadır. Axundzadə isə "Mənim üçün fərqi yoxdur" cavabını verir. Digər bir mənbədə Axundzadənin cavabı belə göstərilir: "Bilirsiniz ki, heç bir dini qəbul etmirəm. Necə istəyirsinizsə, elə də dəfn edin". Ona baş çəkməyə gələn axunda isə şikayət edən yazıçı öz əqidəsinə sadiq qalaraq ironik halda onu da əlavə etdi ki, "Bilmirəm sizin Allahınız məndən nə istəyir?"

Onun müəllimi Mirzə Şəfinin məzarının yanında dəfn olunması ilə bağlı faktlar yalnız xatirələrlə zamanımıza gəlib çatıb. Məsələn, hələ sağ ikən və öz sözü ilə desək "ağlı başında ikən" yazdığı vəsiyyətnamədə bu barədə bircə kəlmə belə yoxdu. Axundzadənin qələmə aldığı bir sənəddə isə sadəcə, mülk məsələsindən söhbət gedir və onun sahib olduğu mülkiyyət yalnız və yalnız oğlu Rəşidə vəsiyyət edilir.

Gələk dəfn məsələsinə. Bu fakt müxtəlif mənbələrdə az qala bir-birini təkrar edir. Mikayıl Rəfili bununla bağlı yazır ki, Axundzadənin cənazəsi evdə qoyulduğu bir vaxtda alimin bidətçi görüşləri haqqında söz-söhbətdən qəzəblənmiş mollalar allahsızın və din düşməninin dəfnində iştirakdan imtina edirlər. Yalnız yazıçının nüfuzlu dostlarının müdaxiləsi sayəsində torpaq onu öz qoynuna alır. Məmmədağa Şahtaxtinski 1923-cü ildə "Qızıl Şərq" jurnalının 5-6-cı nömrəsində yazırdı: "Mirzə mərhum oldu, gün çıxan zamanında dəfn olunmalı idi. Günortaya qədər kimsə dəfninə gəlmədi. Cənazənin böylə ortada qalması ilə Mirzə Fətəlinin övladını və yaxın əqrəbasına pək artıq can sıxıntısı verdi". Ə.Haqverdiyev "M. F. Axundov həyat və fəaliyyəti" məqaləsində isə bu faktla bağlı bildirir ki, yazıçının ölümü haqda Şeyxülislam Molla Əhmədə xəbər verdikdə o, "Mən Mirzə Fətəliylə tez-tez söhbət etmiş, dini və başqa mövzularda mübahisələr aparmışam, onun din haqqında olan nöqteyi-nəzəri ilə tanışam, buna görə onun namazını qılmaqdan imtina edirəm". Haqverdiyev başqa mollaların da şeyxülislamın ardınca gedərək cənazə namazı qılmaq istəmədiklərini yazır və bildirir ki, mollaların yoldan çıxardığı Tiflis əhalisi də onun nəşini qəbirstanlığa aparmaqdan boyun qaçırır və böyük mütəfəkkirin nəşi üç gün evdə qaldıqdan sonra varislərinin səyi nəticəsində cənazəni qəbirstanlığa aparmaq üçün hərəsi üç manat alan adamlar tutulur. Rəşid bəy Əfəndiyevin də bu haqda yazdıqları eyni mənbəyə əsaslanır.

Buna da bax: "İlk Azərbaycan operası necə yaranmışdı" - Ceyhun Hacıbəylinin xatirələrindən

Mirzə Fətəli Axundzadənin oğlu Rəşid Axundov.
Mirzə Fətəli Axundzadənin oğlu Rəşid Axundov.

Cəlil Məmmədquluzadə isə öz məqaləsində bu faktı xatırladaraq ona inanmadığını deyir və "Mirzə Fətəli müsəlmanların belə şiddətli nifrətini qazana bilməzdi" kimi bir qənaətə gəldiyini vurğulayır. M. Zurabişvili yazır: "...Hakimiyyətin göstərişi ilə dörd kazak Axundovu müsəlman qəbiristanlığından uzaqda dəfn etmişdir". Ailə dostu Qayıbovanın sözlərinə görə, o can verərkən ətrafında artıq bu dostlar və qohumlar yığışmışdılar. Axundzadə vəfat etdiyi vaxt oğlu Rəşid Brüsseldə idi. Rəşidin Tiflisdə olduğunu heç bir sənəd təsdiqləmir. Onun məktublaşmalarından da görünür ki, Rəşid atasının vəfatından xeyli sonra Tiflisə qayıdır. Tədqiqatçı Vilayət Quliyev də bunun belə olduğunu təsdiqləyir: "1874-cü ilin baharında Brüsselə yollanan Rəşid Axundov vətənə bir də aradan dörd il keçəndən sonra - atasının vəfatından sonra qayıtmışdı". Çox maraqlıdır ki, Axundzadənin vəfatı mətbuatda çox səthi verilir, həm də əvvəlcə yanlış gedən, sonra düzəldilən kiçik bir informasiya ilə... Belə ki, "Qafqaz" qəzetində yazılır: "Polkovnik Mirzə Fətəli 90 yaşında qızdırma xəstəliyindən ölmüşdür". Qəzetin sonrakı nömrəsində isə buraxılan bu səhv düzəldilir və qeyd edilir ki, "Polkovnik Mirzə Fətəli 67 yaşında təngnəfəslik xəstəliyindən ölmüşdür".

Bu kiçik çalışmamda mənim toxunmaq istədiyim birinci məsələ Mirzə Fətəlinin 100 illiyinin keçirilməsi ilə bağlı olan bir anlaşılmamazlığı aradan qaldırmaqdır.

1911-ci il dekabrın 5-də Tiflisin Şeytanbazar məhəlləsində yerləşən Şah Abbas məscidində qeyri-adi bir toplantı olub. Burada yığışanlar M. F. Axundzadənin 100 illiyini qeyd ediblər. Toplantıda Zaqafqaziya Şeyxülislamı çıxış edib. Bu məlumat çox qısa olsa da, tariximiz və xüsusən ictimai fikir tariximiz üçün çox vacib məlumatdır. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, M. F. Axundzadənin sağlığında Şeyxülislam Axund Əhməd Hüseynzadə olub (1873-1884). 1909-1911-ci illərdə isə Şeyxülislam Axund Məhəmməd Həsən Mövlazadə idi. Bu hadisədən iki gün sonra bunun qədər əhəmiyyətli daha bir tədbir olub. 1911-ci il dekabrın 7-də Tiflis Gürcü Əyanlar Teatrında Mirzə Fətəli Axundzadənin 100 illiyi qeyd olunub. Bu demək olar ki, minillik Azərbaycan ədəbiyyatı tarixində ilk yubiley toplantısı idi.

Lakin bəzi tədqiqatçılar, oxucular bu fakta istinadən iddia etməyə çalışırlar ki, əgər Mirzə Fətəli dinsiz, allahsız olsaydı Şeyxülislam onun yubileyində çıxış etməzdi.

Həmin tədqiqatçılar daha sonra yazırlar: “M.F.Axundzadənin "Kəmalüddövlə məktubları"nda məqsəd xalqı islam dinindən ayırmaq idisə, niyə Çar Rusiyası bu kitabın nəşrinə yaşıl işıq yandırmırdı, niyə bu əsər nə Rusiyada, nə də Avropada nəşr olunmadı?”

Əvvəla Mirzə Fətəlinin 100 illiyinin qeyd edilməsinin təşəbbüsçüsü Şeyxülislam olmayıb, ikincisi bu hadisəyə qədər baş verən hadisələri doğru-düzgün təhlil etmək lazımdır.

Buna da bax: Çingiz Hüseynov: '70-ci illərində mən – qəhramanım Mirzə Fətəli kimi – ateist idim'

Mirzə Fətəli bədii irsinə çox böyük əhəmiyyət verən ziyalılardan biri Həmzətbəy Qəbulov Şirvanski (1884-1912) idi. Onun ən yaxşı məqalələri, publisistik və ictimai fəaliyyətinin ən səmərəli dövrü Mirzə Fətəliyə həsr edilmişdir. Böyük mütəfəkkirin anadan olmasının 100 illik yubileyinin ilk7 təşəbbüsçülərindən və əsas təşkilatçılatçılarından biri H. Qəbulov idi. O, Azərbaycanda ilk dəfə keçirilən belə bir mədəni tədbirə o qədər həvəslə girişmişdi ki, yubileyə hazırlıq işinin ləng getməsi onun bütün əhval-ruhiyyəsinə mənfi təsir göstərirdi. 1911-ci il iyunun 21-də Tiflisdən Şuşaya Mir Həsən Vəzirova göndərdiyi məktubda Həmzət bəy yazırdı: "Özüm haqqında onu deyə bilərəm ki, əhvalım gündən-günə pisləşir, çünki Axundovun yubileyi baş tutmur. Hanı bizim lovğa ziyalılarımız, indi heç birinin səsi çıxmır". 1911-ci il dekabrın 4-də (günlər arasında fərqi var- Elnur) H. Qəbulovun yaxından iştirakı ilə Mirzə Fətəlinin yubileyi təntənəli şəkildə qeyd edildi. Bu, Həmzət bəyin bütün fəaliyyəti ərzində gördüyü və mənəvi ləzzət aldığı nəcib işlərdən biri idi. Doğrudur, yubiley bütün ədəbi ictimaiyyətin təşəbbüsü və köməyi ilə keçirilirdi. Lakin bu işdə H. Qəbulov xüsusi rol oynamışdır. O dövrün sənədlərində və müasirlərinin xatirələrində H. Qəbulovun bu sahədəki fədakarlığı yüksək qiymətləndirir. Məsələn, H. Minasazov 1911-ci il martın 11-də "Zakavkazye" qəzetində dərc etdirdiyi bir məqaləsində belə bir maraqlı əhvalat nəql edirdi:” 1910-cu ilin əvvəllərində qabaqcıl ziyalılar Azərbaycan teatrının 36 illiyini qeyd etmək qərarına gəlmişdilər. Amma buna bir qədər gecikmişdilər, çünki teatrın 36 illiyi əslində 1909-cu ildə tamam olmuşdu. Onda belə qərara gəldik ki, onsuz da gecikmiş yubileyi bir il də təxirə salıb, 1911-ci ildə dramaturgiyamızın banisi M.F.Axundovun 100 illik yubileyi ilə birlikdə keçirək. Bu, bizim həyat hadisələrini başa düşmək və qiymətləndirmək sahəsindəki yetkinliyimizin imtahanı olmalıdır. Qulaqları olan kəslər, eşidin, eşidin!"

Həmin il martın 13-də Tiflis ziyalıları yığışıb 14 nəfərdən ibarət yubiley komitəsi seçdilər. Komitənin sədri Əmir Kazım Mirzə Qacar, katibi isə H. Qəbulov - Şirvanski idi. Komitə yubileyin keçirilməsi üçün rəsmi icazə aldı. Bundan sonra H. Qəbulov həm işin təşəbbüsçülərindən biri, həm də komitənin katibi kimi fəaliyyətə başladı. Martın 22-də o, "M. F. Axundovun yubileyi qarşısında" adlı məqalə ilə çıxış etdi. Bu məqalədə o, Azərbaycan dramaturqunun yaradıcılığını geniş şərh edir, oxucuları yubiley təntənəsində fəal iştirak etməyə çağırırdı.

Bu məqalə diqqəti daha çox cəlb etdi və o qədər sürətlə yayıldı ki, Rusiyada çıxan bir çox qəzetlər, hətta Parisdə çıxan "Musulmanin" jurnalı da Həmzət bəyin bu məqaləsini eyni ilə dərc edib, qaldırılan məsələni böyük ədəbi hadisə kimi təqdir və təbliğ etməyə başladılar. Odur ki, bir az sonra yazıçının anadan olduğu il dəqiqləşdirilsə də, yubileyi saxlamağa ehtiyac qalmadı.

Yubiley işlərinin bütün ağırlığı H. Qəbulovun üzərinə düşmüşdü, xəstəliyinə baxmayaraq bu işdə xüsusi fəaliyyət göstərirdi. O, yazıçının farsca yazdığı və ilk dəfə 1887-ci ildə "Kəşkül" qəzetində dərc olunmuş tərcümeyi-halını dramaturqun nəvəsi Mahmənzərin rus dilinə tərcüməsi ilə və özünün redaktəsi ilə dərc etdirdi. Məlumdur ki, bu, adi tərcümeyi-hal deyildi və onu rus dilinə tərcümə mətbuata çıxartmağın özü mütərəqqi iş idi. Bundan əlavə Həmzətbəy Mirzə Fətəlinin yaradıcılığına bir neçə məqalə həsr edib, yazıçının Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri şərh etməyə başladı. Bu illərdə Mirzə Fətəlidən yazanlar əsasən F. Köçərlinin əsərlərindən (M.F.Axundzadə haqqında birinci kitab Köçərli qələminin məhsuludur. "Mirzə Fətəli Axundov" (F.Köçərli. M.F.Axundov həzrətlərinin təvəllüdündən 100 il mürur etməsi münasibətilə yazılmış risaleyi-yadigaranədir. Tiflis, 1911. Ə.Haqverdiyev isə Mirzə Fətəlinin yüz illik yubileyi münasibətilə "Xəyalat" dramını yazmışdı - Elnur) istifadə etsələr də, orijinal fikirlər də irəlili sürürdülər. Belə orijinallıq Həmzət bəyin yazılarında da hiss olunurdu. O, Mirzə Fətəlinin mübarizəsini "bir nəfərin hamıya qarşı apardığı qeyri-bərabər mübarizə" adlandıraraq yazırdı: "Ölüm qoxusu verən, yuxulu bir səltənət. Hər tərəfdə qatı nadanlıq hökm sürür. Heç yerdən işıq ucu görünmür. Bəs xalqı kim oyatmalıdır, kim onları yeni həyata və fəaliyyətə səsləməlidir?" H.Qəbulovun fikrincə, elə Mirzə Fətəlinin komediyalarının da əsas məqsədi bu boğucu mühiti dağıtmaq, yuxulu cəmiyyəti oyatmaqdan ibarət idi. O, davam edirdi: "M.F.Axundov bilavasitə gündəlik xalq həyatından götürdüyü, yüksək dərəcədə real, həm fikri, həm süjeti, həm də dili və quruluşu etibarilə əsl xalq komediyalarında müsəlmanların üstündəki örtüyü qoparıb atdı və bizim dərdlərimizi, yaralarımızı, nöqsanlarımızı ümumin müzakirəsinə verdi".

Həmzətbəy nəcib ideallarla yaşayırdı, lakin onun həyatı uzun sürmədi. Tələbəlik illərindən onu kölgə kimi izləyən xəstəlik Mirzə Fətəlinin yubileyi ərəfəsində daha da şiddətləndi, hətta böyük dramaturq haqqında hazırladığı məruzəni yubiley gecəsində oxumağa taqəti olmadı. Onun hazırladığı məruzəni Tiflis xeyriyyə cəmiyyətinin katibi M. F. Əfəndiyev oxudu. Bu, Həmzətbəyin son sözləri oldu. O, ağır xəstəliyi müalicə üçün nə vaxt tapa bildi, nə də vəsait. Yubiley təntənəsindən cəmi bir ay sonra- 1912-ci il yanvarın 9-da Tiflisdə vəfat etdi.

Göründüyü kimi burada Şeyxülislamın çıxış etməkdən başqa heç bir rolu olmayıb.

İkinci məsələyə gəldikdə isə, Mirzə Fətəlinin öz yaradıcılığı ilə, xüsusilə də "Kəmalüddövlə məktubları" və ondan sonra yazdığı fikirlər və dinə qarşı çıxması ilə istər din xadimləri, istərsə də dindarların təsiri altında olan yerli əhali tərəfindən köklü şəkildə yamanlandığı bildirilir. Eyni fikir hakimiyyət orqanlarına da aid edilir. Çünki kəşfiyyatı yaxşı işləyən çar üsul idarəsi, həqiqətən də, ola bilməzdi ki, bu əsərin Mirzə Fətəlinin qələmindən çıxdığından (bu əsər haqqında ətraflı sonrakı çalışmalarımda yazacağam- Elnur), eyni zamanda da ondakı inqilabi çağırışlardan bixəbər olaydı. Çünki bu əsər təkcə İran dövlətinin yox, həm də ümumilikdə ictimai quruluşun tənqidinə yönəlmişdi. Bu əsərdə İran və Hindistan həqiqətlərindən söhbət getsə də, əslində, bütün yazılanlar, hakimiyyət orqanları, cəmiyyətin qüsurları, insanların vəziyyəti və dolanışığı ilə bağlı deyilənlər Rusiyanın təsiri altında olan ölkələrə də çox asanlıqla aid edilə bilərdi.

Ona görə də bu əsər nə Rusiyada, nə də Avropada nəşr oluna bilməzdi.

Mirzə Fətəlinin məzarı Tiflisdə Fətəli xan Xoyskinin məzarı ilə yan-yanadır. İmam Mustafayev Gürcüstan rəhbərliyinin M. F. Axundzadənin məzarına hörmətlə yanaşmamasına görə M. F. Axundzadənin məzarını Tiflisdən Bakıya köçürmək istəmişdi. Bu xüsusda hörmətli tarixçimiz Cəmil Həsənli yazır: “1957-ci ilin mart ayının 10-da bazar günü, Azərbaycan SSR yerli sovetlərinə seçkilərdən dərhal sonra İ. Mustafayev Tiflisə, Zaqafqaziya hərbi dairəsinin hərbi şurasının iclasına çağrılmışdı. İ. Mustafayevin Tiflisə səfəri M. F. Axundzadənin 145 illik yubileyi ərəfəsinə təsadüf edirdi ki, bu böyük mütəfəkkirin həyatının xeyli hissəsi bu şəhərlə bağlı idi. 1957-ci ildə M. F. Axundzadənin yubileyi ərəfəsində respublika rəhbərliyi məlumat almışdı ki, onun məzarı Tiflisdə son dərəcə bərbad vəziyyətdədir. İ.Mustafayev belə hesab edirdi ki, Gürcüstan rəhbərliyi M. F. Axundzadənin məzarına sayğı ilə yanaşmır. M. İbrahimov vəziyyətlə tanış olmaq üçün Tiflisə ezam olunmuşdu və məlum olmuşdu ki, doğurdan da məzar baxımsız vəziyyətdədir. Məsələ rəhbərliklə müzakirə olunan zaman əvvəl belə qərara alınmışdı ki, M. F. Axundzadənin məzarını Tiflisdən Bakıya köçürsünlər. Hətta Zaqafqaziya hərbi şurasının iclasında iştirakla bağlı İ. Mustafayevin Tiflisə səfəri ərəfəsində Nazirlər Sovetinin sədri, S. Rəhimova tapşırıq verilmişdi ki, məzarı köçürmək üçün maşın və Qazaxda xüsusi vaqon hazırlansın. M. F. Axundzadənin qəbirüstü abidəsinin qoyulması üçün təcili olaraq heykəltəraş İ. Zeynalova onun büstünün hazırlanması sifariş edilmişdi. Lakin Gürcüstan tərəfi Azərbaycan rəhbərliyinin narazılığını görüb təcili şəkildə M. F. Axundzadənin məzarının bərpasına başlamışdı. İ. Mustafayev Tiflisdə olarkən hərbi şuranın iclasından sonra Gürcüstan Nazirlər Sovetinin sədri Q. Çavaxaşvilinin və KP MK-nın ikinci katibi P. Kovanovun müşayiəti ilə M.F.Axundzadənin məzarına baş çəkmişdi, bərpa işlərinin başa çatdırıldığını görmüşdü və Gürcüstan Rəssamlar İttifaqında hazırlanmış qəbirüstü abidə ilə tanış olmaq üçün İttifaqın emalatxanasına getmişdi. Yalnız bundan sonra o, məzarın köçürülməsi fikrindən daşınmışdı və Gürcüstan rəhbərliyindən xahiş etmişdi ki, M. F. Axundzadənin məzarının bərpasından əvvəlki köhnə qəbir daşı muzeydə saxlanmaq üçün Azərbaycana verilsin. Gürcüstan tərəfi buna etiraz etməmişdi. İ. Zeynalova sifariş edilmiş büst isə az sonra M. F. Axundzadənin doğulduğu Şəki şəhərində qoyuldu”.

Buna da bax: Seyid Əzim Şirvaninin ailəsinin qürbətdəki taleyi [Yeni araşdırma]

M. F. Axundzadənin Şəkidəki evinin önündəki büstü.
M. F. Axundzadənin Şəkidəki evinin önündəki büstü.

Mirzə Fətəli Axundovun məzarı başına onun 200 yaşının tamam olmasından bir-iki gün sonra gedən gənclər isə qəbrin üstünü bomboş görüblər. Bu xüsusda hörmətli jurnalistimiz Günel Mövlud müsahibə verərkən deyirdi: “Ən azından, qəbrin üstü gül-çiçəklə dolmalıydı. Gürcüstana gündə nə qədər azərbaycanlı gedib-gəlir. Tbilisidə onun adını daşıyan məktəb var. Məncə, heç olmasa onlar Mirzə Fətəlinin qəbrini ziyarət etməliydilər.

Məzarlar yaxşı yerdədir. Mənzərəlidir. Botanika Bağı deyilən yerdədir. Bizim Botanika bağından daha səliqəli, daha gözəldir. Qaldı məzarların necə qorunmasına, məncə, bu artıq Azərbaycan dövlətinin, ictimaiyyətinin, ziyalılarının problemidir. Bu işlə onlar məşğul olmalıdır. Qəbir daşları olduqca köhnədir. Ətrafını alaq basıb. Tam baxımsız və səliqəsiz. Vaxtımız olmadı. Yoxsa uşaqlara təklif edəcəkdim ki, alaqları təmizləyək".

Yazıçıların hamısı intizamlı və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan, planları, konspektləri, qeydləri tələf etmişlər. Bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdsur. M. Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır.

1927-ci ilin axırlarında Azərbaycan İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalı oğlu tez-tez Tbilisiyə nümayəndə göndərir, İ. TağıyevƏziz Şərifin köməyi ilə M. Fətəlinin nəvəsindən yazıçının bütün əlyazmalarını almağa ciddi səy göstərirdi. Bu dövrdə əlyazmalarını səliqəyə salmaq, onlar barədə müəyyən təsəvvür əldə etmək üçün Fətəli (nəvə) yaxın tanışı şərq dillərinə dərin bələd olan Cahangir Qaibovun və dostu İ. Yenikolopovun köməyinə müraciət edir. Fətəli (nəvə) ərəb əlifbasını bilmirdi, ixtisas etibarı ilə mühəndis idi. M.Fətəlinin arxivini Zeynal Əliyev, İşxanov və başqalarından ibarət komissiyanın Bakıya apardığı vaxtadək Əziz Şərif əlyazma, sənəd və materialları gözdən keçirir, müəyyən qeydlər aparır, böyük ədib haqqında ilk məqalələrini yazır. M. F. Axundzadənin zəngin arxivinin bir ədəbiyyatşünas kimi ilk tədqiqatçısı Əziz Şərif olmuşdur. O, "Keçmiş günlərdən" kitabında yazır: "İlk dəfə Mirzə Fətəlinin mənim nəzərimdə müqəddəs "məxzənül-əsrar" (sirlər xəzinəsi) olan sandığını açıb, içindəki dəftər-kağız əlyazmaları ilə tanış olmaq səadəti mənə 1927-ci il dekabrın 25-də qismət oldu"

Bu haqda müasir dövrün tədqiqatçıları yazırlar: “Nəvə Fətəli Axundzadənin arvadı əslən yəhudi qızı olan və Meri adı ilə çağırılan Mariya Sergeyevna Mirzə Fətəli Axundzadə ilə bağlı bəzi ev əşyalarını muzeyə bağışlamışdır. Nəvə Fətəli repressiya olunacağını hiss edərək atası tərəfindən ona ötürülmüş və yazıçının əlyazmalarının qorunduğu mücrünü MQU-nun direktoruna ötürür. Və yazıçının nəvəsi, həqiqətəndə, 1938-ci ildə repressiya olunur. Onun sonrakı taleyi ilə bağlı başqa heç bir məlumat yoxdur”

Bu kiçik çalışmamda toxunmaq istədiyim bir məsələ də Mirzə Fətəlinin "Sərgüzəşti -vəziri-xani Sərab" əsəridir.

Yusif Vəzir Çəmənzəminli yazır: “Şahzadə Cəlaləddin Mirzə İran tarixinə dair yazdığı "Nameyi-Xosrovan" adlı əsərindən bir nüsxə Mirzə Fətəliyə göndərir. Mirzə Fətəli də əvəzində komediyalarını göndərib, Cəlaləddin Mirzədən farscaya tərcümə olunmasını arzu edir. Mirzənin əsərləri bir müddət şahzadənin dolabında yatıb qalır. Bir gün Cəlaləddin Mirzənin xüsusi katibi Mirzə Cəfər Qaracadaği dolabı eşərkən Mirzə Fətəlinin kitabına rast gəlir, götürüb böyük bir maraqla oxuyur və "Molla İbrahimxəlil kimyagər"i farscaya tərcümə edib, şahzadəyə təqdim edir. Şahzadə tərcümədən məmnun olur. Mirzənin bütün komediyalarını farscaya tərcümə olunmasını arzu edir. Mirzə Cəfər Cəlaləddinin arzusunu yerinə yetirir və Mirzə Fətəlinin əsərləri 1872-ci ildən başlayaraq litoqraf üsulu ilə basılmağa başlayır. 1874-cü ildə ayrı-ayrı çap olub, bitən komediyalar toplanıb bir kitab şəklində dünyaya çıxır. "Sərgüzəşti -vəziri-xani Sərab"ı nədənsə Mirzə Cəfər "Sərgüzəşti vəziri-xani-Lənkəran" deyə tərcümə edib. Mirzə Cəfərə istinad edən avropalılar da "Sərab" əvəzinə "Lənkəran" işlədirlər.

1882-ci ildə W.Haggard və W.Strange "Sərgüzəşti-vəziri-xani-Sərab"ı farscadan ingiliscəyə tərcümə edib Mirzə Cəfərin mətni ilə bərabər "The vazir of Lankoran" ünvanı altında Londonda təb edibidlər”

Yuxarıdada qeyd edildən Mirzə Fətəlinin "Sərgüzəşti -vəziri-xani Sərab" adlı əsərinin adı sonralar mübahisələrə yol açmışdır. Məsələn, Mənbələrdə oxuyuruq: “..Yaranma tarixi, tərcümələr və nəşri[redaktə | əsas redaktə] Əsər Hicri-qəməri təqvimi ilə 1267-ci ildə yazılıb, yəni 1851-də. Komediyanın ilk öncə adı "Sərab xanlığının vəzirinin macəraları" idi. Elə bu adlada 1853-cu ildə əsər "Qafqaz" qəzətində nəşr olunmuşdur. Elə bu ildədə ədəbin öz tərcüməsində Tiflis şəhərində komediya "Mirzə Fət-Əli Axundovun hekayə toplumu" adlı toplumda çap edilmişdir.

1850 (1851)-ci ildə Axundzadə bu komediyanı fars dilində yazmış və "Lənkəran xanlığının vəzirinin macəraları haqqında povest" adında əsərlər toplumuna əlavə etmişdi. Buna istinad edərək, bir sıra qərbi avropa şərqşünasları hesab edirdilər ki, əsərin adını əsərin tərcüməçisi Mirzə Məhəmməd Cəfər Qaracadaği dəyişib. Azərbaycanlı axundçularda uzun zaman bu fikirdə idilər. Amma bəzi tədqiqatlardan sonra sübüt olunduki Mirzə Məhəmməd Cəfər Qaracadağa adı bilavasitə Axundzadənin məsləhəti ilə dəyişdirib. Adını dəyişilməsinə səbəb onda idi ki, əsər dəniz kənarında olan şəhərdə başlayır və bitir, Sərab şəhəri isə dənizdən uzaqdadı. Bu məlumatın mənbəsi isə Axundzadənin publisist Mirzə Yusif xana 17 dekabr 1873 ildə göndərdiyi məktubundadı "Əziz tərcüməçiyə deyinki, hər yerdə "Sərab xanlığının vəziri macəraları haqqında" adını "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" dəyişsin.. Sərab səhv yazılıb, Lənkaran yazmağ lazımdı, çünki Sərabda dəniz yoxdu". Mirzə Yusif xan bu istəyi tərcüməçiyə çatdırdı, və o, adını dəyişdi. Bundan sonra hekayə "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" adı ilə çap olunmağa başlandı.1928-ci ildə əsər ayrıca kitab şəklində buraxılmışdır”.

Əvvəla Axundzadə bu komediyanı fars dilində yazmamışdır. İkinicisi, müasir oxucu Mirzə Fətəlinin əsərlərini orijinaldan oxusa heç bir şey başa düşə bilməz. Ona görə də biz Mirzə Fətəlinin Mirzə Yusif xana göndərdiyi məktubun doğru tərcüməsinə əmin ola bilmərik. Mən belə düşünürəm ki, bu əsərin adının dəyişdirilib "Lənkaran xanlığının vəzirinin macəraları haqqında" edilməsi müstəqillik dövrümüzün alimlərinin özlərindən uydurduğu bir şeydir. Əgər həqiqətən Mirzə Fətəli belə bir məktub yazıbsa da o yuxarıda da qeyd edildiyi kimi coğrafi ərazini (dəniz) nəzərdə tutub.

Bu əsərin adı "Sərgüzəşti -vəziri-xani Lənkəran" ola bilməzdi. Çünki tarixdə Lənkəran xanlığı deyilən bir xanlıq olmayıb. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ində, Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində, Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbərnamə”sində, bölgənin təsvirini hazırlamış rus arxeoqraflarının materiallarında bu xanlığın adının “Talış xanlığı” olduğu göstərilir. Başda Şəki xanlığı olmaq şərtilə (Şəki xanlığının tarixini 1743-cü il kimi göstərirlər. 1746-cı ildə Şəkini İran canişini Məlik Cəfər idarə edirdi. Şəki xanlığı 1819-cu ildən sonra 1826-cı ildə 3 ay mövcud olmuşdur. Şəki xanlığı 1747-1819; 1826 illərdə mövcud olmuşdur. - Elnur) bütün xanlıqlar Nadir şahın ölümündən sonra yaranmışdı.

Bundan başqa Cəfər Cabbarlı, Sultan Məcid Qənizadə də bu əsəri "Sərgüzəşti -vəziri-xani Sərab" adlandırmışlar. "Lənkəran xanının vəziri" tamaşası Novruz bayramı münasibətilə hazırlanıb. İlk tamaşa mart ayının 10-da, 1873-cü ildə "Nəciblər klubu" binasında ("Sobraniye" binası da adlanıb) göstərilib. Afişada da əsərin adı "Sərgüzəşti-vəziri-xani Sərab" yazılıb.

Azərbaycan opera müğənnisi, aktyor Hüseynqulu Sarabski (1879 – 1945)
Azərbaycan opera müğənnisi, aktyor Hüseynqulu Sarabski (1879 – 1945)

İkinci bir məqam isə Hüseynqulu Sarabski ilə bağlıdır. İddia olunur ki, o, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundzadə "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundzadə əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi.

Hüseynqulu Məlik oğlu Rzayevin "Sarabski" təxəllüsünü, soyadını M.F.Axundzadənin "Sərgüzəşti -vəziri-xani Sərab" əsərindən götürməsi məntiqəuyğun olsa da, bir çox etibarlı mənbələrdə öz təsdiqini tapmır. Beləki, Azərbaycan Xalq Cümhuriyyəti Esiklopediyasında yazılıb və bildirilir ki, əslən cənubi Azərbaycanın Sərab mahalından olduğu üçün "Sarabski" soyadını qəbul etmişdi. Sarabski 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdindəki opera truppasının solisti olmuş, həmin il ilk Azərbaycan operası "Leyli və Məcnun"da (Ü.Hacıbəyov) Məcnun partiyasını müvəffəqiyyətlə ifa etmişdir. Bu partiyada o, 400 dəfədən artıq çıxış etmişdir (sonuncu dəfə 1941-ci ildə).

Təqdiqatçı Elnur Musayev Bədəl
Təqdiqatçı Elnur Musayev Bədəl

Bu kiçik çalışmanı Cəlil Məmmədquluzadənin sözləri ilə bitirirəm... Mərhum Mirzə Fətəlinin "ruhundan" üzr istəyirik!

Elnur Musayev Bədəl

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG