Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Pensiya yaşına qədər yaşamaq...


Azərbaycan artilleriyası
Azərbaycan artilleriyası

23 il öncə keçirilən Horadiz əməliyyatı, pensiya yaşının artırılacağına dair müzakirələr və Azərbaycanı bürüyən saxta mallar bu gün medianın aparıcı mövzusudur...

UĞURLU HORADİZ ƏMƏLİYYATI

«Azərbaycan» qəzetində «Horadiz əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazılıb» sərlövhəli məqalədə 23 il öncə Qarabağ cəbhəsində gedən döyüşlərdən bəhs olunur.

Məqalədə xatırlanır ki, bu əməliyyat 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilib. Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi Ermənistan Silahlı Qüvvələrindən təmizlənib.

Müəllif yazır ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda dönüş başlanıb və Horadiz əməliyyatı həmin dönüşün məhsuludur: «Azərbaycan ordusu 1994-cü ilin yanvarında həyata keçirilən və ölkənin hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatının uğuruna ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərə güclü ruh yüksəkliyi verməsi nəticəsində nail olub».

Məqalədə qeyd edilir ki, məsələ təkcə yaşayış məntəqələrinin azad olunması ilə yekunlaşmayıb. Azad olunan ərazilərdə infrastrukturlar bərpa olunub.

Daha sonra məqalədə vurğulanır ki, 2003-cü ildə İlham Əliyevin prezident seçildiyi dönəmdən bu yana qaçqınlara 17 qəsəbə salınıb: «Horadiz qəsəbəsinə şəhər statusu verilib, dağıdılmış minlərlə ev bərpa edilib».

Bazarda saxta ətirlər.
Bazarda saxta ətirlər.

SAXTA MƏHSULLARIN BAZARI...

«Exo» qəzetində «Azərbaycan saxta məhsullara ildə 200 milyon manat xərcləyir» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib: «Azərbaycan mağazalarında ildə saxta məhsullara 200 milyon manat xərclənir. Bir qayda olaraq, əsasən, kosmetika, ətir, yüngül sənaye, dərman və alkoqol məhsulları saxtalaşdırılır».

Ekspert hesab edir ki, istehlakçılar bu saxta məhsulları məhz savadsızlıqları və nisbətən ucuz olmaları üzündən alırlar.

N.Ağayev deyib ki, saxta məhsullar içində spirtli içkilər üstünlük təşkil edir.

Eyni zamanda ekspert ətriyyat məhsullarının da üzərində dayanır. Konyak, Fransa istehsalı olan ətirlər adı ilə bəzən elə şeylər satılır ki, qiymətindən onun saxtalığını həmin an anlamaq olur.

Digər ekspert Eyyub Hüseynov da deyib ki, dünyanın məşhur brendlərinin adı ilə saxta məhsullar Bakının mərkəzində satılır: «Daha çox geyimlər və ayaqqabılar saxtalaşdırılır. Belə ayaqqabıların 30 faizi saxtadır. Bu hala qarşı hazırda çox az olan yerli brendləri inkişaf etdirməklə mübarizə aparmaq mümkündür. Yalnız bu halda saxta məhsullara ehtiyac qalmaz».

Saxta ətriyyat üzündən bütün ölkələrin əziyyət çəkdiyini deyən ekspert dünya parfümeriya bazarının 10 faizini belə saxta məhsulların tutduğunu bildirir.

E.Hüseynov qeyd edir ki, bütün dünya bazarını dolduran saxta ətriyyat məhsullarının 70 faizi Çində istehsal olunur.

Pensionerlər.
Pensionerlər.

PENSİYA YAŞI ARTIRILA BİLƏR

«Novoye Vremya» qəzetində isə «Pensiya yaşına qədər yaşamaq: ekspertlər təqaüd yaşının artırılması barədə» sərlövhəli məqalə diqqət çəkir.

Yazının girişində qeyd edilir ki, yenidən Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı müzakirələr gedir. Bu da təsadüfi deyil. Milli Məclisə «Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər nəzərdə tutan layihə daxil olub.

Yazıda vurğulanır ki, layihəyə 2017-ci ilin yaz sessiyasında baxılması gözlənilir: «Bir tərəfdən pensiya yaşının artırılması ölkə büdcəsinə təzyiqləri aşağı salır. Digər tərəfdən isə gənc mütəxəssislərin, ali məktəb məzunlarının işlə təminatına problem yaradır. Nəzərə almaq lazımdır ki, doğum halları ilə müqayisədə ölüm halları həmişə az olur. Yaş senzinin qaldırılması istənilən ölkənin cəmiyyətində müəyyən problem və qıcıqla qarşılanır. Ən əsası isə ölkənin inkişaf sürəti azalır».

Ekspert Vüqar Bayramlı da yaş senzinin qaldırılmasını mənfi addım adlandırır: «Kişilər üçün yaş senzinin 65 yaşa qaldırılması sosial baxımdan olduqca ədalətsizlikdir. Bir çox ölkələrlə müqayisədə Azərbaycanda orta ömür müddəti qısadır».

Ekspert Oqtay Haqverdiyev isə deyir ki, özəl pensiya fondları yaratmaqla bu problemi çözmək olar: «Pensiyaçıların sayı artır, dövlətin pensiya ödəməsi çətinləşir, buradan da yaş həddini qaldırmaq söhbətləri ortaya çıxır».

XS
SM
MD
LG