Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:01

'Bu gün atəşkəs pozulmamalıydı 1 dəfə pozulub'


Şri-Lankada müharibə haqda küçə qrafiti.
Şri-Lankada müharibə haqda küçə qrafiti.

Azər Əhmədov

Şeirlər

Omahanın qədim hissəsində

maşından düşüb

leysan yağışın altında

balaca suvenir dükanına qaçıram

.

burda bir gözəl küçə vardı

at fayton da vardı

beş il bundan qabaq olmuşdum

tanımırsız?

restoran da vardı

yaxşı spaqetti olurdu

şüşəli restoran idi

.

satıcı qız heyrətlə üzümə baxıb

yooxxx tanımıram yoox

deyir

.

təzədən çap-çapla geri qaçıb

maşına oturub açarı buranda

ağlıma gəlir ki

beş nədir

on beş il əvvəl olmuşam

axırıncı dəfə Omahada

.

düz on beş ildir

.

onu hələ də

hərdən-hərdən xatırladığım

beş il

sonra da tamam unutduğum

on il

.

Buna da bax: İçim axıb çölə dolmağa yer axtarır, sənin də için yoxdur ki…

Cəbhədən xəbərlər

Bu gün atəşkəs 13 dəfə pozulub

Bu gün atəşkəs 144 dəfə pozulub

Bu gün atəşkəs 1 dəfə pozulub

Bu gün atəşkəs 1597 dəfə pozulub

Bu gün atəşkəs pozulmamalıydı 1 dəfə pozulub

Bu gün atəşkəs pozulmalıydı 1 dəfə pozulub

Bu gün atəşkəs 2 dəfə pozulub

Bu gün atəşkəs 3 dəfə pozulub

Michael Maestlin

Məmələr

Bu gün atəşkəs yenə 13 dəfə pozulub

Ayı qoxusu

.

Önündəki qadın kəskin dönüb

burdan ayı qoxusu gəlir demiş

dəstədəkilər də duruxaraq

əvvəl qorxu içində ətrafa boylanmış

sonra da heç nə olmayıbmış kimi

təpənin başına dırmaşmağa

davam etmişdilər

.

o isə bütün günü

indi yatağa girəndə də

başından çıxarda bilmirdi

.

ayı qoxusu necə olur?

.

gözlərini yumar-yummaz

təsəvvüründə canlanaraq

iki ayağı üstdə dik durub

qarşısında dayanmışdı

.

ayaqlarını aralı qoymuş

qollarını yanına sallamışdı

dırnaqları uzun və iti

enib-qalxan sinəsi tərliydi

alnının qılları

gözünün üstünə düşmüş

başını sağa-sola çevirir

qollarını budlarına və yanlarına sürtür

dırnaqları uzun və qırmızı

həyəcandan enib-qalxan sinəsinin

ortasıyla aşağı tər axırdı

nəfəsilə gözünün üstünə düşən

telini yana itələyir

baxışlarını gizlətməkçün

gözlərini sağa-sola çevirirdi

dodaqları susuzluqdan çatlamış

və dop-dolu

Buna da bax: Azər Əhmədov: Los Angeles-dən Fargoya qədər səyahət

Əziz redaktor

siz bu gün çıxışınızda dediz ki

xüsusi sözlər var

onlari şeirdə görəndə

həmən oxumağı dayandırırsız

.

mən də eləyəm, məsələn

darıxmaq, unutmaq, qadın sözlərini gördümsə

şeirin gerisini oxuya bilmirəm

.

siz babam sözünü misal gətirdiz

mən elə ordaca

oğrun-oğrun sağ-soluma boylanıb

dizimin üstündəki qovluğun içindən

təzə yazdığım şeirin

əlyazmasını tapdım

tələsik

harda babam sözü vardısa (düz dörd yerdə)

üstündən qırmızı xətt çəkdim

.

Can Yücel deyir ki, hayatta ben en çok babamı sevdim

(mənim dədə dediyimə baba deyir o, baba dediyimə də dədə)

mən həyatda ən çox babamı sevmişəm

ümidliydim ki, oxucu şeirimi oxuyub

babası üçün darıxıb düşünəcək

darıxmaq sözünü bir dəfə də olsun işlətməsəm də

amma indi babam sözünü də məcburən pozdum

.

Rasim Qaraca deyir ki, atam öldü ölümlə təkbətək qaldım

mənim babam ölüb

bu şeirlə təkbətək qalmışam

bimirəm necə bitirim

.

Billy Collins deyir ki

ideya ağlına gəldimi həmən şeiri başlayır

sonra günün sonuna qədər

birtəhər bitirməyə çalışır

bax əgər mən

indi yerimdən qalxıb pəncərədən bayıra baxsam…

neçə şeir deyərəm sizə ki

orda pəncərədən bayıra baxırlar

.

W.S.Merwin’in kiçik bir şeiri var

xəbər gəldi ki çox uzaqlardakı dostum ölür

pəncərədən bayıra baxdım

yaz otları arasında balaca çiçəklər çıxmışdı

və mən o çiçəklərin adını heç cür xatırlaya bilmirəm

illər öncə bu şeiri oxuyub əsla təsirlənmədən

işə getmişdim

gün boyu

şeiri başımda atıb-tutub

özüm də bilmədən

tamam hopdurmuşdum canıma

axşam işdən evə dönəndə

bir daş kimi asılmışdı ürəyimdən…

.

mən elə dünən xəbər almışam ki

uşaqlıq dostum Aqil ağır xəstədir

tutqun bir payiz günü

onunla bizim evdə

şirinçayla yağ dürməyi yeyib

növbəti günü də birlikdə keçirməkçün

Aqilgilin

kəndin ayağındakı

evlərinə getməyimiz yadıma düşür

.

Çəpərin ayağında

babam qarşımıza çıxdı

bizə nəsə xoş söz dedi

ötüb keçəndən sonra

çöndü başqa bir xoş söz dedi, sataşdı

o səhnə barədə hər şey yadımdadır

babamla aramızdaki məsafə

qaş-gözünün ifadəsi

çiynində yaba tutmağı

yanında dayandığı daş armud

Aqillə mənim məzə ilə

bir az da cırnamış

bir-birimizə baxmağımız…

ikimizin də quqqulu papağımız vardı

mənimki firuzəyi rəngdəydi

onunku zoğalı

amma bu qədər bol təsvirli olsa da

səssiz filmlərdəki kimi

səs yoxdur bu xatirə səhnədə

.

Azər Əhmədov.
Azər Əhmədov.

Babam nə deyirdi bizə?

əgər bir gün o səsi eşidə bilsəm

şeiri bəlkə də bitirə bilərəm

siz şeirdə səs eşitməyi xoşlayırsızmı

əziz redaktor?

XS
SM
MD
LG