Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:03

"'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı


"Azərbaycanfilm" kinostudiyası
"Azərbaycanfilm" kinostudiyası

Bir neçə gündür ki, Peşəkar Rejissorlar Gildiyasının facebook səhifəsində son dərəcə gərgin müzakirə başlayıb. Müzakirələrin əsas obyekti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və onun rəhbərliyidir. Müzakirəyə qoşulan rejissorlar və prodüserlər konkret olaraq direktor Müşfiq Hətəmovu sözügedən dövlət müəssisəsində inhisarçılıq yaratmaqda, qohumbazlıqla məşğul olmaqda ittiham edirlər. Bu vaxta qədər pərdə arxasında səsləndirilən narazılıqlar ilk dəfə açıq müzakirəyə çıxarılıb.

Oxu zalı hazırda kino sahəsində fəal yaradıcılıqla məşğul olan, müxtəlif vaxtlarda kinostudiya əməkdaşlıq etmiş və heç vaxt əməkdaşlıq etməmiş rejissorlar və prodüserlərlə əlaqə saxlayaraq səslənən ittihamların əsaslı olub-olmadığını araşdırmağa çalışıb.

Sözügedən müzakirələrin aktiv iştirakçılarından biri, rejissor Əli İsa Cabbarov dövlət studiyalarında inhisarçılığın mövcud olduğunu təsdiqləyir:

“Ölkə prezidentinin “2008-2018-ci il kinonun inkişafına dair dövlət proqramı”nda özəl studiyalarla dövlət studiyalarının bərabər hüquqlu olması və özəl prodüser şirkətlərinin inkişafı nəzərdə tutulub. Ancaq təəssüf ki, son beş ildə bu bəndə əməl olunmayıb, özəl prodüser şirkətləri maliyyələşdirilməyib, inkişaf da getmir. Halbuki on il qabaq müstəqil prodüser şirkətləri öz layihələri üçün dövlətdən maliyyə ala bilirdi. Prodüser şirkətlərinin dövlətdən dəstək almaması rəqabətliliyi öldürür. Özəl studiyaların mütləq dövlət studiyaları ilə eyni qaydada layihələr təqdim etmək hüququ olmalıdır və tender yolu ilə seçim aparılmalıdı. Münsiflər tərəfindən bədii keyfiyyəti yüksək qiymətləndirilən layihələr dəstəklənməlidir”.

Rejissor Əli İsa Cabbarov.
Rejissor Əli İsa Cabbarov.

Rejissor deyir ki, müzakirələrin, məhz, indi başlanmasının səbəbi bu il dövlət büdcəsindən kinematoqrafiyaya ayrılan maliyyənin azalmasıdır: “İndi başlayan müzakirələrin səbəbi isə bu il dövlət büdcəsindən kinoya ayrılan maliyyənin azalmasıdır. Mən buna çox sevinirəm. Maliyyənin azalması istər-istəməz sağlamlaşma aparacaq. Amma sual yaranır: maliyyə bol olanda hazırda mövcud olan vəziyyətlərə düşməmək üçün hansısa addımlar atdıqmı, özümüzü sığortaladıqmı? Yox. Dövlət studiyalarında prodüserlər yetişmədi. Prodüser ideyanı inkişaf etdirən, onun ətrafında komanda yığan və layihəni sona çatdıran insandır. Təəssüf ki, dövlət studiyalarında bu insanlar yoxdur, dəvət də olunmur, yetişdirilmir də. Dövlət studiyalarında istehsalata buraxılan layihələr müstəqil məlliflərə məxsusdur, amma onlar məcburiyyət qarşısında kinostudiyada film çəkirlər. Studiyanın direktorunun avtomatik baş prodüser olması absurd, filmin keyfiyyətinə zərərli praktikadır. Filmin layihə olaraq təşəbbüskarı, ideya müəllifi direktor deyilsə, niyə o, baş prodüser olmalıdı? Üstəlik də bu iş üçün lazım olan peşəkar biliklərinin və istedadının olmadığını ozün də etiraf edirsənsə. Hələ rəhbər olduğun studiyadan əlavə başqa dövlət şirkətlərinə nəzarət etmək iddiasındasan.

Buna da bax: Ermənilər sovetdənqalma "Armenfilm"i dirçəltməyə çalışır

Bilirsiniz, söhbət təkcə dövlət, ya da özəl studiyadan getmir, əsas problem bir studiyanın, onun direktorunun monopoliyasıdır. Bütün dunyada olduğu kimi Azərbaycanda kinonun keyfiyyətinə prodüser cavabdehdir. Layihələr prodüserlərə etibar olunmalıdı və film uğursuz, keyfiyyətsiz alınarsa, prodüser cavab verməlidi. Bizdə isə Dövlət istehsalı olan filmləri həm yaradıcı, həm də istehsalat biliklərini birləşdirən, kreativ peşəkarlara etibar etmirlər. Kinomuzda belə peşəkarlar var, sadəcə dövlət vəsaiti onlara etibar edilmir. Məsələn, İlqar Nəcəfin “Buta” filmi birgə istehsaldı. İlqar Nəcəf də vəsait qoyub ora, “Azərbaycanfilm” kinostudiyası da. Amma indi çəkdiyi film - “Nar bağı” bütünlüklə dövlət studiyasına məxsusdu. Eləcə də İlqar Saffat ilk filmini öz studiyasında çəkmişdi, amma ikinci filmini kinostudiyada çəkməyə məcbur edildi. Tək-tük hallar var. Bir qayda olaraq sənədli filmlərdə. Məsələn, mənim prodüseri və rejissoru olduğum sənədli film təmsil elədiyim özəl şirkət və Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Amma bu proses tendensiya olaraq mövcud deyil. Yəni əvvəllər “Sınaq film”, “Bizim Kino”, “Ritm production”, “Buta Film” intensiv sifarişlər alırdılar. Artıq elə deyil. Bu, dövlət proqramının konsepsiyasına uyğun deyil”.

Rejissor və prodüser Teymur Hacıyevsə kinoya məsul rəsmi strukturlarla heç vaxt işləmədiyini və sadalanan ittihamlarla bağlı konkret faktları olmadığını deyir. Bununla belə Teymur Hacıyev kinostudiyanın, bu vaxta qədər keyfiyyətli, dünya çapında bir məhsul ortaya qoymadığını da vurğulayır:

Rejissor və prodüser Teymur Hacıyev.
Rejissor və prodüser Teymur Hacıyev.

“Mənim münasibətim bəllidir. Mən Azərbaycanda kinoya məsul olan rəsmi strukturlarla heç vaxt işləməmişəm. Müstəqil kino ilə məşğul oluram və bundan sonra da fəaliyyətimə bu istiqamətdə davam eləməyi düşünürəm. Ona görə də sadaladığınız ittihamlarla bağlı konkret faktlarım olmadığından bir şey söyləyə bilmərəm. Amma bilirəm ki, kinostudiyada, həqiqətən də, keyfiyyətli, dünya çapında heç nə istehsal edə bilmirlər. Əgər səbəbləri bu ittihamlardısa, onda faktları göstərsinlər, biz də bilək. Mən nəticəyə baxıram və görürəm ki, dövlət kino müəssisələri ortaya keyfiyyətli məhsul çıxarda bilmirlər, müəlliflərin işlərinə müdaxilə olunur, layihələr bərbad hala salınır. Elə buna görə də mən əvvəldən öz gücümlə, az büdcə işləməyə qərar vermişdim, təki bilim ki, öz layihəmin ağası özüməm. Digər tərəfdən sözügedən müzakirəni başlayan və iştirak eləyən insanlar öz layihələrini kinostudiyaya təqdim ediblər və maliyyə alıblar, indi isə keçmiş patronlarına qarşı çıxırlar. Bu bir az ikibaşlı vəziyyətdi. Ya bir adamı dəstəkləyib axıra qədər yanında olun, ya da gördüyünüz səhvləri əvvəldən deyin. Düşünürəm ki, yəqin indi kinoya büdcədən ayrılan maliyyə xeyli azaldığına, onların da maliyyələri kəsildiyinə kinostudiyanın direktoruna qarşı çıxmağa başlayıblar. Pul olanda susub otururdular. Əlbəttə, bu mənim fərziyyəmdi. Əmin olduğum bir şey var: əvvəl-axır bu problemlər, belə söhbətlər başlayacaqdı. Vəziyyətdən yeganə bir çıxış yolu var: yaradıcı insanlar- rejissorlar, prodüserlər müstəqil işləsinlər, heç kimdən asılı olmasınlar. Nazirliyə bağlı olmayan fonda və ya fondlara ehtiyac var, rəqabət yaranmalıdı. Rəqabət olmayanda belə situasiyaların yaranması labüddür”.

Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

Rejissor Elməddin Alıyev.
Rejissor Elməddin Alıyev.

Rejissor və prodüser Elməddin Alıyevin sözlərinə görə, dövlət kinostudiyasının hazırkı rəhbərliyi rejissorları istedadlarına görə yox, daha çox itaətkarlıqlarına görə seçir: “İncəsənətdə, xüsusilə də, kinoda monopoliya yaratmaq gələcək üçün böyük təhlükədir. Bu, bütün sistemi məhv eləmək deməkdir. Doğrudur, belə bir müzakirə olub. O müzakirələrdə yazılanları oxuyanlar özləri müəyyən nəticələr çıxarda bilərlər. Amma mən Azərbaycan kinosunda monopoliyanın hansı səviyyədə olduğunu faktlarla göstərmək istəyirəm. Kinostudiyanın rəhbərliyi, öz yaxınlarını, qohumlarını - kinoya aid olmayan, diletant insanları kino istehsalı prosesinə cəlb eləyib. Bu da kinonun inkişafına xeyli maneələr yarada biləcək amildi. İkincisi, nazirliyin balansında “Salnamə”, “Yaddaş”, “Azanfilm”, “Mozalan” kimi studiyalar vardı. Bu studiyalar nazirlikdən maliyyələşirdi və özləri filmlər istehsal eləyirdi. Kinostudiyanın rəhbərliyi bütün bu istehsalat proseslərinin hamısının qarşısını alıb və o studiyaların hamısına özü nəzarət eləməyə başlayıb. Bəzilərinin rəhbərləri dəyişib və nəticə olaraq onların hamısına kinostudiyanın rəhbərliyi nəzarət edir. Hamı da bunu bilir, gizli bir şey deyil. Üçüncü, kinostudiyanın rəhbəri rejissorları istedadlarına görə yox, daha çox itaətkarlıqlarına görə seçir və film çəkmələrinə imkan verir. Əgər hansısa bir məqamda onlarla razılaşmasan, bu, problemə gətirib çıxardır. Hər şeydə itaət tələb edirlər. Elə ssenarilərin seçimində şəffaflığın olmaması da həmin monopoliyanın nəticəsidir. Kinostudiyanın hazırkı direktoru gələnə qədər nazirlikdə özəl studiyaların inkişafı üçün müxtəlif layihələr həyata keçirilirdi, məsələn, “Bu meydan, bu ekran” müsabiqəsi kimi. Biz də həmin müsabiqədə iştirak eləmişik. Üç film çəkmişik – “Nəfəs”, Koramal”, “Qara qutu” filmlərini. Şəffaf, düzgün və normal işləyən bir layihə idi, bütün gənclər ondan bəhrələnə bilirdilər. Kinostudiyanın indiki rəhbərliyinin dövründə həmin layihə dayandırıldı. Niyə görə, hansı səbəblərdən - açıqlanmadı. O layihədən çıxan istedadlı rejissorlar hal-hazırda fəaliyyət göstərirlər”.

E.Alıyev problemin bu vaxta üzə çıxarılmadığı fikri ilə razılaşmır və bildirir ki, əvvəllər də rejissorlar arasında bu mövzuda müzakirələr aparılıb: “Bu barədə indiyə qədər aşkar danışılmırdı, çünki monopoliya birdən birə yaranmır, proses yavaş-yavaş gedir. Kinoda bu müddət beş il çəkdi. Mən deməzdim ki, bu vaxta qədər danışan yox idi. Danışılırdı, rejissorlar arasında müzakirəıər gedirdi, görürdük ki, proses nəsə düzgün istiqamətdə getmir. Amma artıq bıçaq sümüyə dirənib. Rejissorlarda ümid daha çox olur, hər zaman ümid eləyirik ki, bəlkə düzələr, bəlkə düzələr. Ancaq görürük ki, düzəlmək əvəzinə daha da ağırlaşır”.

Buna da bax: Neft qurtardı, film var

Rejissor kinostudiyanın əslində texniki baza kimi fəaliyyət göstərməli olduğunu deyir: “Dövlətimizin pullarının havaya sovrulmasının qarşısı alınmalıdır. Kinostudiyaya milyonlarla pullar ayrılır və hamısı boşa xərclənir. Mənim fikrimcə, kinostudiya texniki baza kimi fəaliyyət göstərməlidir. Ora ayrılan pullar özəl prodakşnlara, kino istehsalı ilə məşğul olan studiyalara verilsin. Bunun müxtəlif yolları var - ssenari müsabiqələri keçirilə bilər, qalib gələn layihəni təqdim edən prodakşnaonu reallaşdırmaqdan ötrü maliyyə ayrıla bilər. “Bu meydan, bu ekran” müsabiqəsi tipli layihələr hazırlamaqla prodüser kinosunu, özəl şirkətləri inkişaf etdirmək lazımdı,nəinki pulu kinostudiyaya verib o sistemdə batırmaq. Sistem dəyişməlidi ki, inkişaf olsun. Vəziyyət bu cür qalsa, kinomuz batmağa doğru gedir”.

E. Alıyev “doğrudanmı, bir nəfərin vəzifədən getməsilə nəsə dəyişə bilər?” sualına “bəli, məncə, nəsə dəyişə bilər. Çünki Azərbaycan kinosunda, məhz, səlahiyyətli şəxslərin öz yerində olmaması, həlledici vəzifələrdə peşəkarların oturmaması saydığım problemlərin yaranması ilə nəticələnib. Mən düşünmürəm ki, yaradıcı fikrə, duyğuya malik olan insan kino ilə belə davranardı. Ona görə də düşünürəm ki, bir şəxsin dəyişməsi kinoda müəyyən dəyişikliklərə səbəb olacaq. Kinomuzun bu dəyişikliklərə çox ehtiyacı var, başqa halda heç nə görmürəm və heç nəyə ümid eləmirəm”, - deyə cavab verir.

Rejissor Asif Rüstəmov.
Rejissor Asif Rüstəmov.

Müzakirənin ən aktiv iştirakçılarından biri olan rejissor Asif Rüstəmovun sözlərinə görə, hazırda “Azərbaycanfilm” kinostudiyasında istehsalat prosesi peşəkar meyarlara cavab verməyən insan tərəfindən idarə olunur: “Burda söhbət iş prosesindən gedir. Peşəkar meyarlara qətiyyən cavab verməyən, birlikdə işlədiyi insanların psixologiyasını bilməyən bir insan bu prosesi idarə eləyir və bunu hansı formada elədiyini kinostudiyada film çəkən hər kəs bilir. Bir-iki nəfər istisna olmaqla orda işini bitirən əksər rejissorlar “mən bir də orda işləməyəcəm” deyirlər. Bir məmur layihənin ərsəyə gəlməsində, inkişafında heç bir formada iştirak etmədiyi halda, nazirliyə təqdim olunan layihəni və maliyyəni alır, yaradıcı prosesə müdaxilə eləməyə, əslində isə mane olmağa başlayır. Nəticədə istehsalat prosesi prodüserlə mübarizəyə çevrilir. İnhirsarçılıq isə göz qabağındadı. Dövlətin kino istehsalına ayırdığı vəsaitdən bəhrələnən yalnız “Azərbaycanfilm” kinostudiyasıdı. Əvvəllər nazirlik, kinostudiya özəl kinoşirkətlərlə əməkdaşlıq eləyirdi. Düzdü, problemlər həmişə olub və olacaq, amma sağlam proses gedirdi. Bu, Müşfiq Hətəmov kinostudiyaya direktor təyin olunandan sonra dayandı. Bildiyim qədərilə nazirliyin indi də göstərişi var ki, 30% büdcə vəsaiti tapan şirkətin layihəsinə dərhal vəsait ayrılsın, dəstək verilsin. Amma faktiki olaraq bu baş tutmur. Məsələn, hal-hazırda bizim- yəni “Buta Film”in bir layihəsi vardı, 30% büdcəmiz də. Amma nədənsə birgə istehsala nail ola bilmədik. Bir neçə dəfə bunun üçün Müşfiq Hətəmova təkliflər eləmişdik, hər dəfə kinostudiyanın direktoru imtina eləmək üçün bir bəhanə tapırdı. Həm də gülünc bəhanələr – “bəzi insanlar bundan qəzəblənə bilər” tipli.

Buna da bax: Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır

Ümüumiyyətlə, kinostudiya istehsalatla məşğul olmamalıdı. Bu Azərbaycan Prezidentinin təsdiqlədiyi “Azərbaycan kinosunun inkişafına dair 2008-2018 Dövlət proqramında” da var. Amma kinostudya rəhbərliyi buna qarşı çıxır. Kinostudiya rekonstruksiya olunsa, Azərbaycan kinosu üçün çox böyük bir baza ola bilər. Ancaq yalnız baza - istehsalçı şirkət yox. “Azərbaycanfilm”dəki bu problemlərin əsas səbəblərindən biri də odur ki, kinostudiyanın direktoru kino xadimləri ilə dövlət qurumu – nazirlik arasında müxtəlif vasitələrlə çox böyük bir uçurum yarada bilib. Məsələn, bir neçə gündü ki, mən sosial şəbəkədə gedən müzakirədə aktiv iştirak eləyirəm və artıq eşidirəm ki, bütün bunları kinodan uzaqlaşdırıldığım üçün elədiyim barədə şaiyələr yayılıb. Ssenarilərimin oğurluq olduğunu iddia edir. Halbuki indiyə qədər heç vaxt bu barədə heç nə danışmamışdı. O, hər şeyi şəxsi zəminə yönəltməyə çalışır”.

Rejissorun fikrincə, kinostudiya direktorunun tutduğu vəzifədən uzaqlaşdırılması kinomuzun problemlərini tam həll eləməsə də, ən azından, qismən də olsa, sağlam mühit yarada bilər: “Müşfiq Hətəmova qədər də kinoda problemlər vardı və onun getməsilə möcüzə olmayacaq. Amma daha təmiz, sağlam mühit yaranacağını düşünürəm, problemlərin müzakirəsi asanlaşacaq, nəsə demək istəyən insanlara direktor “müxalifətçi, agent” donu geyindirə bilməyəcək”.

Prodüser İradə Bağırzadə kinostudiya ilə əməkdaşlığa iki il əvvəl son qoyduğunu və səslənən ittihamlar barədə konkret faktlara malik olmadığını deyir, amma hazırkı idarəetmə modelinin səmərəli olmadığını və milli kino sənayesinin islahatlara ehtiyacı olduğunu vurğulayır: “Mən yalnız əmin olduğum şeylər barədə danışa bilərəm. Mən kinostudiyada öz layihəm üzərində və müvəqqəti işləyirdim, iki il əvvəl ordan uzaqlaşmışam.

Mənə elə gəlir ki, kinomuzun islahatlara ehtiyacı var. Hazırda mövcud olan model səmərəli olmadı. Günbəgün kinostudiyanın məhsullarının keyfiyyəti daha da aşağı düşür və bu, heç kim üçün sirr deyil. Səbəblər? Çoxdur. Kinostudiya inkişaf pilləsində keçən əsrin ikinci yarısında qalıb. Ən əsas səbəb budur. Kinostudiyanın gözlənilən modernizasiyası baş vermədi. Və təbii ki, ordakı atmosfer... Bu gün kinostudiyada yalnız psixoloji cəhətdən son dərəcə güclü insan işləyə bilər. İş sistemi bunu tələb edir. Əsəb gərginliyi həddində işləməyə məcbursan. Rəhbərliyin əhval-ruhiyyəsi, fikirləri və vacib qərarları kortəbii şəkildə və kəskin dəyişə bilir. Bu hal işə çox mane olur. Yaradıcı insanlar həssas təbiətə malik olurlar. Onlara xüsusi yanaşma lazımdı. Ən əsası isə yaradıcı insanlar qeyri-səmimiliyi dərindən hiss edirlər. Atom səviyyəsində. Ancaq bu, sistemli olaraq hər kəsin başına gələndə indi mövcud olan vəziyyət yaranır. Düşünürəm ki, bu barədə düşünmək lazımdı. Mən artıq dəfələrlər bildirmişəm ki, bu gün kinostudiyanın yaxşı kino çəkmək potensialı yoxdur. Bundan ötrü yaradıcı atmosferi təmizləmək və təsadüfi adamları kinostudiyadan uzaqlaşdımaq lazımdır. Mən belə düşünürəm”.

Oxu zalı məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənib.

Ona qarşı sürülən ittihamlarla razılaşmayan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov iddiaların əsassız olduğunu, onun rəhbərliyi illərində deyilənlərin əksinə olaraq kinostudiyanın bir neçə uğurlu işə imza atdığını, xeyli sayda gənc rejissorun istehsalat prosesinə cəlb olunduğunu bildirir. M.Hətəmovun sözlərinə görə, dövlət kinostudiyasında istehsal olunan filmlərin titrlərində “baş prodüser” kimi təkcə onun adının yazılmağında qeyri-adi heç nə yoxdur: “Bu gün dünyada film direktoru anlayışı yoxdu. Əgər bir filmin titrlərində “prodüser” sözü yazılmayıbsa, o film o qədər də ciddi qəbul olunmur. Ona görə də “Azərbaycanfilm” kinostudiyasının direktoru olaraq orda çəkilən bütün filmlərin məsuliyyətini mən daşıdığıma, cavabdeh şəxs olduğuma görə prodüser kimi mənim adım yazılır”.

Buna da bax: "Kim ki "podxalimlik" edir, kino çəkmək imkanını da ona yaradırlar"

"Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov.
"Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov.

Kinostudiya direktorunun fikrincə, sözügedən müəssisə dövlətin aparıcı studiyasıdır və orda heç bir monopoliyadan söz gedə bilməz:“Azərbaycanfilm” kinostudiyasında heç bir monopoliya söhbəti ola bilməz, çünki bura dövlətin aparıcı studiyasıdır. Dövlət də, öz sifarişlərini, məhz, bu studiyaya verir. Vaxtilə mən nazirlikdə kino istehsalatı şöbəsində müavin işləyəndə bir çox özəl şirkətlərə filmlər sifariş verilmişdi. Yadınıza gəlirsə, “Bu meydan, bu ekran” müsabiqəsində qalib gələn layihələr və bir neçə tammetrajlı filmin istehsalını özəl kinoşirkətlər həyata keçirib. Nəticədə həmin filmlərin əksəriyyəti yarımçıq qaldı, texniki və maddi problemlər yaşandı. Bundan sonra qərara gəlindi ki, nə qədər ki, dövlət kinostudiyası var, dövlət öz sifarişlərini öz studiyalarına verəcək. Kinostudiyanın nəzdində fəaliyyət göstərən “Salnamə” studiyası ölkədə baş verən bütün hadisələrin xronikasının və sənədli filmlərin, “Yaddaş” studiyası sənədli filmlərin, “Azanfilm” studiyası animasiya filmlərinin, “Mozalan” studiyası ölkədə baş verən sosial-siyasi problemlərdən bəhs eləyən qısa sənədli və bədii satirik filmlərin çəkilməsinə məsuldur. Bu gün Azərbaycan kinosunda prodüser məktəbinin hələ formalaşmaması, özəl şirkətlərin bir çoxuna verilən vəsaitin özünü doğrultmaması nəticəsində müvəqqəti olaraq tək istehsalçının kinostudiya olması qərarına gəlinib. Yaranan problemlərin aradan qaldırılması, gələcəkdə müstəqil kinonun inkişafının təmin edilməsi üçün artıq yeni kino layihəsi, yeni normativ sənədlər, yeni “asan xidmət film çəkilişi” sisteminin yaradılması layihələri hazırlanıb Milli Məclisə təqdim edilib. Layihədə ən əsas bəndlərdən biri də odur ki, gələcəkdə dövlət kinostudiyasının xidmət şirkəti kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu gün ekranlara çıxan 19 filmdən, an azı, 10-u mənim və “Azərbaycanfilm”in müxtəlif formalarda dəstəyi ərsəyə gəlib. O filmlərin hamısının titrlərində mənə təşəkkür edilib. İkincisi, kinoşünaslar gecə-gündüz əsəbi halda yazırlar ki, Azərbaycanda kino yoxdur, kino yoxdur. Bəli, dövlət öz sifarişlərini “Azərbaycanfilm”ə, məhz, ona görə verir ki, peşəkar kino məktəbini qoruyub saxlasın. Buna görə də müxtəlif eksperimentlər həyata keçirilir, çoxlu rejissorlar dəvət olunur. Son dörd ildə 30-dan çox gənc “Azərbaycanfilm”də sınaqdan keçirilib. Onların içində, təbii ki, uğurlu və uğursuz nəticələr göstərənlər var. Bu gün artıq biz ən qabiliyyətli, ümidverici rejissorlarımızın kimlər olduğunu bilirik və onlarla əməkdaşlığımız güclənəcək. Bir də var oğrular. Ordan-burdan oğurlayırlar, heç bir nəticəsi də olmur, amma sosial şəbəkələrdə özlərini əziyyət çəkmiş kimi göstərirlər. Bu təbiidi. Odur ki, onlara heç cavab da vermək istəmirəm”.

M.Hətəmov rəhbərlik elədiyi müəssisədə qohumbazlıq etdiyi ilə bağlı ittihama da cavab verir və: “Mənim kinostudiyada rəsmi bircə qohumum var- o da sürücümdü. Bir də Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” adlı internet-layihəsində xidməti müqavilə əsasında bir qohumum işləyir. “Azərbaycanfilm”də 750 nəfər işləyir. Onların arasında mənim iki qohumum varsa, bu çox yaxşı nəticədi”, - deyir.

XS
SM
MD
LG