Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:57

'Nəyimə gərək idi, bu xaraba Əlcəzair, bu qədirbilməz xalq?'


Əlcəzair
Əlcəzair

"Qanmaz, sən övladlarının adını dilə gətirirsən. Bəs mənim kimi gənclərin həyatında maneə yaradan sən heç düşünmüsən ki, onlar da bir ailənin övladıdır. Nədir, ingilisin şirkətini öz malın saymısan? - Səid əsəbiləşdi. - Niyə öz ətrafında olan insanları tanışlıqla, tanımadığından isə pul alaraq ora işə düzəltmisən? Niyə, axı niyə?"

Yusif Hansen

Oğru

Yusif Hansen
Yusif Hansen

Səid Əlcəzairin qaranlıq küçələrindən birində şəhərin təhlükəli cinayətkarları ilə görüşə gəlmişdi. Tez gəldiyindən gözləmək məcburiyyətində idi. Görüş vaxtı çatmışdı, lakin onlar gəlib çıxmamışdı.

İçindəki həyəcanı və narahatlığı öldürmək üçün küçə boyunca gəzirdi. Saatına baxdı, 20 dəqiqədən çox keçmişdi.

Gəzişməyə davam edirdi, uzaqdan ona yaxınlaşan 3 nəfəri tanıdı. Gözlədiyi həmin adamlar idi. Əlində təsbeh fırladan qrupun başçısı Səidə yaxınlaşdı.

- Sənədlər hazırdı, bəs pulu düzəltmisən? - Səidin gözünün içinə baxaraq dedi.

- Danışdığımız kimi səhər 6-da aeroportda 5 min dolları alacaqsan. Pasport və viza ilə ümid edirəm heç bir problem olmaz. - Səid cavab verdi.

- Heç bir problem olmayacaq. - gülümsəyərək dönüb getdi.
Saatın əqrəbləri 9 olduğunu göstərirdi.

* * *

Səid əlində revolver yekəpər kişinin başı üstündə dayanmışdı. Kişinin arxası ona çevrilmiş idi və bərk xoruldayırdı. Stolun üstündəki lampanı yandırdı və əlindəki revolverin lüləsini onun çiyninə toxundurmağa başladı. 5-ci toxunuşda kişi dik atıldı, üzünü Səidə tərəf çevirdi.

- Qışqırmaq heç ağlına da gəlməsin, - Səid silahı kişinin alnına yaxınlaşdırdı və gülümsədi.

Kişinin qorxduğu açıq-aydın görünürdü. Səid silahı ona tuşlayaraq geri çəkildi və yatağın yanındakı stulu qabağa çəkərək əyləşdi.

- Həəə, Abbas, belə belə işlər. Daha bağışla da, səni oyatdım. - Səid dedi.

- Mənə toxunma, istədiyin hər şeyi edərəm, nə istəsən verərəm, - kişi belə hallarda deyilən şablon sözlərlə yalvarmağa başladı.

- Sənin mənim üçün edəcəyin bir şey yoxdur. - Səid gülümsündü. - Məni tanımazsan, amma mən səni ötən 12 ildə heç unutmadım.

- Niyə, nə olub 12 il öncə? - Abbas səsi titrəyərək soruşdu.

- 12 il öncə universiteti bitirmiş təmiz, çirkə bulaşmamış bir gənc idim. Sənin indi rəhbəri olduğun neft şirkətinə işə düzəlmək üçün müraciət edən gənclərdən biri idim. Testi keçdim, müsahibəni keçdim, amma necə oldusa, məni işə götürməkdən imtina etdilər. Sonra öyrəndim ki, sən həmin şirkətdə imtahandan keçənlərin məlumatlarını dəyişdirib pulunu aldığın ayrı insanları işə düzəldirdin. Belə. - Səid istehza ilə güldü.

- Nə qədər desən, pul verərəm. Toxunma mənə... - Abbas qorxu içində dedi.

- Sən mənim kimi nə qədər gəncin həyatını oğurlamısan. Sənin pulun mənim illərimi geri qaytara bilər? - Səid revolveri sol əlinə götürdü və ona yaxınlaşdı.

- De görüm, qaytara bilərsən illəri geri? - Abbasın sifətinə sağ əli ilə bir şillə vurdu.

Buna da bax: Rüşvət almayan prokurorun arvadı...

Səid yenidən stula əyləşdi. Abbas isə bərkdən ağlayırdı. Göz yaşları yağış damcıları kimi yanağından axırdı.

- Bəsdir, arvad kimi ağlama. Şirkətə işə düzələ bilməyəndən sonra heç yerdə iş tapa bilmədim. Kim idi axı, mənim kimi bir kasıba iş verən. 1 il bekar gəzdim, qoşuldum ölkədəki idarəetmədən narazı olan gənclərə, mitinqdə tutuldum, həbsxanaya düşdüm. 10 il içərdə yatdım. Hər gün döyüldüm, söyüldüm. İndi düşünürəm, nəyimə gərək idi? Mən ölkəni dəyişməyə çalışırdım ki, sənin kimilər daha da varlansın? Nəyimə gərək idi, bu xaraba Əlcəzair, bu qədirbilməz xalq?- Səid susdu.

- Məni övladlarımın xətrinə bağışla. - Abbas hələ də ağlayırdı.

- Qanmaz, sən övladlarının adını dilə gətirirsən. Bəs mənim kimi gənclərin həyatında maneə yaradan sən heç düşünmüsən ki, onlar da bir ailənin övladıdır. Nədir, ingilisin şirkətini öz malın saymısan? - Səid əsəbiləşdi. - Niyə öz ətrafında olan insanları tanışlıqla, tanımadığından isə pul alaraq ora işə düzəltmisən? Niyə, axı niyə? 2 oğlunu şöbə müdiri təyin etmisən, arvadın da indi Parisdə gəzir, bu 2 mərtəbəli villada dəbdəbəli yaşayırsan, xidmətçilərin əlinin altında. Səni adi insandan artıq edən nədir? O ingilisin şirkətini sənə tapşırıblar ki, öz malın kimi istifadə edəsən?

Səidin əlləri əsirdi. Saatına baxdı, gecə saat 3 idi. Abbasa yaxınlaşdı və yaxasından yapışdı.

- Səsin çıxmasın, eşitdin? - Abbasın sağ yanağına silahı dirədi. - İndi aşağı düşürük sakitcə, seyfi açırsan. Anladın?

Abbas başı ilə təsdiqlədi və birlikdə aşağı mərtəbəyə düşdülər. Xidmətçilər yatmışdı və onların oyanmasına Səid heç cür imkan verə bilməzdi. Buna görə də sakit davranmağa çalışırdı.

- Burda nə qədər pul var? - Seyfi açandan sonra Abbasın başı üstündə dayanan Səid soruşdu.

- 21 min dollar və ... - ardını deməyə Səid imkam vermədi.

- Dinar lazım deyil mənə, onu səni sağ buraxdığım üçün nəzir paylayarsan, eşitdin? - Səid revolverin lüləsini arxadan onun təpəsinə dirədi.

Abbas başı ilə təsdiqlədi. Səid digər əli ilə cibindən şüşə və pambığı çıxardı. Pambığı silah tutduğu sol əlinə ötürdü, şüşəni sağ əli ilə açdı. Qapağı cibinə atdı və şüşədəki mayedən pambığa batırdı. Şüşəni seyfin yanındakı stola qoydu və pambığı sağ əli ilə Abbasın burnuna tutdu.

Abbas huşunu itirib yerə yıxıldı. Səid cibindən çıxardığı qara plastik paketə dollarları yığdı və sakitcə o evdən çıxdı.

* * *

Aeroporta çatanda artıq səhər 6 idi. Sənədlərini alacaq adam onu gözləyirdi artıq. Yaxınlaşdı, salamlaşandan sonra keçib yolun kənarında dayanan maşına əyləşdilər.

- Pulu gətirmisən? - Səidə müraciət etdi.

Cibindən 5 min dolları çıxarıb verdi, o isə həmin dəqiqə pulu saymağa başladı. Sonra Səidə pasport, təyyarə biletlərini uzatdı.

- Yeni adını bəyəndin? - Sənədlərə baxarkən Səiddən soruşdu.

Səid isə cavab vermədən gülümsündü, onunla sağollaşdı və aeroporta daxil oldu. Qediyyat masasına yaxınlaşdı və növbəsini gözlədi.

- Mustafa Fərhat, haraya gedirsiz? - Yekəpər və üzündən mürdəşirlik yaxan kişi Səiddən soruşdu.

- Doha, ordan isə Nyu Yorka. - onun sualına gülümsəyərək cavab verdi.

- Baqajınız yoxdur? - növbəti sual gəldi.

- Yoxdur, getdiyim yerdə ona ehtiyac yoxdur. - Səid gülümsəyərək yenə cavab verdi.

Qeydiyyatı, yoxlamanı keçəndən sonra bir müddət gözləmə zalında oturdu və minik başlayanda təyyarəyə ilk daxil olanlardan ordu.

Buna da bax: Diktatordan qurtulmağın mümkünsüzlüyü

Hələ də yeni həyata başlayacağına, öz ölkəsindən çox uzaqda xoşbəxt olmaq ehtimalının olmasına inana bilmirdi. Son anda nəsə baş verəcəyinə dair içində narahatlıq var idi.

Təyyarənin qapısı bağlandı, uçuş elan olundu, kəmərini bağladı və təyyarə qalxaraq buludların içində gözdən itdi. Artıq heç bir şübhə qala bilməzdi. Yeni həyat onu gözləyirdi.

Vyana, 2017.

XS
SM
MD
LG