Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:56

Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?


1991-ci ildə Bakıda Leninin portreti sökülür.
1991-ci ildə Bakıda Leninin portreti sökülür.

ARAZ GÜNDÜZ

Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?

(polemika)

Yazıçı Seymur Baycanın Azadlıq Radiosunun “Oxu Zalında” başlatdığı önəmli mövzular üzrə sorğu-müzakirələr, məncə, maraqlı bir təşəbbüsdür. Birincisi, “Hind kinoları” ilə bağlı olan müzakirədə mən də sözümü demişdim. İkinci, “Sovet nostalgiyası niyə bitmir?” mövzusuna da, Seymur bəyin çağırışı ilə fikrimi bildirmişdim, ancaq yazımdakı bir məqamla bağlı yazıçı ilə aramızda yaranmış fikir ayrılığına görə, bu yazımı geri götürməli oldum, həmin məqam mənim üçün əhəmiyyətli olduğundan, yazımın ixtisarla çap olunmasını istəmədim. Hansı məqamda fikir ayrılığının yaranması ilə bağlı danışmayacağam, məncə, diqqətli oxucu bunu özü də tapa biləcəkdir. Ona görə də, öncə, müzakirədən geri götürdüyüm yazını, olduğu kimi, baxışlarınıza çatdırmaq, daha sonra, “Oxu Zalında” mövzu ilə bağlı açılmış müzakirədə səsləndirilən fikirlərə münasibətimi bildirmək istəyirəm.

Araz Gündüz
Araz Gündüz

Azərbaycan insanı nə üçün “Sovet dönəminin” nisgilini çəkir?

2009-cu ildə belə bir şeir qaralamışdım:

Ötən çağı

nisgillə anmağın

iki niyəsi vardır məncə,

biri: orada nələrinsə

biryolluq, əlçatmaz qalmağıdır;

o biri: burada tapılanların

orada itirilənlərdən

yaxşı olmadığıdır…

Keçmişə nisgillə yanaşmaq istər insani, istərsə də xalq səviyyəsində, natamamlıq komleksinin təzahürü olub, sırf psixoloji məsələdir. Normal yaşayış şərtləri daxilində yanaşılarsa, fərdi baxımdan bu, insanın öz ömrünün bir hissəsini yaşadığı və onu həyatının sonuna yaxınlaşdıran keçmişin ötüb keçməsinə təəsüflənməsidir. Xalq baxımından isə, bu heç vaxt normal və sivil şərtlər daxilində yaşayan xalqlarda baş vermir, ancaq məşhur aforizmdə deyildiyi kimi, “keçmişindən dərs almayan xalqın onu yenidən yaşamağa can atması” kimi ortaya çıxır. Natamamlıq komleksini yaşayan xalqlar, adətən, sivil inkişaf yolunda başqa xalqlardan çox geridə olur, öz inkişaflarının mif yaratmaq mərhələsində ilişib qalır, keçmişi ideallaşdırır, yaşadıqları sıxıntılardan “çıxış yolunu” orada arayır, uydurduqları, daha doğrusu onlar üçün uydurulan, nağıllara inanmaqla, nə vaxtsa, bugünkü çıxılmazlıqların da ortadan qalxacağı ilə təskinlik tapırlar. Belə xalqlar bugünkü mahir fırıldaqçılar tərəfindən “öndərlik-liderlik” nağılları ilə aldanmağa da, çox tez uyurlar.

Buna da bax: Seymur Baycan: 'Sovet nostalgiyası niyə bitmir?'

Bertran Rassel paralellər aparıb Kommunizm cəmiyyətinin də, elə İslamın cənnəti ilə eyni mahiyyətli olduğunu deyirdi.

Sovet hakimiyyətinin ideoloji təbliğat maşını ucuz demoqoqiyaya və avantyuraya əsaslanırdı. Bu baxımdan, bir örnək vermək istəyirəm. 1921-ci ildə Sovet ittifaqına kommunizm ideyalarına rəğbət bəsləyən birisi kimi gəlib, Leninlə, Trotski ilə, Qorki ilə, habelə, xalqın müxtəlif təbəqəsindən olan insanlarla görüşmüş, ölkənin bir sıra bölgələrini gəzmiş, nəticədə bu səfərindən böyük şübhələrlə geriyə dönmüş böyük ingilis filosofu Bertran Rassel öz təəsüratlarını “Bolşevizmin praktikası və nəzəriyyəsi” kitabında yazıya almışdı.

İngilis filosofu Bertrand Russel.
İngilis filosofu Bertrand Russel.

Rassel bolşevizmin öz nəzəriyyəsində fanatizmə əsaslandığını yazır, bunun ən çox islam fanatizminə bənzədiyini xüsusi qeyd edirdi. Böyük filosof paralellər aparıb Kommunizm cəmiyyətinin də, elə İslamın cənnəti ilə eyni mahiyyətli olduğunu deyirdi. Bu baxımdan, Sovet dövlətinin insanlara vəd etdiyi ictimai quruluş da, özünün yaranmasında və yaşamasında insanların şüurunu daimi nəzarətdə saxlamaqda və şüurlara bacardıqca daha çox mistik duyğular aşılamaqda idi. Dövlət ideologiyasının ateizmə əsaslanmasına baxmayraq, cəmiyyətin inkiafını – öncədən bəlli olan, dəyişməz qanun və ehkamlarla idarə olunmasına bağlamaq, sovet adamına ekstrimal dini duyğulara bənzər olan bir ovqat aşılayırdı. Burada da, “möminlər-kafirlər” bölgüsünə uyğun, insanları düşmənçilik edən siniflərə bölmək və kütlənin xəyallarını yaxın gələcəyin cənnətinə - kommunizmə sürükləmək vardı. Bu kommunizmin cəlbediciliyi isə, onun bu dünyada, real həyatda “olması” idi. İndi hər şey olub qurtarandan sonra Lenindən başlamış sonrakı sovet rəhbərlərinə qədər, onların ürəkdən inandıqları və dilə gətirdikləri ideyaları gözdən keçirəndə, bu adamların tarixi hadisələrin gedişinə nə qədər bəsit yanaşdığını görmək olur. Misal üçün, Lenin 1923-cü ildə gənclərin bir yığıncağındakı çıxışında demişdi: bu salonda oturan gənclər Kommunizm cəmiyyətində yaşayacaqlar. Lenin, hətta, kommunizmin formulunu da “kəşf” etmişdi: Kommunizm – bütün ölkənin kollektivləşməsi, üstəgəl, elektrikləşməsi deməkdir. Xruşşov isə, 1961-ci ildə sovet adamının kommunizmdə yaşayacağı konkret tarixi də göstərmişdi: bu, 1981-ci ildə baş verməli idi.

Sovet hakimiyyəti ilə bağlı nisgili, keçmiş Sovet respublikalarının bugün üçün tutduqları yollara baxmaqla, daha yaxşı anlamaq mümkündür: burada özünü xalq kimi tanımış, dünyada özünün yerini bilən xalqlar (bura Baltikyanı respublikaları və qismən də, Gürcüstan daxildir) bütün səylərini birləşdirib, toparlanıb normal dövlətçilik qurmaqla, dünyanın mütərəqqi hissəsinə inteqrasiya olunmaq yolunu tutmuşlar və bu gün təbii sərvətləri Gürcüstandan ölçüyəgəlməz dərəcədə çox olan Azərbaycanın vətəndaşlarının Gürcüstana ərzaq dalınca axışması, oraya dincəlmək üçün üz tutması, sovet hakimiyyəti üçün qəribsəməyən bir xalqın nələrə qadir olduğunun göstəricisidir.

Əslində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı qeyri-insani vəziyyət xalqın sovet mifinə inamını sarsıtmalı, onun gözünü açmalıydı...

Azərbaycanda Sovet hakimiyyəti xalqın şüurunda həmişə Rusiya ilə assosiasiya olunmuşdur. Deyilənə görə, savadsız və rus dilini pis bilən Mirbəşir Qasımıov XI rus-işğalçı ordusunu qarşılaynda yarı sözlə, yarı əl-qolla belə bir qısa “tarixi” çıxış eləmişdi: “Tovarişi, siz bizə revolyusya kaçay-kaçay, biz də sizə neft kaçay-kaçay”. 1970-lərdən sonra Sovet hakimiyəti həm də, uzun illər Azərbaycanda hakimiyyətdə olmuş Heydər Əliyevlə assosiasiya olunmağa başladı. Əslində 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasının coşqu ilə qarşılanmasında onun şəxsiyyətinin sovet hakimiyyəti ilə assosiasiya olunmasının da böyük rolu var idi. (Sözsüz, burada hakimiyyətin ona ötürülməsinə gətirib çıxarılmasında xidməti olan Elçibəy iqtidarının da “xidmətini” qeyd etmək yerinə düşür). Sovet hakimiyyətinin dağılmasından sonra keçən qısa müddət ərzində yağ-bal içində üzəcəyi vəd olunmuş xalq deyilənləri ən qısa müddətdə ala bilməyəndə səbirsizləşmiş, və ən başlıcası, onun həyatı, məişəti sovet dönəmində olduğundan daha da pis vəziyyətə düşmüşdü.

Heydər Əliyev sovet hakimiyyəti dövründə.
Heydər Əliyev sovet hakimiyyəti dövründə.

Əslində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı qeyri-insani vəziyyət xalqın sovet mifinə inamını sarsıtmalı, onun gözünü açmalı, çıxış yolunun yalnız öz gücü ilə quracağı, demokratik prinsiplərə əsaslanan bir cəmiyyətdə olduğunu anlatmalı idi. Ancaq burada da, xalqın mistikaya olan güclü meyillərinin idarə olunmasından ustalıqla istifadə edən əliyevçiliyin hiyləgər təbliğat maşını ən müxtəlif üsullarla xalqın əliyevçiliyi (və dolayısı ilə sovet hakimiyyətinə assosiasiya olunan bir rejimi) yeganə çıxış yolu olaraq görməsinə bağlayır. İkinci assosiativ obyektin, yəni Rusiyanın, qeyri-rəsmi statistikaya görə, iki milyondan artıq Azərbaycan vətəndaşının çörək qazandığı bir məkan olması da, məncə, sovet nisgilini gücləndirən bir cəhət olaraq qalır.

Buna da bax: S. Baycan: 'Niyə Sovet İmperiyasının çöküşü ədəbiyyatımızda əks olunmadı?'

Mövzu ilə bağlı fikir bildirənlərin çoxu, doğru olaraq, bu nostalgiyanın sentimental-psixoloji tərəfini vurğulamışlar, yəni, bugün artıq yaşa dolmuş insanlarının uşaqlıq, gənclik illəri ilə bağlı belə bir nisgil duymalarının təbii olduğunu göstərmişlər.

Ancaq müzakirəyə qoşulanlardan iki nəfərin özlərinin də bu nostalgiyaya qapıldıqlarını biruzə verməsi, daha maraqlı və diqqət göstərilməyə layqidir. Bu iki şəxsin fikirlərini ümumiləşdirsək belə bir mövqe alınır: “Sovet hakimiyyətinin qurulması dahi Marksın ideyalarına əsaslanırdı; ancaq idarəetmənin düzgün qurulmaması, Stalinin şəxsi qüsurları, kütləvi repressiyalar, insanların bu quruluşa hazır olmaması, bu, olduqca gözəl, nümunəvi və müsbət xarakterli quruluşun süqutuna səbəb oldu”. Adamlardan biri biraz da uzağa gedib, sovet hakimiyyətinin bizim geriçilik içində ilişib qalmış cəmiyyətimiz üçün müstəsna rol oynayan mütərəqqi bir hadisə olduğunu deyir, hətta, İran Azərbaycanının və Türkiyənin belə bir mütərəqqi təcrübəni yaşamamasını, az qala, onların faciəsi hesab etməyə gəlib çıxır.

Fikirlərin haçalanıb yayğınlaşmaması üçün mən burada deyilən mühakimələrdən ikisinin üzərində dayanmaq istəyirəm. Birincisi, Karl Marks doğrdanmı dahi idi? İkincisi, Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi bir hadisə idimi?

1989-cu ildə Azərbaycanda xalq hərəkatı dövründə Azadlıq meydanında mitinq.
1989-cu ildə Azərbaycanda xalq hərəkatı dövründə Azadlıq meydanında mitinq.

Birinci sualdan başlayıram. Mən indiyədək qazandığım biliklərə arxalanmaqla, marksizmi sistemli şəkildə tənqid edə bilmək bacarığımın olduğunu düşünmürəm. Ancaq sovet dönəmində oxuduğum orta məktəbin “Tarix” və “İctimaiyyət”, BDU-da beş il ərzində “Sov İKP tarixi”, “Dialektik-Tarixi Materializm”, “Siyasi iqtisad” və nəhayət dövlət imtahanı verdiyim “Elmi kommunizm” fənlərini bacardığım qədər diqqətlə oxuduğumu, MarksEngelsin bir sıra əsərlərini gözdən keçirdiyimi, habelə, antisovet və antimarksist ədəbiyyatları oxumaqdan aldığım məlumatları ümumiləşdirməyin, bu mövzuya bəlli dərəcədə aydınlıq gətirə biləcəyini düşünürəm. Marksın yaxın silahdaşı Engels ilə birlikdə gördükləri çox geniş miqyaslı və çoxşaxəli işi, bunun üçün çəkdikləri gərgin əməkləri yerə vurmaq fikrim yoxdur. Onlar bəşər tarixinin özlərinə qədərki tarixinin, elmi və fəlsəfi irsinin əldə olan bütün yazılı mətnlərini araşdırmağa çalışmış və buradan, bəşəriyyətin gələcək inkişaf yolunu müəyyən edəcək daimi və ümumi olan qanunauyğunluqları tapmağa çalışmışdılar. Bir sözlə, marksizm insanlığa elmi-fəlsəfi, sosioloji-iqtisadi təlimatlar hazırlamaq və insanlığın məhz onların göstərdiyi bu inkişaf yolu ilə gedəcəyini əsaslandırmaq istəmişdi. Burada marksizmin mənbələri barədə uzun-uzadı danışmadan, yalnız onu qeyd etmək istəyirəm ki, Marks və Engels o dövrün iki möhtəşəm hadisəsinin təsiri altında heç də obyektiv olmayan qənaətlərə gəlmişdilər və qurduqları nəhəng ideoloji sistemin özülü, metodu yanlış idi. Birincisi, XIX yüzillikdə İngiltərədə baş verib sonradan Avropaya sirayət edən sənaye inqilabını yanlış proqnozlaşdırmaqla onlar istehasalın ümumi xarakter alması ilə mənimsənənin xüsusi səciyyə daşıması arasında yaranan kəskin ziddiyyətin qaçılmaz olaraq qanlı toqquşmaya, inqilaba gətirməli olduğunu iddia edir, ikincisi, Darvinizmdən gözləri qamaşdığından bu nəzəriyyədəki “yaşamaq uğrunda mübarizə” ilə bağlı deyilənləri mexaniki şəkildə cəmiyyət həyatına tətbiq edir, sinfi mübarizənin cəmiyyətin inkişafının şəriksiz lokomotivi olduğu fikrinə gəlirdilər. Yaxud materialist fəlsəfədə dialektikanın üç qanunun bütün inkişafın gedişini formullaşdırdığını iddia etmək əslində özünü materialist və rasional düşüncənin tərəfdarı kimi tanıdan marksizmin mistikaya və utopiyaya uyması sayıla bilər. Asif Atanın ifadəsncə desək, “marksist dialektika əslində “dilaektika falçılığından” başqa bir şey deyildi”. Beləliklə də, yanlış metod, çəkilən gərgin əməyin nəticəsini dəyərdən salırdı.

Buna da bax: Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...

Marksizmin Rusiya uzantısı olan leninizmə gəlincə, onun marksizmin nisbətən ağlabatan görünən “inkişaf etmiş kapitalist ölkələrinin hamısında eyni zamanda başlayacağını” dedikləri proletar inqilabı nəzəriyyəsindən uzaqlaşması və yenə də, marksizimin inqilabi şəraitin yeişməsi ilə bağlı digər ideyalarını gözardı etməsi, əslində bir siyasi provakasiya sayıla bilərdi. Çox uzun danışmadan, Leninin sosialist inqilabı nəticəsində yaranmış SSRİ-nin bünövrəsində proletariatın siyasi şüurunun, iqtisadi inkişafında isə, kapitalist istehsalını üstələyəcək “sosialist əmək məhsuldarlığının” dayanacağını deməsi, sənayeləşmənin və kənd təsərrüfatındakı kollektivləşmənin ictimai şüuru dəyişəcəyi ilə bağlı ideyaları çox keçmədən iflasa uğradı. Sovet dövründə ömrünün şüurlu hissəsini yaşamış insanlar proletariatın siyasi şüurluğunun “qeyri-şüuri olaraq mandat qaldırmaq üzrə çempionata” çevrilmiş yalançı parlament oyunbazlığına, “əmək məhsuldarlığının yüksəlişinin” isə “perepiska” deyilən iyrənc şişirtmələrə və gözə kül üfürmələrə gətirib çıxardığını çox yaxşı xatırlayırlar. Birinci sualı yekunlaşdırmaq üçün, SSRİ-yə rəhbərlik etmiş Nikita Xruşşovun oğlu Sergey Xruşşovun atası ilə bağlı memuarından bir sitat gətirmək istəyirəm: “1963-cü ildə İsveç səfərindən qayıdan atam mənə səfər təəsüratlarını danışırdı. Otaqda yalnız ikimiz olsaq da, atam danışığının bir yerində səsini alçaldıb pıçıltı ilə mənə dedi: “Seryoja, onlar orada artıq sosializmi qurublar, bizdə isə hələ də, sosializmin əsər-əlaməti belə yoxdur!” SSRİ dağılması labüd olan bir ictimai-siyasi sistem idi və ən kiçik demokratik islahata belə dözə bilməyərək çökməsi də, elə bunu sübut etmiş oldu.

İndi isə, “Azərbaycanda Sovet hakimiyyətinin qurulması mütərəqqi hadisə idimi?” sualı ilə bağlı düşüncələrimə keçirəm.

28 aprel 1920-ci ildə Azərbaycana qarşı rus-bolşevik höküməti tərəfindən törədilən tarixi bir cinayət baş verdi. Dünya dövlətləri tərəfindən tanınan, müstəqil Azərbaycan Demokratik Cümhuriyyətində hakimiyyət silah gücünə devrildi. Bunun ardınca, ölkənin müxtəlif bölgələrində: Gəncədə, Şəkidə, başqa bir çox yerlərdə baş verən etirazlar amansızlıqla yatırıldı və Azərbaycanda oyuncaq bir rejim yaradılmaqla onu özünün seçdiyi müstəqillik yolundan çıxardılar. Bundan sonra baş verənlərə hansı prizmadan baxılmasından asılı olmayaraq, bütün bu hadisələr ölkənin sərvətlərinin imperiya maraqlarına uyğun olaraq talanmasından və ölkə əhalisinə qarşı cismani və mənəvi terror-genosid hadisəsindən başqa bir şey deyildir. Azərbaycan, müsəlman Şərqində ilk olaraq qurduğu demokratik idarəetməyə əsaslanan tarixi inkişaf yolundan çıxarılıb, əslində Rusiyanın imperiya maraqlarının yedəyinə qoşuldu və ölkəyə, həm də, onun xalqına vurulan maddi-mənəvi ziyanların acısını biz, bugün də, çəkməkdə davam edirik. Çox vaxt soruşurlar: Azəarbaycanda sovet hakimiyyəti qurulmasaydı, o özünün müstəqil inkişaf yolu ilə haraya gedib çıxacaqdı? Mənə elə gəlir, 1917-ci ilinqilabından sonra Rusiya imperiyasından ayrıla bilmiş bir çox xalqalrın təcrübəsinə baxmaqla, bu halda ölkəmizin heç də pis olmayan perspektivlərinin olduğunu tam bir əsasla demək mümkündür. Tarixi inkişafın keçmişdə qırılan inkişafına qayıdıb hər şeyi yenidən, oradan başlamaq imkanı olmadığından, biz indiyə qayıdıb, bugünkü bir çox fəlakətlərimizin səbəbinin də, elə məhz sovet hakimiyyətinin yaratdığı fəsadlarla bağlı olduğunu deyə bilərik.

Sovet hakimiyyətinin yaranmasının Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş cinayət aktı olduğunu xatırlasaq, bu kimi çağırışlar mənəvi baxımdan vətən xainliyi, hüquqi baxımdan, cinayət əməli saymalıyıq.

Sözümün sonunda, mənəvi və hüquqi baxımdan məsuliyyət yaradan, ancaq yetərincə diqqət yetirilməyən bir məsələdən söz açmaq istəyirəm. Bugün Azərbaycan insanının sovet nostajisinin olması və bunun səbəbi ilə bağlı danışdıq. Ancaq, indi bu nostalji artıq, özünə ziyalı deyən şəxslərin dilindən daha uca səslə deyilməyə və mətbuat ilə sosial şəbəkələrdə yayılmağa başlayır. Sovet hakimiyyətinin yaranmasının Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş cinayət aktı olduğunu xatırlasaq, bu kimi çağırışlar mənəvi baxımdan vətən xainliyi, hüquqi baxımdan, cinayət əməlinə haqq qazandırmaqla, cinayət əməli törətməyə sövq etmə kimi dəyərləndirilməli və lazımi mənəvi-hüquqi qiymətini almalıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG