Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:43

'Benzin əvəzinə hava'


Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Cümhuriyyətin əhəmiyyəti, yanacaqdoldurma məntəqələrindən kütləvi şikayətlər, «Skype», «WhatsApp» və bu kimi xidmətlərə son vaxtlar Azərbaycanda yaradılan problemlər bu gün (29 may, 2017-ci il) medianın aparıcı mövzularıdır…

«BENZİNƏ SU QARIŞDIRILMASI ERASI BİTİB»

«Bizim Yol» qəzetində «Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) son vaxtlar şikayətlər artmaqdadır:

«Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...».

Ekspertlər deyir ki, şəhər şəraitində hərəkətə görə avtomobilə əlavə 5-10 faiz yanacaq sərfi norma olaraq nəzərdə tutulur.

Çünki şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərir:

«Hər gün yanacaqdoldurma məntəqələrindən şikayətlər alırıq. Əhali əsasən avtomobilin «forsunka»sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Servislərdə «forsunka»nın tez sıradan çıxmasının səbəbini benzində görürlər».

E.Hüseynov deyib ki, bu sahədə şəffaflıq yoxdur:

«Bu məntəqələrin heç birində ictimai nəzarət yoxdur».

E.Hüseynov deyib ki, artıq benzinə solyarka və ya su qarışdırılması erası bitib. Amma hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması faktları var.

WhatsApp
WhatsApp

«AZƏRBAYCANSAYAĞI LİSENZİYALAŞDIRMA»

«Novoye Vremya» qəzetində «Azərbaycanda «Skype», «WhatsApp», «Facebook» problemləri: kim ağlabatan cavab verəcək?» sərlövhəli yazı diqqət çəkir. Yazıda onların fəaliyyətinə yaradılan problemlər müzakirə edilir.

Müəllif yazır ki, iki həftədən çoxdur ki, Azərbaycanda «Skype», «WhatsApp» və «Facebook»un fəaliyyətinə məhdudiyyətlər yaradılıb:

«Daha doğrusu, məlumat göndərmək olur, amma zənglər və video-zənglər etmək mümkün deyil. Hətta ödənişli «Skype»dan istifadə edənlər də əlaqə yarada bilmirlər. Deməli, səbəb heç də ödənişdə deyil. Belə məhdudiyyət müstəsna olaraq ancaq Azərbaycanda müşahidə edilir. Problemin ciddiliyinə və gündəlik müzakirə edilməsinə baxmayaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi indiyə kimi rəsmi açıqlama verməyib. Odur ki, şayiələrlə, ehtimallarla kifayətlənirik».

Yazıda bildirilir ki, ilk əvvəllər bu məhdudiyyətin yaranması İslam Oyunları ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edilib. Ancaq Oyunlar başa çatsa da, problem həllini tapmayıb.

Müəllif ekspert Osman Gündüzə istinadən bildirir ki, əldə edilən məlumatlara əsasən, bu məhdudiyyətin arxasında Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi durur.

Yazıda bildirilir ki, bu şirkətlər Azərbaycan bazarında iri məbləğlər qazanırlar. Odur ki, onların vergiyə cəlb olunması gündəmə gələ bilər:

«Düzdür, «Skype»ın dünyanın harasındasa lisenziyalaşdırılması təcrübəsi yoxdur. Nə bilmək olar, bəlkə Azərbaycan bu sahədə bir ilk olacaq».

Yazıda vurğulanır ki, Rusiyada bir vaxtlar onların lisenziyalaşdırılmasına cəhd edilib. Ancaq bu addımın mümkünsüzlüyü ortaya çıxıb:

«Həqiqətən, sənə mənsub olmayanı necə lisenziyalaşdıra bilərsən? Düzdür, Azərbaycanda isə hər hansı izah vermədən girişi bağlamaq kimi başqa yoldan da istifadə etmək olar».

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

CÜMHURİYYƏT

«Azərbaycan» qəzetində isə «Əbədi Cümhuriyyət» sərlövhəli məqalədə Azərbaycan Cümhuriyyətindən bəhs edilir.

Müəllif xatırladır ki, düz 99 il öncə, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti yaradılıb.

Yazıda bildirilir ki, 1918-ci ilin iyununda ölkədə ağır durum yaranıb və bundan irəli gələrək ordu quruculuğuna start verilib.

1918-ci ilin sentyabrında Qafqaz İslam Korpusunun köməyi ilə Bakı daşnak və bolşeviklərdən azad edilib.

Yazıda vurğulanır ki, 1920-ci ildə XI Qızıl Ordunun işğalı ilə Azərbaycan Cümhuriyyəti süqut edib:

«1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır».

Müəllifin fikrincə, Cümhuriyyət xalqın azadlıq hərəkatı tarixində dərin iz qoyub. Cəmi 23 ay yaşamasına baxmayaraq sübut edib ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını, müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

XS
SM
MD
LG