Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:39

Ekspert: 'Siqaretlərin 70 faizdən çoxunun vaxtı keçib'


Gəncədə əmək yarmarkası. 2016
Gəncədə əmək yarmarkası. 2016

Ölkədə baramaçılığın inkişafı, «İşsizlikdən sığorta haqqında» Qanun layihəsinin parlamentin müzakirəsinə verilməsi və daxili bazarlarda yararsız tütün məhsullarının satışı bu gün (30 may 2017-ci il) medianın aparıcı mövzularındandır...

İŞSİZLƏRƏ SIĞORTA FONDU NƏ VƏD EDİR

«Exo» qəzetində «Azərbaycanda işsizlərə aid vəsaitdən ötrü Sığorta Fondu» sərlövhəli məqalə oxumaq olar.

Yazıda belə bir Fondun yaradılması məsələsi ekspertlərlə müzakirə olunur.

Müəllif bildirir ki, rəsmi mənbələr Azərbaycanda işsizliyi ciddi problem saymırlar. Reallıqda işsizlər statistik rəqəmlərdə göstərildiyindən qat-qat çoxdur:

«Dövlət Statistika Komitəsinin hesabatına görə, bu il mayın 1-nə 35 min 854 nəfər işsiz statusu alıb. Onun da 37.3 faizi qadınlardır. Rəsmi işsizlərin 5 min 500 nəfərə yaxını işsizliyə görə vəsait alır. İşsizliyə görə orta aylıq məbləğ 263.8 manatdır».

Yazıda bildirilir ki, «İşsizlikdən sığorta haqqında» Qanun layihəsi parlamentə daxil olub:

«Layihəyə görə, işsizlərə vəsait verilməsi üçün Sığorta Fondu yaradılacaq. Fonda toplanan vəsaitlərin həcmi artacaq, bu vəsaitlər məşğulluğun təmin olunması məsələləri üzrə xidmətlərə sərf ediləcək».

Ancaq ekspertlər Sığorta Fondu yaradılması məsələsinə birmənalı yanaşmırlar.

«Bu gün işəgötürənlərə əlavə maliyyə yükləri lazım deyil. Həm də bizdə neçə illərdir ki, heç bir yerdə qeydə alınmayan qeyri-formal bazar fəaliyyət göstərir. Belə çıxır ki, bu şəxslər fondan vəsait alacaqlar?», - deyə ekspertlərdən Fuad Əlizadə sual edib.

Ekspertlər başqa məqamların da üzərində dayanıblar:

«İşçilərin maaşından artıq 3 faiz yox, 3.5 faiz tutulacaq. Əmək müqaviləsi ilə işləyənlər işsizliyə görə vəsait ala bilərlər, amma burada da «sualtı qaya»lar var».

Yazıda vurğulanır ki, işsiz şəxs məşğulluq mərkəzinə müraciət edir və ona iş təklif olunur. Bundan imtina edirsə, artıq ona vəsait verilmir.

Ekspertlər hesab edirlər ki, bu qanun mahiyyət etibarilə çoxlarının maraqlarını əhatə edir. Odur ki, geniş ictimai müzakirələrə ehtiyac var.

Siqaret dükanı
Siqaret dükanı

VAXTIKEÇMİŞ SİQARETLƏR…

«Novoye Vremya» qəzetində «Azərbaycanlılar vaxtıkeçmiş siqaret çəkməyə məcburdurlar» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədə satılan siqaretlərin keyfiyyəti ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun düşüncələrinə yer verilir.

«Hazırda Azərbaycanda satılan tütün məhsullarının təqribən 70 faizdən çoxu vaxtıkeçmiş məhsullardır. Köşklərdə hətta 5 il bundan əvvəl istehsal edilən siqaret almaq mümkündür», - deyə E.Hüseynov qəzetə bildirib.

Ekspert deyib ki, istehsalçılar siqaret qutuları üzərində onun istehsal olunma vaxtını və məhsulun yararlılıq müddətini göstərməlidirlər:

«Dünyada nəhayətsiz heç nə yoxdur. İnsanın yaratdığı nə varsa nəhayətsiz ola bilməz....».

E.Hüseynovun deməsinə görə, satışda olan istənilən siqaret bir il yararlılıq müddətinə malikdir. Birlik sədri vurğulayır ki, son 15 ildə istehsal edilən siqaretlərin üzərinə yararlılıq müddəti vurulmur.

E.Hüseynov əlavə edib ki, Azərbaycan istehlakçıları təkcə vaxtıkeçmiş siqaretlər çəkmirlər. Həm də özləri də bəzən bilmədən yerli bazarın 25 faizini təşkil edən, qaçaqmal yolu ilə gətirilən tütün məhsulları alırlar. Həmin məhsulların isə bir çox hallarda keyfiyyəti aşağı olur.

İpəkqurdu
İpəkqurdu

BARAMAÇILIQ

«Azərbaycan» qəzetində dərc edilən «3516 müqavilə, 300 ton yaş barama, 15 min iş yeri» sərlövhəli məqalədə ölkədə baramaçılığın inkişafından bəhs edilir.

Müəllif bildirir ki, baramaçılıq tez başa gələn istehsalat sahələrindən biridir və bu sahə Azərbaycanda böyük bir tarixə malikdir.

Yazıda vurğulanır ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi fonunda dövlət başçısı İlham Əliyev baramaçılığın inkişafı ilə bağlı konkret tapşırıqlar verib:

«1 kiloqram baramanın qiyməti 8 manat müəyyən edildi, 50 kiloqrama yaxın toxum 24 rayona paylanmışdı. 70.7 ton yaş barama alınaraq «Şəki-İpək» ASC-yə satılıb».

Yazıda bildirilir ki, bu il Çindən 6 min qutu ipəkqurdu toxumu gətirilib və vaxtilə ipəkçiliklə məşğul olan 30 rayona paylanıb.

Müəllif xatırladır ki, ipəkqurdunun yeganə qidası olan tut ağacları ilə bağlı yem bazası respublika üzrə 23 min hektardan çox olub. Ancaq torpaq islahatları gedərkən bu sahələr əhali arasında həm torpaq, həm də əmlak payı kimi bölünüb:

«Hətta həmin dövrlərdə ən azından hər bələdiyyədə 10-15 hektar toxmacar bağının saxlanılması təklif edilsə də, buna riayət olunmayıb. Bu da yem bazasının kəskin şəkildə azalmasına səbəb olub. Bəzi rayonlarda isə yem bazası var, onların da yenidən bərpa olunması zəruridir. Bu məqsədlə Çindən 1 milyon 500 min ədəd tut tingi gətirilib və respublikanın rayonlarına paylanılıb».

Yazıda bildirilir ki, bu il Füzuli, Zərdab, Zaqatala, Ağdam və Ağcabədi rayonlarında baramaçılığın inkişafı nəzərdə tutulur. Bundan başqa, Qax Damazlıq İpəkçilik Stansiyası yenidən dirçəldilir.

XS
SM
MD
LG