Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

'Bunlar Azərbaycan dövlətini holdinqə çeviriblər' - Cəmil Həsənli


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

İyulun 6-da Azərbaycan mətbuatı əsasən təmas xəttində vəziyyətin gərginləşməsindən, ölkədəki iqtisadi durumdan bəhs edir.

TOFİQ ZÜLFÜQAROV ATILMALI ADDIMLARDAN DANIŞDI

«Yeni Müsavat» qəzeti «Xalq müharibə istəyir» başlıqlı yazısında sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərinə yer verib. İyulun 4-də Füzulidə atəşkəsin pozulması nəticəsində ikiyaşlı körpənin öldürülməsi üzərində dayanan sabiq nazir deyir ki, Azərbaycan ordusu ermənilərə kütləvi cavab zərbələri endirməlidir.

«Vətəndaşların təhlükəsizliyinin təminatı üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərində yerləşən bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır», - deyir keçmiş nazir.

T.Zülfüqarov həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyətə «terrorizm və vandalizm aktı»nın qınanması üçün müraciət olunmalıdır.

Diplomat Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı Azərbaycanın siyasətinin dəyişməli olduğunu da vurğulayıb.

İ.Əliyev
İ.Əliyev

«İNKİŞAFIN DAVAMLILIĞINI TƏMİN EDƏN İSLAHATLAR KURSU»

Rəsmi «Azərbaycan» qəzeti yenə də baş yazısında ölkədəki iqtisadi durumdan yazır. «İnkişafın davamlılığını təmin edən islahatlar kursu» sərlövhəli məqalədə vurğulanır ki, hökumət iqtisadiyyatın dinamik və rəqabətqabiliyyətli tərəqqisi üçün sistemli fəaliyyət həyata keçirir.

Müəllif ölkə başçısının təsdiqlədiyi strateji yol xəritələri, son bir ildə qəbul edilən qanunvericilik aktlarını xatırladır, islahatların artıq öz nəticəsini, uğurlu bəhrəsini verdiyini bildirir.

«Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir», - məqalədə prezident İlham Əliyevdən də sitat gətirilir.

«Bu gün respublikada iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sayəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qısa müddətdə bu sahədə mühüm nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb», - məqalənin sonunda vurğulanır.

C.Həsənli
C.Həsənli

«KÖLGƏ İQTİSADİYYATININ HƏCMİ 6-7 FAİZ OLSAYDI…»

«Azadlıq» qəzeti də ölkədəki iqtisadi duruma diqqət yönəldib. Qəzet Milli Şuranın sədri Cəmil Həsənlinin fikirlərinə yer verib. O, Beynəlxalq Mühasiblər Assosiasiyasının 2016-cı il üzrə hesabatını şərh edib. Həmin hesabatda iddia olunur ki, Azərbaycanda büdcədən gizlədilən iqtisadiyyatın həcmi Ümumi Daxili Məhsulun 67 faizindən artıqdır.

«Dəfələrlə demişik ki, bunlar oğrudurlar. Dövlətçilik anlayışını məhv edib, ölkənin milli sərvətlərini talayıb kölgə iqtisadiyyatı yaradıblar. Biz deyəndə ki bunlar Azərbaycan dövlətini holdinqə çeviriblər, bəziləri buna şübhə ilə yanaşırdılar», - söyləyən C.Həsənli Azərbaycan kimi kiçik bir ölkədə kölgə iqtisadiyyatının 67 faizin üzərində olmasını «faciəvi» sayır.

«Bu o deməkdir ki, ərazisi işğal olunan, ikiyaşlı körpəsi düşmən gülləsinə tuş gələn ölkədə 40 milyard manatın üzərində oğurluq var, büdcədən yayınma var, xalqın cibinə əl uzatma var. Bundan böyük rüsvayçılıq daha nə ola bilər? Əlbəttə, kölgə iqtisadiyyatının həcmi 6-7 faiz olsaydı ölkəni idarə edənlərin bundan xəbərsizliyi bəlkə də inandırıcı görünə bilərdi, amma 67 faizin üzərindədirsə, bu, artıq hakim elitanın natəmiz kölgəsinin aydın bir göstəricisidir», -C.Həsənli bildirib.

XS
SM
MD
LG