Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:23

Ekspert: İkirəqəmli inflyasiya artımı 'yedi'


100 min dollarınız olsaydı, nə biznes açardınız?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

100 min dollarınız olsaydı, nə biznes açardınız?- Bakıda sorğu

Hökumətin sosial siyasəti, S&P beynəlxalq agentliyinin Azərbaycanla bağlı proqnozları, bu ilin 7 ayının iqtisadi dəyərləndirməsi və qarşıdakı 5 ayla bağlı gözləntilər bu gün (1 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

AZƏRBAYCANI YAXIN 5 AYDA NƏ GÖZLƏYİR

«Yeni Müsavat» qəzetində «İlin 7 ayının yekunu: son 5 ayda bizi nə gözləyir?» sualına cavab axtarılır.

Müəllif yazır ki, ilin əvvəlində manat rekord həddə zəifləsə də, sonrakı müddətdə sabitliyini bərpa etdi və bu sabitlik davam edir.

Yazıda daha sonra ekspert şərhlərinə yer verilir.

Deputat Vahid Əhmədov bu ilin 7 ayında vəziyyəti belə dəyərləndirib:

«Azərbaycanda cənab prezidentin yürütdüyü siyasət nəticəsində kənd təsərrüfatında inkişaf, idxalda azalma, ixracda artım qeydə alınıb. Bu 7 ayda ilk dəfə olaraq xarici ticarətdə müsbət saldo müəyyən oldu. Əlbəttə, bu da 2018-2019-cu illərdə öz bəhrəsini verəcək...».

Bununla belə, deputatın fikrincə, hazırda Azərbaycanda iri sənaye müəssisələrinin yaradılmasına böyük ehtiyac var:

«Mərkəzi Bankın apardığı siyasət bu cür davam edərsə, manat öz məzənnəsini qoruyub saxlayacaq. Bunun da iki tərəfi var və real sektorun inkişafına müəyyən qədər problem yarada bilər. Digər tərəfdən, idxal və ixrac əməliyyatlarına indiki kimi ciddi nəzarət davam etdirilərsə, bu o qədər ciddi problem yaratmaz. Ancaq, əsasən, yerli istehsala diqqəti artırmaq lazımdır ki, 2018-ci ildə ÜDM-də artım hiss edək».

İqtisadçı Natiq Cəfərli isə deyib ki, əslində görülən işlər hələ ki elə bir nəticə verməyib. N.Cəfərli vurğulayıb ki, hökumət inflyasiyanın qarşısını ala bilmir:

«Bu, insanların gəlirlərinin aşağı düşdüyü bir şəraitdə real qazancların da azalmasına səbəb olur. Dövlət qurumlarında çalışan, büdcədən maaş alan insanların əmək haqlarında nominal olaraq təxminən 7 faizə yaxın artım oldu. Amma reallıqda ikirəqəmli inflyasiya həmin artımı «yedi»».

İqtisadçı hesab edir ki, yaxın 5 ayda Azərbaycan iqtisadiyyatı daha ciddi fəsadlarla üzləşə bilər. Çünki iqtisadi aktivlik və insanların real gəlirləri artmasa, hökumətin iqtisadi artımla bağlı hədəflərinə çatmaq da mümkün olmayacaq.

Standard&Poor's
Standard&Poor's

«ŞAHDƏNİZ-2»YƏ ÜMİDLƏR...

«Novoye Vremya» qəzetində «S&P ümid yaradır, amma dönüş olacaqmı?» sərlövhəli məqalə oxumaq olar.

Müəllif S&P beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı son açıqlamalarını təhlil edir. Yazıda xüsusilə 2019-20-ci illərdə Ümumi Daxili Məhsulun (ÜDM) 3.5 faiz artacağı haqda proqnozun üzərində dayanılır. Amma müəllif bu proqnoza şübhəsini də gizlətmir:

«Çox istərdik ki, reytinq qurumu Azərbaycan iqtisadiyyatı ilə bağlı göstəricilərində səhv etməsin».

Yazıda xatırladılır ki, agentlik 2019-20-ci illərdə ÜDM-in artımını «Şahdəniz-2» layihəsi çərçivəsində qaz ixracından büdcəyə gələcək gəlirlərlə bağlayır. Amma müəllifin fikrincə, qaz ixracından əldə edilən gəlirlərin neftin ucuzlaşması ilə dəymiş zərəri kompensasiya edəcəyi inandırıcı görünmür:

«İstənilən halda «Şahdəniz-2» çərçivəsində qaz ixracı iqtisadiyyatın bütün problemlərini həll edə bilməyəcək. Onun aşağı qiymətli olması isə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını dayandıra bilər. Bu sektora sərmayə qoyulması da asan məsələ deyil...».

Yazıda müəllif bir məqama da diqqət çəkir:

«Demək olar, bir ilə yaxındır ki neft 50 dollar səviyyəsindədir. Neft büdcədə isə 40 dollar qiymətində götürülüb. Amma büdcə elə kəsirli olaraq qalır».

«Şahdəniz-2» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

İ.Əliyev Qobustanda
İ.Əliyev Qobustanda

SOSİAL SİYASƏT...

«Azərbaycan» qəzetində isə «Sosial dövlət xalqın təsisatlı təminatçısıdır» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq və vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir.

Müəllifin fikrincə, bu mənada Azərbaycanın sosial sahədə əldə etdiyi zəngin təcrübə digər ölkələrdən ötrü model rolunu oynaya bilər.

Yazıda prezident İlham Əliyevdən belə bir sitat da gətirilir:

«Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür».

Yazıda vurğulanır ki, 2017-ci ilin dövlət büdcəsinin 40.3 faizi məhz sosial xərclərdən ötrü nəzərdə tutulub.

Müəllif yazır ki, son 14 ildə işsizliyin, yoxsulluğun 5 faizə enməsi, ölkədə minlərlə yeni müəssisənin yaradılması, 1.5 milyondan artıq iş yerinin açılması, 3 mindən çox məktəb, 600 çox tibb ocağının tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi dövlətin sosial mahiyyətinin sübutlarıdır.

Yazının sonunda da yenə prezidentdən sitat gətirilir:

«Xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur».

XS
SM
MD
LG