Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:46

'Vəziyyət düşündüyümüzdən də ağırmış'-Media icmalı


Supermarket
Supermarket

Ölkədə aqroparkların fəaliyyəti, bahalaşmanın qarşısının alınması yolları və dövlətin borclanma səviyyəsi medianın aparıcı mövzularındandır...

İNHİSARLA MÜBARİZƏ APARILMALIDIR

«Exo» qəzetində «Qiymətləri dövlətin tənzimləməsi Azərbaycan üçün ən son tədbirdir?» sualına cavab axtarılır.

Yazıda rəsmi statistik göstəricilərə əsasən bildirilir ki, bu ilin 10 ayı ərzində istehlak bazarında 13.7 faiz bahalaşma baş verib. Ərzaq malları 17.6, qeyri-ərzaq malları 12.4, ödənişli xidmətlər də 9.6 faiz bahalaşıb.

Müəllif bahalaşmanın durdurulma yolunu ekspertlərdən soruşub.

«Azərbaycanda ərzaq mallarının bahalaşmasını dayandırmaq üçün dövlət tənzimlənməsi haqda qanun qəbul etmək ən son tədbir ola bilər. Amma bu gün bəzi ərzaq mallarının qiymətləri süni şəkildə artırılır. Odur ki, belə halların qarşısını almaq mümkündür. Bir müddət malların qiymətlərinin son həddi müəyyən edilməlidir», - deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetə deyib.

E.Hüseynov hesab edir ki, dövlət təmsilçilərinin qiymətlərlə bağlı monitorinqlər keçirməsi, şifahi qadağalar qoyulması bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Bazar iqtisadiyyatı şəraitində dövlətin bu və ya digər malların qiymətlərinə nəzarət etmək hüququ yoxdur.

Ekspert hesab edir ki, burada çıxış yolu biznesin inkişafında, rəqabət mühitinin yaradılmasındadır. Onun fikrincə, inhisar aradan qaldırılmalıdır.

Ekspert Natiq Cəfərli də hesab edir ki, bahalaşmanın əsas səbəbi yüksək gömrük rüsumları və inhisardır:

«Gürcüstan və Azərbaycanda gömrük, vergi ödəmələrinin fərqli olması da qiymətlərə təsir edir. Əgər dövlət əhalini bəzi məhsullarla daxili istehsal hesabına təmin edə bilmirsə, gömrük və vergi ödəmələrini endirməklə idxal qiymətlərinə təsir edə bilər».

Nemət Əliyev
Nemət Əliyev

DÖVLƏT BORCU NƏ QƏDƏRDİR

Azadliq.info saytında «Azərbaycanın dövlət borcu fəlakətli həddə çatıb» sərlövhəli yazıda iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib.

N.Əliyev bildirib ki, dövlət zəmanəti ilə cəlb olunan kreditlərlə birlikdə dövlətin ümumi borcu 22 milyard dollara yüksəlib:

«Bu borc məbləği ölkədə bir il ərzində istehsal olunan ÜDM-in 60.6 faizi qədərdir. Dövlət Neft Fondunda toplanmış ehtiyatların hazırkı səviyyəsinin 60 faizindən çoxdur. Azərbaycan kimi bir ölkə üçün borc məbləğinin bu səviyyəyə yüksəlməsi sözün həqiqi mənasında fəlakətdir. Vəziyyət düşündüyümüzdən də ağırmış. Belə bir vəziyyətdə Dövlət Neft Fondunun ehtiyatları ilə çox da öyünməyə dəyməz».

N.Əliyev 2018-ci ilin dövlət büdcəsinə Hesablama Palatasının rəyinə əsasən vurğulayır ki, bu ilin iyul ayının əvvəlinə dövlət zəmanəti ilə alınaraq dövlət qurumlarına ötürülən xarici borc məbləği 5.1 milyard dollar, daxili borc məbləği isə 15.565 milyard manat təşkil edib.

Ekspertə görə, birbaşa hökumət xətti ilə cəlb olunmuş xarici borc məbləği 7.173 milyard dollardır. Üstəlik, daxili borc məbləğinin də 798 milyon manat olmasını da nəzərə almaq lazımdır:

«Beləliklə, dövlətin zaminliyi ilə alınan borcları da nəzərə alsaq, xarici borc məbləğinin 12.273 milyard dollar, daxili borc məbləğinin də 16.363 milyard manat olması aydınlaşar. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi (1 dollar = 1.7002 manat) ilə dövlətin ümumi borc məbləği 21.897 milyard dollar və ya 37.229 milyard manat hesablanır. Bu borc məbləği illik ÜDM-in yarısı qədər vəsaitdir».

Ekspert deyib ki, son zamanlar dövlət zəmanəti ilə alınan kreditlər dövlət büdcəsi hesabına qaytarılır.

N.Əliyev vurğulayıb ki, dövlət qurumlarında maliyyə vəsaitlərindən səmərəli istifadə edilmir. Bunun isə ağırlığı xalqın üzərinə düşür.

Şəmkir Aqroparkı
Şəmkir Aqroparkı

AQROPARKLAR...

«Azərbaycan» qəzetində «Şəmkir Aqroparkı fəaliyyətini genişləndirir» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda aqrar sektorda istehsalın artırılması və istehsal edilən məhsulların ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Yazıda vurğulanır ki, bu məsələdə dövlət dəstəyin formalarından biri də regionlarda aqroparkların yaradılmasıdır. Müəllif hesab edir ki, bu sahədə xeyli irəliləyişlərə nail olunub.

Yazıda daha sonra bu sahədə dövlət dəstəyinin nümunəsi kimi təməli 2014-cü ildə qoyulan Şəmkir Aqroparkı göstərilir. Müəllif vurğulayır ki, bu il də aqroparkın Logistika Mərkəzi fəaliyyətə başlayıb:

«Burada gələcəkdə müasir istixana kompleksi, şitillik, tinglik, intensiv bağçılıq təsərrüfatları, emal zavodları, tara istehsalı fabriki, soyuducu anbar, satış mərkəzləri, avtopark, hotel və müxtəlif infrastruktur müəssisələri fəaliyyət göstərəcək».

Müəllif bildirir ki, bütün bu proses ixrac potensialının artırılmasında, onun coğrafiyasının genişləndirilməsində və milli brendlərin yaradılmasında mühüm rol oynayır. Nəticədə kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaranır.

Müəllif vurğulayır ki, rayonun bələdiyyələri nəzdində yaradılan MMC-lərlə Şəmkir Aqroparkı arasında niyyət protokolu imzalanıb. Bu protokollara əsasən, bələdiyyələri əhatə edən kəndlərdə istehsal olunan kənd təsərrüfatı məhsulları mərkəzin tərəfdaşlığı ilə satışa çıxarılmalıdır.

XS
SM
MD
LG