Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:36

Y.Mahmudov: 'Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək ədalətsizlikdir'


Yaqub Mahmudov
Yaqub Mahmudov

«Həqiqət budur ki, Cümhuriyyət xadimlərinə münasibətdə bolşevik münasibətindən uzaqlaşmalıyıq. O dövrün dövlət xadimlərini bir-birinə qarşı qoymaq, Cümhuriyyəti ancaq kiminsə adıyla bağlamaq mümkün deyil. Mən bunu elmə əsaslanaraq deyirəm. İkicildlik ensiklopediyanın baş redaktoruyam. Mənə təsir ola bilərdi, istiqamət verilə bilərdi. Bunlar olmayıb və biz buna yol da verməmişik».

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov AzadlıqRadiosuna müsahibəsində gələn il 100 yaşı tamamlanacaq Cümhuriyyətin dövlət xadimlərindən danışarkən belə deyir.

Amma öncə o, rəhbərlik etdiyi institutun son bir ildə gördüyü işlərdən danışıb. Mahmudovun sözlərinə görə, 2017-ci ildə qurum daha çox «tarixin öyrənilməyən, təhrif olunan, amansızcasına saxtalaşdırılan səhifələri»ni araşdırmaqla məşğul olub.

– 2017-ci ilin ən böyük uğurlarından biri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları ilə bağlı tədqiqatların davam etdirilməsidir. Bu, ən böyük nailiyyətimizdir. Dehlidən başlayaraq Sankt-Peterburq, Moskva, Paris, Berlin, London, İstanbuldan bununla bağlı yüzlərlə sənəd gətirmişik. Biz bölgələrimizdə - Bakıda, Şamaxı qəzasında, Quba qəzasında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda kitablar çap etdirmişik. Bir kitabı da xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımını araşdıran Nigar Gözəlova Böyük Britaniya kitabxanasının sənədləri əsasında kitab yazıb. Eləcə də biz Hərbi Prokurorluqla birgə 1918-ci il soyqırımları ilə bağlı sənədlər əsasında kitab hazırlamışıq. Digər tərəfdən, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan şəhəri və ətrafında 9 min kvadratmetr kilometr torpaq ermənilərə verilib ki, bizim torpaqda öz dövlətlərini yaratsınlar. Bu torpaqları verəndə Azərbaycanın şərti vardı, bir daha bizə ərazi iddiası irəli sürülməsin, soyqırımlar dayandırılsın, oradakı azərbaycanlılar ermənilərlə bərabər hüquqlara malik olsunlar. Amma bu şərtlərin hamısı ermənilər tərəfindən bir-iki ay içində pozuldu. Sonradan Dağlıq Qarabağ da işğal olundu. Ona görə də İrəvana tarixi varislik hüququ bərpa edilməlidir. Eyni zamanda, biz Cümhuriyyət tarixini araşdırmağı davam etdiririk. Mənim redaktorluğumla ikicildlik Xalq Cümhuriyyəti Ensiklopediyası buraxılıb. Onun təkrar çapına nail olmuşuq.

– Gələn il Cümhuriyyətin yüzilliyidir. Bu yöndə hansı işləri görürsünüz?

– Mən qürur hissi keçirirəm ki, Cümhuriyyətin ikicildlik ensiklopediyasını yaratmışıq. Bugünlərdə AXC-yə həsr olunan ilk konfransımızı keçirdik. Həmin dövrün tarixi ilə bağlı Dehlidən sənədlər gətirmişik. «Xalq Cümhuriyyətinin tarixi Hindistan arxivlərində» adlı kitab çap etdirəcəyik. Eyni zamanda, həmin dövrə dair sənədlər toplusu buraxacağıq. Bir neçə dissertasiyanın müdafiəsi hazırlanır. Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir. İnstitutun tapşırığı ilə Londonda AXC tarixinə aid yeni sənədlər toplanmaqdadır. Fransadan bura sənədlər gətirmişik. Məni narahat edən məqamlardan biri odur ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri öyrənilməyib. Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca öyrənilməyib. Bu yöndə tədqiqatlar aparılır.

– Bəs ayrı-ayrı şəxsiyyətlərin həyatı araşdırılacaqmı?

– Bu, çox vacibdir. Biz bu dövrün bir sıra görkəmli xadimlərinə ayrıca monoqrafiyalar həsr edəcəyik. Çalışacağıq ki, gələn il AXC-nin baniləri Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəyli haqqında ayrı-ayrılıqda əsərlər çap etdirək. Gələcəkdə isə AXC-ni yaradan dövlət adamlarımızın hamısına aid əsərlər hazırlayacağıq.

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

– Rəsulzadə ilə bağlı da tədqiqat aparılacaqmı?

– Ola bilərmi hazırlanmasın? Mən AXC ensiklopediyasının baş redaktoruyam. AXC-nin baniləri Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərovdur. Bunlar Xalq Cümhuriyyətinin baniləri, hökumətin başçıları, parlamentin sədrləridir. Bizim mövqeyimiz belədir ki, bunları ayırmaq olmaz, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı sevən, xalqa bağlı insanlar olub, onlar bir-birinə qarşı deyildi, onlar işin öhdəsindən gələ biləcək insanları vəzifəyə irəli sürürdülər. Məsələn, Rəsulzadənin hökumətin başçısı olmaq imkanı vardı, amma o bu işi Fətəli xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı vardı ki, parlamentə sədr olsun. Amma o parlamentdə Müsavat fraksiyasına başçılıq etdi. Özü burda olmadığı halda Topçubaşov parlamentin sədri seçildi. Nə üçün? Çünki Fransadakı danışıqları ancaq o apara bilərdi. Dilləri bilirdi, görkəmli hüquqşünas idi, Rusiyada böyük təcrübə keçmişdi və «İttifaqi-müslüm»ün, bütün Rusiya müsəlmanlarının qurultayının keçirilməsinin proqramını o yazmışdı. Bu adamlar hamısı bir-birinin gücünü bilirdi və əlbir şəkildə dövlət yaradaraq onu müdafiə edirdilər. Ona görə onları bir-birinə qarşı qoymaq doğru deyil. Onların hər birinin tarixdə öz yeri, rolu var. Bunu qiymətləndirmək bizim borcumuzdur.

– Yaqub müəllim, belə fikirlər var ki, indiki siyasi hakimiyyətin dövründə Rəsulzadənin Cümhuriyyət tarixindəki yeri-rolu bilərəkdən kiçildilir. Səbəb nədir?

– Mən bu fikirlə razı deyiləm. Bu, doğru deyil. Heydər Əliyevin zamanında biz Cümhuriyyətin yubileylərini keçirdik. Onların birində Əliyev şəxsən mənə - o zaman BDU-nun Tarix fakültəsinin dekanıydım – Cümhuriyyət tarixinə dair ensiklopediya hazırlamaq üçün tapşırıq verdi. Sonuncu ağır səfərə gedəndə də bununla bağlı tapşırıq vermişdi. O tapşırığı da mənə çatdırdılar. Biz də ikicildlik ensiklopediya buraxdıq. Orda Rəsulzadənin bütün xidmətləri göstərilib, onunla bağlı ayrıca hissə var. Onun xidmətini kiçiltmək haqda deyilənlər boş sözlərdir. Həqiqət budur ki, Cümhuriyyət xadimlərinə münasibətdə bolşevik münasibətindən uzaqlaşmalıyıq. O dövrün dövlət xadimlərini bir-birinə qarşı qoymaq, Cümhuriyyəti ancaq kiminsə adıyla bağlamaq mümkün deyil. Mən bunu elmə əsaslanaraq deyirəm. İkicildlik ensiklopediyanın baş redaktoruyam. Mənə təsir ola bilərdi, istiqamət verilə bilərdi. Bunlar olmayıb və biz buna yol da verməmişik. Açıb məqalələrin həcminə də baxa bilərsiniz. Onların hamısını bir-bir əlimdən keçirmişəm. Qoymamışam ora yad barmaq dəysin, kimisə kiçiltsinlər, kimisə qaldırsınlar. Ayrıseçkilik olmadan, tarixi həqiqət necədirsə, o cür yazılmalıdır. Ona da biz nail olmuşuq. AXC haqda ən ötkəm fikirləri Heydər Əliyev söyləyib, adlarını çəkərək deyib. Hər il Respublika Günü qeyd olunur. İlham Əliyev Cümhuriyyətə xüsusi qiymət verir. İstiqlal Bəyannaməsinə abidə qoyuldu. Rəsulzadə AXC-nin banilərindən biridir, bu rolu onun əlindən heç kim ala bilməz. Topçubaşovun rolunu da kiçiltməyə heç kəsin haqqı yoxdur.

– Amma Rəsulzadə həm dövlətin qurucusu, həm də ideoloq idi...

– Mən də sizə dedim ki, əvvəlcə Milli Şuranın sədriydi, Gəncədə istefa verdi, parlamentin sədri Topçubaşov oldu. O isə Müsavat fraksiyasına başçılıq etdi. Parlamentin işləməsi, qərarların qəbul olunması çətinliklərlə üzləşə bilərdi. Rəsulzadə fraksiyanın başçısı kimi parlamentin fəaliyyətində həlledici rol oynadı. Onu heç kəs kiçildə bilməz. Belə bir meyl də yoxdur.

– Sizcə, Cümhuriyyət banilərinin Avropada, Türkiyədə, lap elə Gürcüstanda yerləşən məzarlarını Azərbaycana köçürmək lazımdırmı?

– Rəsulzadənin məzarını qardaş Türkiyədən Azərbaycana gətirmək ədalətsizlik olardı.

M.Ə.Rəsulzadənin Ankarada məzarı.
M.Ə.Rəsulzadənin Ankarada məzarı.

– Niyə?

– O, orada mübarizə aparıb, qardaş xalqımız ona qoynunu açıb. O, oradakı tarixin bir parçasıdır. Topçubaşov orda işləyib. Və ya Fətəli xan Xoyski Tiflisdə işləyib. Mirzə Fətəli Axundovun və ya Fətəli xan Xoyskinin məzarları Tiflisdən niyə bura köçürülməlidir? Orda bizim tariximiz var. Tarixi hər yerdən yığışdırıb bura gətirsək, biz dünya tarixində zəifləyərik. Mən hesab edirəm ki, qəbirləri gətirmək doğru olmazdı. Tarixi bu cür dəyişdirməyi düzgün saymıram.

– Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanların nəşilərinin bura gətirilməsi bəlkə də tarixi ədalətin bərpası olardı?

– Hər kəs tarixə yanaşmada müstəqildir. Mənim fikrimi soruşdunuz, mən də öz mövqeyimi bölüşdüm. 10 milyon xalq Azərbaycan ərazisində yaşayır. Amma bizim dünyada sayımız 60 milyona yaxındır. Bu 60 milyon dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların qəbirlərini bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Oradakı tariximizi zəiflətməyimiz doğru olmaz. Şeyx Şamil hərəkatının üzvlərindən Hacı Muradın qəbri Şəki yaxınlığındadır. O qəbri aparmağa çox əlləşirlər. Azərbaycan Tarix İnstitutu olaraq buna imkan vermirik. Niyə onun cəsədi burdan getməlidir? O, hansı səbəbdən bura gəlmişdi? O, burda yatmalıdır. Siz mənim mövqeyimi soruşdunuz mən də dedim.

– Sizcə, Azərbaycan Cümhuriyyət ənənələrinə necə sahiblənib, nə dərəcədə mənimsəyib?

– Böyük qürur hissi keçirirəm ki, Cümhuriyyət ənənələri Azərbaycanda qorunur. Biz AXC-nin varisi olaraq, o dövrdə qəbul edilən bütün qərarlara hörmətlə yanaşırıq. Hesab edirəm ki, o tarixi öyrəndikcə, o irsə daha çox sahib olacağıq.

– Söhbət demokratik ənənələrə əməl olunmasından gedirsə, necə?

– Azərbaycanda hansı demokratik ənənə pozulur? Ölkədə nə qədər qəzet çıxır. Azərbaycan qədər müxtəlif fikir olan ölkə var? Mən inanmıram ki, Azərbaycandan başqa öz qəhrəmanlarını inkar edən ikinci olsun. Bizdə fikir azadlığı var. Biri qalxıb deyir ki, Babəkin bizə dəxili yoxdur, o biri başlayır dahilərin divanını qurur, Füzuliyə girişir. Yəni, dövləti idarə edənlərdən tutmuş digərlərinə kimi hamının haqqında yazırlar. Buna görə heç kəs təqib olunmur. Demokratik ənənələr ölkədə yaşayır. Biz müharibə vəziyyətindəyik. Bizə təlqin edirlər ki, ermənilərin əleyhinə söz deməyin. Xaricdə çıxan qəzetləri, saytları nəzərdə tuturam. Bizi günahlandırırlar ki, bu ermənifobiyadır. Ermənistanda bir azərbaycanlı qalmayıb. Bəs bu, hansı fobiyadır? Azərbaycan müharibə aparan ölkədir. Mən tarixçi və parlamentin üzvü kimi nigaranam ki, biz bu qədər demokratik ənənəylə yaşayırıq.

– Tarixçi olaraq 2017-ci ili necə dəyərləndirirsiniz?

– Böyük dövlətlər ciddi iqtisadi-maliyyə böhranlarından sarsıldığı halda Azərbaycanda yeridilən müdrik siyasət nəticəsində biz o ciddi sarsıntılardan yan keçdik. Biz artıq kosmik ölkələr sırasındayıq, növbəti peykin buraxılmasına hazırlaşırıq. Azərbaycan sürətlə addımlayan, inkişaf edən ölkələr sırasındadır. Bizdən bir addım irəlidə Çindir. Bunlar böyük nailiyyətlərdir. Belə hesab edirəm ki, ən böyük uğur Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasıdır. Biz çox demokratik ölkəyik. Fikirlər azaddır. Tarix İnstitutunun direktoru kimi mənim əleyhimə də çıxış edirlər. Mən fəxr edirəm ki, ölkəmdə kim kimə qarşı istəsə, çıxış edə bilər. Azərbaycanı belə şeydə qınamağa çalışmaq heç kimə şərəf gətirməz...

XS
SM
MD
LG