Türkiyə prezidenti Recep Tayyip Erdogan ABŞ-ın İrana sanksiyalarını pozduğuna görə türk bankirinin bu yaxınlarda təqsirli bilinməsini öz hökumətinə qarşı “siyasi sui-qəsd cəhdi” adlandırıb.
Yanvarın 9-da hakim Ədalət və İnkişaf Partiyası qarşısında çıxış edən Erdogan deyib ki, Halkbank rəhbəri Mehmet Hakan Atilla-ya qarşı ABŞ Ədliyyə Departamentinin qaldırdığı iddia Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Federal Təhqiqat Bürosunun (FBI) ona birgə zərbə cəhdidir.
Nyu Yorkda keçirilən məhkəmədə ABŞ prokurorları və şahidlər Türkiyə bankını və hökumət rəsmilərini rüşvət almaqda, İranın 1 milyard dollarlıq neft pulunu ABŞ bank sistemi vasitəsiylə yuyaraq ABŞ sanksiyalarını pozmaqda ittiham ediblər.
*** Buna da bax: Erdogan deyir ki, Avropa Birliyini gözləməkdən yorulublar
Əsas şahidlərdən biri deyib ki, Erdogan özü bu sxemə yardım edib. Amma Erdogan bu ittihamı rədd edib, ABŞ prokurorları da ona ittiham irəli sürməyib.
“ÖLKƏMİZƏ QARŞI DAHA BİR CƏHD ETDİLƏR”
Erdogan və köməkçiləri dəfələrlə iddia ediblər ki, ABŞ-da bu məhkəməyə onun düşmənləri köməklik göstərib. Onların iddiasına görə, həmin şəxslər 2016-cı ilin iyulunda uğursuz çevriliş cəhdinin də arxasında durmuşdulər, ABŞ-da yaşayan müsəlman ilahiyyatçı Fethullah Gulen-in tərəfdarlarıdırlar.
Birləşmiş Ştatlardakı müstəntiqlər bu ittihamı “gülünc” adlandırıblar.
“İyulun 15-də Türkiyədə çevrilişə nail olmayanlar indi ölkəmizə qarşı daha bir cəhd edirlər”, – yanvarın 9-da danışan Erdogan Atilla-ya qarşı bu məhkəmə işini “siyasi sui-qəsd cəhdi” adlandırıb.
ABŞ jürisi doqquz təqsirləndiriləndən biri olan Atilla-nı yanvarın 3-də İrana sanksiyalardan yayınmağa kömək etməkdə təqsirli bilib.
*** Buna da bax: ABŞ məhkəməsi Türkiyə bankirini təqsirli bildi
Onunla birlikdə əvvəl təqsirləndirilən olmuş, sanksiyalardan yayınma sxeminin arxasında durduğu bildirilən Reza Zarrab isə təqsirini boynuna alaraq prokurorlarla əməkdaşlığa gedib və Atilla-ya qarşı şahidlik edib.
Erdogan ötən həftə deyirdi ki, Halkbank Birləşmiş Ştatlara əks iddia qaldıra bilər, çünki Atilla-nın məhkəməsi zamanı onun imici və nüfuzu zədələnib. Amma bank bu işdə təqsirləndirilən kimi tanınmayıb.