Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Əbülfəz Bünyadov: ‘Öldürmək istəyirlərsə, birdəfəlik eləsinlər, canım qurtarsın...’


Əbülfəz Bünyadov
Əbülfəz Bünyadov

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında güllələnərək iflic olan Əbülfəz Bünyadovun bacıları da daxil, yaxınlarının, hətta həkimlərin də onun evinə buraxılmaması ilə əlaqədar əraziyə nəzarət edən Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət olunacaq.

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bünyadovun işinə baxan hakim Əfqan Hacıyev belə deyib.

Bünyadov Nardaran əməliyyatında hərəkət qabiliyyətini itirsə də, ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə o da həbs edilmişdi. Bir il bir ay həbsdə saxlandıqdan sonra durumunun ağırlığına görə həbsdən buraxıldı.

Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. O vaxtdan Nardaranda yaşadığı evin qarşısında iki polis maşını dayanır. 2017-ci ilin avqustundan onun məhkəməsi gedir. O, məhkəməyə Təcili Tibbi Yardım maşını ilə xərəkdə gətirilir.

Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs edilən Elxan İsgəndərovla birlikdə mühakimə olunur.

E.İsgəndərova verilən əsas ittiham 2015-ci il noyabrın 5-də “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etiraz aksiyasında iştirakla bağlıdır. İsgəndərov isə həmin aksiyada iştirak etmədiyini deyir.

Məhkəmə hansı addımı atacaq?

Aprelin 6-da məhkəmədə həmin aksiyanın dağıdılmasında iştirak etmiş 9 nəfər polis əməkdaşı zərərçəkmiş qismində ifadə verib. Onlardan yalnız biri – Təyyar Camalov aksiyada əlinə daş dəydiyi üçün xəsarət aldığını bildirib. Zərərçəkmiş polislər təqsirləndirilən şəxslərin heç birini tanımayıb.

Ardınca Əbülfəz Bünyadov martın 19-dan onun yaxınlarının evinə girişinə imkan verilməməsindən şikayətlənib: “15-16 gündür yanıma həkim, dərman buraxmırlar, belə şey olar? Mən tərpənə bilmirəm, yatağımı dəyişməyə, mənə kömək eləməyə adam yoxdur. İynə-dərman yox, Təcili Tibbi Yardım buraxılmır. Əgər öldürmək istəyirlərsə, xahiş edirəm, birdəfəlik eləsinlər, mənim də canım qurtarsın, onların da...”

Hakim bildirib ki, məhkəmə məsələ ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə müraciət edəcək.

Bu iş üzrə məhkəmə aprelin 20-də davam edəcək.

Xatırlatma

Əbülfəz Bünyadov “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Ə.Bünyadov polislərin ölümü, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə suçlanır. O, özünü təqsirli bilmir və ittihamların saxta olduğunu deyir.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını söyləyir. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG