Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:54

'Xoşbəxt', 'sümüyə düşən' mahnılar azalır – araşdırma


Builki Eurovision müsabiqəsində israilli müğənni Netta qalib gəlib
Builki Eurovision müsabiqəsində israilli müğənni Netta qalib gəlib

Hit mahnılar reytinqlərə düşməyənlərdən daha “xoşbəxt”dir, "sümüyə düşür" və daha çox qadınlar tərəfindən ifa edilir. Bunu mayın 16-da açıqlanmış yeni araşdırma üzə çıxarıb. “Frans Pres” agentliyi araşdırmanın 30 illik musiqi təkamülünü öyrəndiyini yazır.

Ancaq kədərli bir tendensiya da vurğulanır – adamlar xoşbəxt musiqiyə üstünlük verirlər, di gəl, getdikcə bu cür musiqinin sayı azalmaqdadır.

İldən ilə daha artıq qəmgin mahnılar buraxılır”, – İrvayn Kaliforniya Universitetinin tədqiqat komandası “Royal Society Open Science” dərgisində yazır.

500 MİN MAHNI TƏHLİL OLUNUB

Ümumilikdə isə tədqiqatçılar musiqidə “xoşbəxtlik” və “parlaqlığ”ın azaldığını, “son 30 ildə kədərin artdığını” üzə çıxarıblar.

Pharrell Williams
Pharrell Williams

Di gəl, hit mahnılar bu tendensiyaya meydan oxuyur, onlar xoşbəxtliyə “daha meyllidirlər” – Bir anlıq Pharrell Williams-ın "Happy" (Xoşbəxt) mahnısını düşünün.

Araşdırmada populyar mahnıların sözləri deyil, “səsi” təhlil olunub. Elə daha öncəki araşdırma da musiqidə “pozitiv emosiyalar”ın azaldığını iddia edirdi.

1980-2007-ci illəri əhatələyən araşdırmaya görə, mahnılar getdikcə daha çox adamın özünə fokuslanır, daha çox “mən” sözündən istifadə olunur, nəinki “biz” kimi sosial sözlərdən. Mahnılarda “nifrət”, “öldürmək” kimi antisosial sözlərin də çoxaldığı bildirilirdi. Lirikadakı bu tendensiya isə cəmiyyətdə tənhalıq, sosial təcrid, mental problemlərin çoxalmasıyla uzlaşırdı.

Son araşdırma 1985-2015-ci illərdə Britaniyada buraxılan 500 min mahnının təhlilinə əsaslanır. “Xoşbəxt” mahnılarla yanaşı, kişilərin oxuduğu mahnıların populyarlığının da azaldığı bildirilir.

“Son illər uğurlu mahnıları qadınlar çox oxuyur”, – araşdırmada deyilir.

Qadınların musiqi sənayesində rolu, gender bərabərsizliyi, stereotiplər kimi məsələlərlə bağlı geniş müzakirələri nəzərə alsaq, bu, özəlliklə maraqlıdır”, – müəlliflər bildirir.

ƏN POPULYAR JANRLAR

Mahnıların populyarlığı isə onların Top 100 reytinqinə düşməsiylə ölçülür. Hər il çıxan mahnıların yalnız 4 faizi bu reytinqə düşür.

Sam Smith
Sam Smith

Tədqiqat həmçinin “rahatladan”, “sümüyə düşən, oynaq” mahnıların populyarlaşdığını ortaya qoyur. Bu, elektron musiqinin yüksəlişi, rok və ağır metal musiqinin düşüşü ilə izah olunur.

Klassik, caz mahnılarının uğur ehtimalı azdır. Ən populyar janrlar rəqs və pop musiqi sayılır.

1985-ci ildən bəri xoşbəxt mahnılara Opus-un "Live is Life", Wham!-ın "Freedom", Bruce Springsteen-in "Glory Days" hitləri göstərilir.

Ən qəmgin mahnılara isə Sam Smith-in "Stay with Me", Passenger-in "Whispers" hitləri örnək sayıla bilər.

Bəs bu tədqiqatın bəstəkarlara hansısa köməyi dəyə bilərmi?

Əgər aşkarladığımız trendlərə baxsalar, onlara əməl etməyə çalışsalar, dəyər”, – araşdırma müəlliflərindən biri Natalia Komarova agentliyə deyib.

Amma əlbəttə ki, uğurun əsasında nəyin durduğunu riyazi hesablamayla tapmaq belə çətindir”, – o əlavə edib.

XS
SM
MD
LG