Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:15

AP: Google sizi izləyir


Arxiv fotosu
Arxiv fotosu

Google harada olduğunuzun qeydiyyatını aparır. Hətta bunu ondan istəməsəniz belə.

“The Associated Press” agentliyi araşdırma nəticəsində müəyyənləşdirib ki, Google-nun Android qurğuları və iPhone-lardakı xidmətləri sizin olduğunuz məkan barədə informasiyanı yadda saxlayır. Google-na bunu yasaqlayan gizlilik ayarını iş salmağınıza baxmayaraq belə edir.

Prinstondakı kompüter elmləri tədqiqatçıları agentliyin bu tapıntısını təsdiqləyiblər.

İCAZƏ VERMƏYƏNDƏ BELƏ YADDA SAXLAYIR

Google əsasən, olduğunuz yer barədə informasiyadan istifadə etməkdən ötrü icazə istəyir. Buna razılaşırsızsa, Google Maps “timeline” hissəsində həmin informasiyanı saxlayır.

Di gəl, haraya getməyinizin dəqiqəbədəqiqə saxlanmasının gizlilik baxımından riskləri var və polis bu məlumatlardan şübhəlilərin yerini müəyyənləşdirmək üçün istifadə edir.

Arxiv fotosu
Arxiv fotosu

Google bildirir ki, harada olduğunuzu yadda saxlamayacaq: “Məkan tarixini (Location History) istənilən vaxt söndürə bilərsiniz. Bu zaman getdiyiniz yerlər yadda saxlanmayacaq”.

Ancaq AP bunun həqiqət olmadığını, hətta “Location History” xidmətinə fasilə veriləndə belə, Google tətbiqlərinin getdiyiniz yerləri avtomatik yadda saxladığını yazır.

Məsələn, Maps tətbiqini sadəcə açanda Google harada olduğunuzu qeydə alır. Android telefonlarındakı avtomatik gələn gündəlik hava proqnozları olduğunuz yeri göstərir.

Söhbət Google-un Android əməliyyat proqramının olduğu iki milyard cihazın istifadəçilərindən və dünyada Google-dan xəritəyə və axtarışa görə istifadə edən yüz milyonlarla iPhone istifadəçisindən gedir.

Kompüter mütəxəssisi Jonathan Mayer istifadəçinin istəyi olmadan məkanın qeydə alınmasını yanlış sayır. Onun laboratoriyasından bir tədqiqatçı AP-nin Android cihazlarında aşkarladığını təsdiqləyib. AP oxşar sınaqları bir neçə iPhone-da da aparıb, eyni davranışı üzə çıxarıb.

KONQRESMENDƏN ÇAĞIRIŞ

Google isə bu məsələdə mövqeyinin aydın olduğunu deyir.

“Bu alətlərin xüsusiyyətlərini açıq şəkildə bildiririk, istifadəçilər onları yandıra və söndürə, tarixçələri istənilən vaxt poza bilər”, – şirkətin sözçüsü AP-yə açıqlamasında bildirib.

Frank Pallone
Frank Pallone

Ancaq Google-un izahı konqresmenlərə inandırıcı gəlməyib. Nyu Cersi ştatından respublikaçı konqresmen Frank Pallone AP-nin araşdırmasından sonra deyib ki, “istehlakçının gizliliyini və datanın təhlükəsizliyini hərtərəfli qoruyan qanunvericiliyə” ehtiyac var.

Google bildirir ki, məkanın qeydə alınıb saxlanmaması üçün istifadəçilər “Web and App Activity” ayarını söndürməlidirlər.

Məkan markerlərini əllə də pozmaq olar, bu isə zəhmət tələb edir, çünki bu halda onları bir-bir seçib pozmalısınız.

Tənqidçilərin fikrincə, Google-un izləyiciləri inadla izləməsi reklam gəlirləri ilə bağlıdır.

“Datadan reklam informasiyası əldə edirlər. Daha çox informasiya, yəqin, daha çox gəlir deməkdir”, – rəqib reklam texnologiyası şirkəti olan Dstillery-nni təhlilçisi Peter Lenz deyib.

XS
SM
MD
LG