Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Facebook 400-dən çox tətbiqi bağlayıb


Facebook-un loqosu
Facebook-un loqosu

Facebook dünən – avqustun 22-də bildirib ki, 400-dən çox tətbiqi (apps) bağlayıb və istifadəçilərin şəxsi informasiyasının icazəsiz paylaşılması məsələsini araşdırır.

myPersonality auditə razılaşmayıb

“Frans Pres” agentliyi yazır ki, tətbiqlər “onları hazırlayanlar, adamların bu apps vasitəsilə paylaşımlarından necə istifadə olunacağı sarıdan narahatlıq” səbəbindən bağlanıb. Bu haqda sosial şəbəkə rəsmisi Ime Archibong bloqunda yazıb.

Rəsminin deməsinə görə, bağlanan apps-lər diqqətlə nəzərdən keçirilib.

Martda Facebook Cambridge Analytica şirkətilə ciddi gizlilik qalmaqalı yaşamışdı. Sosial şəbəkə etiraf etmişdi ki, 2016-cı ilin prezident seçkisi kampaniyası zamanı respublikaçıların namizədi Donald Trump üçün çalışan Cambridge Analytica şirkətinin 87 milyon istifadəçinin şəxsi informasiyasını oğurlama ehtimalı var.

Archibong yazıb ki, myPersonality tətbiqi auditə razılaşmadığı üçün qapadılıb.

Facebook myPersonality-də informasiya paylaşmış dörd milyonadək istifadəçiyə bildiriş göndərməyi planlaşdırır. Bu tətbiq daha çox 2012-ci ilədək fəal işlənib.

Apps-ləri araşdırmağa davam edəcək, istifadəçilərin informasiyasını tam qorumaqdan ötrü platformaya gərəkən dəyişiklikləri edəcəyik”, – Archibong deyib.

Yarım milyon funt sterlinq cərimə

WSJ qəzetinin daha öncə yazmasına görə, Apple şirkəti App Store-dan Facebook-un Onavo adlı tətbiqini silib. Şirkətdən bildirilib ki, bu proqram istifadəçilər barədə informasiya toplanmasına dair yeni qaydaları pozur.

Britaniyanın data tənzimləyicisi ötən ay bəyan edib ki, istifadəçilər barədə informasiyanı qorumadığı üçün Facebook-u yarım milyon funt sterlinq cərimələyəcək. Breksit referendumu öncəsi şəxsi informasiyadan sui-istifadə məsələsi hazırda araşdırılır.

İnformasiya Komissarlığı bu ilin əvvəlində Cambridge Analytica qalmaqalı üzündən sosial media nəhəngini araşdırmağa başlayıb.

Cambridge Analytica ittihamları rədd edib, ABŞ və Britaniyada müflisləşmə iddiası qaldırıb.

Facebook ötən ay etiraf edib ki, həmin qalmaqal ucbatından bir neçə orqandan çoxsaylı sorğular alıb.

Facebook rəhbəri Mark Zuckerberg mayda Avropa Parlamentində üzr istəmişdi, demişdi ki, sosial media nəhəngi belə bir pozuntunun təkrarlanmaması üçün addımlar atır.

Zuckerberg apreldə konqresdə də dindirilmişdi.

XS
SM
MD
LG