Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

Rusiya Telegram-ı bloklamağa ‘daha dəqiq texnologiya’ axtarır


Moskvada Telegrama dəstək aksiyası, 30 aprel, 2018-ci il
Moskvada Telegrama dəstək aksiyası, 30 aprel, 2018-ci il

Rusiya Telegram messencerinin və qadağa qoyulmuş digər resursların effektiv bloklanması üçün yeni texnologiyanı sınaqdan keçirir. Bu haqda “Reuters” agentliyi əldə etdiyi sənədə istinadla yazır. Agentlik yazır ki, Moskva hələ başqa trafiki vurmadan Telegram-ı bağlamağın yolunu tapmayıb.

“GÜNÜMÜZÜN REALLIĞI”

Bildirilir ki, sınaq işləri ilə xüsusi komissiya məşğul olur. Komissiyaya FSB, Roskomnadzor, Rabitə Nazirliyinin təmsilçiləri daxildir. “Reuters” yazır ki, yeni analiz sistemlərinin, trafikin filtrlənməsinin laborator yoxlanışı avqustun 6-dan Moskva vilayətindəki Reutov şəhərində aparılır.

Rabitə naziri Aleksei Volin daha öncə Telegram-ı digər internet resursları kimi tam bloklamağın mümkün olmadığını demiş, bunu “günümüzün reallığı” adlandırmışdı.

İllüstrativ foto
İllüstrativ foto

Bu ilin aprelində Moskva məhkəməsi telekommunikasiyalara dövlət nəzarəti idarəsi Roskomnadzorun Telegram-ın Rusiya ərazisində bloklanmasıyla bağlı iddiasını təmin edib. Səbəb messencerin istifadəçilərin yazışmalarının şifrələmə kodunu hüquq-mühafizə orqanlarına verməməsi idi.

O vaxtdan Telegram-ı rəsmən bloklamağa başlayıblar. Amma bu, bankların, onlayn-mağazaların, sosial şəbəkələrin və digər xidmətlərin işində pozuntular yaradıb. Eləcə də rusiyalı istifadəçilərin Viber mesajlaşma xidmətinə, Volvo avtomobilləri, Xiaomi video kameralarına bağlı tətbiqlərə çıxışı da əngəllənib. Bu səbəbdən Telegram-ın bloklanmasında fasilələr yarandı.

Rusiyanın Protei texnologiya şirkətinin həmtəsisçisi Anton Pinchuk da “Reuters”ə sınaq işlərinə dəvət olunduğunu, ancaq şirkətin bundan imtina etdiyini bildirib.

“DEEP PACKET İNSPECTİON”

İndiyədək Telegram Amazon, Google-un IP-lərindən istifadə edərək bloklamadan yayına bilib. İndi sınaqdan çıxarılan sistem isə “Deep Packet Inspection” (paketin dərindən yoxlanması) adlanır, yəni internet trafiki təhlil olunur, konkret xidmətdən çıxan data müəyyənləşdirilib vurulur.

Pavel Durov
Pavel Durov

İki şirkət rəsmisinin deməsinə görə, ilkin sınaqlar uğurlu olmayıb, çünki yenə də hədəfə alınanlardan kənar xidmətlər bloklanmış olur.

Onların deməsinə görə, sınaq işləri avqustun 20-də bitməliydi, amma vaxt uzadılıb.

Roskomnadzor “Reuters”in sınaqla bağlı suallara cavabında bu haqda informasiyası olmadığını deyib. FSB, eləcə də Telegram-ım yaradıcısı Pavel Durov sualları cavablandırmayıb. Kommunikasiya və Rəqəmsal İnkişaf nazirinin müavini Oleg Ivanov şərh verməkdən imtina edib.

“Reuters”in əldə etdiyi sənəddə isə Rusiyanın dörd texnologiya şirkətindən sınaqdan çıxarmağa “Deep Packet Inspection” texnologiyasını təqdim etmələri istənilir. Roskomnadzor-a yaxın bir mənbə, həmçinin dəvət almış bir şirkət rəsmisinin deməsinə görə, məqsəd ən effektiv texnologiyanı seçmək, onu cilalamaq və Rusiyanın bütün telekommunikasiya şəbəkələrində yerləşdirməkdir.

Telegram-ın bütün dünyada 200 milyon istifadəçisi var, Rusiya və İran kimi ölkələrdə populyardır.

XS
SM
MD
LG