Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:25

Uşaqların yuxu probleminin səbəbi sosial media ola bilər


Get-gedə daha çox uşaq yuxu problemlərindən əziyyət çəkir. Ekspertlər bu artımı yatmazdan öncə sosial media və rəqəmsal cihazlardan istifadə ilə əlaqələndirirlər. Uşaqlar arasında artıq çəki və əqli sağlamlıq problemləri də səbəb kimi göstərilir.

“The Guardian” qəzetinin apardığı təhlil göstərir ki, son altı ildə yuxu pozğunluqlarından əziyyət çəkdiyinə görə xəstəxanaya düşən uşaqların sayı kəskin artıb.

Yuxu pozğunluqları ilə xəstəxanalara daxil olan, yaşı 16-dan aşağı uşaqların sayı 2012-13-cü illərdə 6 min 520 olubsa, ötən il 9 min 429-a çatıb.

KEYFİYYƏTSİZ VALİDEYNLİK

Ancaq bəzi ekspertlər hesab edirlər ki, sosial medianı bu qədər günahlandırmaqdansa valideynlərə uşaqlarının günlük rejiminə məhdudiyyətlər qoymağı öyrətmək lazımdır.

“Bilirik ki, ekranların mavi işığı yuxuya təsir edə bilir. Ancaq əslində, belə şeylər sosial media ilə deyil, keyfiyyətsiz valideynliklə bağlıdır”, – rəqəmsal detoks eksperti və “Gözünüzü ekranlara zilləməyi bitirin” (Stop Staring at Screens) adlı kitabın müəllifi Tanya Goodin “The Independent” qəzetinə deyib.

“Uşaqlar gecədən keçmiş ekranlara baxır, sosial şəbəkələrdə oyaq qalırsa, günah sosial media şirkətlərində yox, valideynlərdədir”, – deyə o bildirib.

Children’s Sleep cəmiyyətinin maliyyələşdirdiyi NHS Doncaster xəstəxanasının təsisçisi Vicki Dawson da valideynlərin yuxu vaxtları ilə bağlı ciddi qaydalar qoymasının vacibliyini vurğulayıb.

“Biz hər iki valideynin evdən kənarda işlədiyi və deməli, yuxu vaxtının gecikdiyi ailələri get-gedə daha çox görürük. Yuxu rutini ya tələm-tələsik baş verir, ya da ümumiyyətlə onun üstündən keçilir.

Daha yaxşı yuxu üçün keyfiyyətli yuxu rutini vacibdir. Qidalanmanın da rolu var. Biz üzləşdikləri yuxusuzluq problemini kompensasiya etməyə çalışaraq böyük miqdarda şəkər və hətta enerji qəbul edən uşaq və yeniyetmələr görürük. Bu isə gecə yuxusuna təsir edir”, – o deyir.

Sosial mediadan istifadə bu xoşagəlməz halın yeganə səbəbi deyil. Artıq çəki səviyyəsi və əqli sağlamlıq böhranının artması da təsiredici amillərdəndir.

KÖKLÜK VƏ YUXUSUZLUQ

Köklük yuxu apnesinə yol açır. Bu isə ən yayğın yuxu pozğunluqlarından biridir. Yuxu apnesindən əziyyət çəkən insanda yuxu zamanı boğazın divarları boşalaraq daralır və normal tənəffüsə mane olur. İnsanın artıq çəkisi olanda bu problem daha da dərinləşir.

Ancaq tədqiqatlar həm də göstərir ki, yetərincə yatmamaq çəkinin artmasına yol açır. Deməli, bu iki amil bir-biri ilə bağlıdır.

16 yaşlı çinli Guang Yue-nun çəkisi 128 kiloqram idi (Foto arxivdəndir)
16 yaşlı çinli Guang Yue-nun çəkisi 128 kiloqram idi (Foto arxivdəndir)

“Uşaqlar arasında iki əsas epidemiya ilə üz-üzəyik. Biri köklük, digəri isə əqli sağlamlıqdır. Bunların hər ikisini birləşdirənsə yuxudur”, – Evelina uşaq xəstəxanasının yuxu təbabəti üzrə məsləhətçisi Michael Farquhar deyir.

“Həmişə düşünürdük ki, yuxu köklüyün nəticəsidir. Ancaq yuxusuzluğun köklüyə yol açdığı get-gedə daha çox başa düşülməkdədir. Siz yuxusuz qalanda bədəniniz iştaha və aclığa təsir edən hormonları dəyişməklə reaksiya verir… Yorğun olanda qeyri-sağlam şeylər yemək istəyirsiniz”, – o deyir.

Eyni qaydada, qorxudan əziyyət çəkmək də yuxu problemlərinə yol aça bilər. Yuxusuz qalmaqsa qorxu və narahatlığı artıra bilir.

“Uşaqların erkən yaşlarından bəri davamlı gündəlik rejimi olmalıdır… Davamlı, ancaq həm də çevik”, - deyə Farquhar əlavə edib.

“Günün sonunda sakitləşmə vaxtı qoymaq, smartfondan istifadəni azaltmaq daha keyfiyyətli yuxu üçün vacibdir”, – deyə mütəxəssis vurğulayıb.

XS
SM
MD
LG