Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:47

'Ara Gülərin İstanbulu mənim İstanbulumdur'


A.Gülər
A.Gülər

«The New York Times» 2006-cı ildə Nobel mükafatına layiq görülmüş yazıçı Orxan Pamukun ötən ay vəfat etmiş dostu Ara Gülər haqda qələmə aldığı xatirələrini dərc edib. A.Gülər İstanbulun fotolarını çəkən tanınmış fotoqrafdır.

Yazıda deyilir:

«Oktyabrın 17-də dünyasını dəyişmiş Ara Gülər müasir İstanbulun ən böyük fotoqrafı idi. O, 1928-ci ildə İstanbulda bir erməni ailəsində doğulub. Ara 1950-ci ildə şəhərin fotolarını, şəhərin tarixi Osmanlı memarlığı fonunda insanların həyatlarını, möhtəşəm məscidlərini və əsrarəngiz fontanlarını əks etdirən şəkillər çəkməyə başlayıb. Mən iki il sonra, 1952-ci ildə dünyaya göz açmış, onun yaşadığı məhəllədə yaşamışam. Ara Gülərin İstanbulu mənim İstanbulumdur.

Mən Ara haqda ilk dəfə 1960-cı illərdə eşitmişəm. Onun fotolarını …çox oxunan həftəlik xəbər və qeybət jurnalı olan «Hayat»da görmüşəm. Jurnalın redaktoru dayılarımdan biri idi. Ara yazıçıların, Pikasso və Dali kimi rəssamların fotolarını dərc etdirir, Türkiyənin romançı Əhməd Həmdi Tanpınar kimi köhnə ədəbi və mədəni simalarının şəkillərini çəkərdi. «Qara kitab» romanımın uğur qazanmasından sonra Ara ilk dəfə fotomu çəkəndə mən sevinərək yazıçı kimi mənzil başına çatdığımın fərqinə vardım.

Ara ta 2000-ci illərədək, yarım əsr ərzində sədaqətlə İstanbulun şəkillərini çəkdi. Mən həvəslə onun fotolarını öyrənir, onlarda şəhərin …inkişafını və dəyişməsini görməyə çalışırdım. Ara ilə dostluğum 2003-cü ildə başlayıb. O zaman «İstanbul» kitabım üçün tədqiqat apararkən onun 900 min fotoluq arxivindən yararlanırdım. O, şəhərin Bəyoğlu rayonunda, Qalatasaray məhəlləsində əczaçı atasından miras qalan üçmərtəbəli evini emalatxana, ofis və arxivə çevirmişdi.

Kitabım üçün istədiyim fotolar hamının tanıdığı məşhur Ara Gülər fotoları deyildi, İstanbulun kitabımda təsvir etdiyim melanxoliyasına, uşaqlığımın boz atmosferinə uyğun rəsmlər idi. Arada belə şəkillər gözlədiyimdən daha çox idi. O, steril, təmizlənmiş, turistik İstanbula nifrət edirdi. Marağımın nəyə olduğunu anlayanda mənə öz arxivlərinə tam çıxış imkanı verdi.

«Naməlum» İstanbulu ilk dəfə Aranın 1950-ci illərin əvvəllərində qəzetlərdə çıxan şəhər fotoreportajında, yoxsulların, işsizlərin və kənd yerlərindən yenicə gələnlərin portretlərində gördüm.

İstanbul. 1975. A.Gülərin fotosu
İstanbul. 1975. A.Gülərin fotosu

İstanbul gözəldir..., lakin ilk öncə insanlar!

Aranın İstanbulun qara küçələrinə - qəhvəxanalarda oturub torlarını düzəldən balıqçılara, meyxanalarda sərxoş işsizlərə, şəhərin ovulub tökülən qədim divarlarının kölgəsində maşın təkəri yamayan uşaqlara, tikinti briqadalarına, dəmiryolçulara, şəhər əhalisini… bir sahildən o biri sahilə keçirmək üçün avar çəkən qayıqçılara, …meyvə satanlara, dan yeri söküləndə Qalata körpüsünün açılmasını gözləyən insanlara, səhər tezdən işə çıxan miniavtobus sürücülərinə marağı onun şəhərə orada yaşayan insanlar vasitəsilə bağlandığını göstərirdi.

Aranın fotoları sanki bizə deyirdi: «Bəli, İstanbulda gözəl şəhər mənzərələrinin sayı-hesabı yoxdur, lakin ilk öncə insanlar!». Ara Gülərin fotolarına xas ən mühüm cəhət onun şəhər mənzərələri ilə fərdlər arasında emosional bağlılıq qurmasıdır. Onun fotoları həm də İstanbulun insanlarının …şəhərin tarixi Osmanlı memarlığı, möhtəşəm məscidləri və əsrarəngiz fontanları fonunda …nə qədər zəif və yoxsul göründüyünün fərqinə varmama imkan verdi.

«Sən fotolarımı sadəcə uşaqlığının İstanbulunu xatırlatdığı üçün sevirsən», – o bəzən mənə deyərdi. Bu zaman onun səsində qəribə qıcıq hiss olunardı.

«Yox! Sənin şəkillərini gözəl olduqları üçün bəyənirəm», – deyə etiraz edərdim.

Bəs görəsən, gözəllik və yaddaş fərqli şeylərdirmi? Görəsən, bəzi şeylər bir qədər tanış olduğu, xatirələrimizə bənzədiyi üçünmü gözəl deyil? Onunla belə mövzuları müzakirə etməkdən həzz alardım.

…Mənim kimi ömrünün 65 ilini eyni şəhərdə, bəzən onu illərlə tərk etmədən keçirənlər üçün şəhər mənzərələri bəzən bir növ emosional həyatın göstəricisinə çevrilir. Hansısa küçə bizə işdən qovulmağımızın verdiyi sancını xatırlada, hansısa körpü gənclikdə keçirdiyimiz tənhalıq hissini geri qaytara bilər. Şəhər meydanı yaşadığımız sevgi macərasının gətirdiyi gözəl hissi, qaranlıq xiyaban siyasi qorxularımızı, köhnə qəhvəxana həbs olunan dostlarımızı xatırlada bilər. Çinar ağacı isə bir zamanlar nə qədər yoxsul olduğumuzu yadımıza salar.

A.Gülər
A.Gülər

Demokratiyaya ümid edirdi... Olmadı

Dostluğumuzun ilk günlərində heç zaman Aranın erməni kökləri və Osmanlı ermənilərinin məhv edilməsinin əsarət və ağrı dolu tarixi haqda danışmırdıq. Bu mövzu hələ də Türkiyədə əsl tabu olaraq qalmaqdadır. Hiss edirdim ki, onunla bu …mövzuda danışmaq çətin olacaq, bu, münasibətlərimizə kölgə salacaq. O bilirdi ki, bu barədə danışmaq onun Türkiyədə ayaqda qalmasını çətinləşdirəcək.

İllər keçdikcə, o mənə bir qədər inandı və vaxtaşırı başqaları ilə danışmayacağı siyasi mövzuları qaldırmağa başladı. Bir gün mənə dedi ki, əczaçı atası 1942-ci ildə Türkiyə hökumətinin qeyri-müsəlman vətəndaşlara tətbiq etdiyi əsassız «sərvət vergisi»ndən və əmək düşərgəsinə deportasiyadan yayınmaq üçün Qalatasaraydakı evini tərk edərək aylarla başqa evdə gizlənib və çölə çıxmayıb.

O, 1955-ci ilin 6 sentyabr gecəsindən danışdı. O zaman Kiprdəki hadisələr səbəbindən Türkiyə ilə Yunanıstan arasında baş qaldırmış siyasi gərginlik fonunda Türkiyə hökumətinin səfərbər etdiyi dəstələr şəhəri dolaşaraq, yunan, erməni və yəhudilərə məxsus dükanları talan, kilsə və sinaqoqları təhqir etmiş, Bəyoğlunun ortasından, Aranın evinin yaxınlığından keçən İstiqlal prospektini savaş meydanına döndərmişdi.

O zaman İstiqlal caddəsində əksər dükanlar erməni və yunan ailələrinə məxsus idi. 1950-ci illərdə anamla birlikdə onların dükanlarına gedərdim. Onlar türkcə ləhcəylə danışırdılar. Anamla evə dönəndə, onların …türkcəsini yamsılayardım. Ölkənin qeyri-müsəlman əhalisini sıxışdırmaq və ölkədən çıxarmaq məqsədi daşıyan 1955-ci ilin etnik təmizləməsindən sonra onların çoxu İstiqlal caddəsini və İstanbuldakı evlərini tərk etdi. 1960-cı illərin ortalarına, demək olar, heç kim qalmamışdı.

…Ara insanların qətlə yetirilmiş əcdadları haqda sərbəst danışa, ya da ən azı, onlar üçün rahat ağlaya biləcəyi demokratiyaya ümid edirdi. Türkiyə heç zaman həmin demokratiya olmadı. Son 15 ilin uğuru, borc götürülmüş pulla əldə edilmiş iqtisadi inkişafdan demokratiyanı …genişləndirmək deyil, düşüncə azadlığını daha da məhdudlaşdırmaq üçün istifadə olundu.

Bütün bu inkişaf və bütün bu tikintidən sonra Ara Gülərin köhnə İstanbulu, onun kitablarından birinin başlığındakı kimi, «İtirilmiş İstanbul»a çevrildi».

XS
SM
MD
LG