Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:31

Haruki Murakami 'Komandorun qətli' ilə nə demək istəyir


H.Murakami
H.Murakami

«The Guardian» yazır ki, yapon yazıçısı Haruki Murakami bir roman üzərində işləyəndə özünə sərt günlük rejim qoyur. Səhər dan yeri sökülməmiş oyanır, bütün səhəri yazır, daha sonra günorta 10 kilometr qaçır. Özünün dediyinə görə, sonradan yazmaqla qaçmaq bir-birindən ayrılmaz hala gəlir və müəllifə hekayəni irəliyə aparmaqda kömək edən yarımşüurlu vasitəyə çevrilir. Bu, həm də tənqidlərə duruş gətirməyə kömək edir. Qaçışda olduğu kimi, romanda da hər hansı qüsurlar sadəcə, əsərin təbii gedişatının bir hissəsidir. Qaçarkən gözəl mənzərəli yol seçirsinizsə, qarşınıza döngələrin çıxmasına hazır olmalısınız.

Xətti gəzməyə aparmaq

«Komandorun qətli» romanında da qaçmaqda olan kişinin axırda geriyə dönüb evinə üz tutduğunu görürük. Hekayəni nəql edən, ancaq adı çəkilməyən şəxs 36-yaşlı portret rəssamıdır. O öz evliliyinin verdiyi əzabdan, öz emosiyalarından qaçaraq Yaponiyanın mərkəzindəki Odavara adlı yerin yaxınlığında samuraysayağı həyat sürür. Ancaq dünya, ruh dünyası onun qapısını kəsdirib. Hər gecə meşədə müəmmalı zəng çalınır, evin çardağında isə örtüyə bükülü müəmmalı rəsm əsəri (Motsartın «Don Juan»nından ilhamlanaraq çəkilmiş «Komandorun qətli» əsəri) var. Çox keçmədən qəhrəmanın gözdən-könüldən uzaq sakitliyi az qala, mərkəzi vağzal kimi sıx, məşğul həyatla əvəzlənir.

Paul Klee bir dəfə rəsm çəkməyi «xətti gəzməyə aparmaq» kimi səciyyələndirib. Şübhəsiz ki, Murakami də öz yazılarını belə görür. Bu yaradıcı gəzinti həm onun özünü, həm də oxucusunu işıqlandırır. Onun çəkdiyi xətt gah ziqzaq olur, gah harasa toxunur, gah da qayıdıb öz üstündən keçir. Mənzərə də çox tez-tez dəyişir.

Ümumiyyətlə, Murakami yüksək bədii ədəbiyyatla pop mədəniyyəti arasında fərq qoymur. O anlayır ki, bunların hər ikisi araşdırılmağa layiqdir və hər birinin verdiyi həzlər var.

Ancaq hekayədə gedişatın istiqamətinin tez-tez dəyişməsi qəribədir. Hekayəni nəql edən adamın kirayə tutduğu evə yolun qarşı tərəfindəki böyük ağ evdə yaşayan müəmmalı maliyyə maqnatı gəlir. Burada onu 1930-cu illərdə Vyanada nasistlərlə üz-üzə gəlmiş evin keçmiş sakininin həyatda olan ruhu da ziyarət edir. Bu azmış kimi, onun tənhalığını Komandorun özü də pozur. O əsərin içindən çölə hoppanaraq «ideya» olduğunu deyir. Absurd üstünə absurd gəlir. Romanı oxuduqca, hekayə daha da əcaibləşir.

Əsas hədəf - natamamlıqdır

Həmişə olduğu kimi, Murakami burada da həyatın gündəlik detallarında gizlənən sehri axtarıb tapa bilir. Ancaq bu kitabda bu elementlər haqda çox danışılır, üstəlik, onların arasında əlaqə çox zəifdir.

Ruhlar kimdir? Real insanlar kimdir? Qəhrəmanın evli sevgilisinin yalnız söhbət və seksual münasibətdən başqa ortaya nəsə qoyduğunu görmürük. Bu azmış kimi, fantastik, cırtdan Komandor haqda da elə bir detal verilmir.

Sanki bu romanın əsas hədəfi natamamlıqdır: hər kəs yarımçıq, natamamdır, iş davam edir, bu səbəbdən hər hansı sərt, konkret qərarlar yalandır.

«Bizim bu real dünyamızda heç nə daim olduğu kimi qalmır», – Murakami yazır.

Murakami adəti üzrə adı çəkilməyən qəhrəmana öz maraqlarından da «bağışlayıb». Qəhrəman da onun kimi Akira Kurosavanın filmlərini, Brüs Sprinqstinin albomlarını sevir. Sanki o, müəllifin qeyri-müəyyənliyini də bölüşür. Buna görə də, Murakaminin 14-cü romanı olan «Komandorun qətli», az qala, debüt təsiri bağışlayır. Bəlkə də doğrudan da ilk romanını yazan yazıçı bu əsərdəki qarışıqlıqdan çaxnaşmaya düşər, tez ona bir nizam verməyə çalışardı.

XS
SM
MD
LG