Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 22:51

Uşaqları sosial mediadan qorumağın 10 yolu


İllüstrasiya
İllüstrasiya

Rəsmi qaydalara görə 13 yaşına çatmamış uşaqların sosial mediadan istifadəsinə icazə verilmir. Əslində isə sosial media bu yaşdan xeyli əvvəl onların internet dünyasının bir hissəsinə çevrilir.

https://www.belfasttelegraph.co.uk/life/features/10-ways-parents-can-help-keep-children-safe-on-social-media-37754355.html

Britaniyanın YouGov araşdırma və data təhlili şirkətinin apardığı tədqiqatın nəticələri göstərir ki, uşaqların yarıya qədərinin (48%) yeddi yaşına çatmamış sosial mediadan xəbəri olur. Uşaqların 1/3-i isə həmin yaşadək sosial mediaya baxdığını, yaxud da ondan istifadə etdiyini bildirib.

Hətta yeniyetmələr sosial mediadan istifadə yaşına çatsalar belə, bu məsələ o qədər də asan deyil.

Valideynlər uşaqları onlayn təhlükələrdən qorumaq məsələsinə çox ciddi yanaşmalıdırlar.

Helen Lamprell Britaniyanın Vodafone UK şirkətinin baş məsləhətçisi və xarici əlaqələr müdiridir. O bu yaxınlarda yeni rəqəmsal valideynlik üzrə onlayn təlimat yaradıb. Bu təşəbbüsün məqsədi uşaqlara sosial mediadan istifadə zamanı məsuliyyətli olmağı öyrətməkdir.

Rəqəmsal valideynlik təşəbbüsü internetdə uşaqların təhlükəsizliyinin qorunması üçün bir neçə tövsiyəni paylaşıb:

1. Uşaqlar hansı yaşda sosial mediadan istifadə edə bilərlər?

Snapchat, Twitter, Instagram və Facebook kimi sosial platformalar istifadəçilərin yaşının 13-dən, WhatsApp-sa hətta 16-dan yuxarı olmasını tələb edir. Ancaq onların heç biri istifadəçinin yaşını yoxlamaq imkanına malik deyil. Siz uşaqların bu sayt və əlavələrdən istifadəsini valideyn nəzarəti ilə tənzimləyə bilərsiniz. Ancaq əgər uşağınız daha erkən yaşda sosial media ilə maraqlanmağa başlayıbsa, ən yaxşısı açıq olmaq və onunla bu məsələni, bunu niyə istədiyini, doğru vaxtın yetişib-yetişmədiyini müzakirə etməkdir.

Unutmayın ki, yüzlərlə insana övladınızın postları altında şərh yazmaq imkanı versəniz, bu onun özünə verdiyi dəyərə ciddi təsir edə bilər. Bu səbəbdən onların buna hazır olub-olmadığı haqda düşünməlisiniz.

2. Komanda kimi hərəkət edin

Ailədə rəqəmsal texnologiya ilə bağlı qərarları müzakirə edən zaman uşaqları da cəlb edin ki, özlərini eşidilmiş hiss etsinlər.

Uşaqlarınızı və onların ehtiyaclarını dinləməyiniz onların verilən qərarları yadda saxlamasına, yerinə yetirməsinə və hörmət etməsinə yol açacaq. Qaydalara davamlı əməl edin. Onları heç vaxt pozmayın. Pozmağa məcbur olsanız, bunun tutarlı izahını verin.

3. Nənəni düşün

Övladınızı “nənə qaydasına” əməl etməyə çağırın: əgər nənənin bunu görməsini istəməzdinsə, paylaşma. Bu, övladınızın sonradan peşman olacağı paylaşımı etməzdən öncə düşünməsinə yol açacaq. Unutmayın ki, paylaşımlar internetdə ömürlük qala bilər.

Rəqəmsal valideynlik təşəbbüsünün #Goldilocks rəqəmsal yuxuöncəsi nağılı da köməyinizə gələ bilər. Burada klassik uşaq nağılı uşaqların internetdə daha məsuliyyətli davranmağı öyrədəcək tərzdə dəyişdirilib.

4. Qoyduğunuz qaydaları əsaslandırın

Uşaqlarınıza yaşlarına uyğun və məntiqli məhdudiyyətlər qoyun. Uşaqların dostlarının valideynləri ilə danışın və onların qoyduqları qaydalarla maraqlanın. Qoyduğunuz qaydaların onlarınkından çox fərqləndiyini düşünürsünüzsə, mövqeyinizi yenidən dəyərləndirmək haqda düşünün.

5. Öncə təhlükəsizlik xassələrini araşdırın

Əksər sosial media saytlarında təhlükəsizlik xassələri və şikayət prosedurları mövcuddur. Uşağınız yeni sosial media hesabı açırsa, onlara bu quruluş və alətləri araşdırmağa kömək edin.

Məsələn, düzgün gizlilik və təhlükəsizlik seçənəklərinin tətbiqi, yaxud bəzi istifadəçiləri blok və şikayət etməyin yollarını araşdırmaq faydalı olardı.

6. Dünyayla təmasda olun

Uşaqların 60%-i valideynlərinin rəqəmsal həyat məsələlərini müzakirə etmədiklərini deyib. Ona görə daim açıq və səmimi dialoq aparın və uşağa ən çox bəyəndiyi vlogger, oyun və fəaliyyət haqda suallar verməklə onun onlayn dünyasını anlamağa çalışın.

7. Bilin ki, başqaları sizin yerləşdiyiniz məkanı görə bilir

Mobil əlavələrdə məkan xidmətləri əyləncəli olsa da, onların bəzilərində uşağınız müəyyən ayarları vaxtında söndürməyibsə, başqaları sizin harada olduğunuzu real vaxtda izləyə bilər.

Uşağa məkan ayarlarıyla bağlı kömək etmək çox vacibdir. Onlar istədikləri vaxt sizin olduğunuz məkanı hamı ilə paylaşmamalıdırlar. Məsələn, Snapchat istifadəçiləri ghost (ruh) rejiminə keçməklə izlənmələrinin qarşısını ala bilərlər.

8. Heç də bütün izləyicilərə inanmaq olmaz

Övladınızla yalnız tanıdıqları və inandıqları adamların dostluq və digər təkliflərini qəbul etmək haqda danışın. Onları postlarını görəcək adamların siyahısını məhdudlaşdırmağa yönəldin. Postları yalnız onların tanıdıqları və yaxşı yola getdikləri adamların görə, bəyənə və şərh edə bilməsi məsləhətdir.

9. Kreativ olun

Övladınıza kreativliklərini işə salmağa və biliklərini artırmağa kömək edən mobil əlavələr və onlayn alətlər təklif edin. Uşağın təbiət, faydalı oyunlar və şəkil çəkmək haqda biliklərini artıran, hətta onları ev işlərinə həvəsləndirən mobil əlavələr mövcuddur. Uşaq onlardan istifadə etməyə başlasa, valideynlər də qazanır.

10. Klik etməzdən öncə yaxşı düşün

Övladınıza özəl mesajlarda göndərilən linkləri basarkən çox ehtiyatlı olmağı öyrədin. Mesaj dostdan gəlmiş kimi görünsə belə, dostun hesabı yarılmış, linksə virus, fırıldaq, yaxud uyğun olmayan sayta keçid ola bilər. Şübhəniz varsa linkin URL-sini yoxlayın. Saytı tanımırsınızsa, yaxud o, şübhəli görünürsə, basmayın.

XS
SM
MD
LG