Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Facebook gələcəkdə belə olacaq


İllüstrativ foto
İllüstrativ foto

Facebook-un rəhbəri Mark Zuckerberg bu sosial şəbəkənin gələcəkdə “rəqəmsal şəhər meydanı”ndan şəxsi mesajlaşma əlavəsinə çevriləcəyini gözləyir. Bu haqda “Frans Pres” agentliyi yazır.

Zuckerberg martın 6-da dünyanın ən böyük sosial şəbəkəsilə bağlı fikirlərini açıqlayıb. Facebook-un daha kiçik miqyaslı, təhlükəsiz şəxsi mesajlaşma platformasına çevriləcəyi anonsu şəbəkədə strateji dəyişiklikdən xəbər verir. Axı, şirkət gizlilik və şəxsi məlumatların qorunmasıyla bağlı böhranı yoluna qoymağa çalışır. Ötən il milyonlarla istifadəçinin şəxsi məlumatlarından yanlış istifadə olunduğu üzə çıxmışdı.

“QONAQ OTAĞININ RƏQƏMSAL EKVİVALENTİ”

“İnanıram ki, kommunikasiya gələcəkdə şəxsi, kodlaşdırılmış xidmətlərə keçəcək, adamlar bir-birlərinə yazdıqlarının təhlükəsizliyindən, həmişəlik ortalıqda qalmayacağından əmin olacaqlar”, – Zuckerberg Facebook səhifəsində yazıb.

Mark Zuckerberg
Mark Zuckerberg

“Belə bir gələcəyi yaradacağımıza ümid edirəm”, – o deyib.

Zuckerberg son 15 ildə “şəhər meydanının rəqəmsal ekvivalenti”nin yaradılmasına kömək etmiş Facebook-da böyük dəyişiklik gözlədiyini söyləyib.

Onun sözlərinə görə, hazırkı mühitdə “adamlar getdikcə daha çox qonaq otağının rəqəmsal ekvivalentində özəl ünsiyyətə girmək istəyirlər”.

Facebook dünyanın ən böyük onlayn platformasını yarada bilib, 2,3 milyard fəal istifadəçisi var. Amma sosial şəbəkə dezinformasiyanın yayılmasına, manipulyasiyaya meydan verdiyinə görə tənqid olunub. Üstəlik, böyük həcmdə şəxsi informasiyaların toplanaraq hədəfli reklam üçün istifadə oluna biləcəyi ortaya çıxıb.

Şəxsi məlumatlarla bağlı bir neçə belə ifşaedici informasiyanın yayılması Facebook-u əməliyyatlarına yenidən baxmağa sövq edib. Zuckerberg özü də məlumatların qorunmasının təkmilləşdiriləcəyini vəd edib.

İSTİFADƏÇİLƏR DAHA EHTİYATLI DAVRANIRLAR

Bu gün biz onlayn kommunikasiyada şəxsi mesajlaşmanın, kiçik qrupların sürətlə artdığını görürük. Bəzi adamlar təkbətək, yaxud bir neçə dostuyla ünsiyyətə üstünlük verirlər. Adamlar paylaşdıqlarının həmişəlik saxlanmasına daha ehtiyatlı yanaşmağa başlayıblatr”, – o söyləyib.

Brüsseldə Mark Zuckerberg-ə etiraz aksiyası, may, 2018-ci il
Brüsseldə Mark Zuckerberg-ə etiraz aksiyası, may, 2018-ci il

Zuckerberg-in fikrincə, ictimai sosial şəbəkələr “adamların həyatında vacib yer tutmağı davam etdirəcək”, amma özəl ünsiyyətə tələb artdığından “ilk öncə gizliliyə fokuslanan daha kiçik platforma yaratmaq imkanı da mövcuddur”.

Bir ekspertin fikrincə, özəl, təhlükəsiz kommunikasiyaya diqqət ayrılması Facebook-un bir sıra mürəkkəb tələbləri də yoluna qoymasına kömək edə bilər. Bu tələblərə kontentin idarə olunması, hökumətin informasiya almaq müraciətləri daxildir.

Zuckerberg onu da vurğulayıb ki, hazırda “informasiyanın daha qısa müddətə saxlanması” da vacibdir, çünki “adamlar paylaşdıqlarının çox sonralar geri qayıdaraq onlara ziyan vurmayacağnı bilmək istəyirlər”.

Elə bu baxımdan da Facebook “gizlilik, yaxud ifadə azadlığı kimi insan haqlarını pozan ölkələrdə” data mərkəzləri yaratmayıb, hökumətlərin bu datadan yararlanaraq dissidentlərə təzyiq göstərməsini əngəlləyib, Zuckerberg belə deyir.

XS
SM
MD
LG