Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:57

31 mart təkcə can almadı...İZ


İsmailiyyə binası yandırılandan sonra. 2 mart, 1918-ci il.
İsmailiyyə binası yandırılandan sonra. 2 mart, 1918-ci il.

Sevda İsmayıllı

1918-ci il 31 Mart qırğınından söz düşərkən, adətən, qətlə yetirilən insanlar xatırlanır. Ancaq bu qırğının Bakıya, Azərbaycana daha nə ziyanlar vurduğunu çoxları bilmir...AzadlıqRadiosu bu yazıda 1918-ci ildə baş vermiş 31 Mart qırğınına müxtəlif yönlərdən baxmağa çalışıb.Dəhşətli qırğın necə baş verdi? Bakıda nələr yandırılıb viran qoyuldu? Qırğını gözləriylə görənlər nələr yazdı? İçərişəhər bu qırğından hansı səbəbdən az zərərlə çıxdı? Qırğından 2 ay sonra elan olunan Azərbaycan Cümhuriyyəti bu dəhşətli qırğına necə münasibət göstərdi? Son illər çıxan kitablarda çağdaş rus tarixçiləri bu qırğını necə qiymətləndirirlər? Bəs Azərbaycan tarixçiləri qırğının nə qədər can aldığını sübut ediblər?

“MİLLİ MATƏM GÜNÜ”

Akif Ashirli, 3 aprel 2013
Akif Ashirli, 3 aprel 2013

Araşdırmaçı jurnalist Akif Aşırlı: “1919-cu ildə “31 Mart”ın birinci ildönümünü qeyd edən Cümhuriyyət hökuməti həmin günü Milli Matəm Günü elan etdi. Parlamentin orqanı «Azərbaycan» qəzeti bu münasibətlə xüsusi səhifə buraxdı. «Müsavat» partiyasına bağlı bütün qəzetlər ilk səhifələrini bu günə həsr etmişdilər. «İstiqlal» qəzeti matəm nömrəsi buraxmışdı. «Azərbaycan» qəzeti aprelin əvvəllərinədək davam edən bir neçə sayında «Mart hadisələrinin müxtəsər tarixçəsi»ni vermişdi. İlk atəşin açılmasından tutmuş, ta hadisələrin sonunacan“.

RƏSULZADƏ: “DİNİ FACİƏMİZ AŞURA, MİLLİ FACİƏMİZ 31 MART”

Akif Aşırlı Cümhuriyyət qurucularının bu hadisəyə milli faciə kimi yanaşdıqlarına diqqət çəkir: “M. Ə. Rəsulzadə yazırdı ki, bizim dini faciəmiz Aşuradır, milli faciəmiz - 31 mart soyqırımıdır. Yəni faciənin rəngini də verirdi”.

FÖVQƏLADƏ İSTİNTAQ KOMİSSİYASI YARADILDI

“Cümhuriyyət qurulandan az sonra Nazirlər Komitəsiı1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. FTK-nın sədri Ələkbər bəy Хasməmmədov təyin olundu. Ə. B. Xasməmmədovun rəhbərliyi ilə, 7 komissiya üzvü (onların arasında qeyri-millətlər də vardı - red.) az vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə törətdikləri soyqırımlar haqqında istintaq və məlumat xarakterli geniş material topladı. Komissiya Bakıdakı mart soyqırımını, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Cümhuriyyətin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il martın 31-i 2 dəfə ümummilli matəm günü kimi qeyd edildi. Komissiya işini 1919-cu ilin noyabrında başa çatdırdı. Hadisələrə hüquqi qiymət verdi, ancaq Cümhuriyyətin işğalı bu işə siyasi qiymət verməyə imkan vermədi. Komissiyanın sənədlərinə görə, yalnız Bakıda 11 min nəfər qətl olunub...”.

7 MÖHTƏŞƏM BİNA-DAĞIDILAN BİNALARIN ŞƏKLİ QALIB

Fövqəladə Təhqiqat Komissiyasının sənədləri içərisində bir maraqlı material yer alıb. 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E. Kaluqenin birgə tərtib etdikləri protokolda 1918-ci ilin sentyabrında - Qafqaz İslam Ordusu Bakını azad edəndən sonra, Ələkbər bəyin tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda dağıdılan 7 ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkib.

31 MART TƏKCƏ CAN ALMADI- “AÇIQ SÖZ”, “KASPİ” REDAKSİYALARI YANDIRILDI...

"Kaspi" qəzetinin yerləşdiyi bina, yanğından sonra, Bakı, mart 1918
"Kaspi" qəzetinin yerləşdiyi bina, yanğından sonra, Bakı, mart 1918

Akif Aşırlı: “1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. Milli məfkurə məbədi olan “İsmailiyə” binası yandırıldı, Təzəpir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə I919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabında yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnaksütyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər. “Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yanğından sonrakı vəziyyəti göstərir”.

“MƏDƏNİ ZƏRBƏ”

Akif Aşırlı “Daşnaksütyun” partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğınını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı “mənəvi soyqırım” adlandırır:

“Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən çox anadilli mətbu orqan fəaliyyət göstərirdi, qətliamdan sonra “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. “Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa anadilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat Bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı yasaqlandı”.

“MƏTBUATIN İFLİC DÖVRÜ”

Akif Aşırlı bu dövrü Azərbaycan mətbuatınıın iflic dövrü adlandırır:

“Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə, Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-nə - Bakının işğaldan azad olunduğu günədək özünün iflic dövrünü yaşadı”.

“BAKI QAN GÖLÜNƏ DÖNDÜ”

Arxiv fotolar, 31 mart 1918
Arxiv fotolar, 31 mart 1918

“Üç gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yaraşmayan böylə qəbahətlərin icrasına qədər varmışlar. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları –red.) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı (yanğınsöndürən – red.) komanda tərəfindən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

“AZƏRBAYCAN” QƏZETİ YAZIRDI:

Məhəmməd adlı bir şəxsin parlamentin orqanı “Azərbaycan” qəzetində “Saralmaz yaralarımız” sərlövhəli məqaləsindən: “Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur – red.) Nikolayevski (indiki “İstiqlaliyyət” küçəsi-red.) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanların tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.

“BOLŞEVİKLƏRİN HESABINA GÖRƏ...”

“Nəinki Bakının mərkəzində yaşayan əhali, hətta kəndlərdə yaşayanlar da kütləvi qırğınla üzləşib, məsələn, Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində dövrün mətbuatında məlumat dərc edilib. Daha bir şahid ifadəsi mətbuatda:

“Bütün vəhşət və zalımlıqları sayıb qurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu, yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”.

ŞAMAXIDA QƏTLİAMLAR

Şah məscidi, 31 mart 1918. Bakı
Şah məscidi, 31 mart 1918. Bakı

Yerli mətbuatda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7 mindən çox müsəlmanın qətlə yetirildiyi bildirilirdi: “Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”.

ƏLƏKBƏR BƏYİN “ÇAĞIRIŞ”I

“Şamaxı qəzasında 80-ə yaxın müsəlman kəndi yerlə-yeksan olunmuş, 8 əsr yaşı olan Cümə məscidi yandırılmışdı. Törədilən qanlı olaylarla bağlı Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov "Çağırış" məqaləsində geniş məlumat verirdi”.

ZİYALI OVU

Akif Aşırlınınn bildirdiyinə görə, ermənilərin Bakıda, Şamaxıda törətdikləri qırğınlar sırasına ziyalıların məhvi planları da daxil idi: “1918-ci ilin martından sentyabra kimi Bakıda olan M. Ə. Əfəndinin Tiflisdə bu hadisələrlə bağlı çıxan "Qardaş kədəri”nin müxbirinə verdiyi açıqlamada bu barədə kifayət qədər məlumatlar var. M. Ə. Əfəndi söyləyir ki, Bakını bürüyən qətllər zamanı ermənilər evbəev gəzib müsəlmanları yığır və naməlum bir yerə aparırdılar:

"Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı". Şahid misallar da çəkirdi: "İki doktor Kərim bəy, Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən T. V. Qulubəyov da itdi”.

ABBAS SƏHHƏT...”KÖNLÜMÜN SEVGİLİ MƏHBUBU MƏNİM!”

Abbas Sahat, 1879-1918
Abbas Sahat, 1879-1918

Daha bir ziyalı ovu:

“Şamaxıya hücum zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkiri şair Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olunub, mənəvi-psixoloji sarsıntı keçirib, az sonra Gəncədə vəfat edib... Bu barədə dövrün mətbuat səhifələrində yazılıb: "İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bandalara (quldur dəstələrinə - red.) qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər qətl olunmuşlar". Daha bir qurban:“Azərbaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin “Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə (Dadaş Bünyadzadənin qardaşı-red.) də ermənilərin törətdiyi qətliamın qurbanıdır. Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi” ("Azərbaycan" qəzetinin 13 noyabr, 1918-ci il tarixli sayı) Əlimərdan bəy Topçubaşov da həmin dövrdə Bakıda idi. Topçubaşov qırğınların qarşısını almağa çalışırdı, amma özünü həbs etdilər və o, cümhuriyyət elanından sonra həbsdən çox çətinliklə xilas ola bildi”.

İÇƏRİŞƏHƏR NECƏ XİLAS OLDU? BOMBARDMAN NƏDƏN DAYANDIRILDI?

İçəri şəhər, Bakı,13 mart 2012
İçəri şəhər, Bakı,13 mart 2012

Hadisələrin gedişində daha bir diqqətçəkən məqam Bakının ən gözəl binalarının dağıdıldığı halda İçərişəhərin az ziyan çəkməsidir. Bunun səbəbini Akif Aşırlı belə açıqlayır:

“Üç gün davam edən qırğınlar Bakıda yaşayan rus və yəhudilərin erməni-bolşevik qoşunları komandanına, dənizdən İçərişəhəri aramsız bombalayan matroslara verdikləri ultimatumdan sonra dayandırılır. Seyidağa Axundzadə kitabında qeyd edir ki, müsəlman qırğınının üçüncü günü, yəni sübh tezdən dənizdə olan hərbi vaporlardan (gəmilərdən – red.) və erməni məhəllələrindən İçərişəhərə toplar atıldı, evlər, məscid minarələri dağıdıldı. Müsəlmanlarla yanaşı, rus və yəhudilərin də zərər çəkməsi onların ciddi etirazlarına səbəb oldu: “Bu halı görən İçərişəhərdə yaşayan xaçpərəst milləti dərhal bir yerə toplaşıb, kəndi tərəflərindən bir nümayəndə liman uçastokuna (hərbi dəniz ordu komandanlığının limandakı məntəqəsinə – red.) göndərdilər ki, biz İçərişəhərdə sakin olan xaçpərəstlər təmam istirahətlik ilə yaşadığımız bir halda bizi bombardman etməniz nə cəhətə olmalıdır?”. İçərişəhərin bombalanmasını dayandırmaq üçün danışıqlara gedən rus və yəhudi nümayəndələrinə Dəniz Hərbi Komandanlığı Daşnaksütun firqəsinin onlara göndərdiyi məktubu göstərdi. Məktubda daşnaklar müsəlmanların qeyri-millətləri İçərişəhərdə qətlə yetirib, mallarını qarət etməsi barədə uydurmalar yazmışdı. Dəniz hərbi qüvvələri müsəlmanların kütləvi qırğınına cəlb etmək üçün ermənilərin böhtanlarını duyan yəhudi-rus nümayəndələri belə bir halın baş ermədiyini deyir. Əksinə, müsəlmanların onlara kömək olduğunu söyləyərək dinc sakinlərin qırğınının dayandırılmasını sərt şəkildə tələb edirlər: “Biz axırıncı tələbimizi liman uçastokuna təqdim ediriz: “Əgər bu bombardman davam edərsə, biz də hazırlaşıb yerli müsəlmanlarla birəbir qiyam edəcəyiz”. Bu qəti tələbnamədən sonra təhqiqat komissiyası yaradılır. Daşnak firqəsinin fıtnəkarlığı aşkarlanır, yalanları ortaya çıxır”.

RUSİYA TARİXÇİLƏRİ NƏ DEYİRLƏR? İTKİ NƏ QƏDƏR OLUB?

Rusiya tarixçiləri Mixail Volxonski və Vadim Muxanovun 2007-ci ildə Moskvada çıxan “Po sledam Azerbaydjanskoy Demokratiçeskoy Respubliki” (“Azərbaycan Demokratik Respublikasının iziylə” – red.) kitabında əvvəlcə Şaumyanın göstərdiyirəqəmlərdən söz açırlar: “Aprelin 13-də Şaumyanın Moskvaya göndərdiyi hesabatda deyilirdi:

“3 gün ərzində-30-31 mart-1 aprel-Bakıda amansız döyüşlər getdi... Hər iki tərəfdən şəhərdəki döyüşlərdə 20 mindən çox adam iştirak etdi. Döyüşlər bizim üçün əla nəticələndi. Düşmən büsbütün darmadağın edildi. Bizim diktə etdiyimiz şərtlər son nöqtəsinədək imzalandı. Hər iki tərəfdən 3 mindən çox ölü vardı... Sərəncamımızda “Daşnaksütyun”un təxminən 3-4 minlik milli hissələri də vardı. Onların iştirakı vətəndaş müharibəsinə bir qədər milli qırğın xarakteri versə də, bundan qaçmaq imkanımız yox idi. Biz bilincli olaraq buna getdik”.

“ÖLDÜRÜLƏNLƏRİN VƏ YARALANANLARIN SAYI 10 MİNİ AŞMIR...”

Bu da adını çəkdiyimiz tarixçilərin öz fikirləri:

“Aydındır ki, dinc əhalinin itkisi barədə rəqəm Şaumyan tərəfindən kəskin azaldılıb. Ancaq Bakı qarşıdurmasında qətl edilənlərin və yaralıların ümumi sayı, açıq-aydın, 10 min nəfəri aşmır... Bu cəhətdən hadisələrin iştirakçısı olmuş B. L. Baykovun “sonralar səslənən rəqəmlər-15-20 və daha çox minlər - tamam fantastikdir” -ifadəsi hədsiz maraq doğurur”.

AZƏRBAYCAN TARİXÇİSİ NƏ DEYİR? TÜKÜRPƏDİCİ RƏQƏMLƏR...

Solmaz Tohidi, tarixçi, Bakı, 10 aprel 2013
Solmaz Tohidi, tarixçi, Bakı, 10 aprel 2013

Azərbaycan tarixçisi- “Bakı, mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “Quba. Mart-aprel 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” kitablarının, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə” foto-albomunun müəllifi Solmaz Tohidi Fövqəladə Təhqiqat Komissiyasının protokollarına dayanaraq, yalnız Bakıda 11 min nəfərin qətlə yetirildiyini bildirir. Onun üzə çıxardığına görə, Qubada 167 kənd dağıdılıb, yalnız Şamaxı şəhərində 8-10 min nəfər, Şamaxının 110 kəndində isə 10 min 341 nəfər öldürülüb. Solmaz Tohidi sənədlərlə Azərbaycan ərazisində 50 min nəfərə yazın insanın öldürüldüyünü sübut edib!.. Fransa arxivlərindən tapılan (Fövqəladə Təhqiqat Komissiyasının Paris Sülh Konfransında olan Əlimərdan bəy Topçubaşıya göndərdiyi sənədlər-red.) Göyşay və Cavad qəzalarına dair sənədlərinsə üzərində iş getdiyini bildirən tarixçi-alim Zəngəzur və Qarabağla bağlı sənədlərin hələ araşdırırlmadığını vurğulayır...

ÜZEYİR BƏY: “AZƏRBAYCANDA DAŞ-DAŞ ÜSTƏ QALMAZDI”

Uzeyir Hacıbəyov (sağ) və Hanefi Terequlov
Uzeyir Hacıbəyov (sağ) və Hanefi Terequlov

Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin 31 mart 1919-cu il 147-ci sayında yazırdı:

“Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilə və sənin də bu təcavüzü dəf etməyə heç bir vəsilən olmaya. Bakı müsəlmanları Mart günlərində bu halda idilər. Və əgər Türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər, Azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca deyil, bir Bakıda, Şamaxıda, bəlkə də ümum Azərbaycanda daş-daş üstə qalmazdı... Keçən keçdi və olan oldu; mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib Azəri türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır; bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə qadir olalım: bunun üçün həm hökumətimizin və həm də millətimizin yaşaması lazımdır” .

SEYİDAĞA AXUNDZADƏNİN “MART HADİSƏLƏRİ 1918” KİTABINDAN:

“Bu gün seşənbə günü, mart ayının iyirmisi (31-i - red.) saət on birdən etibarən müharibə bir milli rəng almış idi. Ona binaən də saət bir radələri idi, ermənilər tərəfindən müsəlman məhəllələrinə hücum edilib Nikolayevski caddə (İstiqlaliyyət küçəsi- o vaxt “prospekt” adlanırmış - red.) də onlar tərəfindən işğal edildi və Cəmiyyəti Xeyriyyə binası (İsmailiyyə - red.) da onların əlinə keçdi. Hətta şəhər idarəsi binasına (indiki Bakı şəhər İcra Hakimiyyəti binasına -red.) qədər yürüş edib, idarəni də əllərinə aldılar və oraya mitralyoz (pulemyot – red.) və toplar yeridib İçərişəhəri xarabazara döndərmək istiyorlardı... Qoşun dərhal şəhər bağı cənubundan hücum edib mitralyozdan səri atəşlər açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyi qəti qərara alıb Cəmiyyəti Xeyriyyə binasına və “Açıq söz”, “Kaspi” mətbəə və idarələrinə od vururlar...”.

MART QURBANLARININ VƏ SEYİDAĞA AXUNDZADƏNİN RUHUNA MİN RƏHMƏT...

Bir jurnalistin vaxtilə çalışdığı mətbəənin, yazılarının dərc edildiyi qəzet idarələrinin yağmalanmasını, odlanmasını, yaşadığı şəhərin xarabazara çevrilməsini görməsindən, öz evində, həyətində, məhəlləsində, ibadət etdiyi məsciddə vurulan insanların ah-naləsini eşitməsindən dəhşətli nə ola bilərdi?

Bəs o dəhşətli ildə qorxmadan, çəkinmədən bunu tarixə yazmasından?..

Seyidağa Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində doğulmuşdu. Atası Axund Mir Hüseyn Hacı Zeynalabdin Tağıyevlə dost idi. Elə o üzdən də ilk iş yeri Tağıyevin “Kaspi” mətbəəsində mürəttiblik oldu. Qafqazın sayılıb-seçilən mətbuat mərkəzi olan “Kaspi” o vaxtlar indiki Sabir bağında yerləşirdi.Axundzadə mürəttibliklə yanaşı, həm də jurnalistlik edirdi. Məqalələr yazır, kitablar tərcümə edir, elə burada da çap etdirirdi. Sonralar müxtəlif mətbu orqanlarda çalışsa da, bu mətbəəni onun üçün əziz edən bir məzəli məqam da vardı. Axundzadənin 1909-cu ildə ərinə nahar fasiləsində yemək aparan hamilə həyat yoldaşı elə bu mətbəədəcə ona bir oğlan uşağı dünyaya gətirmişdi. İlk övladı, sonralar Azərbaycanın ilk fotoqrafı kimi tarixə düşən Mir Cavadın doğulduğu yer onun üçün ikiqat doğma və əziz idi.

Və bu müqəddəs məkan bir gündəcə Seyidağa Axundzadənin gözləri qarşısında yerlə bir olmuşdu...

XS
SM
MD
LG