Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Beynəlxalq Bankın milyardlarının paylanmasına kimlər göstəriş verib?


Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsində vaxtilə onun tabeliyində işləmiş şəxslər, o cümlədən filial müdirləri dindirilir. Çünki Cahangir Hacıyevin, onunla dostluq münasibətləri olan sabiq deputat Dünyamin Xəlilovun mənimsədiyi iddia olunan milyardlarla vəsait Beynəlxalq Bankın müxtəlif filiallarından kredit götürülüb və qaytarılmayıb.

Həmin filiallardan ikisinin – Mərkəz və Nəqliyyat filiallarının rəhbərləri İlqar Abdullayev və Kənan Orucov aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Onların hər ikisi Cahangir Hacıyevin 15 il həbsi barədə hökm çıxarılan birinci məhkəməsində onunla birlikdə mühakimə olunmuşdu.

Məhkəmənin sonunda hər ikisinə şərti cəza verilmişdi. İlqar Abdullayev istintaq və məhkəmə dövründə həbsdə olsa da, hökm elan ediləndən sonra məhkəmədən azadlığa buraxılmışdı.

“Göstəriş oldu ki, kredit verilsin”

Cahangir Hacıyev, bacanağı İsmayıl Hidayətzadə, Dünyamin Xəlilov və daha 19 nəfərin aprelin 1-də keçirilən məhkəməsində hər iki şahiddən soruşulub ki, heç bir təminat olmadan milyonlarla kreditlər necə verilib? Hansısa müəssisədə sürücü, xadimə işləyən şəxslərin adına hansı əsasla milyonlarla manatlıq kredit rəsmiləşdirilib?

Həm İlqar Abdullayev, həm də Kənan Orucov deyib ki, Beynəlxalq Bankda Kredit Komitəsi var. Yüksək məbləğli kreditlər üçün müraciətlərə həmin komitə baxıb qərar verirdi. Onların sözlərinə görə, Dünyamin Xəlilovun öz işçilərinin adına yaratdığı müxtəlif şirkətlərə ayrılan kreditləri də özbaşına verməyiblər, bu barədə Kredit Komitəsinin qərarı olub.

“Xatırlayıram ki, “Spotline” şirkəti 1.5 milyon manatlıq kreditlə bağlı müraciət etdi. Mən də bu barədə Kredit Komitəsinə məlumat verdim. Göstəriş belə oldu ki, kredit verilsin. Sənədlər hazırlandı, həmin şirkətə kredit verildi”, – 2003-2015-ci illərdə bankın Nəqliyyat filialının rəhbəri olmuş Kənan Orucov bildirib.

Ondan soruşublar ki, Dünyamin Xəlilovun şirkətlərinə iri məbləğdə kreditlərlə bağlı göstərişi Kredit Komitəsindən konkret kim verirdi? Kənan Orucovun cavabı belə olub: “Tam olaraq həmin şəxsin adını xatırlamıram”.

Bankın filiallarından birində kredit şöbəsinin rəhbəri olan Fuad Cəfərov da deyir ki, böyük məbləğdə kredit müraciətləri barədə mütləq Kredit Komitəsinə məlumat verirdilər:

“Bizə kredit üçün “İntertekstil” şirkəti də müraciət etmişdi. Bu şirkət bankla 4-5 dəfə müqavilə bağlayıb. Onlara 1.5 milyon manata qədər kredit verilirdi. Təminatı da elə şirkət özü verirdi. Bizə göstəriş gəlirdi ki, “İntertekstil”ə kredit verək, biz də verirdik”.

Bankın işçisi olan başqa bir şahid Azər Rzayev də bənzər ifadə verib.

Beynəlxalq Bankın milyardlarla vəsaitinin mənimsənilməsinə görə 2015-ci ildən bu yana xeyli adam cinayət məsuliyyətinə cəlb olunsa da, onların arasında Kredit Komitəsinin üzvləri olmayıb. Komitədən bir neçə nəfər şahid qismində dindirilib.

Məhkəmə aprelin 4-də davam edəcək.

Xatırlatma

Hazırda Beynəlxalq Bank işi üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddələri ilə ittiham irəli sürülüb.

Cahangir Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

İttihamda yazılıb ki, Cahangir Hacıyevin tapşırığıyla Dünyamin Xəlilovun rəhbərlik etdiyi “General Construction”ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG