Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:01

Rusiya hakimiyyətində Putin hamıdan az qazanırmış


Vladimir Putin və hökumət üzvləri
Vladimir Putin və hökumət üzvləri

Rusiya hökuməti nazirlər kabinetinin başçısı Dmitry Medvedevin və onun kabinet üzvlərinin 2018-ci il üçün gəlirlərini açıqlayıb.

Kremlin saytında isə Rusiya prezidenti Vladimir Putinin 2018-ci il üçün gəlirləri dərc olunub.

Bu məlumatdan bəlli olur ki, Rusiya prezidenti ötən il 8, 6 milyon rubl (133 min 644 dollar) qazanıb.

Bu baş nazir Dmitry Medvedevin gəlirindən 1, 3 milyon rubl (20 min dollar) azdır.

Prezidentin mülkiyyəti olaraq əvvəlki illərdə olduğu kimi 77 kvadratmetrlik mənzil və 18 kvadratmetrlik qaraj, sahəsi 153, 7 kvadratmetr olan başqa bir mənzil, qaraj yeri, GAZ M-21 və Niva olmaqla iki avtomobil və Skif avtoqoşqusu var.

Rusiya baş naziri Dmitry Medvedevin 2018-ci ildə gəliri 2017-ci illə müqayisədə 1 milyon 400 min rubl artıb.

O 2018-ci ildə 9 milyon 917 min rubl (155 min dollar) qazanıb.

Medvedevin 2018-ci il üçün bəyannaməsində mülkiyyət olaraq bunlar göstərilib:

49 illiyə icarəyə götürülmüş 47 sot torpaq, sahəsi 367 kvadratmetr olan mənzil, iki nadir avtomobil (GAZ-20 və GAZ-21), Volkswagen Golf avtomobili, iki maşınlıq yer.

Rusiya müdafiə naziri Sergei Shoigu-nun 2018-ci il üçün gəliri 11 milyon 532 min rubl (179 min dollar) təşkil edib.

Parlamentin aşağı palatası – Dumanın spikeri Vyacheslav Volodinin 2018-ci il üçün gəliri 71 milyon 700 min rubl (1 milyon 114 min dollar) olub.

Hərçənd o bu pulun yarısını, daha dəqiq deyilsə, 38, 8 milyon rublunu xeyriyyəyə verib.

Yuxarı palata – Federasiya Şurası spikeri Valentina Matvienkonun ötənilki qazancı 15 milyon 270 min rubl (237 min dollar) təşkil edib.

Mədəniyyət naziri Vladimir Medinskinin 2018-ci il üçün gəliri 42 milyon rubl (637 min dollar) olub.

Doğrudur, nazirliyin mətbuat xidmətindən bildiriblər ki, nazir bu qədər pulu şəxsi daşınmaz əmlakının satışından əldə edib.

XS
SM
MD
LG