Azərbaycanın Britaniyadakı səfiri Sky Sports News-a deyib ki, Arsenal yarımmüdafiəçisi Henrikh Mkhitaryan şəxsən ona zəng edərək Avropa Liqasının Bakıda keçiriləcək final oyununda təhlükəsizliyinə təminat ala bilər. Səfir Tahir Tağızadə bunu mayın 20-də söyləyib.
Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuyla bağlı illərdir davam edən münaqişə üzündən erməni futbolçunun Bakıya gəlib-gəlməməsi sual altındadır. Mayın 29-da İngiltərənin Arsenal və Çelsi klubları Bakıda qarşılaşacaqlar.
Arsenal UEFA-ya futbolçu üçün viza alınması məsələsində kömək üçün müraciət edib. Ancaq klub hələlik, Mkhitaryanı Bakıya gətirməklə bağlı qərar verməyib. Oktyabrda Arsenalın Qarabağla qarşılaşmasında Mkhitaryan iştirak etməmişdi.
“Onun mənimlə əlaqə yaratmasını istərdim... Bu, bir nömrəli tədbirdir. Əgər məqsədimiz bunun ətrafında siyasi oyunlar oynamaqdırsa, onda başqa məsələ. Sənə futbolçu kimi pul verilir, siyasətçi kimi deyil, gəlin digər məsələləri kənara qoyaq”, – cənab Tağızadə deyib.
Azərbaycan tərəf Ermənistan yığmasının kapitanının Avropa Liqasının final matçında təhlükəsizliyinin təmin olunduğunu bildirir.
“Onun problemi ondadır ki, Azərbaycanın hərbi işğal altında olan hissəsinə səfər edib və buna görə Azərbaycan hökumətindən icazə almayıb... Ancaq ona təhlükəsizlik təminatı veriləcək. Mənim Mkhitaryan-a mesajım belədir: futbolçusan, futbol oynamaq istəyirsən? Bakıya get, orda təhlükəsiz olacaqsan, əgər bu məsələylə oynamaq istəyirsənsə, bu, başqa məsələ”, – səfir vurğulayıb.
Avropanın qərarı
Mayın 23-26-da Avropa Parlamentinə seçkilər keçiriləcək. İsveçin keçmiş baş naziri, daha sonra xarici işlər naziri olmuş Carl Bildt “The Project Syndicate” portalında yazır ki, indi əsas sual heç də Avropa Birliyinə növbəti beş ildə kimin rəhbərlik edəcəyi deyil: Birliyin qərarları hansı strateji fəaliyyət proqramı əsasında veriləcək?
Avropa liderləri 2019-2024-cü illərin strateji proqramını bir də iyunun sonlarında müzakirə edəcəklər. Müəllif yazır ki, Sovet İttifaqı dağılandan sonra Avropa Birliyi yeni üzvlər qəbul etməyə başladı və missiyası ikiləşdi: həm yeni üzvlərə postkommunist və siyasi inkişafda yardım edir, həm də Mərkəzi və Şərqi Avropanı AB qurumlarının qanadı altına çəkməklə qitədə sülh və sabitliyi qorumağa çalışırdı. Ancaq son on ildə – 2008-ci ilin maliyyə çöküşü, avronun böhranı, hazırkı miqrasiya problemləri AB-ni içinə çəkilməyə məcbur edib. İndi sabitlik ixrac etməkdənsə, Avropanın strateji prioriteti özünü dünyadan qorumaqdır.
“Belə bir qoruma, şübhəsiz, vacibdir. Miqrasiya məsələsinin təzyiqi, daimi terror təhdidi, artan iqtisadi mübahisələr daha güclü siyasi reaksiya tələb edir. Bu məsələlərdən bəzilərinin həlli ziddiyyətli və çətin olub, amma daha geniş qoruma siyasəti aparılmaqdadır”, – müəllif vurğulayır və atılan addımların gələcəkdə yetərli olmayacağını yazır. Belə ki, AB-ni əhatələyən mühitdə Çin inadla irəliləyir, Rusiya döyüşkən əhvaldadır. Ən pisi də odur ki, bu təhdidlərin qarşısında daha Birləşmiş Ştatlara qeyd-şərtsiz dost və müttəfiq kimi bel bağlamaq mümkün deyil.
Korrupsiya və populizm Moskvanın ixtirası deyil
Avstriyanın ifrat sağçı siyasətçisini heç kim stula bağlayıb Rusiyanın planına qulaq asmağa vadar etməyib. Bunu “The Moscow Times” qəzetinin saytında Mark Galeotti yazır.
Avstriyada erkən seçki keçiriləcək. Səbəb bu günlərdə yayılmış qalmaqallı videodur. Videoda ifrat-sağçı Azadlıq Partiyasından Vitse-kansler Heinz-Christian Strache rus olduğu iddia olunan şəxsə dəstək əvəzində hökumət kontraktları təklif edir.
Artıq ölkənin kansleri Sebastian Kurz Azadlıq Partiyası ilə sağ-qanad koalisiyasını buraxıb. Bu məsələ Moskvanın Qərbdə populistlər və ekstremistlər yetişdirməsi ətrafında diskussiyaları yenidən gündəmi gətirib.
Müəllifin fikrincə, ekstremizm və korrupsiyanın Rusiyanın ixracı olması barədə əlverişli təxminləri tələm-tələsik irəli sürmək lazım deyil.
“Birincisi, əminliklə demək olar ki, Moskva həm sol, həm də sağ qanad populistlərini, ekstremist və demaqoqlarını həvəslə dəstəkləyir, ancaq onları yarada bilməz. Avstriyada Azadlıq Partiyası, İtaliyada Beş Ulduz, Breksit Partiyası, Almaniya üçün Alternativ və sair və ilaxır, hamısı qərbi ağuşuna alan ümumi legitimlik böhranından çıxıb, bu, Rusiyanın hiyləsi deyil.
Siyasi sistemlərimizi modernləşdirə bilməməklə, seçicilərin özlərini kənarlaşdırılmış və aşağı mövqedə hiss etməsilə, qlobalizasiya, miqrasiya və harmonizasiya məsələlərini populistlərin ələ keçirməsinə imkan verməklə, ənənəvi qüvvələr öz düşmənlərini formalaşdırıb, onları səlahiyyət sahibi edib, Moskvanın, digər xarici havadarların əlinə verib – Steve Bannon-dan tutmuş Xi Jinping-ədək – və bu qüvvələr də onların eqolarına sığal, kampaniyalarına dəstək verməyə hazır olublar”, – məqalədə deyilir.