Arsenal və Çelsinin fanatları təyyarə, avtobuslarla Bakıya getməyə çalışdığı bir vaxtda Bakıda sakitçilik hökm sürür. Bakıdan müşahidələri “The Associated Press” agentliyi paylaşıb.
Agentlik şəhərin əsas ticarət küçəsində yalnız futbol təsvirləri olan dibçəklərin futbolu yada saldığını vurğulayır. Mayın 28-də şəhərdə gözə dəyən azarkeşlər isə ya Rusiyadan gəliblər, ya da Asiyanın digər ölkələrindən.
Agentlik xərclərin Londondakı azarkeşləri səyahətdən çəkindirdiyini yazır. Məlumatlara görə, Arsenal və Çelsi heç onlara ayrılmış 6 min bileti tam sata bilməyiblər. Əslində, 68 min yerlik stadion üçün bu bilet azdır. Agentlik nə UEFA-nın, nə də Azərbaycan hakimiyyətinin nə qədər biletin satıldığını açıqlamadığını yazır.
***Buna da bax: Azad Rəhimov Mkhitaryan barədə: ‘Dalınca özəl təyyarə göndərək?’
Ancaq mayın 27-nə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb. Bunu “Qafqazinfo" Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdullaya istinadla xəbər verir.
Hələ ki, biletlərin hamısı satılmayıb
“The Assosiated Press” Bakıda Arsenal azarkeşlərindən Ian və Sarah McGregor-u tapıb. Onlar «adamın dərisini soyan» səyahət xərclərini önləməkdən ötrü bir həftəlik istirahət götürüblər, Bakıya Dubaydan gəliblər. Beləliklə, Avropa Liqasının finalını özləri üçün ailə tətilinə çeviriblər.
“Adamlar doğrudan mehribandırlar. Yemək əladır”, – Ian McGregor deyib.
***Buna da bax: Ekspert: Finalla bağlı narazılığın kökündə həm də AZAL-ın inhisarçılığı durur
Azərbaycan hakimiyyəti Tbilisidən əlavə avtobuslar təşkil edib. Tbilisidən Bakıya avtobusla səkkiz saata gəlmək olur. Bir çox azarkeşlər daha ucuz qiymətə Gürcüstana, oradan Bakıya gəlirlər.
Arsenal-Çelsi qarşılaşması Bakı vaxtıyla gecə 11-də başlanacaq. Agentlik oyundan sonra azarkeşlərin stadiondan otellər dönüşündə problem yaranacağını da istisna eləmir.
Arsenal UEFA-nı final matçına görə Bakını seçdiyinə görə tənqid etmiş, gələcəkdə oyunların ev sahiblərini seçəndə azarkeşləri nəzərə almağa çağırmışdı.
Bakıdakı rəsmilər isə azarkeşlər üçün hər cür şəraitin yaradıldığını bildirir.
“Əgər final qarşılaşmasını izləməyə çoxsaylı ingilis azarkeşlər gəlməsə, bu, Premyer Liqanın necə bir beynəlxalq yarışmaya çevrildiyini ortaya qoyacaq”, – “The Associated Press” yazır.
Mayın 28-də səhər bulvardakı “fan zona”dakı Çelsi azarkeşlərinin çoxu klubun sahibi Roman Abramovich-in vətəni Rusiyadan gəlib.
Bakıda Tailand, Sinqapur, İrandan da azarkeşlər var. Axı, Bakının Doha, Əbu Dabi, Dubay ilə güclü nəqliyyat əlaqələri mövcuddur.