Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:56

'Gəncə məhbusu' vəfat edib


Həbsxana
Həbsxana

Hüquq müdafiəçisi: «Cinayətkardırsa, niyə məclis xərclərini üzərinizə götürürsünüz?»

««Gəncə məhbusu» Aydın Qurbanovun ölümü ilə bağlı Baş Prokurorluğun və Penitensiar Xidmətin yaydığı məlumat cəmiyyətdəki təpki və etirazın nəticəsidir». Hüquq müdafiəçisi Oktay Gülalıyev AzadlıqRadiosuna belə deyir:

«A.Qurbanov bir il idi ki, istintaq altında idi, cinayəti sübut olunmamışdı, amma onun ölümünə bilərəkdən yol açdılar və hakimiyyət də fərqindədir ki, belə hallara görə birbaşa məsuliyyət daşıyır».

Hüquq müdafiəçisinin sözlərinə görə, Gəncə hadisələri zamanı A.Qurbanov meydanda olmayıb, bu hadisələrdə iştirak etməyib: «Sadəcə, Gəncənin ozamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd etdiyi deyilən Yunis Səfərova görə həbs ediblər. Yəni nə zamansa Y.Səfərovla toyda olub. A.Qurbanovun günahı da Y.Səfərovu tanımasıdır».

O.Gülalıyev
O.Gülalıyev

İşgəncə iddiasına gəlincə, O.Gülalıyev deyir ki, Gəncə hadisələrinə görə saxlananların hamısının yaxınları onlara işgəncə verildiyini deyirlər, özləri məhkəmə proseslərində danışırlar.

«Sadəcə, vəziyyət indi ciddi şəkil alıb deyə, bunu təkzib etmək istəyirlər. Hətta o qədər ciddiləşib ki, 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı güllə yarası alaraq iflic olan Əbülfəz Bünyadlını da tələm-tələsik ev dustaqlığına buraxdılar», - hüquq müdafiəçisi belə deyir.

O.Gülalıyevin sözlərinə görə, A.Qurbanovun hüzr məclisinə Gəncə Şəhər İcra Hakimiyyətinin məsulları da gəliblər.

«Mənə verilən məlumata görə, hüzr sahiblərinə yas məclisinin bütün xərclərini öz üzərilərinə götürəcəklərini deyərək, hüzr sahiblərindən məclisə jurnalistləri, hüquq müdafiəçilərini buraxmamağı şərt kimi qoyublar. Deməli, bunun yayılmamasını istəyirlər, bu barədə insanların susmasını istəyirlər. Mediadan mənə zəng edib deyirlər ki, bizləri ora buraxmırlar. Bir tərəfdən məlumatda bu şəxs cinayətkar, terrorçu kimi tanıdılır, digər tərəfdən isə icra hakimiyyəti bu yas məclisinin xərclərini öz üzərinə götürür. Onda belə sual yaranır ki, əgər cinayətkardırsa, niyə məclis xərclərini üzərinizə götürürsünüz, yox, cinayətkar deyilsə, o məlumatda yazılanlar nə deməkdir?», - hüquq müdafiəçisi söyləyir.

A.Qurbanovun ailəsinin nə rəsmi məlumatla, nə də hüquq müdafiəçisinin səsləndirdiyi iddialarla bağlı fikrini almaq mümkün olub.

Rəsmi qurumlar həbsxanada ölən «Gəncə məhbusu»na işgəncə verilmədiyini bildirirlər

«Aydın Qurbanov xəstəliyi ilə əlaqədar martın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və orda intensiv müalicə almasına baxmayaraq, iyulun 9-da vəfat edib».

Baş ProkurorluqƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin iyulun 11-də yaydığı birgə məlumatda belə deyilir.

A.Qurbanov 2018-ci ilin iyulunda Gəncə hadisələrinə görə həbs olunub, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun ailəsi rəsmi qurumlardan onu son günlərində evə buraxılmasını xahiş etsə də, onlara rədd cavabı verilib.

Məlumatda deyilir ki, A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciəti ilə əlaqədar mayın 31-də məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

Hüquq-mühafizə orqanları mərhuma həbsdə saxlandığı dövrdə işgəncə verilməsi haqda iddiaları təkzib edir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmadığı vurğulanır.

Müalicə aldığı dövrdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi qeyd olunur.

Gəncə hadisələrinə görə həbs olunanların valideyinləri və yaxınları danışdı
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Rəsmi məlumatda A.Qurbanovun ayrı-ayrı vaxtlarda silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkum olunduğu bildirilir.

Adıçəkilən şəxsin 2018-c ildə baş vermiş Gəncə hadisələri zamanı mütəşəkkil dəstə tərkibində birləşərək terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və s. dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün həbs olunduğu bildirilir.

Məlumata görə, A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında dayısının yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıb, axtarış zamanı evin çardağından ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd «Kalaşnikov» konstruksiyalı avtomat silahı, 1 ədəd «Makarov» markalı, 1 ədəd «Marqolin» markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı götürülüb.

Mərhumun həyat yoldaşı Məhbubə Məmmədova yerli mətbuata açıqlamasında onun günahsız olduğunu bildirib.

N.Cəfəroğlu: «Ağır xəstə olan bütün məhbuslar buraxılmalıdır»

«Biz dəfələrlə müraciət etmişik ki, Penitensiar Xidmət sistemində ağır xəstə olan məhbuslar, ya istintaq altında olan müttəhimlər evlərinə, ailələrinin yanına buraxılsın».

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ağır xəstə olan, həkimlərin bədbin diaqnozuna baxmayaraq, evinə buraxılmayan, ömrünü Penitensiar Xidmətin müalicə müəssisəsində başa vuran Aydın Qurbanovdan danışarkən deyir. Onun sözlərinə görə, belə ağır xəstə olan şəxslərə sərt münasibət bəsləməyin sonu yoxdur.

«Yenə də o fikirdə qalıram ki, ağır xəstə olan məhbus və müttəhimlər buraxılmalıdırlar. Əgər qanunvericilik bunu nəzərdə tutmursa, ölkə qanunvericiləri bunu qanuniləşdirə bilərlər», - N.Cəfəroğlu bildirir.

O.Gülalıyev: «Bu, işgəncələrin, qeyri-insani rəftarın nəticəsidir»

«Gəncə hadisələri ilə bağlı həbs edilmiş Aydın Qurbanovun səhhətinin ağır olması barədə ailəsindən xəbərlər alırdıq. Hətta bununla bağlı bu hadisədən xeyli əvvəl Penitensiar Xidmətə müraciət etmişdik». Gəncə hadisələri ilə bağlı məhkəmə prosesi və saxlananların aqibətini yaxından izləyən hüquq müdafiəçisi Oktay Gülalıyev belə söyləyir.

«Verilən işgəncələr, qeyri-insani rəftar, insanlara divan tutulması bu nəticəyə gətirib. Biz prezidentə də A.Qurbanovun sağlıq durumunun ağır, ölüm ayağında olduğu barədə müraciət etmişdik. Bu şəxs ömrünün, heç olmasa, son günlərini ailəsinin yanında olması üçün sərbəst buraxıla bilərdi. Amma təəssüf ki, buna da əhəmiyyət verilmədi. Bir tərəfdən insan əsassız, səbəbsiz həbs olunur, ağır işgəncələrə məruz qoyulur, digər tərəfdən ölüm ayağında doğmalarının, yaxınlarının yanında dünyadan köçməsinə icazə vermirlər. Heç cür anlamaq olmur ki, bu qədər kin, qəzəb haradan qaynaqlanır, lap günahkar olsa belə, vətəndaşa belə münasibət nədən yaranır?», - deyə hüquq müdafiəçisi vurğulayır.

Hüquq müdafiəçisi bu ölümlərə görə məsuliyyətin hakimiyyətin üzərinə düşdüyünü bildirir və hesab edir ki, bütünlükdə bu hadisələrə, bu hadisələrdə həbs olunan insanlarla bağlı cinayət işinə yenidən baxılmalıdır: «Hesab edirəm ki, bu hadisələrdə həbs edilənlərin çoxu hər hansı cinayət törətməyib, sadəcə cəmiyyətdə xof yaratmaq üçün belə zorakılıqlara məruz qoyulublar. Həm də düşünürəm ki, bu hadisələrdə insanlara işgəncə verən şəxslər barədə ayrıca cinayət işi başlamalıdır».

Hələlik rəsmi qurumlar bu tənqidlərə münasibət bildirməyiblər.

+++

2018-ci il iyulun 3-də baş vermiş Gəncə hadisələrinə görә hәbs olunmuş Aydın Qurbanov bu gecə - iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Bu barədə AzadlıqRadiosuna məhbusun həyat yoldaşı Mәhbubә Məmmədova məlumat verib.

«Hal-hazırda morqun qarşısındayam, bir saata mənə təhvil verilməlidir», - həyat yoldaşı deyir.

Penitensiar Xidmətdən bu hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, həbsdə olarkən onkoloji xәstәlikdәn әziyyәt çəkdiyi aşkarlanıb.

Hələ iyulun 8-dә həyat yoldaşına Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş çəkdiyini deyən M.Məmmədova 15 dəqiqə davam edən görüş zamanı Qurbanovun qan qusmağa başladığını və koma vәziyyәtinә düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, həkimlər Aydın Qurbanovun bir neçə gün ömrü qaldığını bildiriblər. Bundan sonra rəsmi qurumlardan yoldaşının evə buraxılmasını xahiş edib: «Dedim, heç olmasa, son nəfəsini evində versin, əli balalarının əlinə dəysin. Vermədilər. Dedilər ki, məhkəməni gözləyin».

A.Qurbanovun işinin başqalarından ayrılaraq iyulun sonlarında keçirilməsi gözlənilirdi.

Xatırlatma

Rəsmi məlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.

İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hər iki hadisəni radikal dini yönümlü şəxslərin törətdiyi terror aktı olduğunu bildiriblər.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nəfər əməliyyatlar zamanı öldürülüb.

Gəncə hadisәlәrinә görә təqsirləndirilənlərin çoxu özünü günahkar saymayıb, onlar istintaq zamanı işgәncәlәrә məruz qaldıqlarını bildiriblәr.

«Gəncə işi» üzrə dörd qrupun məhkəməsi başa çatıb, həmin şəxslər 5-9 il həbs cəzası alıblar. Y.Səfərov daxil olmaqla iki qrupun məhkəməsi hələlik başlamayıb.

XS
SM
MD
LG